Polkovniki kim öldürdü?
Aqil Abbasın “Allahı qatil edənlər”
romanı haqqında
I
Yox, bu roman qəhrəmanlığın
vəsfinə həsr edilməyib.
Məmləkətdə kifayət qədər
tanınmış yazıçı Aqil Abbas “Allahı qatil
edənlər” romanında dövrün qəhrəmanının
obrazını yaratmaq vəzifəsini qarşısına məqsəd
qoymayıb.
Qəhrəmanlıq adətən,
döyüş-vuruş meydanında, düşmənə
qarşı amansız mübarizədə meydana
çıxır. O insan ya döyüşdən sağ-salamat geri
dönür, millətinin başını ucaldır, ya da
şəhid olur. Böyük
türk şairi Nihal Atsız yazırdı ki: “Qəhrəmanlıq
içərək Acı ölüm tasından İrəliyə
atılmaq və sonra dönməməkdir”. On əsr
əvvəl Vezuvi vulkanı püskürəndə Pompey
şəhərini yerlə-yeksan edərkən postda dayanan bir əsgər
yerindən tərpənmir. Bütün
adamlar qaçdığı halda, o, vəzifə
başında dayanıb durub. Vulkanın
atdığı daş parçaları onun başına
tökülür, qaz onu boğurdu. Əsgər
həlak oldu. Həmin əsgərin xatirəsi
bütün italyanların qəlbində bir cəsurluq, qəhrəmanlıq
rəmzi kimi əbədi yaşadı. Neapol
şəhərindəki bir muzeydə həmin əsgərin əlində
mızraq, köksündə zireh qiymətli bir eksponat kimi heykəli
durur. Kəndli qızı Janna Dark öz
misilsiz qəhrəmanlığı ilə Fransa ordusuna
böyük dəstək oldu, ingilislərin ölkədən
qovulmasında müstəsna rol oynadı. Həlak
oldu, amma fransız xalqı onu unutmadı. Heykəllər
ucaldıldı ona.
Qəhrəmanlıq təkcə güc və qüvvətlə
ölçülən müstəsna igidlik deyil, həm də
ağıl və idrak göstəricisidir. Babəki
xatırlayaq. Ərəb tarixçiləri
onu “kafər, mürtəd” adlandırırlar, amma
ağıllı sərkərdə olduğunu da etiraf edirlər.
Babək min bir əzabla öldürülür, ancaq onun
ölüm səhnəsi qəhrəmanlığın ölümünə
yox, təsdiqinə çevrilir. Ənvər
Məmmədxanlı Babəkin ölüm səhnəsindən
belə bir epizod verir. Babək üzünü xəlifəyə
tutub deyir: “Ey kor yapalaq, bütün müstəbidlər kimi sən
də səhv edirsən, çünki mənim dastanım elə
bir dastandır ki, nə Babəklə
başlanmışdır, nə də Babəklə qurtaracaq.
Ey yazıqlar, siz heç vaxt dərk etməyəcəksiniz
ki, Azadlıq yanğısı nə deməkdir. Elə dəhşətli yanğı ki, ürəyi
yandırıb külə döndərir. Azadlıq!
İstər o şirin, istərsə acı olsun-yalnız o
idi mənim səcdəgahım!
Və bu müstəbid ki, məni
öldürür, o da heç vaxt anlamayacaq ki,
ölümü ilə azadlıq fədaisi büsbütün
məhv olmur”.
Müasir dövrdə, XXI əsrdə də Qəhrəman
olmaq, xalqın, millətin sevimlisinə çevrilmək
nümunəsini biz Qarabağ uğrunda haqq müharibəsində
həlak olan soydaşlarımızın timsalında
gördük.
Mübariz İbrahimovun qəhrəmanlığı
Azərbaycan tarixinin qəhrəmanlıq ənənələrinin
parlaq bir nümunəsi deyilmi?
II
Aqil Abbasın təsvir etdiyi Akademik ləqəbli
oğlan döyüşdə, vuruş meydanında qəhrəmanlıq
göstərə bilmir. Lakin o, bütün varlığı ilə
belə bir qəhrəmanlığa hazır idi. Cismən də, ruhən də. Beyni,
hissi-bütün varlığı buna köklənmişdi.
Özü də romantik arzulardan
doğmamışdı bunlar, gerçək
duyğularının ifadəsi idi.Onu-bütün
varlığı əsl qəhrəman olmağa səfərbər
edən ya da döyüşə səsləyən hisslər
artıq bütün cismini sarmışdı. Onu əsgərliyə çağırırlar və
burada gördüyü mənzərə Akademiki tamam
çaşdırır. “Akademik: Qardaşlar, biz bura Vətəni
qorumağa gəlmişik, komandirlərə fəhləlik eləyib
gün keçirməyə yox! Evə dönəndə
sevdiyiniz qızlara, analarınıza, balaca
bacı-qardaşlarınıza nə deyəcəksiz? Nə ilə lovğalanacaqsız? Sement qarışdırmağınızla, daş
daşımağınızla? Yoxsa
axşamlar ucuz araqlardan içib şellənməyinizlə? Sizi bilmirəm, mən
daha heç kimə nökərçilik edən deyiləm”.
Əlbəttə, Akademikin bu əhval-ruhiyyə ilə
yaşaması təbiidir, amma adi bir şücaət və qəhrəmanlıq
üçün ən adi və normal şərait
olmalıdır. Bu yoxsa, heç bir qəhrəmanlıqdan
söhbət gedə bilməz. Babəkin
misilsiz sərkərdəliyini, Həzi Aslanovun faşist
orduları üzərində müzəffər qələbələrini
tək bir insanın qələbəsi saymaq düzgün
olmazdı. Amma qəhrəmanlıq həm də fərdi
şəkildə, məsələn, Mübariz İbrahimovun təkbaşına
qərar qəbul edib qəhrəmanlıq göstərməsi kimi də həyata
keçirilə bilər. Amma Akademik elə bir
mühitdədir ki, orada təkdir, heç kəs onu
anlamır və anlayırlarsa da, dediklərini qulaq ardına
vururlar. Akademikin xidmət etdiyi hərbi
hissədə ağır cinayət hadisələri baş
verir, intiharlar qeydə alınır, rüşvətxorluq
halları, yeyinti xirtdəyəcəndir. Bunu az-çox
ağıllı adam olan Qərargah Rəisi
də bilir. Amma o da çarəsizdir,
çünki bunların qarşısını almaqda acizdir.
Deyir ki: “Biz bu Vətəni, o görünən dağları,
meşələri, o göy üzünü, bu dağların
bulaqlarını, quşlarını da əsgərlərə
etibar etmişik. Bu dövlət də, bu millət
də əsgərləri bizə etibar edib. Əgər biz bu əsgərləri qoruya bilmiriksə,
deməli, bu Vətəni də, o dağları, o meşələri,
o göy üzünü də qoruya bilmirik”. Çox acı bir etirafdır. Əlbəttə,
bu başıpozuqluğu, hərcmərcliyi, xaosu Azərbaycan
Milli Ordusunun heç də bütün hərbi hissələrinə
şamil eləmək olmaz, amma belə neqativ halların
hökm sürdüyü bir məkanı təsvir eləməklə
Aqil Abbas istisna bir vəziyyəti qələmə alıb. Ona qalsa, mənfi və neqativ hallar başqa-başqa
sahələrdə də nəzərə çarpır.
Məgər ticarətdə, tikintidə, nəqliyyatda,
bəzi dövlət idarələrində belə hallar
görünmürmü? Televiziya
kanalları, mətbuat bu barədə sözünü demirmi?
Aqil Abbasın “Allahı qatil edənlər” romanında əsas
məqsəd bu mənfi halları qabartmaqla yanaşı, həm
də və ən başlıcası, qəhrəmanlıqla anti-qəhrəmanlığın,
Xeyrin Şərlə qarşılaşmasını qələmə
almaqdır.
İnsanı ali niyyətlərdən,
müqəddəs hisslərdən, igidlik və qəhrəmanlıqdan
yayındıran mikromühitlər həmişə olub və
indi də qalmaqdadır. Bəzən ən
kiçik mühit elə qorxulu hallar törədir ki,
onların qarşısını almaq çətindir. Bu mənada Aqil Abbasın ədəbi qəhrəmanı
ilə vaxtilə, keçən əsrin yetmişinci illərində
Sabir Əhmədovun və Əkrəm Əylislinin qələmə
aldıqları Laçın və Qədir obrazları
arasında bir doğmalıq hiss edirsən. Laçın (“Yamacda nişanə”) düşdüyü
mikromühitdə anlaşılmazlığın, biganəliyin
qurbanı olur. Qədir isə (“Kür
qırağının meşələri”) nəinki
qayıtdığı doğma kəndində, heç
arvadı Səltənətdən də mehribanlıq, şəfqət,
mərhəmət görmür və başını
götürüb kənddən çıxır. Zəmanə dəyişib, lakin hələ də
insana biganəlik, onu anlamamaq, hisslərini, arzularını
qiymətləndirməmək halları qorxulu virus kimi
yaşamaqdadır.
Akademik obrazı fikrimcə, Aqil Abbasın uğurlu bir
obrazıdır. Doğrudur, onun taleyi faciə ilə
sonuclanır, onu təhqir edirlər və Akademik bu təhqirlərə
dözməyərək üç əsgəri qətlə
yetirir (həmin əsgərlər Polkovnikin göstərişi
ilə Akademiki təhqir etmişdilər), amma oxucu belə bir
obrazın həyati olduğuna qətiyyən şübhə
eləmir. Bir yazıçı kimi Aqil
Abbas rəğbət bəslədiyi hər hansı bir
obrazı oxucuya təqdim edərkən onu hazır vəziyyətdə,
necə deyərlər, üstündə nə varsa, əsərə
gətirir. Biz bunu Aqil Abbasın
“Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”
povestində və “Dolu” romanında görmüşük.
Povestdəki Məllim obrazı bütün çalarları
ilə həyatidir, hətta səni onu dəfələrlə
görmüsən deyə... Məqsədi
aydın, ölümü də məlum. Müəllif
ona heç bir əlavə ştrix aşılamır. “Dolu”dakı Pələng və Drakon da həmçinin.
Onlar qəhrəmancasına şəhid olurlar və
Aqil Abbas Azərbaycanda belə oğulların
varlığını təsdiq edir. Amma Akademiki Məllim,
Pələng və Drakon olmağa qoymurlar. Çünki
o, elə mühitdədir ki, burada qəhrəmanlığa
şərait yoxdur, anti-qəhrəmanlıq qəhrəmanlıq
üçün möhkəm, keçilməz bir sədd
yaradıb. Anti-qəhrəmanlıq öz işinə
vicdanla yanaşan Müstəntiqi sıxma-boğmaya salır, çünki
müstəntiq hərbi hissədə baş verən cinayətlərin
səbəbkarının kim olduğunu qəti
müəyyənləşdirib. Amma nə olsun?
“Lap yuxarılardan” ona güclü təzyiqlər olur və o
da istefa verir, keçir alverə və dolanmağın yolunu
tapır. Anti-qəhrəmanlıq hər cür
cəza vasitələrinə əl atır və Akademikin əsgərlər
arasında çox baş apardığını
görüb hər dəfə qaupvaxta yollayır. Anti-qəhrəmanlıq hərbi hissədə xidmət
edən əsgərlərin Vətən və qeyrət hissini
heçə endirib, hamı borş yeməklə, araq
içməklə, gün keçirməklə məşğuldur.
Bax, Aqil Abbas öz əsərində məhz həqiqi
qəhrəmanlığa gedən yolları kəsən
nadürüstlərin “sərgisini” bizə təqdim edir.
Akademik obrazını uğurlu hesab etdim. Ona görə ki, Aqil Abbas qəhrəmanlığa
köklənən, amma qəhrəman ola
bilməyən bir gəncin son dərəcə neqativ bir
mühitdə əyilmədiyini, sınmadığını
bizə təqdim etmək istəmişdir. Doğrudan
da beyni, varlığı Vətən hissi və haqqsevərliklə
dolu bu gənc dediyindən dönmür. “Məni
sındıra bilməyəcəksiz. Döysəniz də,
söysəniz də, həftədə bir dəfə bura
salsanız da, sındıra bilməyəcəksiz... Məni nə qədər şərləyib həbsxanaya
salsanız da, xeyri yoxdu. Məni o biri uşaqlar kimi
intihara məcbur edə bilməyəcəksiz... Mən bura Vətəni qorumağa gəlmişəm,
nökərçilik etməyə yox. Nə
məni sındıra biləcəksiz, nə də qoymayacam
başqalarını sındırasız”. Amma hadisələr
elə cərəyan edir ki, Akademikin üç əsgər
yoldaşı onu təhqir edirlər, Akademik bu
rüsvayçılığı içində qisasa
çevirir. Bu, doğrudurmu? Aqil Abbas qəhrəmanının faciəsini
başqa üsulla həll edə bilməzdimi? Yox! O, təhqirə cavab verməliydi
və bir hərbi hissədə baş verən belə cinayətlərin
-bu tipli anti-qəhrəmanlığın mövcud olduğunu
sübut etməliydi. Onun intiharı da məntiqidir.
O üç əsgərin və Akademikin qanı ermənilərə
qarşı vuruşda da tökülə bilərdi və
burada doğrudan da paradoks yaranır.
Romanın süjetiylə bağlı ikinci bir şaxəsi də var. Akademikin Atası, Anası, Bacısı, Qardaşı və bir də Müstəntiqdən sonra bu cinayətin, qətlin səbəbini aşkarlamaq istəyən Kriminalistin romanda rolu heç də az deyil. Akademikin anası Polkovniki qətlə yetirir və bu hadisəyə romanda yer ayrılmasa da, o da biz Ananın çəkdiyi mənəvi ağrıların, oğul itkisinin mütləq bu sonuca gəlib çıxacağını düşünə bilərdik. Doğrudur, Akademikin ölümündən sonra romana kriminal çalarlar daxil olur. Kriminalist qətlin mahiyyətini, nə səbəbdən törəndiyini aşkarlamaq üçün öz peşəsinin təlqiniylə hərəkət edir. Akademikin atası ona deyir: “Söz sənindir. Sənin də anan var, bacın var. Nə fərqi, mən öldürmüşəm, yoxsa xanımım. Əslində, bunu mən etməliydim, kişiliyim çatmayıb. O məndən kişi çıxıb. Əsas odur ki, cinayəti açmısan. Rütbəni alacaqsan, bəlkə prokuror da qoyacaqlar. Amma heç vaxt vicdan əzabı çəkməyəcəksən. Özün deyirdin ki, soğan satarsan, vicdanını satmazsan. İndi nə soğan sat, nə də vicdanını, sadəcə olaraq bir kişilik elə”.
Romanın final hissəsi yenə təbii və məntiqi təsir bağışlayır. Kriminalist Akademikin atasının oğlunun qəbri üstə, əllərini göyə açıb dua oxuduğunu görür: “Axırıncı dəfə diz çöküb qəbrin torpağını sığalladı, oğlunu qucaqlayırmış kimi məzarı qucaqladı və hıçqırdı...”
Bəs sonra? “Kriminalist siqareti atdı, maşının qapısını açıb silahı götürdü, bir silaha baxdı, bir oğlunun qəbrini sonuncu dəfə qucaqlayan ataya baxdı...baxdı..Və silahı tulladı çaya, keçib oturdu sükanın arxasında və maşını sürüb getdi”.
Beləliklə, roman bitir və xanımı lap sonda kişidən soruşanda ki, polkovniki kim öldürüb, kişi deyir “Allah!”. Bu da simvolikdir, yəni Allah bu haqsızlığa, bu zülmə tab gətirmədi, günahkarı isə kimin öldürməsinin heç bir fərqi yox...
“Allahı qatil edənlər” janr tipinə görə bədii-publisistik romandır.Biz bu xüsusiyyəti Aqil Abbasın “Dolu” və “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” əsərlərində də izləmişik. Amma publisistika romanın bədiiliyinə qətiyyən xələl gətirməmişdir. Aqil Abbasın publisistikası bədiilik elementləri ilə zəngin olduğu kimi, bədii nəsri də əsl publisistikaya xas olan xüsusiyyətlərdən məhrum deyil. Canlı danışıq dili, bədii dillə xalq dilinin vəhdəti, dialoqlardakı təbiilik və yeri gəldikcə obrazların psixoloji aləminin görüntüləri hər üç əsərin bədii məziyyətləri sayılmalıdır.
Aqil Abbas həyatın, gerçəkliyin içində olan, müşahidəsi iti, bədii təfəkkürü aydın, dili səlis bir nasirdir və biz ondan məhz bu günün həqiqətlərini yeni roman və povestlərilə əks etdirməyi arzulayırıq.
Vaqif
YUSİFLİ
525-ci
qəzet.- 2015.- 16 may.- S.21.