Birinci və sonuncu...

 

“Düşüncə fraqmentləri” silsiləsindən

 

 

 

...Adına “cənnət” deyilən o məkanın əsas özəlliyi heç də altından süd çayları axan ləziz meyvəli ağaclarla bol olması deyildi, məncə. Ora həm də ona görə cənnət idi ki, əcdadımız orda borc hissi, öhdəlik duyğusu olmadan yaşayırdı.

 

Tanrı bizə möhtəşəm bir fürsət tanımışdı - özümüzü heç kimə, heç nəyə borclu hiss eləmədən yaşamaq haqqı vermişdi bizə. Nə gözəlmiş... Amma adam ki darıxmağa başladı, deməli, cəhənnəmi hazırdır. Hələ bu darıxan qadındırsa... Adəm Həvvaya darıxmaq macalı verdi və... Dinc dura bilmədi qadınla kişi - bircə qadağan olunan vardı, bircə yasaq edilən vardı - almaydımı, əncirdimi, buğdaydımı - hər nəydisə, məhz ona əl uzatmalıydı, borclu çıxmalıydı Tanrının qarşısın(d)a. “Satdı gülzari-behişti iki buğdayə babam...” - ondan sonra hamımız dünyaya əcdadımızın elədiyi ilkin günaha bulaşaraq gəldik. Biz hələ də o bircə dişləmin hesabını ödəməkdəyik...

 

İnsan cənnətdə darıxdıqca Tanrının işlərinə müdaxilə etməyə girişir, vaqif və sahib olduqlarının dəyərini anlamırdı. Qadınla kişi Tanrını bezdirdi və gözəlcə yaşadıqları cənnətin zövqünü anlamayıb da yasaq olunanlara meyl edən bu dinbilməzləri, dilanlamazları Tanrı yaxşıca cəzalandırdı. Hərəsinə də bir qəlibli bədən verib yolladı cənnətindən aşağı... Boyunlarında da nə boyda minnət duyğusu. Və biz nə vaxtsa malik olduğumuz ruhi azadlığımızı yenidən əldə etmək bizə verilən bədənlə əvəz (bədəl) ödəməyə başladıq... Tamamilə Tanrıca düşünülmüş cəzaydı - Onun böyüklüyünü və bizim kiçikliyimizi göstərən cəza - misqal-misqal tükənmək... Necə şirinmiş bu yasaq olunan, cənnətdən vaz keçəcək qədər şirinmiş yəni?...

 

Biz yaşadığımız hər günün hesabını bədənimizlə ödəməyə  məcbur edildik. Günəşdən içdiyimiz hər zərrəyə, torpaqdan aldığımız hər misqala görə gözümüzün işığından, duyğu orqanlarımızın həssaslığından pay verməli olduq. Ruhumuza bəxş olunan ən qiymətli varidatla - bədənlə ödəniş elədik yaşantılarımıza. “Daddığımız” hər qüssəyə, “yediyimiz” hər kədərə beynimizin neyronları, ürəyimizin ağrıları, gözümüzün işığı, dizimizin təpəri, saçımızın ağı ilə ödəniş elədik. Bitmədi ki, bitmədi bu bədəl...

 

Sevəndə də ürəyimizi, ruhumuzu, cismimizi ödədik bu hissin əvəzində... Aldığımız da həmin, verdiyimiz də.

 

Bizi böyütməyə də borc kimi baxdı valideynlərimiz... Ödəməli olduqları bədəl kimi. Yaşamadılar, bədəl ödədilər bizim üçün... Biz də öz övladlarımızdan ötrü. Çevrə qapanmadı ki, qapanmadı... Mümkün deyildi, bu, qaydalara zidd idi...

 

Qəribə anlaşması var yerlə göyün...Yerdən üzülüşmək istədiyin son məqamda ruhunun göylərə - gəldiyi yerə qayıtması üçün mütləq, bədənin torpağa ödəniş kimi ötürülməlidir, yalnız bundan sonra ruhun yerdən üzülüşüb gəldiyi yerə dönə bilər... Yəni bu məqamda borclu borclunun sağlığını istəmir. Bu situasiyada borcu qaytarmaq üçün məhz ölmək lazım olur...

 

lll

 

...Qadınla kişi uçurumun kənarında dayanmışdılar. Kənardan gəlməmişdilər bura, elə burada yaşamışdılar bir-birilərinə rast gələndən. Uçurumun üstündə masmavi göy üzü, sapsarı günəş, uçurumun dibində qıvrılan, şahə qalxan, fınxıran, inildəyən ehtiraslı dəniz. Tramplin kimi dənizin üstünə uzanan qaya geniş bir düzəngahdan yol başladığı üçün inamlı dayanmışdı dənizin üzərində. Nə ehtirasından çəkinmirdi, nə qəzəbindən qorxmurdu deyəsən. Uçurumun üstündə yaşamağa başlayandan sözləri tutmadı qadınla kişinin. Qadın hündürə atılmaq istəyirdi, kişi yalnız uzununa tullanmağa icazə verirdi. Hələ sakit-sakit yön də öyrədirdi - “daha uzağa tullanmaq üçün geri qayıdıb xeyli uzaqdan qaçmağa başlamalı!” Qadın bacardığı qədər hündürlüyə atılmaq istəyirdi, çılğın dənizi hündürdən və bütün miqyası ilə görmək arzusundaydı. Kişi bu arzuya nifrət edirdi, ehtiraslı dənizə qısqanırdı qadını. Qadın kişinin dəniz olmasını istəyirdi, onun kimi hər yöndən güclü, ramedilməz, dəfolunmaz, hərdən nəvazişli, hərdən qəddar, qəzəbli olmasını istəyirdi. Kişinin əlindənsə uçurumun düz kənarına, lap bircə addımlığına qədər yaxınlaşmaqdan başqa heç nə gəlmirdi. Kişi neçə vaxtdır üstündə dayandığı, neçə illərdir tapdadığı, heç cınqırını çıxarmayan, sakitcə, mətin, susqun qaya olmasını istəyirdi qadının. Qadın qaya ola bilmirdi, kişi dəniz.

 

Neçə müddətdi uçurumun üstündə birgə yaşamışdılar. Kişinin gözü ayağı altındakı qayada, qadının gözü qarşısında, bütün böyüklüyü ilə ayaqları altına sərilən, amma yenə də böyüklüyündən heç nə əskilməyən dənizdə.

 

Qadın hündürlüyə atılmaq istəyirdi, sadəcə dənizi daha ucalıqdan görməkdi arzusu. Və bu arzu onu dənizə qovuşdurmayacaqdı, sadəcə görəcəkdi və əbədi həsrətini çəkəcəkdi dənizin. Kişi isə onun uzununa tullanmasını istəyirdi və daha uzağa düşmək üçün bir az geri qaçıb ordan bəri gəlməyə çağırırdı. Qadını dənizə qısqanan kişi bilərəkdənmi, bilməyərəkdənmi qadını dənizini qoynuna itələyirdi, anlayırdımı, anlamırdımı bunu, kim bilir?... Qadının arzusunda dənizə qarışmaq yox idi, kişinin arzusu bütünlüklə dənizə hesablanmışdı, bilsələr də, bilməsələr də.

 

İkisi də uçurumun kənarında idilər. Qadın dözə bilmirdi artıq. Hündürlüyə atılmaq bu qədərmi əlçatmazdı yəni? Niyə bu bəsitcə arzuya çata bilmirdi ki?! Yanındakı kişiyə dönüb baxdı qadın. Anladı ki, illərdir uçurum üstündə birgə yaşadığı bu insana mərhəmət duyğusundan başqa heç nə hiss eləmir. Hətta onu israrla sadə bir arzusuna çatmağa qoymayan bu adama nə qəzəb, nə ikrah, nə də nifrət hiss eləyir.

 

Sadəcə mərhəmət duyğusu. Acizliyinə, gücsüzlüyünə, dəniz ola bilmədiyinə görə dənizi qısqanan, amma tərsliyindən də əl çəkməyən, kiçikcə və ziyansız bir arzunu qadına çox görən bu məxluqa çox yazığı gəldi qadının...Və düşündü ki, qadında mərhəmət duyğusundan başqa heç bir hiss doğurmayan kişi necə də miskin görünür... Son şansdı, neçə illərdi bir uçurumun üstündə dayandıqlarının xətrinə qadın bir təklif irəli sürdü. Ürəyincə olmasa da dedi: “Gəl, ikimiz birgə əl-ələ tutub hündürlüyə atılaq. Dənizin böyüklüyünə səninlə birgə baxmaq istəyirəm (sonuncunu yalan demişdi)”. Kişi də dediyindən dönmürdü. Elə bircə bu inad qalmışdı, deyəsən, onda kişilik anlayışından.

 

Kişi qadının qaya, qadın kişinin dəniz olmasını istəyirdi. Qadın hündürlüyə atılmaq istəyirdi, kişi yalnız uzununa tullanmağa icazə verirdi. Kişiyə hələ uzun illər də bu uçurumun üstündə yaşamaq sərf eləyirdi, qadın ya uçurumdan çəkilmək, ya da həsrətində olduğu özünəbənzər dəlisov dənizə qovuşub dincliyini tapmaq arzusundan vaz keçə bilmirdi.

 

Qadın uçurumun lap kənarına gəldi, çöməlib oturdu, əyildi dənizə baxdı. Qayalıqları cırmaqlayan qəzəbli dənizi süzdü. Deyəsən, dəniz qurban istəyirdi. Elə oturduğu yerdəcə çevrilib kişiyə baxdı. Kişi isə həmişəki kimi ayağı altındakı qayaya məftun-məftun dikilmişdi. Qadın ayağa qalxdı, qərarını verdi: “Yaxşı, sən deyən olsun, uzununa tullanıram...”

 

Qadının məlum güzəşti qarşısında kişi daha da irəli getdi: “Və bir daha hündürlüyə atılmaq barədə bircə kəlmə də eşitməyim...”. Sonra da uçurumdan geriyə-düzəngaha qaçıb qadının hardan qaçmağa başlayacağı yeri bəlirləməyə başladı. Əsaslandırdı da: “Bura xətt çəkmişəm, burdan o yana keçmə, yoxsa müvazinətini saxlaya bilməyib dənizə düşərsən...” Qadın diqqətlə kişini izləyirdi. Riyazi dəqiqliklə ölçmüşdü kişi, qadın tullanıb düz uçurumun kənarında bircə qarışlıqda dayanacaqdı, dənizə yıxılmaq təhlükəsi yox idi. Dəfələrlə özünün sevimli əyləncəsi olan bu işi kişi eyni dəqiqliklə yerinə yetirmişdi. Kişini eqoist bir sevinc bürümüşdü, nəhayət illərdən sonra qadını ram eləmişdi. Qadının qolundan tutub çəkdiyi xəttin kənarına gətirdi, ürək-dirək verdi- “görəcəksən, çox xoşuna gələcək, özün də bundan sonra o mənasız arzundan əl çəkəcəksən” - dedi. Sonra kişi qaçış zolağının üstündə təkan nöqtəsini də müəyyənləşdirdi:

 

“Bax, mutləq bu nöqtədə uzununa atıl, bundan irəli getmə, sürəti saxlaya bilməyib dənizə düşərsən ha...” Qadın son dəfə kişiyə baxdı... Aşağıda uğuldayan dənizi cismində, damarlarında, hüceyrələrində hiss elədi... Kişinin çəkdiyi xəttin üstündən qaçmağa başladı, tullanma nöqtəsinə yaxınlaşanda kişinin “dayan, dayan, irəli getmə, elə orada təkan ver, təkan ver, təkan veer” qışqırığını nədənsə qəzəbli bir sevinc içində eşitdi. Dayanmırdı, qaçırdı, kişinin nəsə anlaşılmaz şeylər söyləyib arxasınca qaçdığını hiss eləyirdi, sürəti daha da artırdı, kişinin bəlirlədiyi təkan nöqtəsini çoxdan keçmişdi, irəli şığıyırdı. Artıq özü harada təkan verəcəyini, həm də uzunundan daha artıq hündürlüyə atılacağını hesablamışdı. Təxmini nöqtə vardı gözünün önündə, ordan atlayacaqdı...

 

Dəli bir sevinclə qaçırdı, gözəyarı müəyyənləşdirdiyi nöqtədə təkan verəcəkdi, təxmini hesablamışdı, illərdi sadəcə görmək arzusunda olduğu dənizin düz qoynuna yuvarlanacaqdı. Təkan verdi, uzunundan daha çox hündürlüyə hesabladı atılışını. Necə bir sıçrayış oldusa, başının üstündə masmavi səma, sapsarı günəş, hüdudsuz dəniz, arxasınca qışqıra-qışqıra gəlib çəkdiyi təkan nöqtəsində dayanan və onun sıçrayışına nədənsə məchul bir həsədlə baxan kişi, illərdir tapdadığı qaya - hamısı, hamısı eyni vaxtda gözləri önündən axıb keçdi. Yerin cazibə qüvvəsindən başqa, həm də daha güclü bir qüvvənin dartışı ilə dənizin qoynuna milləndiyini hiss eləyirdi. “Bu, bax, bunu deyirdim... bu, bu, bu...” deyərək sürətlə aşağıya yuvarlandığı anda da illərdir sadəcə hündürlüyə atılıb dənizi görmək arzusunun indi duyduğu izaholunmaz gözəl hissin qarşısında əslində necə bəsit olduğunu anlamışdı.

 

Kişi uçurumun kənarından çəkilmişdi, dənizin iniltisi eşidilmirdi, səma masmavi, günəş sapsarı idi yenə...

 

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2015.- 16 may.- S.19.