Xalq şairi Rəsul
Rza yad edilib
Bakı
Şəhər Mədəniyyət
və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı
ilə Səbail Rayonu Mərkəzləşmiş
Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında
Xalq şairi Rəsul Rzanın anadan olmasının 105-ci
ildönümünə həsr
olunmuş “Mən kökümlə bu torpağa bağlıyam” mövzulu tədbir keçirilib.
Tədbir
iştirakçıları kitabxananın foyesində nümayiş olunan sərgi ilə tanış olublar.
Mərasimdə kitabxananın direktoru Nüşabə Ələkbərova görkəmli şairin həyat və yaradıcılığından söhbət açıb. Sonra şairə həsr edilmiş videokadrlar nümayiş etdirilib.
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, professor Səfurə Quliyeva Rəsul Rzanın 1927-ci ildə Tiflisdə nəşr olunan “Qığılcım” almanaxında yer almış “Bu gün” adlı ilk şeiri ilə ədəbiyyata gəldiyini və novator şair kimi tanındığını bildirib. S.Quliyeva ədibin irsinin fəlsəfi dəyəri, onun müasirlik ruhu ilə seçilən zəngin yaradıcılığı haqqında məlumat verib.
Tədbirdə Bakı Dövlət Universitetinin müəllimi, professor İfrat Əliyeva Rəsul Rzanı Sovet epoxasının ən parlaq ulduzlarından biri adlandırıb, şairin yaradıcılığında həyatın və varlığın fəlsəfi anlamda əks etdirildiyini söyləyib. Bildirilib ki, fəlsəfi poeziya nümunələri ilə zəngin olan Rəsul Rza yaradıcılığı həyatın özü kimi qaynar və təbiidir. Onun əsərləri sənətsevərlərin qəlbində hər zaman yaşayacaq.
Tədbirdə çıxış edənlər şairin poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meyllərinin çox güclü olduğunu deyiblər. Qüdrətli qələm ustasının “Pəncərəmə düşən işıq”, “Duyğular, düşüncələr”, “Dözüm” və digər şeir kitabları, “Qızılgül olmayaydı”, “Bir gün də insan ömrüdür”, “Xalq həkimi” poemalarında, “Rənglər” silsiləsində bəşəri dəyərlərin tərənnüm edildiyi bildirilib.
Tədbirdə şairin qızı Fidan Rzayeva, nəvəsi Günel Anarqızı onunla bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 16 may.- S.17