Kitablarımız   beynəlxalq Turin sərgisində

Mayın 14-də İtaliyanın Turin şəhərində Azərbaycanın “Xüsusi qonaq ölkə” kimi iştirak etdiyi beynəlxalq kitab sərgisi açılıb. Ölkəmizi bu mötəbər tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edir.Azərbaycanın ilk dəfə qatıldığı tədbirin açılış mərasimində çıxış edən İtaliyanın Prezidenti Sergio Mattarella beynəlxalq sərginin əhəmiyyətindən danışaraq, dünyanın bütün kitabsevərlərinin bu tədbir vasitəsilə bir araya gəldiyini vurğulayıb.Sərgidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 50 kvadratmetr sahə icarəyə götürülüb. Qurum tərəfindən sifariş olunmuş pavilyon özünəməxsusluğu ilə seçilir və Qız qalasının, İçərişəhərin qala divarlarının dizaynına uyğun hazırlanıb. Burada Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Fondunun, Nazirlər Kabineti Yanında Tərcümə Mərkəzinin dəstəyi ilə hazırlanmış, müxtəlif nəşriyyat evləri tərəfindən çap olunmuş, ölkəmizin zəngin mədəniyyətini, turizm potensialını, Qarabağ həqiqətlərini və digər məqamları əks etdirən 300-dən çox nəfis tərtibatlı kitab və nəşrlər nümayiş olunur. Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətləri haqqında kitablar da sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.Azərbaycan pavilyonunda “Bakı-2015” ilk Avropa Oyunlarına xüsusi yer ayrılıb. Ziyarətçilərə bu yarışlar haqqında məlumatları özündə əks etdirən təbliğat materialları təqdim olunur, pavilyonda quraşdırılan monitorda bu mötəbər idman tədbiri ilə bağlı videoçarx nümayiş etdirilir. Bildirilir ki, Azərbaycanda ilk Avropa Oyunlarına hazırlıq çərçivəsində qısa vaxtda ciddi işlər görülüb. Ölkəmizdə müasir üslubda tikilən Bakı Olimpiya Stadionu, Su İdmanı Sarayı və digər müasir idman obyektləri atletləri qəbul etməyə tam hazırdır. “Bakı-2015” xalqlar arasında qardaşlığın və dostluğun gücləndirilməsi baxımından da çox faydalı olacaq.Sərgi çərçivəsində, həmçinin Azərbaycanın tarixi, mədəniyyəti, beynəlxalq münasibətləri və digər mövzularda italyan dilində işıq üzü görmüş bir sıra kitabların təqdimatının keçirilməsi, ölkəmiz haqqında təbliğat və reklam materiallarının ziyarətçilərə paylanılması da nəzərdə tutulub. Sərgi zəngin milli mədəniyyətimizin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliğ olunması, ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işlərinin dünyaya çatdırılması üçünmühüm vasitədir.İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin stendində sərgilənən Azərbaycanla bağlı kitablar da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanır.

 

Qeyd edək ki, sərgidə Azərbaycanın “Xüsusi qonaq ölkə” olması münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə xüsusi tədbir təşkil olunacaq. Həmçinin nümayəndə heyətimizin bir sıra görüşlər keçirməsi gözlənilir.

 

Sərgi mayın 18-dək davam edəcək.

525-ci qəzet.- 2015.- 16 may.- S.16