Şair Nazim
Əhmədli Gənc Ədiblər Məktəbinin
qonağı olub
Mayın 13-də Azərbaycan Yazıçılar
Birliyinin (AYB) “Natəvan”
klubunda Gənc Ədiblər Məktəbinin
(GƏM) növbəti toplantısı
keçirilib.
Görüşün budəfəki qonağı AYB-nin Ədəbiyyat
Təbliği Bürosunun
direktoru şair Nazim Əhmədli olub.
Tədbiri giriş sözü ilə GƏM-nin koordinatoru, şair Emin Piri açıb. Qonağı
gənc yazarlara təqdim edərək, Nazim Əhmədlinin yaradıcılığından, onun Azərbaycan ədəbiyyatı üçün
gördüyü işlərdən
söz açıb:
“Nazim Əhmədli
istedadlı şair olmaqla yanaşı, həm də ədəbiyyatımızın uğurlu təbliğatçısıdır. Azərbaycan ədəbiyyatını,
ədəbi düşüncəsini
yaymaqla məşğuldur.
Paralel olaraq, özü də şeirlər yazır, ədəbi mühitdə fəal iştirak edir. Bir neçə kitabı artıq çap olunub, hazırda üç kitabı çapa hazırlanır”.
Nazim Əhmədli görüş
iştirakçılarına öz yaradıcılığından
danışıb, gənc
yazarlara tövsiyələrini
verib:
“İstedad Allah vergisidir. Bu vergidən elə yararlanmalıyıq ki, ilahiliyi, göylərə
məxsusluğu itməsin.
Əgər diqqət etmisinizsə, şeirlərimdə
göy anlayışı
mühüm yer tutur:
Ötən dərdin bir anıyam,
Xatirələr dumanıyam.
Göy üzünün adamıyam,
Göy özünə
çəkir məni.
Yaradıcılıqda özünəməxsusluğu
qorumağı əsas
şərt hesab edən N.Əhmədli gəncləri təsirə
düşməkdən qaçmağa
çağırıb:
“Şair, yazıçı
elə yazmalıdır
ki, hətta imzası olmasa belə, hər sözü, hər cümləsi onu ələ versin. Əgər yaddaşlarda yaşamaq, unudulmaq istəmirsizsə,
hər vəchlə təkrardan, təsir altına düşməkdən
qaçmalısız”.
Qonaq heç kəsi təkrarlamamağı, yalnız
özü olmağı,
öz adıyla, öz sözüylə irəliləməyi qarşısına
məqsəd qoyduğunu
bildirib:
“Soruşanlar olur
ki, niyə daha çox heca vəzninə, gəraylıya üstünlük
verirsən. Düşünürəm ki, bu, mənim yolumdur. Sərbəst şeirdə yazıram.
Düzdür, kifayət qədər
sərbəst vəzndə
yazılmış şeirlərim
var, amma mən daha çox
özümü heca vəznində, gəraylıda
tapıram. Bu da var ki, gəraylını
hər adam
yaza bilmir, onun yazı texnikası bir qədər çətindir.
Açığını deyim ki, mən
heç kəsi təkrarlamaq istəmirəm. Bunu da nəzərə almaq lazımdır ki, şeir, poeziya üçün ölçü
önəmli deyil.
Əsas önəmli olan mətn və mətndə döyünən
ürəkdir. Təbiət
etibarilə ənənələrə
sadiq adamam, ancaq yeniliklərə də həmişə açığam:
Anamın
hələ dil açmamış
beş körpəsi böyümədi
elə uşaq qaldılar.
Bir az anama,
bir az atama
bir az da
torpağa oxşayırdılar...
Nə özləri böyüdü,
nə dərdləri,
nə də paltarları...
Azərbaycan ədəbiyyatının dünyada yetərincə tanınmaması ilə bağlı məsələyə
də toxunan Nazim Əhmədli gələcəyə nikbin
baxır:
“Mən sizi əmin edirəm ki, çağdaş Azərbaycan poeziyasının
ən üzdə olan və istedadlı
nümayəndələrini beynəlxalq səviyyədə
lazımınca təbliğ
edə, tanıda bilsək, hətta “Nobel” də ala bilərik. Çünki Azərbaycan ədəbiyyatı
düşündüyümüzdən, göründüyündən çox
dərindi”.
Şairə Fərqanə Mehdiyeva
Nazim Əhmədli yaradıcılığının fərqli nöqtələrinə
toxunub:
“Hələ orta
məktəbdə oxuyanda
“Yaşıl budaqlar” almanaxını alıb oxumuşdum. Nazim Əhmədlinin də
imzasını ilk dəfə
həmin almanaxda görmüşdüm. Şeirləri çox xoşuma gəlmişdi. Bu vaxta qədər də həmin duyğu məni tərk etməyib. Amma Nazim Əhmədli öz enerjisini daha çox ədəbiyyatın təbliğatına
yönəldib.
Bu yolda da kifayət qədər uğurla addımlayır. Keçirdiyi görüşlərdə, tədbirlərdə
dəfələrlə iştirak
etmişəm. Mənə
elə gəlir ki, hər adam bu yükü
qaldıra bilməz”.
Dayandur Sevgin, Yafəs Türksəs, Qəşəm
Nəcəfzadə də
N.Əhmədli yaradıcılığı
və ümumilikdə
Azərbaycan ədəbiyyatı,
onun problemləri barədə danışıblar.
Bundan sonra N.Əhmədli sualları cavablandırıb,
öz şeirlərini
oxuyub, gənclərin
yaradıcılıq nümunələri
ilə tanış
olub.
Cavid QƏDİR
525-ci qəzet.- 2015.- 16 may.- S.16.