Beynəlxalq elm və
təhsil sisteminə inteqrasiya: elmi dərəcələrin uyğunluğu
məsələsi - II yazı
Bir daha doktorluq haqqında: orada və burada
İngilisdilli ölkələr və
post-sovet məkanında
tətbiq olunan elmi dərəcələr
sistemində ən böyük fərq doktorluq dərəcəsi
ilə əlaqədardır. Doktorluğa gedən
yol isə indiki doktorantura - əvvəlki aspiranturadan keçir. Yaxın zamanlara qədər post-sovet məkanında geniş istifadə olunmuş aspirant sözü ingilis
dilinə tərcümə
zamanı çətinlik
yaradan terminlərdən
biridir. Doğrudur, hazırda bu
söz demək olar ki, istifadədən
çıxıb. Lakin bir
çox məqamlar var ki, (məsələn,
ingiliscə tərcümeyi-hal
yazarkən) aspirant sözünün
ingilis dilinə çevrilməsinə ehtiyac
yarana bilər. Aspirant ingilis dilinə necə tərcümə olunmalıdır
ki, məna itkisinə yol verilməsin? Aspirant -ı graduate/postgraduate
student terminləri ilə
yanaşı, həm də doctoral student kimi də tərcümə etmək olar. Qeyd edək ki, bu termin
(doctoral student) aspirantın ingilisdilli
ölkələrdəki doktorluq
dissertasiyasının analoqu
olan araşdırma üzərində işlədiyini
aydın göstərir
və bir tədqiqatçı kimi onun mövqeyini dəqiq ifadə edir. Məsələ burasındadır ki, mahiyyətcə eyni, lakin bir sıra
ingilisdilli ölkələrdə
fərqli ifadə olunan graduate student (ABŞ-da)
və postgraduate student (Böyük
Britaniyada) terminləri
o öyrəncilər haqqında
işlədilir ki, onlar fəlsəfə doktoru elmi dərəcəsi
(eləcə də magistr dərəcəsi) qazandıran proqramlar üzrə işləyə
bilsinlər. Başqa sözlə, onların
fəaliyyətinin əsasında
tədqiqat işləri
durmalıdır.
Alma almaya bənzər,
bəs dərəcələr?
Senior doctorate post-sovet məkanında işlədilən elmlər
doktoru dərəcəsi
anlayışına ekvivalent
sayıla bilər. Lakin qeyd etmək lazımdır ki, post-sovet məkanında elmlər doktoru dərəcəsini əldə
etməkdən ötrü
dissertasiya yazmaqla yanaşı, monoqrafiyanın
yazılması da tələb olunur. Doctor of Science / Doctor of the Sciences / Doctor of History /
Doctor of Technical Sciences kimi terminlərin
istifadəsi zamanı
mənanın dəqiq
çatdırılması üçün müəyyən
izahat verilməlidir.
Məlumdur ki, post-sovet ölkələrində elmlər
doktoru ən yüksək dərəcə
sayılır. Onu da bilirik ki, bu
dərəcənin sahiblərindən
bir çoxu müəyyən zamandan sonra professor adını qazanırlar.
Baxmayaraq ki, ABŞ-da post-sovet ölkələrində
tətbiq olunan elmlər doktoru dərəcəsinə uyğun
gələn dərəcə
yoxdur (bu ölkədəki Ph.D - fəlsəfə doktoru, yaxın keçmişə
qədər işlətdiyimiz
“elmlər namizədi”
dərəcəsinə uyğun
gəlir), bəzi universitetlər bir sıra ixtisaslar üzrə elmlər doktoru dərəcəsi verir. Bu dərəcələr qısaca olaraq belə işarələnir
- Sc.D., D.Sc., S.D. və ya
Dr.Sc. Bu elmi dərəcələrin verilməsi
təcrübəsini fəlsəfə
doktoruna alternativ kimi Harvard Universiteti, Cons
Hopkins Universiteti, Massaçusets
Texniki Universiteti,
Robert Morris Universiteti və
Tuleyn Universiteti (Luiziananın Tuleyn Universiteti) kimi dünyaca məşhur ali təhsil müəssisələri tətbiq
edir. Məsələn,
Cons Hopkins Universitetində elmlər
doktoru dərəcəsi
( the Doctor of Science - Sc.D)
epidemiologiya, psixologiya
və sosiologiya sahəsində perspektiv tədqiqatlar aparmaq məqsədilə yeni metodlar işləyib hazırlayan xüsusi istedada və qabiliyyətə malik insanlara verilir.
Çeşid-çeşid dərəcələr...
Yuxarıda yazılanları ümumiləşdirmək
lazım gələrsə,
qısaca deyə bilərik ki, ingilisdilli ölkələrdə
fəlsəfə doktoru
dərəcəsi tədqiqat
işi aparan alimlərə verilir. Başqa sözlə,
fəlsəfə doktoru
dərəcəsi almağa
iddialı şəxs
ciddi tədqiqatçı
olmalıdır. İngilisdilli ölkələrdə uzun
müddətli və məhsuldar elmi fəaliyyətin qarşılığında
verilən fəlsəfə
doktoru elmi dərəcəsi ilə yanaşı, bir sıra şərəfli dərəcələr də
mövcuddur - honorary/higher/senior doctorates,
Honor Doctor, Honor degree və ya Doctor honoris causa və s.
Bu kateqoriyadan həm
də Doctor of Science, qısa
forması - D.Sc. (təbiət
elmləri üzrə);
Doctor of Letters, qısa forması
- Lett.D. (humanitar
elmlər üzrə);
Doctor of Laws, qısa forması
- L.L.D. (hüquqşünaslıq üzrə) dərəcələrini
göstərə bilərik.
Bu dərəcələrin qazanılması üçün
hər hansı xüsusi tədqiqat aparılması və ya dissertasiya yazmaq tələb olunmur. Məşhur alimlər elm sahəsində
gördükləri işin,
göstərdikləri xidmətlərin
qarşılığı olaraq bu adlara
layiq görülə
bilərlər. Alim
bir neçə və ya çoxsaylı
doktorluq dərəcəsinə
sahib ola bilər.
İngilisdilli ölkələrdə
tədqiqat dərəcələri (research
degrees) ilə yanaşı, həmçinin
bəzi ixtisas sahiblərinə verilən professional dərəcələr
(professional degrees) də
vardır. Həmin sahələrdən
aşağıdakıları göstərmək olar:
Doctor of
Medicine, qısa forması
- M.D. (tibb üzrə)
Juris
Doctor, qısa forması
- J.D. (hüquqşünaslıq üzrə)
İngilisdilli ölkələrdə professional dərəcəni qazanmağa
iddialı olan şəxslərin, müvafiq
peşəkar qurumlar tərəfindən irəli
sürülən tələblərə
cavab verən təcrübə və səriştəyə malik
olması vacibdir. Məsələn,
ABŞ-da Juris Doctor (hüquq elmləri doktoru) dərəcəsini
qazanmaqdan ötrü,
bir qayda olaraq, öncə bakalavr dərəcəsi almaq, daha sonra
3 illik hüquq fakültəsini/məktəbini
(law school ) uğurla bitirmək;
Doctor of Medicine (tibb elmləri
doktoru) dərəcəsini
qazanmaq üçünsə
əvvəlcə bakalavr
dərəcəsini, daha
sonra 4 illik tibb fakültəsini/məktəbini (medical school) və
internaturanı (internship) bitirmək
vacibdir. Bu məlumata
əsasən deyə bilərik ki, ingilisdilli ölkələrdə
professional dərəcələri qazanmaq üçün çox vaxt tələb olunur. Baxmayaraq ki, həmin ölkələrdə namizədlik
dərəcəsinə ekvivalent
kimi işlədilə
bilmir, tibb və hüquq üzrə verilən
professional dərəcələr post-sovet məkanında fəaliyyət göstərən
həkim və hüquqşünasların elmlər
doktoru olmaları barədə aldıqları
diplomlara uyğun gəlir. Həmin dərəcənin sahibləri
bu halları nəzərə almalı
və lazım gəldikdə belə bir izahat verməlidirlər:
She has a
degree which we call Doctor of Medical Science degree. It is our senior
research doctoral degree in this field.
Elmi dərəclər
arasında uyğunluq
və ümumilik hələ onların müxtəlif ölkələrdə
avtomatik olaraq eyni səviyyədə qəbul ediləcəyinə
zəmanət vermir. Keçmiş Sovet ölkələrinin bir qismində, məsələn, Rusiya, Ukrayna və digərlərində, xaricdə
alınmış Ph.D. - fəlsəfə
doktoru dərəcəsi
müvafiq ölkənin
səlahiyyətli orqanları
tərəfindən nostrifikasiya
prosedurundan keçməlidir.
Bolonya prosesi çərçivəsində
elmi dərəcələrin
unifikasiyası da həllini gözləyən
məsələlərdəndir.
Təranə MAHMUDOVA
BDU-nun Beynəlxalq
jurnalistika kafedrasının
dosenti
525-ci qəzet.- 2015.- 16 may.-
S.15.