Vilayət Quliyev: “Yazı-pozum sayəsində ictimai fikirdə tanınmasaydım..."

 

Azərbaycanın Macarıstandakı səfiri, ədəbiyyatşünas-alim, tərcüməçi Vilayət Quliyevin müsahibəsi

 

  - Vilayət müəllim, Siz 1999-cu ildə Azərbaycanın xarici işlər naziri təyin olundunuz. 2004-cü ildən isə səfir kimi fəaliyyət göstərirsiniz. Amma bununla belə ədəbiyyatla, yaradıcılıqla əlaqələrinizi heç vaxt  kəsmirsiniz.  Səfir olduğunuz dövrdəki elmi-ədəbi fəaliyyətiniz dövlət mükafatına və bir sıra digər mükafatlara layiq görülüb. Ona görə də müsahibəyə razılıq verəndən sonra sizinlə söhbəti diplomat kimi yox, elm adamı, ədəbiyyatşünas-alim, tərcüməçi kimi qurmaq istədim...  

 

- Müsahibə təklifinə görə sağ olun. APA ardıcıl izlədiyim agentliklərdəndir. Bizim səfirliyin tədbirlərini də həmişə operativ işıqlandırırsınız. Fürsətdən istifadə edib buna görə də təşəkkürümü bildirirəm. Fəaliyyət sahələrimin hər ikisi məndən ötrü eyni dərəcədə gərəklidir. Yəqin ki, vaxtı ilə yazı-pozum sayəsində ictimai fikirdə  tanınmasaydım, yüksək vəzifəyə də irəli çəkilməzdim. Yazmaq, nəyi isə axtarıb-tapmaq, araşdırmaq daxili tələbatdır. Və düşünürəm ki, bu heç zaman indiki əsas işimi – səfirlik fəaliyyətini lazımınca yerinə yetirməyə mane olmur.

 

- Araşdırmalarınızı, tərcümələrinizi oxuyanda mənə həmişə elə gəlib ki, ədəbiyyatı özünüzə diplomatiyadan bir köynək yaxın bilirsiniz...

 

- Bir az qəliz sualdır. Ədəbiyyata və diplomatiyaya yolum fərqli olub. Yəni ədəbiyyatda, filologiya elmində necə deyərlər, ən aşağıdan, sıfırdan başlayıb bəlli yüksəkliyə çatmışam. Diplomatiyaya isə ən yüksək nöqtədən - xarici işlər nazirliyindən başlamışam. Amma əminəm ki, sıfıra tərəf getmirəm. Çünki diplomat, ələlxüsus da səfir ölkəsini, xalqını, tarixini, milli mədəniyyətini tanıtmaq baxımından çox böyük imkanlar açan məsul və şərəfli bir vəzifədir.

 

Diplomatiya da sözlə bağlıdır. Yaradıcı fəaliyyət sahəsidir. Səfir kimi çalışdığım son on bir ildə yazdığım, redaktə etdiyim məktubları, arayışları, analitik materialları bir araya toplasan bəlkə də 15-20 cildlik bir “əsərlər külliyyatı” ortaya qoymaq olardı. Və təbii ki, diplomatik sözə heç vaxt ədəbi-bədii sözdən az yanğı ilə, az əhəmiyyətlə yanaşmıram. Çünki onun altındakı imza da mənimdir.

 

Yeri gəlmişkən deyim ki, imkan daxilində ədəbi fəaliyyətlə diplomatiyanı birləşdirməyə çalışıram. Vaxtı ilə ilk diplomatlarımızdan birinin – Ə.Topçubaşovun Versal Sülh konfransından öz hökumətinə göndərdiyi hesabatları ruscadan Azərbaycan dilinə çevirib “Paris məktubları” adı altında hər iki dildə çap etdirmişdim. Yaxud Azərbaycan Nümayəndə heyətinin Versal Sülh konfransının Ali Şurasına təqdim etdiyi “Qafqaz Azərbaycanı Respublikasının tələbləri” adlı mühüm diplomatik sənəd ilk dəfə mənim ingiliscədən tərcüməmdə elmi-ictimai fikrə təqdim olunub. İndi görkəmli ziyalı və tanınmış diplomat, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovla birlikdə Ə.Topçubaşovun “Əsərləri”nin 4 cildliyini hazırlayırıq. Artıq ilk iki cild çap olunub. Gördüyünüz kimi, hər iki sahəyə eyni dərəcədə diqqət yetirməyə çalışıram.

 

- Məncə, səfir postu yaradıcılıq üçün münbit şərait deməkdir. Söz adamına bu vəzifəni tapşırmaqda dövlətlər özləri də maraqlı görünür. Məsələn, Çingiz Aytmatovu, Əbdülhəq Hamidi, Fyodor Tutçevi, Yusif Vəzir Çəmənzəminlini xatırlayıram...

 

- Mən bura yeni adlar da əlavə edə bilərəm. Məsələn, klassik “Ağıldan bəla” tragikomediyasının müəllifi Aleksandr Qriboyedov, Azərbaycan Cümhuriyyəti dövründə Ermənistan və Dağlılar Respublikasında səfir kimi fəaliyyət göstərən Əbdürrəhim  bəy Haqverdiyev, məşhur "Zorən diplomat" əsərinin müəllifi Yaqub Qədri Qaraosmanoğlunu, ədəbiyyat üzrə Nobel mükafatı laureatları Qabriela Mistralı, Pablo Nerudanı, Oktavio Pası  və b. xatırlatmaq olar. Yəni öz-özlüyündə aydındır ki, tanınmış simalar rəsmi təyinatdan da əvvəl öz millətlərini və dövlətlərini təmsil etmək hüququ qazanırlar.

 

Dünyanın əksər ölkələrində səfir təyinatı iki prinsip üzrə aparılır: peşəkar diplomatlarla bir sırada keçmiş millət vəkilləri, senatorlar, hərbçilər, elm   mədəniyyət xadimləri səfir vəzifəsinə irəli çəkilirlər. (ABŞ-da bu qəbildən olan səfirlər daha çox “prezidentin dostları” adı altında tanınırlar). Fikrimcə, bu kifayət qədər effektiv üsuldur. Yuxarıda adını çəkdiyiniz Çingiz Aytmatov dünya miqyasında Qırğızıstanın prezidentlərindən, baş nazirlərindən daha çox tanınırdı. O, nüfuz və əlaqələrindən istifadə edib xalqının, dövlətinin problemlərini ən yüksək kürsülərdən dilə gətirmək imkanına, səlahiyyətinə malik idi. Yaxud bizim Rusiyadakı səfirimiz Polad Bülbüloğlu bu ölkədəki populyarlığı, yaxşı tanınması və sevilməsi sayəsində ortaya çıxan çətinlikləri diplomatiyanın əlifbasından başlayıb səfir olan peşəkar diplomatlardan daha asanlıqla yoluna qoya bilir, qarşılıqlı əlaqələrin inkişafına daha böyük töhfə verir.

 

- Azərbaycanda mütaliəsini, kitaba və ədəbiyyata münasibətini qiymətləndirdiyiniz məmurlar kimlərdir? Xahiş edirəm ki, adlar çəkəsiniz...

 

- Mənim də vaxtı ilə bir müddət hökumətdə təmsil olunduğumu və indi səfir olduğumu göz önünə gətirərək yəqin ki, “məmur” deyəndə yüksək dövlət vəzifələrində çalışan şəxsləri nəzərdə tutursunuz. Ola bilsin ki, bu məmur sözü bəzilərinin xoşuna gəlməyəcək. Təbii ki, yüksək dövlət vəzifələri məntiqi olaraq yüksək intellekt, böyük mədəniyyət, geniş məlumatlılıq tələb edir.  Eyni zamanda sizi maraqlandıran məsələdə dövlət vəzifəsinə ədəbiyyatdan, sözdən, gələnlərlə fərqli sahələr üzrə mütəxəssis kimi tanınan peşəkarları fərqləndirmək lazımdır. Deyək ki, baş nazirin müavini Elçin Əfəndiyevin, yaxud dövlət müşaviri Kamal Abdullanın mütaliə genişliyi, ədəbiyyat və sənətlə bağlı hərtərəfli bilikləri təəccüb doğurmamalıdır. Çünki bu onların əsas peşəsi, sənəti ilə bağlıdır.

 

Əgər ad çəkməyimi təkidlə xahiş edirsinizsə... məsələn, daxili işlər naziri Ramil Usubov həmişə tarixə, ədəbiyyata bələdliyi, mütaliəsi ilə məndə hörmət hissi doğurub. Eyni sözləri keçmiş təhsil nazirimiz Misir Mərdanov haqqında da deyə bilərəm. Bir müşahidəmi də bölüşüm: Azərbaycanda qəribə bir sindrom var. Peşələrinin bütün sərtliyinə, zəhmliliyinə baxmayaraq bizdə hüquq-mühafizə orqanlarının bir sıra əməkdaşları söz-ədəbiyyat vurğunudurlar. Məsələn, tələbəlik illərindən yaxşı tanıdığım və dostluq etdiyim bir prokuror var – Yusif İldırımzadə. Deyərdim ki, hətta gündəlik ruzilərini sözlə, qələmlə təmin edən adamların bir çoxu Azərbaycan və dünya ədəbiyyatını onun qədər oxumurlar, yaradıcı şəxslərə və ədəbi yeniliklərə onun qədər dərindən maraq göstərmirlər...

 

- Siz ədəbiyyata tənqidçi kimi gəlmişdiniz. Amma tədricən profilinizi dəyişdiniz - ədəbiyyatşünaslığa, ədəbiyyat tarixçiliyinə, hətta geniş mənada tarixçiliyə meyl etdiniz. İlkin mənbələrin araşdırılması, arxiv materiallarının tədqiqi sayəsində mədəniyyət, mətbuat və ictimai fikir tariximizdə bir sıra qaranlıq məqamlara, unudulmuş ad və imzalara işıq tutdunuz...

 

- Gənc ədəbiyyat həvəskarlarına tənqidçilik cəlbedici görünür. Özünü ədəbi mühitin mərkəzində, böyük ad və imzaların əhatəsində hiss edirsən. Sağlam, qərəzsiz tənqidinlə ədəbiyyata fayda gətirəcəyini düşünürsən. Amma bu aldadıcı təsəvvürdür. Tənqidi heç kəs xoşlamır. Bəzən deyirlər ki, Azərbaycanda tənqidçi olmaq çətindir. Bəyəm başqa ölkələrdə asandır? Yoxsa ingilis, yaxud alman müəllifi əsərini tənqid eləyən həmkarına minnətdarlıq bildirir?

 

Fransız yazıçısı Jül Renar səmimi düşüncələrinin bəhrəsi olan “Gündəliklər”ində yazırdı: “Tənqidçi kimdir? Yazıçının xətrinə dəyən oxucu!”. Bu qədər! Mən dostlarını özündən rəncidə salan belə səlahiyyətsiz oxucu olmaq istəmirdim. Tənqidçi adlanıb ədəbiyyat bosslarının heysiyyətini oxşamağa xidmət də ürəyimcə deyildi. Ona görə də doktorluq dissertasiyası yazmaq fikrinə düşəndə arxivlərə üz tutdum.

 

Məlum həqiqətlərin təkrarındansa, ədəbiyyat və mədəni fikir tariximiz üçün hətta əz əhəmiyyətli olsa da, yeni faktların, məlumatların meydana çıxarılmasına üstünlük verdim. Əlbəttə, bu nisbətən çətin yoldur, şəxsi şöhrətə, yaxud sərfəli əlaqələrin qurulmasına o qədər də kömək etmir. Amma istənilən halda belə  işləri də kimsə görməlidir. Özünü tərif kimi çıxmasın, Varşavada səfir vəzifəsində çalışdığım dövrdə “Azərbaycan siyasi mühacirətinin Polşadakı irsindən (XX əsrin 20-30- cu illəri)”, “Polşa tatarları Azərbaycanda”, “Azərbaycanlılar Polşada” kitablarını rus dilində yazıb çap etdirdim. Sonuncu iki kitab həm də səfirliyimizin dəstəyi ilə Adam Mitskeviç institutu tərəfindən polyak dilində nəşr olundu. Əgər arxivdə işləmək həvəsi və səriştəsi olmasaydı, yəqin adını çəkdiyim kitablar da meydana çıxmazdı. Həmkarlarımın həmin işi görmələri üçün isə aylarla Varşavada elmi ezamiyyətdə olmaları və xeyli vəsait tələb ediləcəkdi...

 

- Vaxtilə, yazıçıların X qurultayında  demisiniz ki, gənclik həbs müddətidir, onu nə vaxt  qurtarsaq, bizi də nəzərə alacaqlar. Sizi nəzərə almayanlar kimlər idi, nə istəyirdilər?

 

- Yox, mən bir az fərqli demişdim. Səhv etmirəmsə, demişdim, gənclik həbs müddəti deyil ki, onu başa vurmayana qədər müəyyən hüquq və imtiyazlardan istifadə edə bilməyəcəksən. Və indi də eyni fikirdə qalıram. Həm də bu sözləri dilə gətirən zaman konkret özümü nəzərdə tutmamışdım. Çünki, şəxsi planda şikayətlənməyə haqqım olmayıb. İş elə gətirib ki, bir çox uğurlara Azərbaycan cəmiyyəti üçün nisbətən gənc sayılan yaşlarda imza atmışam. 33 yaşımda Yazıçılar İttifaqının üzvü olmuşam, 34 yaşımda Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin edilmişəm, 37 yaşında filologiya elmləri doktoru adı almışam və s.  Və təbii ki, bütün bu uğurların qazanılmasında öz zəhmətimlə bir sırada xeyirxah insanların da böyük köməyi olub.

 

O vaxt da, indi də söhbət gənclərə daha böyük qayğı və həssaslıqla  yanaşmaqdan gedir. Onları başa düşməkdən, hətta ifratçılıqlarını, qəribəliklərini anlayışla qarşılamaqdan gedir. Artıq mən özüm də çoxdan gənc deyiləm və bir zamanlar başqalarından gördüyüm yaxşılıqları indi imkanım daxilində gənclərə etməyə çalışıram. Bu, bizim hər birimizin həyat prinsipinə çevrilməlidir.

 

- Qurultaydan söz düşmüşkən, bir dəfə tədbirdə Anar müəllim dedi ki, gənc yaşlarında Vilayət Quliyevlə Mahir Qarayevə məruzə həvalə etmişdim, biri xarici işlər naziri oldu, o birinin də vəziyyəti lap yaxşıdır...

 

- Mən ilk dəfə Azərbaycan yazıçılarının VIII qurultayında çıxış etmişdim. Deyəsən, elə o zaman da Anar müəllim ittifaqın sədri seçildi. O da yadımdadır ki, Mərkəzi Komitənin ideologiya şöbəsindən çağırıb çıxışımın mətnini bir həftə əvvəl istədilər. Bunu da guya məruzə və çıxışların Moskvadan gələn qonaqların tanış olmaları üçün rus dilinə tərcümə ediləcəyi ilə əlaqələndirdilər. Sonra öyrəndim ki, başqa çıxışçılardan da yazılı mətn tələb olunub. Başa düşdüm ki, söhbət tərcümədən deyil, senzuradan gedir. Yəni artıq ölkədə dəyişiklik rüzgarlarının əsdiyi bir vaxtda “artıq-əskik” danışacağımızdan ehtiyatlanırmışlar.

 

Yazıçıların X qurultayında isə nəsr və dramaturgiya üzrə əsas məruzəçi idim. Mərhum prezident Heydər Əliyev keçmiş vaxtlardakı kimi həmin ədəbi forumun işində əvvəldən axıra kimi iştirak etmişdi. Amma istənilən halda qurultayda məruzəçi olmaqla nazir təyinatı arasında hər hansı bağlılıq görmürəm.

 

Unutmayaq ki, Anar müəllim vaxtı ilə “Əlaqə” povestini yazıb. Başqalarından fərqli bir müşahidə qabiliyyəti var. Yəqin məruzəçiliklə nazirliyə gedən yol arasındakı əlaqənin sirrini də hamıdan yaxşı özü bilir.

 

- İndi sizin nəzərə aldığınız gənclər kimlərdir? Yəni kimləri oxuyursunuz, ədəbi prosesi izləyə bilirsinizmi?

 

- Doğrusunu desəm, o qədər də yox. Əvvəla, vaxt yoxdur. Digər tərəfdən, Ədəbiyyat İnstitutunda, Yazıçılar Birliyində, yaxud hansısa qəzet, jurnal redaksiyasında işləsəydim, təbii ki, ədəbi yenilikləri izləməyi öz peşə borcum sayardım. Amma indi düşünürəm ki, sərbəst seçim ixtiyarım var. O qədər maraqlı kitablar çıxır ki, onların hətta yüzdə birini oxumaq üçün  insana bütöv bir ömür bəs eləmir. Hələ filmləri, tamaşaları demirəm. Yadımdadır, bir dəfə mənə gənc yazıçı Qaraqanın “A” romanını təriflədilər. Oxumaq istədim. Amma yarımçıq buraxdım. Cəlb etmədi. Mətbuatı ardıcıl izlədiyimdən gənc publisistləri, köşə yazarlarını oxuyuram. Deyə bilərəm ki, aralarında kifayət qədər istedadlı müəlliflər var.

 

- Azərbaycan ədəbiyyatında nəsillərarası problem, narazılıq haqqında fikirlərinizi bilmək maraqlı olardı...

 

- Qədim Şumerdə tapılan gil lövhəciklərdən birinin üzərində təxminən belə məzmunda mətn var: “İndiki cavanlar tamam korlanıblar. Ağsaqqalların sözünü eşitmir, onlara hörmətlə yanaşmağı bacarmırlar”. Başqa sözlə desəm, nəsillərarası fikir ixtilafları insanlığın, bəşəriyyətin tarixi qədər qədimdir. Bir tərəfdən dünəni bəyənməmək, o biri tərəfdən  iddialılıq, bir tərəfdən keçmişə xor baxmaq, o biri tərəfdən yenini görə, dəyərləndirə bilməmək həmişə olub və olacaq. Yəni dörd min il ərzində insan təfəkküründə, insan münasibətlərində bu baxımdan heç bir mühüm dəyişiklik baş verməyib. “Atalar və oğullar” problemi müəyyən modifikasiyaya uğrayaraq daim öz mövcudluğunu qoruyub.

 

Şekspir məşhur sonetlərinin birində yazırdı: “Grabbed age and youth cannot live together, Youth is full of pleasure, age is full of care”. Vaxtı ilə mən bu misraları poetik tərcümə etməyə də çalışmışdım: “Qocalıqla cavanlıq bir yerdə tutmaz qərar, gənclik əyləncə dolu, qocalıq qayğı umar”. Müəyyən yaş həddinə çatdıqdan sonra biz nəinki elmi, yaxud ədəbi mühitdəki gənclərlə, hətta öz doğma övladlarımızla da fərqli qütblərdə dayanırıq, fərqli zövqləri paylaşırıq, hadisə və faktlara fərqli münasibət sərgiləyirik. Belə vəziyyətdə əsas məsələ ziddiyyətləri yumşaltmaq, maksimum dözümlülük və qarşılıqlı anlaşma nümayiş etdirməkdir.

 

- İki tələbə yoldaşınızı tanıyıram: Teymur Kərimli və Nizaməddin Şəmsizadə. Nizaməddin Şəmsizadə deyir, Vilayət gəlməyincə kirayə qaldığım otaqda qazanın ağzını açmazdım...

 

- Hər ikisi ilə dostluğumun qırx ili aşan bir tarixi var. Bizim təhsil aldığımız 1970-ci illər Bakı Universitetinin qızıl dövrü olmasa da, ən yaxşı dövrlərindən biri idi. Bu gün də tam əminliklə deyə bilərəm ki, kurs yoldaşlarımın böyük əksəriyyəti öz biliyi, bacarığı sayəsində tələbə adını qazanmışdı. Universitetdə bizə dərs deyən ünlü alimləri - Ağamusa Axundovu, Muxtar Hüseynzadəni, Əkbər Ağayevi, Pənah Xəlilovu, Bəkir Nəbiyevi  indi də böyük minnətdarlıq hissi ilə xatırlayıram.

 

Tələbəçilikdən, tələbələrdən söz düşmüşkən... Onlar hər bir sivil cəmiyyətin aparıcı qüvvəsidir. Bu yaxınlarda “Qanun” nəşriyyatında mənim görkəmli türk ziyalısı, pedaqoq və jurnalist Muhitdin Birgenin xatirələri əsasında hazırladığım “Azərbaycan 1922-1923-cü illərdə” kitabı çapdan çıxıb. Azərbaycan Xalq Maarif Komissarlığının dəvəti ilə Birgen həmin dövrdə Bakıya gəlib, Azərbaycan Pedaqoji İnstitutunda dərs deyib, indiki “Azərbaycan” jurnalının sələfi olan “Maarif və mədəniyyət” məcmuəsinin qurucuları sırasında yer alıb.

 

Baxın, o, 1920-ci illərin Azərbaycan tələbə gəncliyini necə xatırlayırdı: “Həyatımda ən böyük həzz və ləzzət Azərbaycan tələbəsinə verdiyim dərslərdir. Bu qədər diqqətli, bu qədər hər şeyə maraq göstərən, bu qədər çalışqan və qeyrətli tələbə kütləsini dünyanın heç yerində görmək mümkün deyil”.

 

Yaxud başqa bir misal: “Dərs əsnasında diqqətlə dinlərdilər. Dərs bitən kimi başıma toplaşırdılar, sual verir, danışır, mübahisə edir, fikirləşirdilər. Milli həyata yeni gələn bu nəsil o qədər böyük həvəslə çalışıb öyrənirdi ki, onların arasında onlar kimi çalışmamaq üçün müəllim gərək insan deyil, hissiz və duyğusuz daş parçası olaydı. Bakıdakı bir illik fəaliyyətim də daxil, 11 il müəllimlik etmişəm. Amma Azərbaycandakı qədər sürətlə yüksələn tələbə kütləsini heç zaman görmədim, bir də görəcəyimi təsəvvür etmirəm”.

Bəs belə gəncliyi kim, harada yetişdirirdi? 1930-cu illərin sonunda qələmə aldığı xatirələrində Mühitdin institutda birgə çalışdığı müəllim yoldaşlarından söz açarkən bu suala cavab verirdi: “Azərilər arasında elmi səviyyə baxımından indi bənzərlərini Türkiyədə görməyi çox arzu etdiyim bir sıra seçkin insanlar vardı”.

 

İndi belə gənclik və belə pedaqoqlar varmı? Təəssüf ki, yox! Nə qədər qəribə və paradoksal görünsə də, təhsildə, kitaba və mətbuata münasibətdə son yüz ilin dinamikasını nəzərdən keçirəndə biz reqressin, geriləmənin şahidi oluruq.  Bizim nəsil 1920-ci illərin gəncliyi qədər vətənpərvər, elm və bilik təşnəsi deyildi, indikilər isə hətta bizdən – sosializm durğunluğu şəraitində ali məktəblərdə oxuyanlardan da geridirlər. Amma məntiq baxımından tam əksinə olmalı idi. Ən azı ona görə ki, biz indi müstəqil dövlətimizdə yaşayırıq...

 

- Sizin də gəncliyinizdə diletantlar bu qədər çox idi? Onların aqibəti necə oldu? Qabağa keçə, mövqe qazana bildilərmi?

 

- Diletantlar hər zaman, hər cəmiyyətdə olub. Çox səciyyəvi bir ata sözümüz var – “Dad yarımçıq əlindən!” Bu mənada, təbii ki, bizim gənclik illərimiz də istisna deyildi. Amma sadəcə bir məsələ vardı: həmin dövrdə diletantlar önə çəkilmirdi, onlara xüsusi şərait yaradılmırdı. Daha qabiliyyətlini irəli çəkməklə bağlı rəsmi siyasətlə bir sırada ictimai qınaq da güclü idi. Məncə o vaxtlar atalar da mənsəb baxımından övladlarına indiki qədər canıyananlıq göstərmirdilər. Nəticədə daha güclülər, qabiliyyətlilər təbii seçimlə öz yerlərini tuturdular.

 

- Vilayət müəllim, Macarıstanda ədəbi proses necədir, bizdən fərqli və oxşar cəhətləri nədən ibarətdir? Orda da 65 yaşlı şairə həvəsləndirici “Şans” mükafatı verilirmi? Yaxud gənc yazıçı çap üçün 500 manatı birtəhər düzəldib kitabını mağazalara özü paylayır?

 

- Təəssüf ki, macar dilini bilmədiyimdən ədəbi prosesi yaxından izləmək imkanından məhrumam. Amma Macarıstanda da Yazıçılar İttifaqı mövcuddur. Sədri Yanoş Sentmartin adlı gənc yazıçıdır. Onunla tanışlığımız var. Ötən ilin oktyabrında bizim Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Budapeştdə olanda iki ölkənin yaradıcılıq təşkilatları arasındakı əlaqələri daha da genişləndirməklə bağlı fikir mübadiləsi aparıldı.

 

Macarıstanda məni ən çox heyrətləndirən kitaba olan böyük maraq, böyük sevgidir. Kitab mağazaları şəhərin ən möhtəşəm binalarında yerləşir. Budapeştin Yelisey çölü sayılan Andraşi prospektindəki 5 mərtəbəli “Aleksandriya” kitab mağazası əslində kitab sarayı, kitab planeti adlandırıla bilər. Dünya ədəbiyyatının əksər diqqətəlayiq nümunələri necə deyərlər, anında macar dilinə çevrilir. Ən əsası isə kitab mağazaları heç zaman boş qalmır.

 

Macarlar təkcə oxumağı deyil, yazmağı da sevirlər. Bu baxımdan yəqin  onların arasında da 65-70 yaşlarında “Şans” mükafatına iddialı olanlar yox deyil. Budapeşt bəlkə də dünyada yeganə şəhərdir ki, burada  dilənçilər, bomjlar sadəcə əl açıb dilənmirlər. Bunu sözlə, ədəbiyyat vasitəsi ilə edirlər. Onların jurnalı çap olunur. Keçidlərdə, adamların gur olduğu yerlərdə dayanıb həmin jurnalı gəlib-keçənlərə təklif edirlər. Belə “əsərlərin” dəyəri bəllidir. Amma dilənçiyə sədəqə vermək istəyənlər özlərini onun “əsərinin” alıcıları kimi göstərirlər. Düşünürəm ki, yazılı sözə bu ehtiram binəsib insanların izzəti-nəfsini oxşamağa xidmət edir.

 

- Səhv etmirəmsə, Azərbaycan ədəbiyyatına aid 50-dən çox kitab macar dilində çap olunub. Səfirlik xətti ilə gənclərin əsərlərindən ibarət almanax nəşr etdirmək fikriniz varmı?

 

- Bu ənənənin əsasını Macarıstandakı ilk səfirimiz Həsən Həsənov qoyub. Mən də bacardığım şəkildə davam etdirməyə çalışmışam. Amma bəri başdan bildirim ki, kitablar təkcə ədəbiyyatla bağlı deyil. Onların arasında Azərbaycan tarixinə, mədəniyyətinə, ölkəmizin beynəlxalq əlaqələrinə, xüsusən də Dağlıq Qarabağ münaqişəsinə dair nəşrlər üstünlük təşkil edir. İmkan daxilində ədəbi abidələrin və klassiklərin macar dilində çapına da səy göstərmişik.  İndiyə qədər “Oğuz xan”, “Kitabi Dədə Qorqud”, “Koroğlu” dastanları, Azərbaycan nağıllarının 3 cildliyi, Füzulinin, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və Əbdürrəhim Bəy Haqverdiyevin əsərləri orijinaldan tərcümədə macar dilində çap olunub. Bu yaxınlarda Anarın “Seçilmiş əsərləri” işıq üzü görəcək.

 

Gənclərə gəldikdə isə... Bir az qəribə səslənəcək – Macarıstanda doğulan, şeirlərini macar dilində yazan gənc şair Ramiz Əmirlinin iki kitabının çapına yardım göstərmişik. Bu yaxınlarda Günel Anarqızının “Qarabağ hekayələri” macar dilində nəşr edildi və Səfirlikdə geniş təqdimat mərasimi keçirildi. Yazıçılar Birliyinin katibi Rəşad Məcid mənim xahişimlə gənc Azərbaycan yazıçılarının hekayələrindən ibarət antologiya hazırlayıb. Sadəcə, tərcüməsi bir qədər ləngiyir. Amma ümidvaram ki, mütləq çap ediləcək.

 

- Azərbaycan ədəbiyyatında üslubuna, dilinə görə qiymətləndirdiyiniz yazıçılar kimlərdir, adlarını çəksəniz, maraqlı olar...

 

- Mən vaxtı ilə bu məsələni, necə deyərlər, professional səviyyədə araşdırmışam. Filologiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün müdafiə etdiyim namizədlik dissertasiyası "Müasir Azərbaycan nəsrində üslub müxtəlifliyi" adlanırdı. Doğrudur, bunun üstündən otuz ildən çox vaxt keçir.

 

Əslinə baxanda, mütaliə məsələsində bir az mühafizəkaram. Bəlkə də türk qardaşlarımız demiş, xəyal qırıqlığına uğramamaq üçün yeni əsərləri oxumağa o qədər də meyl göstərmirəm. Söhbət Azərbaycan ədəbiyyatından gedirsə, Mirzə Cəlilin, Əbdürrəhim Bəy Haqverdiyevin bir hekayəsini, felyetonunu Sabirin, yaxud Cavidin bir şerini beşinci, onuncu dəfə oxumaq adı mənə heç nə deməyən müəllifin əsərini ələ almaqdan daha cəlbedici görünür.

 

- Bakıya gələndə ədəbiyyat adamlarından axtardığınız kimlər olur?

 

- Son gəlişimdə, mayın 7-də bir tədbirə qatıldım və vaxtı ilə Nizami adına Ədəbiyyat İnstitutunda birlikdə çalışdığım, amma bəlli səbəblər üzündən son 15 ildə görə bilmədiyim xeyli köhnə iş yoldaşlarımla görüşdüm. Doğrusunu deyim ki, həm xoş oldu, həm də kədərləndim. Çünki əvvəla zaman bizim hamımızı o qədər də sevindirici olmayan şəkildə dəyişdirib. Üstəlik də, bu adamların həmişəki kimi yaşam mücadiləsi vermələrini, həmişəki kimi çətinliklərlə baş-başa qalmalarını üzlərindən oxumaq iztirabverici idi. Amma nə etmək olar - həyat mübarizədir, hər bir insan isə öz taleyinin memarıdır.

 

Dostlarım, ünsiyyətdə olduğum yalnız ədəbiyyat adamları deyil. Hətta deyərdim ki, ədəbiyyatdan kənar mühitdə özümə yaxın saydığım kəslər daha çoxdur. İstənilən halda, Bakıya hər gəlişimdə akademik İsa Həbibbəyli ilə, gözəl publisistimiz Elmira Axundova ilə, Ədəbiyyat İnstitutunda çalışan professor Asif Rüstəmli və şərqşünas-filosof Rafiq Əliyevlə mütləq görüşməyə çalışıram.

 

- Bunu tərif üçün demirəm, sadəcə, faktdır: sizin tərcümələrinizə usta işi deyirlər. Son vaxtlar tərcümə olunan kitablarla, onların keyfiyyəti ilə tanış olmaq imkan tapırsınızmı? Bu sahədə vəziyyət necədir?

 

- Azərbaycandan uzaqda yaşasam da etimad göstərib məni Tərcümə Mərkəzi Elmi-Metodik Şurasının üzvü seçiblər. Bu yaxınlarda Bakıda olanda Şuranın iclasında iştirak etdim. Mərkəzin direktoru, yaradıcılığını həmişə maraqla izlədiyim Afaq Məsudla geniş söhbətimiz oldu. Son vaxtlar bədii tərcümə sahəsində bir canlanma var. Dünya ədəbiyyatı nümunələri daha ardıcıllıqla, daha sistemli şəkildə dilimizə çevrilir. Düşünürəm ki, yaxın illərdə orijinaldan tərcüməyə böyük diqqət yetirilməlidir. Mövcud tərcümələrin keyfiyyəti, orijinal və tərcümə mətnlərinin bədii-üslubi yaxınlığı, identikliyi üzərində ciddi düşünmək lazımdır. Və əsas məsələlərdən biri kimi maddi stimul, əziyyətli tərcüməçi əməyinin layiqincə qiymətləndirilməsi də unudulmamalıdır.

 

- Dünya ədəbiyyatından sevdiyiniz, amma tərcüməyə çətin gələn müəlliflər varmı?

 

- Təbii ki, var. Məsələn, Borxesin qeyri-adi intellektualizmini və sehrli mistikasını açmaq, yaxud Ceyms Coysun “şüur axınını” sözə çevirmək, Azərbaycan dilində səsləndirmək üçün nə qədər məharət tələb olunur. Bu yaxınlarda Nobel mükafatlı Portuqaliya yazıçısı Xose Saramaqonun “Məbəd haqqında xatirə”, “İususun İncili” romanlarını oxudum və düşündüm ki, bu əsərlərin siqlətini, nağılvari-ironik fakturasını, möhtəşəmliyini açmaq üçün ana dilimizi nə qədər dərindən bilmək və eyni zamanda yazarın təhkiyəsinə, üslubuna uyğun şəkildə cilalamaq lazımdır. Dünya ədəbiyyatında forma axtarışları zənginləşdikcə, metaforik təfəkkür gücləndikcə belə müəlliflərin də sayı artır.

 

- İndiki işinizdən uzaqlaşsanız özünüzü harada görürsünüz? Əlbəttə, ədəbiyyatdan getsəydiniz yenidən qayıdacağınız haqda düşünmək olardı...

       

- Ağsaqqal dostum, mərhum akademik Bəkir Nəbiyev həmişə zarafatla deyirdi ki, sənin Ədəbiyyat İnstitutundakı ştat vahidini  boş saxlayırıq. Fikrimcə, sözə, ədəbiyyata, elmə bağlı adamların heç zaman itirməyəcəkləri bir iş yeri var – bu da yazı masasıdır, qələm və kağız, günümüzdə isə klaviaturadır. 

 

APA

525-ci qəzet.- 2015.- 16 may.- S.10-11.