İnsan haqları məsələsi siyasi
alver predmeti kimi
AVROPARLAMENT ANTİ-AZƏRBAYCAN QÜVVƏLƏRİN BEYİN MƏRKƏZİ ROLUNDA ÇIXIŞ EDİR
“Qısa müddətdə görülmüş bu qədər
işləri hətta ən çılğın
arzularımızda belə təsəvvür edə bilməzdik. Əslində, bütün
Bakı heyəti Avropa Oyunları başlamazdan öncə
dünya rekorduna imza atıb” .
Patrik
Hikki, Avropa Olimpiya Komitəsinin sədri
Azərbaycan növbəti dəfə “insan haqları”
mövzusunu siyasi alver predmetinə çevirən xarici dairələrin
qərəzli hücumları ilə üz-üzədir.
Gələn ay Bakıda keçiriləcək Birinci
Avropa Oyunlarına kölgə salmaq məqsədi ilə Avropa
Parlamentində bir qrup deputat tərəfindən dinləmələr
keçirilib.
Azərbaycanda insanların guya siyasi mövqelərinə
görə həbs olunduğunu ortaya atan avroparlamentarilər əslində,
onların tapşırıqları əsasında düşmənlə
əlaqəyə girərək dövlətə xəyanət
edən, Azərbaycan qanunvericiliyinin bir sıra maddələrini
pozan, müxtəlif cinayət əməlləri törədən
Leyla və Arif Yunus kimi daxili əlaltılarının
müdafiəsinə qalxırlar.
Müzakirələrdə qəbul olunan qərarlar
Avroparlamentin rəsmi mövqeyini əks etdirməsə də,
təşkil olunan anti-təbliğat kampaniyasının
iştirakçıları bu qurumun Brüsseldəki mənzil
qərargahından öz məkrli niyyətlərini sərbəst
şəkildə ictimailəşdirə bilirlər. Yəni, rəsmi
şəkildə edə bilmədiklərini, qeyri-rəsmi
yollarla, belə qeyri-etik hərəkətlərlə
reallaşdırmağa çalışırlar.
Hələ
bir ay bundan əvvəl də qondarma erməni
soyqırımın 100 illik matəm tədbirləri ərəfəsində
Avroparlament tərəfindən Türkiyə əleyhinə qətnamə
qəbul ediləndən bir neçə gün sonra ortaya
çıxan qurumun sədri Martin Şults həmin iclasda
iştirak etmədiyini bəhanə gətirərək məsuliyyəti
yaxasını kənara çəkməyə cəhd
göstərmişdi. Avropa Parlamenti bu gün də
həmin ssenari üzrə qarayaxma kampaniyalarını davam
etdirir. Lakin müstəqil Azərbaycan
dövləti və xalqı heç bir xarici qüvvə qarşısında
əyilmədiyi kimi, çəkinmədən onların da
cavabını vermək iqtidarındadır. Bəli, bu Avropa Parlamentinin növbəti məkrli
oyunudur. Bu qurum ölkəmizə
qarşı daim qərəzli, riyakar mövqeyi ilə
seçilib və yenə də kirli fəaliyyətini davam
etdirir.
Avroparlamentin bir qrup üzvü mötəbər idman tədbirinin
Azərbaycanda keçirilməsinə qarşı
çıxaraq bildirirlər ki, böyük idman turnirləriylə
bağlı qərarlar verilərkən insan hüquqları məsələsi
nəzərə alınmalıdır.
Qurumun
insan haqları komitəsinin sədri, İspaniyadan olan deputat
Yelena Valensiano deyir ki, bu və ya digər turnirə ev sahibliyi edəcək ölkə ilə
bağlı qərarlarda insan haqlarının nəzərə
alınmaması daha uzağa gedən xoşagəlməz nəticələrə
səbəb ola bilər. Onlar iddia edirlər ki,
guya Azərbaycan xarici jurnalistlərin ölkəyə gəlməsinə
qadağa qoyur.
Əslində
isə Avropa Oyunlarında iştirak etmək üçün
1500 xarici jurnalist qeydiyyatdan keçib və onlar oyunları
Bakıda izləmək istəyən minlərlə əcnəbi
vətəndaşlar kimi Azərbaycana maneəsiz olaraq,
asanlıqla sadələşdirilmiş viza əldə edərək
gələcəklər. Yəni, buradan aydın
olur ki, Avropa Parlamenti məsələləri öz istədiyi
kimi qələmə verir. Onlar Beynəlxalq
Olimpiya Komitəsi və digər qurumlardan tələb edirlər
ki, turnirlərlə bağlı qərarlar qəbul olunarkən
insan haqları başlıca kriteriya olmalıdır. Avropa Parlamenti bununla açıq şəkildə
idmanı siyasi alver predmetinə çevirmək istədiyini
ortaya qoyur. Azərbaycan isə 2009-cu ildə
Ermənistanda Cüdo üzrə Gənclər arasında
Dünya Çempionatı keçirilərkən nə
yarışlara getməkdən imtina edib, nə də tədbirin
işğalçı dövlətdə təşkil
olunmaması üçün hər hansı bir təbliğat
aparıb. Bununla rəsmi Bakı idmanı
siyasətlə qarışdırmadığını
dünya ictimaiyyətinin diqqətinə çatdırıb.
Əksinə, idmançılarımız Qərbi Azərbaycan
torpaqlarına yenidən qayıdaraq ermənilərin
gözü önündə himnimizin müşayiəti ilə
Azərbaycan bayrağını dalğalandırıblar. Yəni, biz
Elmar Qasımovun timsalında düşmənimizə
gücümüzü idman mübarizəsilə də bir daha
sübut etmişik. Halbuki beynəlxalq hüquq
normalarını kobud şəkildə pozan - Dağlıq
Qarabağ torpaqlarını işğal edən, 1 milyondan
artıq vətəndaşımızı qaçqın və
məcburi köçkün həyatına sürükləyən,
bununla bağlı BMT Təhlükəsizlik
Şurasının qəbul etdiyi 4 qətnaməni yerinə
yetirməyən Ermənistan mötəbər tədbirlərin
keçirilməsi üçün ən axırıncı məkandır.
Əgər
ermənipərəst avroparlamentarilərə Azərbaycanın
üzləşdiyi haqsızlıqlar əhəmiyyətli
deyilsə, o zaman işğalçı dövlətdəki
real acınacaqlı vəziyyətə nəzər
salsınlar: Serj Sarkisyan və komandası hakimiyyəti öz əlində
saxlamaq üçün bu gün xalqa zülm edir, ölkənin
xarabazara çevirir, ölkə səfalət içindədir,
iqtisadiyyat gün-gündən daha da çökür, insanlar
aclıqla mübarizə aparır, ev-eşiklərini satıb
ölkəni birdəfəlik tərk edirlər. Azərbaycanda isə əksinə, əhalinin sürətli
artımı müşahidə olunur. Anti-Azərbaycan
qüvvələrinin dediyi kimi, ölkədə insan
hüquqlarının vəziyyətində heç bir problem
yoxdur.
Ölkəmizin əleyhinə ermənipərəst
qüvvələr tərəfindən səsləndirilən
fikirlərin hamısı şər və böhtandan ibarətdir. İnsanlar
dini və etnik mənsubiyyətinə görə təqib
olunmur, sərbəst toplaşma, azad şəkildə fikrini
ifadə etmə haqqına sahibdirlər. Çünki
əhalinin əksəriyyətini müsəlmanlar təşkil
edən Azərbaycanın Konstitusiyasına əsasən
ölkəmizdə dinindən asılı olmayaraq hər bir vətəndaş
bərabər hüquqlara malikdir. Azərbaycan mədəniyyətlərarası,
dinlərarası dialoqun təbliğində önəmli rol
oynayır və bu dəyərlərin təşviqi
üçün keçirilən bütün mötəbər
tədbirlərə ev sahibliyi edir.
Təzyiqlərə
məruz qalan təkcə Azərbaycan deyil
Qərb və
Amerika dairələri təkcə Azərbaycana qarşı
deyil, eyni zamanda, post-sovet məkanı və Yaxın Şərqdə
sürətlə inkişaf edən bütün dövlətlərin
ev sahibliyi etməyə hazırlaşdığı mötəbər
tədbirlərə, xüsusilə idman yarışlarına
kölgə salmaq üçün “peşəkarlıqla” məkrli
fəaliyyətlərini davam etdirirlər. Hələ 2014-cü ildə Avropa
Parlamentinin sabiq rəhbəri Yeji Buzekdən tutmuş,
başqa dövlətlərin rəsmilərinə, beynəlxalq
təşkilatlara qədər hər kəs insan
hüquqları amilini süni şəkildə ortaya ataraq
Hokkey üzrə Dünya Çempionatı üçün
Minskin yanlış seçim olduğunu iddia eləməyə
başlamışdılar. Hətta Beynəlxalq
Buz Hokkeyi Federasiyasına evsahibliyi hüququnun Belarusdan
alınması üçün təzyiqlər də
edilmişdı.
2012-ci ildə isə paytaxt Bakı “Avroviziya” mahnı
müsabiqəsinə hazırlaşarkən xarici dairələr
avropalıların tədbirlərə qatılmaqdan imtina etməsi
üçün Azərbaycanın imicinə zərbə
vurmağa başlamışdılar. İnsan hüquq və
azadlıqları sarıdan Azərbaycanı problemli ölkə
kimi təqdim edən belə qurumlar tədbirin başlamadan
bitməsi üçün dəridən-qabıqdan
çıxırdılar. Amma onların
arzuları gözündə qaldı və mahnı müsabiqəsi
yüksək səviyyədə təşkil olundu, ölkəmiz
“Avroviziya” mahnı yarışmasını uğurla təşkil
edərək qonaqlara xoş xatirəyə çevriləcək
maraqlı anlar yaşatdı.
Bundan əlavə. 2014-cü ildə keçirilən
Qış Olimpiya Oyunları və Futbol üzrə Dünya
Çempionatları ərəfəsində də
ardıcılı olaraq Rusiya və Braziliya da eyni aqibətlə
üz-üzə idi. Hər iki ölkə
beynəlxalq dairələrin təzyiqlərinə məruz
qaldılar, fundamental dəyərlərin pozulduğu ölkələr
kimi təqdim olundular. Nəticədə isə
bütün təzyiqlərə rəğmən bu
yarışlar da uğurla təşkil olundu, Rusiya və
Braziliya iqtisadiyyatı idman və turizm sektorundan əldə
olunan vəsaitlərlə daha da zənginləşdi.
“Demokratiya”
pərdəsinə bürünən anti-Azərbaycan qüvvələri
Bu dəfə isə hədəfdə Azərbaycan və
Bakı 2015 Birinci Avropa Oyunlarıdır. Azərbaycan 3 ildən də
az bir vaxtda, söz verdiyi kimi, hazırlıqları
tamamlayaraq olimpiya məşəlinin Bakıya
çatacağı günü gözləyir.
Təsadüfi
deyil ki, Avropa Olimpiya Komitəsinin sədri Patrik Hikki Avropa
Oyunları məşəlinin alovlandırılması mərasimindəki
çıxışında bildirdi ki, Təşkilat Komitəsi
və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin
peşəkar heyəti planlarımızı reallığa
çevirmək üçün 27 ay ərzində yorulmadan
çalışıblar: “Belə qısa müddət ərzində
görülmüş bu qədər işləri hətta ən
çılğın arzularımızda təsəvvür edə
bilməzdik. Əslində bütün Bakı
heyəti Avropa Oyunları başlamazdan öncə dünya
rekorduna imza atıb”.
Lakin Azərbaycanın qazandığı
uğurları, əldə etdiyi nailiyyətləri həzm edə
bilməyən qüvvələr anti-Azərbaycan
kampaniyası hazırlayaraq sistemli şəkildə fəaliyyətlərini
davam etdirirlər. Niyə? Nə
üçün? Məgər Azərbaycanın
problemləri onları çoxmu narahat edir? Elə isə heç olmasa bir dəfə Ermənistanın
Azərbaycana təcavüzü nəticəsində doğma
torpaqlarından - Dağlıq Qarabağdan didərgin
düşən 1 milyondan çox qaçqın və məcburi
köçkünümüzün pozulan hüquqlarının
bərpası zəruriliyini dilə gətirsinlər.
Reallıq isə budur ki, tarix boyu avropalılar özlərinin
yaratdığı beynəlxalq qanunlara hörmətlə
yanaşmayıb, hər zaman dini və etnik amildən vasitə
kimi istifadə edərək məkrli niyyətlərini həyata
keçirməyə çalışıblar.
Hələ
1963-cü ildə Qərbin müstəmləkə siyasətindən
qurtularaq müstəqilliyini elan edən Kenya dövlətinin
qurucusu, dövlət başçısı Como Kenyatta belə
bir fikir söyləmişdi: “Avropalılar bizim yerlərə
gələndə onların “İncil”i, bizim isə torpaqlarımız vardı. Onlar gələn kimi bizə gözlərimizi yumub
dua etməyi öyrətdilər.
Gözlərimizi açanda bir də gördük ki,
“İncil” bizim, torpaqlarımız isə onların əlindədir”.
Bu, Qərbin
əsl iç üzüdür. Onlar bu gün də müstəqil
dövlətləri “demokratiya” və “din” pərdəsi altında
terror yuvasına, qarşıdurma məkanına çevirməyə
davam edirlər. Diqqət yetirsək, “Ərəb
baharı” şüarı ilə İraqa, Misirə, Liviyaya,
Suriyaya və Yəmənə hücum edən avropalılar bu
dövlətləri yalnız xarabalığa çevirə
bildilər.
İndi isə digər dövlətləri, o cümlədən,
Azərbaycanı uçuruma sürükləməyə
çalışırlar. Lakin onların bu istəkləri
həyata keçməyəcək. Azərbaycan
dövləti və xalqı ağı- qaradan
ayırmağı yaxşı bacarır. Biz həm dövlət,
həm də cəmiyyət olaraq bu qarayaxma kampaniyalarına səssiz
qalmayacağıq.
Avropa Oyunları Azərbaycanın böyük
uğurudur. Hər
ölkəyə belə bir etimad göstərilmir və hər
dövlətin böyük yarışlara ev
sahibliyi etmək potensialı və təcrübəsi yoxdur.
Azərbaycan gənc ölkə kimi belə bir möhtəşəm
tədbirə ev sahibliyi edir. Təsadüfi deyil ki, ölkəmizə
qarşı aparılan təbliğat illər boyu anti-Azərbaycan
fəaliyyətlə fərqlənən Avropa Parlamentinin bəzi
üzvləri tərəfindən təşkil olunur.
Deməli, bu qarayaxma kampaniyasına bir mərkəzdən rəhbərlik edilir. Ölkəmizə qarşı qərəzli münasibətin ən mühüm səbəbi odur ki, Azərbaycan başqa ölkələrdən fərqli olaraq müstəqil siyasət aparır. Bu da bəzi dövlətlərin siyasi-iqtisadi maraqları ilə üst-üstə düşmür. Bu baxımdan, belə bir təsəvvür formalaşır ki, əgər anti-Azərbaycan kampaniyasının Amerika blokuna dövlət katibi Con Kerrinin rəhbərlik etməsi sübut olunubsa, Qərb blokuna da Avropa Parlamentinin sədri Martin Şultsun başçılıq etdiyinə şübhə yeri qalmır.
Artıq bir neçə ildir ki, Avropadan ölkəmizə qarşı istiqamətlənən təzyiqlərin mərkəzində Martin Şults amili özünü göstərir. O dəfələrlə rəhbərlik etdiyi qurumun plenar iclaslarında Azərbaycanın əleyhinə böhtanlar yağdırıb, yol verdikləri qanun pozuntularına görə həbs olunan vətən xainlərini müdafiə edib. Halbuki indiyədək bir dəfə də olsun Şultsun Ermənistanın Dağlıq Qarabağı işğal etdiyinə, azərbaycanlılara qarşı erməni silahlı birləşmələrinin terror və soyqırım aktları törətdiyinə dair hər hansı fikrini kimsə eşitməyib.
Eyni zamanda, Avropada hər gün hüquqları tapdanan milyonlarla müsəlmanın diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir.
Həyata keçirilən təzyiqlərə, tətbiq olunan ikili standartlara baxmayaraq Azərbaycanın ildən-ilə artan nüfuzu, beynəlxalq siyasi proseslərdə aktiv iştirakı, iqtisadi gücü, regionda lider ölkəyə çevrilməsi artıq öz müsbət nəticələrini verir. İlk Avropa Oyunlarının təşkilinin Azərbaycana etibar edilməsi də ölkəmizin təkcə idman sahəsində deyil, siyasi-iqtisadi müstəvidə, diplomatik arenada nüfuzunun Avropa və dünya tərəfindən qəbul edildiyinin göstəricisidir. Beynəlxalq idman tədbirlərinin keçirilməsi sahəsində Azərbaycanın artıq kifayət qədər böyük təcrübəsi var. Avropa Oyunları ilə bağlı ölkəmizə gələcək xarici qonaqların qəbul edilməsi üçün Azərbaycanın infrastrukturu, idman arenaları artıq tam şəkildə hazırdır.
Turistləri qəbul etmək üçün hazırlıq işləri təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da həyata keçirilir. Bakıya və ölkəmizin əyalətlərinə səfər edən əcnəbi qonaqlar buradakı inkişafdan, göstərilən xidmətdən, təbiətimizin gözəlliyindən rəğbətlə hər zaman danışırlar. Artıq Oyunlara sayılı günlərin qalması ilə əlaqədar ölkəmizə turist axını başlayıb. İnanırıq ki, Bakı 2015 Birinci Avropa Oyunlarının qonaqları da Azərbaycandakı inkişafı öz gözləri ilə görüb, müsbət qiymətlərini verəcəklər. Avropa Oyunlarının gətirəcəyi ən böyük dividend isə Azərbaycanın uğurlarının dünyada daha geniş təbliği, dövlət kimi nüfuzunun, güc və qüdrətinin, beynəlxalq etibarının daha da möhkəmlənməsi olacaq.
İbrahimov Hacı
525-ci qəzet.- 2015.- 16 may.- S.9.