Beynəlxalq Muzeylər Günü
- mədəniyyət üçün əlamətdar
tarix
Hər il mayın
18-i dünyada Beynəlxalq
Muzeylər Günü
kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər
Şurasının (ICOM) təşəbbüsü
ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi
muzeylərin cəmiyyətin
həyatında nə
dərəcədə mühüm
rol oynadığını
göstərməkdir.
"Azərtac" bildirir ki, dünyanın 150-dək
ölkəsində qeyd
edilən Beynəlxalq
Muzeylər Günü
bu il
"Muzeylər və
cəmiyyətin davamlı
inkişafı" mövzusuna
həsr olunub.
Bu bayram qədim
tarixə və zəngin mədəniyyətə
malik Azərbaycanda da geniş miqyasda
qeyd edilir.
Eramızdan əvvəl XVI əsrdə
Krit, XIII-XII əsrlərdə
Çin, III əsrdə
Qədim Roma və Yunanıstanda estetik dəyərə malik əşyaların, əsərlərin,
kolleksiyaların, sənədlərin
saxlandığı məkanların
müasir muzeylərin
sələfləri hesab
olunduğunu nəzərə
alaraq, ölkəmiz ərazisində qurulmuş
Atropatena və Albaniya dövlətlərinin
hökmdarlarının saraylarını
da belə yerlər kimi qeyd etmək yerinə düşər.
Erkən
və orta əsrlərdə isə Azərbaycanda hakim sülalələr
tərəfindən kolleksiyaçılıq
ənənələrinə maraq güclənib, qiymətli əşyalar xəzinələrdə, saray
kitabxanalarında mühafizə
edilib.
Azərbaycanın ictimai-siyasi, mədəni həyatında XIX əsrin
ikinci yarısından
etibarən sürətlə
cərəyan edən
proseslər muzey işinin təşkilinə
təkan verib. İlk belə
muzeylərdən biri görkəmli ədib Cəlil Məmmədquluzadənin
təşəbbüsü və yaxından iştirakı ilə XIX əsrin sonlarında Naxçıvanın Nehrəm
kənd məktəbində
təşkil olunub.
Ötən əsrin əvvəllərində
isə Bakıda, xalq məktəbləri müdiriyyəti nəzdində
Pedaqoji, həmçinin
Ümumrusiya Texniki Cəmiyyətinin Bakı şöbəsi nəzdində
qapalı muzeylər yaradılıb. Lakin Nehrəm kəndindəki
muzey istisna olmaqla, adları qeyd edilən məkanlar çarizmin maraqlarına uyğun fəaliyyət göstərib.
Təsadüfi deyil ki, Azərbaycanda aşkar edilən qiymətli arxeoloji əşyalar
Tiflis, Moskva, Peterburq muzeylərinə göndərilib.
Azərbaycanda dövlət səviyyəsində
1919-cu ildə - Xalq Cümhuriyyətinin dövründə
təməli qoyulmuş
ilk milli muzey 1920-ci ildən Azərbaycan Dövlət Muzeyi kimi fəaliyyət göstərib.
Sovet hakimiyyətinin ilk illərində
Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev kimi Bakı milyonçularından müsadirə
edilmiş qiymətli sənət əsərləri
bu muzeyin eksponatları olub. H.Z.Tağıyevin mülkündə yerləşən Milli Azərbaycan Tarix Muzeyinin binasının özü də tariximizdən xəbər
verən daş abidə kimi qiymətlidir. Ona görə
də bu yerə bəzən "Muzey içində muzey" də deyirlər.
Ötən əsrin 30-cu illərindən
etibarən bir-birinin ardınca mahiyyətinə
görə müxtəlif
təmayüllü - dövlət,
memorial, səyyar, ədəbiyyat,
incəsənət, tarix,
musiqi, qoruq, teatr muzeyləri yaradılıb. Sonrakı illərdə Azərbaycanda
yeni muzeylər fəaliyyətə başlayıb.
Təəssüf ki, neçə-neçə
tarixi abidə və muzeylərimiz ötən əsrin
90-cı illərində erməni
işğalçıları tərəfindən qarət
olunub və dağıdılıb. İşğal olunmuş torpaqlarımızda
762 mədəniyyət abidəsi
və 1431 mədəniyyət
müəssisəsi qalıb.
Erməni faşistləri 22 muzeyi, 4 rəsm qalereyasını tamamilə
məhv ediblər.
Canlı muzey olan və
bu gün düşmən tapdağı
altında inləyən
Şuşada 8 muzey fəaliyyət göstərib. Dövlət
Qarabağ Tarixi Muzeyi, dahi bəstəkar
Üzeyir Hacıbəylinin
ev, vokal sənətimizin banisi Bülbülün memorial, görkəmli
musiqiçi və rəssam Mir Möhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan Xalça Muzeyinin Şuşa filialı, görkəmli musiqiçi
Qurban Pirimovun Ağdam rayonundakı xatirə, Qubadlı, Zəngilan, Cəbrayıl,
Ağdam, Füzuli, Xocalı rayonlarının
tarix-diyarşünaslıq muzeyləri tamamilə qarət edilib. Keçmiş SSRİ-də yeganə
olan Ağdam Çörək Muzeyi ermənilər tərəfindən
yerlə-yeksan olunub.
Azərbaycanda milli mənəvi dəyərlərimizə, o cümlədən,
muzey işinə daim dövlət qayğısı olub. Ölkəmizdə muzey işinin inkişafı ümummilli
lider Heydər Əliyevin adı ilə bağlıdır.
Xalqımızın milli tarixi və mədəni irsinin qorunmasında muzeylərin dəyərini
dərindən və həssaslıqla duyan Ulu Öndər respublikada müvafiq şəbəkənin genişləndirilməsini,
onun maddi-texniki bazasının gücləndirilməsini
daim diqqətdə saxlayıb. Onun təşəbbüsü ilə respublika Mədəniyyət Nazirliyinin
muzeylər idarəsi,
muzey işi üzrə elmi-metodiki mərkəz, muzey ekspozisiyalarının bədii
tərtibatı emalatxanası,
muzey sərvətləri
və xatirə əşyalarının bədii
bərpa mərkəzi
təşkil olunub.
Azərbaycan mədəniyyətinin
Üzeyir Hacıbəyli,
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə,
Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Bülbül, Səməd Vurğun, Niyazi və digər nəhəng simalarının memorial-xatirə,
mənzil, bölgələrdə
tarix-diyarşünaslıq muzeyləri məhz ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü
sayəsində yaradılıb.
Dahi rəhbərimizin
xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından
sonra digər sahələrlə yanaşı,
muzey işi də öz inkişafının yeni mərhələsinə qədəm
qoyub. Ulu Öndərin təşəbbüsü
ilə 1993-cü ildə
Nazirlər Kabinetində
muzey işçilərinin
respublika müşavirəsi
keçirilib, 1994-cü ildə
isə bu müşavirənin materialları
əsasında "Respublikada
muzey işinin vəziyyəti və onun yaxşılaşdırılması
haqqında" qərar
qəbul edilib.
2000-ci il martın 24-də qüvvəyə
minmiş "Muzeylər
haqqında" Azərbaycan
Respublikasının Qanunu
ölkəmizdə muzeylərin
fəaliyyətinin təşkilati-hüquqi
əsaslarını və
müvafiq münasibətləri
tənzimləyir. Bu sənədə əsasən
muzey - maddi mədəniyyət abidələrinin
komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi,
kütləvi nümayişinin
və təbliğinin
həyata keçirildiyi
mədəniyyət, elmi-tədqiqat
müəssisəsidir.
Ümummilli Lider tərəfindən
muzey işinin inkişafı üzrə
müəyyən edilmiş
prioritetlər bu gün Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi altında
fəaliyyət göstərən
Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
Dövlətimizin başçısının "Azərbaycan Respublikasının
paytaxtı Bakı şəhərində İstiqlal
muzeyinin yaradılması
və İstiqlal abidəsinin ucaldılması
haqqında" 2006-cı il
18 dekabr, "Müasir
İncəsənət Muzeyinin
yaradılması haqqında"
2006-cı il 19 dekabr,
"Azərbaycanda muzey
işinin yaxşılaşdırılması
haqqında" 2007-ci il
6 mart tarixli sərəncamları,
2009-cu il 22 may tarixli Sərəncamı ilə
təsdiq edilmiş
"Azərbaycanın regionlarında
fəaliyyət göstərən
muzeylərin müasir
standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi tədbirlər planı", həmçinin
"Azərbaycan Xalça
Muzeyinin yeni binasının maddi-texniki
təminatı haqqında"
2013-cü il 29 dekabr tarixli, eləcə də qoruq muzeylərin
təşkilinə, muzey
işçilərinə fəxri
adların verilməsinə
dair sərəncamları,
bu mədəniyyət
obyektlərinin açılış
mərasimlərində şəxsən
iştirak etməsi müvafiq sahəyə göstərilən böyük
diqqət və qayğıya bariz nümunələrdir.
"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Prezident İlham Əliyevin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunan "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"na uyğun olaraq milli mədəni irsimizin qorunması dövlət əhəmiyyətli prioritet məqsəd kimi qarşıya qoyulub.
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində "Şirvanşahlar Sarayı Kompleksi", Qız qalası və Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Fondun həyata keçirdiyi müxtəlif layihələr çərçivəsində Qarabağ muzeyləri haqqında məlumatlar mötəbər beynəlxalq təşkilatlara çatdırılır.
Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.
Ümummilli Liderin siyasi irsinin öyrənilməsi, azərbaycançılıq məfkurəsinin formalaşdırılaraq inkişaf etdirilməsi məqsədilə yaradılan Heydər Əliyev muzeyləri isə respublikada muzey şəbəkəsinin genişləndirilməsi sahəsində mühüm hadisə kimi qiymətləndirilir.
Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edir.
525-ci qəzet.- 2015.- 19 may.- S.7.