İstiqlal yolunun şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət xadimləri

 

 

(Əvvəli ötən sayımızda)

 

Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik uğrunda daima mübarizə aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik qüvvələri, mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun müstəqilliyi, millətimizin azadlığı uğrunda mübarizəyə qoşuldular. Rusiya imperiyasının dağılması Azərbaycanda müstəqil dövlət qurmaq üçün şərait yaratdı. 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası  - Xalq Cümhuriyyəti elan edildi.

 

Xalqımızın bir çox ziyalıları, görkəmli şəxsiyyətləri Demokratik Respublikanın yaradılmasında, onun inkişafında müstəsna rol oynayıb, müstəqillik yolunda əllərindən gələni əsirgəməyiblər. Bu onların həyatı bahasına başa gəlsə , bir çox təqiblərə məruz qalsalar da, öz amallarından vaz keçməyib, xalqın rifahı üçün çalışıblar. Xalqa dövlətçiliyə bir nümunə olan həmin ziyalıların bəzilərinin həyat fəaliyyət yollarını daha dərindən araşdırıb təqdim edirik. Bu yolda əsas bələdçimiz, qaynağımız isə Prezident Kitabxanası, həmçinin Milli Kitabxananın zəngin məlumat bazasıdır.

 

Aslan bəy Qardaşov

 

"Əhrar" partiyasının liderlərindən biri, ictimai-siyasi xadim Aslan bəy Qardaşov 1866-cı ildə Zaqatalanın Tala kəndində anadan olub. İlk təhsilini Zaqatala qəza məktəbində alıb, sonra Müəllimlər Seminariyasını bitirib.Təhsilini davam etdirmək üçün  İstanbula gedib İstanbul  Universitetində oxuyub. Hüquq, maarif sahəsində çalışıb.

 

A.Qardaşov Dağıstandan II Dumaya üzv seçilib. O, 1917-ci ildən Müsavat partiyasının üzvü olub. Zaqafqaziya seyminin, Azərbaycan Milli Şurasının, Azərbaycan Parlamentinin üzvü olub. "Əhrar" fraksiyasının təmsilçisi kimi Parlament iclaslarında fəal iştirak edib, əsasən Hökumətin iqtisadi sahədəki fəaliyyətinə qarşı tənqidi mövqe tutub. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə keçirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsi qəbul edilib. Qardaşov müstəqilliyin lehinə səs verən 24 Milli Şura üzvündən biri olub. Aslan bəy Qardaşov 1918-ci il dekabrın 25-də Parlamentin siyasi dustaqların amnistiyası üzrə yaratdığı komissiyanın üzvü olub. O, Azərbaycan Xalq Cümhuriyyətinin 4-cü hökumət kabinəsində əkinçilik naziri idi. 1920-ci il aprelin 15-də Aslan bəy Qardaşov "Əhrar" fraksiyası adından koalisiyadan çıxdığını öz nümayəndələrini Hökumətdən geri çağırdığını bəyan edib. Həmin ilin aprelin 27-də hakimiyyətin kommunistlərə təhvil verilməsi haqqında ultimatumu müzakirə etmək üçün Parlamentdə yaradılan komissiyaya daxil olub müzakirə zamanı hakimiyyəti bolşeviklərə təhvil vermək təklifini müdafiə edib. Aslan bəy həmin il iyulun 21-də isə güllələnib.

 

Əhməd bəy Pepinov

 

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli simalarından biri , siyasi fəaliyyəti ilə yanaşı, mədəniyyət maarifçilik tariximizdə dərin iz qoyan Əhməd bəy Pepinovdur. O, 1893-cü ildə indiki Gürcüstanın Ahıska bölgəsinin Axalkələk şəhərində dünyaya göz açıb. Tiflis gimnaziyasını uğurla başa vurduqdan sonra 1913-cü ildə sənədlərini Moskva Dövlət Universitetinin Hüquq fakültəsinə verir qəbul olunur. Hüquq fakültəsində oxumaqla bərabər, İqtisadiyyat fakültəsində mühazirələr dinləyir. Hələ  tələbəlik illərindən ictimai fəallığı ilə seçilir. "Axalkələkli Əhməd Cövdət" imzası ilə "Açıq söz" qəzetində məqalələrlə çıxış edir. Onun dövrün Azərbaycan ziyalıları ilə sıx əlaqəsi vardı. Hələ Tiflisdə gimnaziyada oxuyarkən Pepinov Mirzə Cəlillə dostluq əlaqəsi qurur, "Molla Nəsrəddin" jurnalının yayılmasında fəal iştirak edir. Ömrünün sonuna qədər Mirzə Cəlilin ailəsi ilə dostluğunu kəsmir. Eyni zamanda, siyasi proseslərdə fəallıq göstərirdi. 1917-ci ildə çarizmin süqutundan sonra Cənubi Qafqazdan Müəssislər Məclisinə üzv seçilir. 1918-ci ilin fevralında yaradılan Zaqafqaziya Seymində müsəlman sosialist blokuna daxil olur. Həmin ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Milli Şurada sosialist fraksiyasının üzvü kimi dövlət quruculuğunda yaxından iştirak edir. Əvvəlcə Azərbaycan Milli Şurasının, daha sonra Xalq Cümhuriyyəti Parlamentinin katibi olur.

 

Parlamentdə bir sıra qanun layihələrinin, o cümlədən, parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi "Nəşrlər istehsalı haqqında" qanunun hazırlanmasında, Bakı Dövlət Universitetinin təşkilində  yaxından iştirak edir. Cümhuriyyət dövründə Bakıda təntənəli "Türk gecələri" konsertinin maraqlı müsabiqələrin təşkilində fəallıq göstərir. Onu da qeyd edək ki, həmin illərdə milli hökumət yüz nəfər azərbaycanlı gəncin dövlət hesabına xaricdə təhsil alması üçün qanun qəbul edir. Parlamentin xaricə göndəriləcək gəncləri müəyyən etmək məqsədilə yaratdığı müsabiqə komissiyasına Əhməd bəy daxil idi. 1919-cu ilin dekabrında o, Xalq Cümhuriyyətinin beşinci hökumət kabinetində əmək torpaq naziri postunu tutur.

 

Əhməd bəy Pepinov 1920-ci ilin aprelində Azərbaycanın sovetləşməsindən sonra mədəni-maarif nəşriyyat işləri sahəsində fəaliyyət göstərir. Buna baxmayaraq, bir millətçi kimi təqiblərlə üzləşir. Tənə təqiblərdən sovuşmaq məqsədilə 1930-cu ildə Ulyanovsk şəhərinə köçmək məcburiyyətində qalır. Daha sonra 1934-cü ildə Almatı şəhərinə köçür, Qazaxıstan SSR- maarif nazirinin müavini vəzifəsinə təyin olunur. Lakin bolşevik hökuməti ondan əl çəkmir. Araşdırmalarda göstərilir ki, o illər repressiyaya məruz qalan digər şəxslərin dindirmələrində Pepinovun da adı hallanır. Tağı Şahbazinin həbsindən sonra istintaqın ilk dörd ayında müstəntiq ondan özünü "ifşa edən", "günahlarını səmimi etiraf edən" ifadələr ala bilmir. Müstəntiq onu bir çox adamla üzləşdirsə , məqsədinə çatmır. Bu üzləşdirmələrdən birində  müstəntiq T.Şahbazini Qubaydullinlə üzləşdirir. Onun ifadəsində göstərilir: "Tağı Şahbazinin əksinqilabi işdə iştirakını mən ilk dəfə 1926-cı ildə Əhməd Pepinovdan eşitdim. Əhməd Pepinov mənə bildirdi ki, Azərbaycanda əksinqilabi millətçi blok formalaşıb. Blok üzvlərindən bir neçəsinin adlarını, o cümlədən, Tağı Şahbazinin adını çəkdi. 1927-ci ildə həmçinin Sultan Quliyevdən Tağı Şahbazinin əksinqilabi millətçi təşkilatın üzvü olduğunu öyrəndim..."

 

Beləcə, amansız repressiya dalğası Pepinovdan da yan keçmir və 1937-ci ildə onu tutub güllələyirlər. Onun ölümündən sonra ailə üzvləri də repressiyaya məruz qalır. Qeyd edək ki, Pepinov Xalq Cümhuriyyətinin qurucularından olan Həsən bəy Ağayevin qızı ilə evlənmişdi. Qızı, görkəmli aktyor Lütfəli Abdullayevin ömür-gün yoldaşı Sevda xanım Pepinova xatirələrində yazır: "Babam Həsən bəy Ağayev Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini, atam isə Cümhuriyyət hökumətinin əmək naziri olub. Bu səbəbdən biz "xalq düşməni " ailəsi sayılırdıq. Sözsüz ki, "xalq düşməni"nin qızına o vaxt yaxın düşən ola bilməzdi. Amma Lütfəli heç nəyə baxmadı. Onun mərdliyi mənə hər şeydən əziz oldu. Biz 1948-ci ildə evlənmək istədik, amma arzumuz baş tutmadı. Anam vaxtsız dünyasını dəyişdi. 1955-ci ildə atamın bəraətini aldıq. Nəhayət ki, 1956-cı ildə ailə qura bildik. Bir ay nişanlı qalandan sonra, toyumuz oldu. O (Lütfəli Abdullayev-red.) hətta icazə vermədi ki, soyadımı dəyişim. Dedi ki, sənin atanın oğlu yoxdur! Ona görə də öz soyadını daşısan yaxşı olar..."

 

Uzun illər haqqında danışmaq yasaq olan Cümhuriyyətimizin digər görkəmli simaları kimi, Əhməd bəy Pepinovun da adı və əməlləri tarixdə əbədi yaşayacaq.

 

(Ardı var)                                                                                                                

 

Samirə QULİYEVA

525-ci qəzet.- 2015.- 19 may.- S.6