Ədəbi gəncliyin yaradıcılıq axtarışları

 

Ölkəmizin inkişaf startegiyasının prioritet istiqamətlərindən biri də cəmiyyətimizin müxtəlif sahələrində gəncləşmə siyasəti sayılmaqla, ictimai, sosial, siyasi, dövlət idarəçiliyi, mədəni və yaradıcılıq sferalarında bu istiqamətdə müsbət dəyişikliklərin həyata keçirilməsidir.

 

Əgər dövlət idarəçiliyi, ictimai sektorda gənclərin irəli çəkilməsi onların təhsil səviyyəsi və əldə etdikləri təcrübə əsasında həyata keçirilirsə, yaradıcılıq və istedad imkanlarının üzə çıxarılması üçün ictimai sektor və hökumət tərəfindən həyata keçirilən müxtəlif tədbirlər nəticəsində mümkün olur. Bu baxımdan respublikamızda ədəbiyyat sahəsində yaradıcı gənclər əsasən Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin əməkdaşlığı nəticəsində yaradılmış "Gənc Ədiblər Məktəbi" və Bakı Slavyan Universitetinin Yaradıcılıq fakultəsi ətrafında toplaşıblar. Bu qurumlar ədəbi prosesin stimullaşdırılmasında mühüm əhəmiyyət kəsb edirlər.

 

Bundan əlavə ötən il ərzində bir çox fəal gənclər mükafatlarla təltif edilmişlər. Belə ki, gənc yazar Pərvin Nurəliyeva  2014-cü ildə Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Bir sıra gənclər Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradıcı gənclər üçün nəzərdə tutulan prezident təqaüdçüləridir, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıblar. Həmçinin respublikamız və xaricdə keçirilən müsabiqələrdə gənclərin fəallığı xüsusi qeyd olunmalıdır. Məsələn, Nicat Məmmədovun "Mesto vstreçi povsödu" şeir toplusu Rusiyanın nüfuzlu ədəbi mükafatlarından olan "Russkaya Premiya"- nın laureatı olub. E.Piri, Ə. Cabbarlı Azərbaycan Yazıçılar Birliyi (AYB) və Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyinin orqanı olan "Naşir" jurnalının təşkil etdiyi "Ən yaxşı şeir" müsabiqəsində qalib seçiliblər. V.Mürsəlqızının "Namus" hekayəsi III Beynəlxalq Mahmud Kaşğarlı hekayə müsabiqəsində III yerə layiq görülüb. Ayb.az saytı tərəfindən keçirilən "Bir bənd şeir", "Anamın kitabı" pyes müsabiqəsinin, "Azadlıq-2014" milli müsabiqəsinin qalibləri də əsasən gənclərdir.

 

İl ərzində imza günləri və təqdimatı keçirilib, bir sıra tanınmış sənətkarlar onların əsərlərinə ön söz yazıblar. Gənc yazar Pərvinin "Dlə Samira" kitabına ön sözündə Xalq yazıçısı Anar onun yaradıcılığını geniş təhlil edib, əsərləri haqqında fikirlərini bölüşüb. E. Ərşadoğlunun "Eşqə doğru" şeir kitabının ön sözünün müəllifi Ç. Əlioğludur. Bundan əlavə C.Yusifli,V. Yusifli, Ə. Cahangir və başqa tənqidçilərin gənclərin yaradıcılığı haqqında ayrıca məqalələri çap olunub. Həmçinin, Azərbaycan Yazıçılar Birliyinin XII Qurultayında 21 nəfər gəncdən ibarət AYB Gənclər Şurasının yeni tərkibi yaradılıb.

 

Bölgələrdən olan gənclərin də ədəbi prosesdə fəal iştirak etməsini müşahidə etmək olar. Onlar AYB üzvləri sırasında təmsil olunmaqla yanaşı, AYB Gənclər Şurasının sıralarına (M. Musa, S. Selcan) da cəlb edilmiş, il ərzində keçirilən müsabiqələrə qatılmışlar. Dünya GəncTürk Yazarlar Birliyi tərəfindən həyata keçirilən "Bölgə yazarlarına dəstək" layihəsi çərçivəsində "Bölgələrdən səslər-II" kitabında gənclərin şeirləri də yer almışdır.

 

Həmçinin, gənclərin əsərlərinin başqa dillərə tərcümə və təbliği sahəsində xeyli işlər görülmüşdür. Pərvinin əsərləri rus və türk dilinə tərcümə olunaraq, kitab şəklində nəşr edilib. "Noveyşaə azerbaydjanskaə literatura. Antoloqiə" nəsr, poeziya ilə bağlı ayrıca kitablara M.Ağaoğlunun, M.Örənin, K. Həsənqulunun və başqalarının əsərləri daxil edilmişdir.

 

 Gənc yazarların əsərlərindən ibarət "Ziya antologiyası" işıq üzü görmüşdür. "Ən yeni ədəbiyyat ", "aybKitab" layihəsi çərçivəsində gənclərin kitabları çap olunmuş, dövri mətbuatda "Azərbaycan", "Ulduz", "Yazı" və digər jurnallarla yanaşı qəzetlərdə də onların yaradıcılığına geniş yer ayrılmışdır.

 

"Ulduz" jurnalında xüsusi rubrikalarda, məsələn, "Dərgidə kitab" rubrikasında gənclərin şeirləri, Fərid Hüseynin, Nuranə Nurun, Sevinc Mürvətqızının və b. esseləri çap edilmiş, "7 oğul istərəm 1 qız" diskussiya klubunda şeirlərinin müzakirələri, gənc yazarlarla müsahibələr verilmişdir.

 

Gənclərin yaradıcılığı ədəbi portallarda da geniş təbliğ edilir. Burada müəlliflər şeirlərini özləri səsləndirərək oxucu ilə birbaşa ünsiyyətə can atırlar. Şəbəkə ədəbiyyatı müəllifləri oxucularına daha da yaxınlaşdırır, onlar arasında fikir mübadiləsinə imkan yaradır.

 

Müasir gənclərin yaradıcılığında daha çox suallar, sosial gerçəkliklərin təsviri, əvvəlki nəsillərin müqəddəs bildiyi hisslərə prozaik yanaşma, bir sözlə heyrət deyil, analitik yanaşma səciyyəvidir. Burada əbədi mövzulara əks mövqedən baxış, ülvi hisslərin daha əlçatan, daha adi, fəlsəfi mövzuların prozaik təqdimi, ətraf mühitlə konflikt deyil, insanın daha çox özü-özü ilə dialoqu, özünü yeni müstəvidə dərk etmək cəhdi müşahidə olunur.

 

Gənclərin yaradıcılığının əsas leytmotivi dünyaya fəci baxışdır. İroniyanın, qroteskin, brutal sarkazmın arxasından boylanan bu hiss müxtəlif şairlərin əsərlərində fərqli yozumda təqdim olunur. Poeziyada dillə bağlı eksperimentlər, müasir gerçəkliyin doğurduğu, narazılığın, yorğunluğun təsvir üçün zəruri olan aşağılayıcı leksika yol tapır.

 

Lakin yenə də, insanın daxili aləmi və hisslərinin təsvir üzərində qurulan şeirlər də mövcuddur. Hətta bəzi şeirlərdə 60-cı illərdən itirdiyimiz, həyatsevər, dünyaya açıq lirik "mən" belə təzahür edir.

 

Müasir poeziyada əsasən aşağıdakı istiqamətləri fərqləndirmək olar: mənanın vasitəni üstələdiyi ənənəvi poeziya (bu zaman bütün vasitələr yalnız məzmunun daha dolğun ifadəsinə xidmət edir) və poetik dilin yeni imkanlarının yaradılması üzərində qurulan modern poeziya. Birinci bölgüyə aid edilə bilən A. Amin, P. Axund, Ə. Cabbarlı, G.Səma və bir çox başqa müəlliflərin şeirlərində klassik şeirə xas poetik duyum, obrazlar yer alır. Çox zaman klasssik formanın"yenilənməsi" baş vermir. R. Əhməd, D. Əhməd, A.Əlioğlu, K.Həsənqulu, A. Evren, F.Hüseynbəyli və b. müəllifləri isə ikincilərin sırasına aid etmək olar.

 

Üçüncü yanaşma da mövcuddur ki, burada hər iki istiqamətin sintezinə (ənənə ilə cəsarətli poetik yeniliklərin) cəhd yer alır. Modern şeirdə klassik obrazlardan, formalardan istifadə, üslub intonasiya müxtəlifliyinin əldə olunması kimi xüsusiyyətlər cəmləşir (Ş.del Gerani, B. Niftəliyev və b.).

 

Bu baxımdan gənclərin yaradıcılığına nəzər saldıqda mənzərənin fərqliliyi meydana çıxır. Qeyd etdiyimiz xüsusiyyətləri konkret əsərlər üzərində nəzərdən keçirsək ənənəvi lirizmın, poetik sözün ahənginın ironiya, ədəbi təcrübənin transformasiyası ilə əvəzləndiyinin şahidi oluruq.

 

Müasir poeziyada səmimi intonasiyanın hakim olmasına baxmayaraq, müşahidənin etirafı üstələdiyi duyulur. Şeiriyyət çox zaman, prozaik detalla əvəzlənir. Əsasən də müharibə mövzusunda yazılmış əsərlərdə bu məqam daha aydın nəzərə çarpır. "Əgər ənənəvi şeirdə sözlərin düzümü ilə hərəkətin musiqiliyi nəzərə çarpdırılırdısa, yeni şeirdə həqiqətin (çox zaman qupquru) ifadəsi önə keçir: bir az publisistik, bir az mistik tonla" (C.Yusifli). Poeziyanın "prozaikləşmə"si prosesi davam etməkdədir.

 

Öz intim dünyalarına qapanmış şairlərin şeirlərində bu dar məkanda çıxaraq, dünya ilə vəhdətə çağırış, Allah sevgisinə sığınma da yer alır. Lakin İlahi sevgi sadəcə səslənir, hətta bir az şüarçılıq belə hiss olunur, mistik fəlsəfi anlam kəsb etmir.

 

Son illər pyeslərin sayının azlığı, gənclərin bu sahəyə marağının az olması səbəbindən, onların yaradıcılığı ilə bağlı məruzələrdə dramaturgiyadan bəhs edilməmişdir. Ötən il təsis edilmiş "Anamın kitabı" müsabiqəsi dramaturgiyaya olan marağın artmasını şərtləndirən çox vacib bir addımdır. Müsabiqədə əsasən gənclərin təmsil olunması bir tərəfdən müsbət hal olsa da, təcrübəsizlik, janra ilk müraciətini kəsirləri də yer aldı.

 

Müsabiqənin qalibi olmuş Sevinc El Sevərin "Ürəyində arzu tut " pyesində Xocalıda əsir düşmüş qızın taleyindən bəhs edilir. Zənnimizcə, pyesin fərqləndirilməsinin səbəbi bilavasitə mövzusu ilə şərtlənir. Şəbnəm Xeyrullanın "Qırmızıpapağ"a yalan danışmaq olmaz" əsərində ədəbiyyatda əbədi obrazlardan biri - fırıldaqçı "Ostap Bender" tipli bir qəhrəmandan bəhs olunur. Müəllif əsəri "Qırmızı-papaq" nağılı ilə əlaqələndirərək, həqiqət və yalan anlayışlarının binar qarşıdurmasını aradan qaldırır. Müasir həyatda həqiqətin deyil, yalanın xilasedici missiyaya daşıdığını göstərməyə çalışır.

 

Şəhriyar del Geraninin "Ayişə necə gülür?..." pyesi cənub mövzusunu ədəbiyyatımıza yenidən qaytarır. Müəllifin dramaturji poetikaya bələdliliyi, əsərdə remarkaların yerində təqdim olunması, dəqiq verilməsi uğurlu haldır. Bunun nəticəsində hadisələr yalnız nəql olunmur. Pyesin tələblərinə uyğun olaraq, dramaturji hərəkət, konfliktin hər biri yerindədir.

 

M. Nuriyevin "Sahibsiz yerlərin qurdunun iniltisi", G. Kərimlinin "İşıq pulu pyesi", Z. İsmayılovanın "Tükənməz sərvət", Qanun Ümman Qahablının "Adaxlı" və b. pyeslərdə ənənəvi, üzdən işlənmiş konfliktlər, nəsrə xas təfərrüatlı təsvirlər, obrazların sxematikliyi kimi xüsusiyyətlər nəzərə çarpır, müəlliflərin personajların psixoloji vəziyyətini, hisslərin dramatizmini göstərməkdə çətinlik çəkdikləri müşahidə olunur. Gənclərin eksperimentlərə, yeniliklərə daha meylli olduqlarını nəzərə alsaq, bu konservativlik təəccübləndirir.

 

Müasir dramaturgiya ilə bağlı tədqiqatlarda pyeslərin əsas komponentlərinin deformasiyaya uğradığı, hətta konfliktin aradan qalxdığını qeyd olunur (zənnimizcə, sadəcə başqa formada meydana çıxdığı ilə bağlı fikirlər daha doğrudur). Konfliktin alt qata enməsi, hərəkətin, fikrin dinamikası, hisslərin cuğlaşması ilə əvəzlənməsinin baş verdiyi vurğulanır. Bu səbəbdən pyeslərdə iştirakçıların sayının azalması, hadisələrin lokal məkanda baş verməsi müşahidə olunur. Samir Sədaqətoğlunun "Həbsxanada bayram" və İlqar Fəhminin "Zümrüd parıltısı" pyeslərində məhz bu cür yanaşma yer alır.

 

Ötən illərlə müqayisədə gənclərin yaradıcılığında nəsrin iri formasına maraq azalsa da 2014- cü ildə Elxan Qaraqanın "İkinci addım", Vüsal Nurunun "Prezidentin qızı", Sahilənin "Çevriliş", Səxavət Sahilin "İsanın qadını" və başqa romanlar çap olunub. Pərvinin "Balerina" kinopovestində rənglə musiqinin, hisslərinin cuğlaşmasından yaranan bir atmosfer hakimdir. Əsərdə ananın ehtirasa çevrilən istəyi - qızını balerina görmək arzusu- dominantlıq edir. Bu istək ananın bütün varlığına hakimdir. Qadın öz arzusunun əsarəti altına düşür, inersiya ilə yaşam yer alır. Şüur deyil, təhtəlşüur hərəkətə keçir. Təhkiyə daxili sarsıntı, istək ilə reallıq arasındakı uyğunsuzluğun doğurduğu dissonans üzərində qurulur.

 

Müharibə, əsirlik mövzusu ilə bağlı Vəfa Mürsəlqızının "Ulduzlu intihar" hekayəsinin də üzərində dayanmaq istərdik. Erməni əsirliyində olan qızın həyatı canlandırılan əsərdə, həyatın kontrastlarını əsir ömrünün acı reallıqları əsasında bir araya gətirən müəllif, baş verənlərdə hamını - həm düşməni, həm də etinasızlığı ilə buna əngəl ola bilməyən müasir cəmiyyətimizi suçlayır.

 

Maraqlı hekayə müəlliflərindən biri də Hədiyyə Şəfaqətdir. Ötən il çap olunan utopiya janrında qələmə aldığı "Barış" hekayəsini uğurlu nümunə hesab etmək olmasa da ( müharibə nəsrinə xas stereotiplər, təfərrüat bolluğu və s.) , "Namus cinayəti" hekayəsi maraqlı müəllif müşahidələri, fərqli təhkiyə strukturu ilə maraq doğurur.

 

İlin maraqlı imzalarından biri də Nahiddir. "Morqan" hekayəsində oğlunu Qarabağ müharibəsində itirən ata dərdini içində çəkə bilmir. İtirdiyi oğluna olan sevgisini, qayğısını uydurduğu bir varlığa yönəldir. Əvvəlcə hadisələrin (Morqanla bağlı hekayətin) reallıq olduğu anlaşılsa da, sonradan təhkiyəçinin subyektiv münasibəti, Morqanın qocanın təxəyyülünün məhsulu olduğu məlum olur.

 

Mübariz Örəninin hekayələrini ötən ilin uğurli debutu adlandırmaq olar. Müəllifin fərqli strukturu, zaman, məkan münasibətləri, koloritli dili, obrazları, detalların dəqiqliyi, müşahidə itiliyi ilə seçilən hekayələrində təfərrüatın təsviri üstələməsi baş vermir.

 

Ədəbi mənzərənin təhlili gənclərin fəallığını, yaradıcılıq axtarışlarının intensivliyini, ümumən müasir ədəbi prosesdə aparıcı qüvvəyə çevrilməkdə olduqlarını söyləməyə imkan verir.

 

Lalə HƏSƏNOVA

525-ci qəzet.- 2015.- 20 may.- S.8.