İstiqlal Muzeyində Avropa Oyunlarına həsr olunmuş sərgi açılıb
"Beynəlxalq Muzey
Günü" aksiyası
çərçivəsində Azərbaycan İstiqlal Muzeyində Avropa Oyunlarına həsr olunmuş "Bakı-2015" sərgisinin
açılışı olub.
Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi xatırladıb ki, Beynəlxalq Muzey Günü 1977-ci ildən, yəni, Beynəlxalq Muzeylər Şurasının növbəti iclasında bu mədəniyyət bayramının təsis edilməsi barədə Rusiya təşkilatının təklifi qəbul olunduğu vaxtdan bütün dünyada qeyd edilir.
1978-ci ildən başlayaraq Beynəlxalq Muzey Günü 150-dən çox ölkədə qeyd olunur. Həmin gün bütün muzeylərdə "Açıq qapı günü" elan edilir.
2001-ci ildə "Muzey baharı" aksiyasında 39 ölkə iştirak edib. Azərbaycan bu aksiyaya 2002-ci ildə qoşulub.
Hər il bayramın muzey fəaliyyəti məsələlərinə həsr olunmuş öz müəyyən mövzusu olur. Məsələn, muzey sərvətlərinin qanunsuz yolla ölkədən çıxarılması, cəmiyyətdə mədəniyyətin yüksəlməsində muzeylərin rolu və s. 2015-ci ildə bayram "Muzeylər və cəmiyyətin sabit inkişafı" mövzusuna həsr edilib.
Bu il Azərbaycan İstiqlal Muzeyində təşkil edilmiş sərgi iyunun 12-28-də ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunlarına həsr olunur.
Ekspozisiyada həm peşəkar, həm də həvəskar rəssamların təqribən 50 əsəri nümayiş etdirilir. Onların hamısı Bakıda keçiriləcək Avropa Oyunlarına həsr olunub.
Qonaqları Azərbaycanın cüdo üzrə ilk Olimpiya çempionu Nazim Hüseynov, habelə Olimpiya çempionu Namiq Abdullayev salamlayıblar.
Sərginin açılışında konsert proqramı təqdim olunub.
Sərginin açılışında rəssamlar, Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri, Gənclərin Turizm və Diyarşünaslıq Mərkəzinin, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
525-ci qəzet.- 2015.- 20 may.- S.7.