"Altmışıncılar"ın zirvə yaşı: Fikrət Sadıqın 85-i

 

 

Poeziyada "altmışıncılar" adlandırdığımız bir nəsil var və bu nəslin ədəbiyyatımızda oynadığı rolu, bədii-estetik fikrimizə gətirdiyi yenilikləri kimsə dana bilməz.

 

Bu nəslin yaşca ən "qocası" Fikrət Sadıqdır və o, mayın 30-da 85 yaşına gəlib çatır. Mübarəkdir səksən beşin, ustad! O yaşa çatmaq üçün hələ Fikrət adaşın beş il yol gəlməlidir. Çox təəssüf ki, Əli Kərimin 85, İsa İsmayılzadənin 75 yaşları onlarsız qeyd olunacaq.

 

Fikrət Sadıqla yanaşı bu adları xatırlamağım səbəbsiz deyil. Poeziyaya, ümumən ədəbiyyata təzə səslər, nəfəslər gətirən bir nəsil sonrakı illərdə də o təzəliyi, o təravəti qoruya bildilər. Əvvəl-əvvəl "eksperimentçi" adlandırılan, hər cür qarayaxmanın obyektinə çevrilən, ənənələrə xor baxmaqla suçlu bilinən bu nəsil bütün bu təzyiqlərə dözə-dözə çox keçmədən etiraf olundular. Onların şeir meydanında o zaman duruş gətirib-gətirməyəcəklərini düşünəndə yadıma ilk düşən adam böyük şairimiz Rəsul Rza olur.

 

Mən təfsilata varmaq istəmirəm. Rəsul müəllimin "altmışıncıları" o zaman necə cəsarətlə müdafiə etdiyi, onların doğrudan da istedadlı olduğunu sübuta yetirdiyi indi ədəbi fakt kimi etiraf edilir. Rəsul Rza bir sıra məqalələrində Fikrət Sadığın da poetik talantını vaxtında qiymətləndirmişdi. "Ümid və arzular" məqaləsində (1963) yazırdı: "Fikrət Qoca, Fikrət Sadıq imzaları oxucularımıza tanışdır.

 

...Fikrət Sadığın ən yaxşı şeirləri isə ruhən cavan, ehtiraslı, lakin saçına çox tez müdriklik ağı düşmüş adamı xatırladan şeirlərdir" .

 

O zaman ustad bir şairin dilindən söylənilən bu kəlmələrin cavan bir şairi necə qanadlandırdığını təsəvvür edirsinizmi?

 

Ancaq mən diqqəti Rəsul müəllimin "saçına çox tez qırov bağladı, sonra lap uça-uça dağ başındakı qara döndü" sözlərini də xatırlayıram.. Göz dəyməsin, "o nəhəng cüssə, bəmbəyaz saçlar Fikrət Sadığı Dədə Qorquda oxşadır" deyirdik. Əlbəttə, insanı nəhəng görünən cisminə, uluları xatırladan görkəminə görə hansı müqəddəs insanasa oxşatmaq bəzən yerinə düşmür. Ancaq Fikrət Sadığın o görkəmi ilə şeirlərindəki, həyata münasibətindəki müdriklik üst-üstə düşürdü və bu tənasüb indi də pozulmayıb.

 

Fikrət Sadığın şair ömrü özünün xatırladığına görə Həsənoğlunun məşhur qəzəlinə nəzirəylə başlanır. "O illərdə özüm də kiməsə oxşamaq istəyirdim. İlk şeirlərimin çoxu nəzirə idi. Sənət məktəbini qurtarıb işıqçı oldum. Fəhlə oldum. Naftalanda neft kəşfiyyatında işlədim. Doğma Azərbaycanı qarış-qarış piyada gəzdim. Çox şey öyrəndim. O illər ömrümə yazıldı. Bir az da bərkidim. Şeir yazırdım. Amma çap eləməyə çalışmırdım, doğrusu, hələ ürək eləmirdim. Ürək eləməsəm də, yazdıqlarım məni universitetin Filoloji fakültəsinə gətirib çıxartdı.

 

...Təhsil illərimdə və ondan sonrakı ömrümdə həmişə məni bir sual düşündürüb: bu günün şeiri necə olmalıdır?

 

Dünənin şeiri, üstəgəl sabahın şeiri bərabərdir bu günün şeirinə. Bu tapmacanı ağac timsalında açaq. Kök varsa, gövdə tutacaq, qol-budaq atacaq. Kök-dünən, gövdə-bu gün, qol-budaq -sabahdır, bu günün şeiri ağacın gövdəsidir.

 

Bütün zamanlarda müasir şeir gövdə olub.

Gövdə ağaca necə lazımsa, şeir də cəmiyyətə eləcə gərəkdir".

 

Yaşının "ekvator xəttini" keçəndən sonra qələmə aldığı bu sətirlər mən deyərdim, Fikrət Sadığın şair ömrünün həm başlanğıcını, həm də davamını çox gözəl səciyyələndirir. İndi, 85 yaşının zirvəsindən ötən illərə boylananda da "bu günün şeiri necə olmalıdır?" sualına eyni cavabın veriləcəyi şübhə doğurmur. Və bir də şeir haqqında Fikrət Sadığın dediyi bu fikir bütün zamanlar üçün məqbuldur: "Şeir o zaman hamının olur ki, ordakı dünyaduyum ən azı on adamın ürəyindən xəbər vermiş olsun. Yəni heç olmasa on adam sənin yazdığını görüb, duyub, amma qələmə alıb yazmayıb, ya yazıb çatdıra bilməyib, amma sən bu sözləri onlardan əvvəl demisən. Odur ki, hamıya doğma olub".

 

Budur, bu doğmalığın təzahürü olan bir şeir- "Üçüncü simfoniyanı dinləyərkən"

 

Bir ağız Osvensim fəryadı,

Bir tutam yaslı bulud.

Sonra günəşin addım səsləri,

Sonra tufanqabağı sükut,

Dalğaların parçalanması,

Qayaların ovulması,

Bir də Dədə Qorqud.

 

Sonra Kərəm yanğısı,

Sonra çilik-çilik sınan su,

Tanış çiçək qoxusu.

Doğma yurd.

 

Sonra da bir sual;

Saçları dağılmış dünyamızı,

Raket ucları darayacaqmı

Yoxsa kotan dişləri?

Sonra Rodenin fikirli insanı.

Nigarançılıq.

Sonra da sonuncu akkord -

Ümid!

 

Dahi bəstəkar Qara Qarayevin musiqisindən yaranan bu şeir-təəssürat o zaman tez-tez səslənən assosiativ şeirin ən parlaq nümunələrindən idi.

 

Fikrət Sadıq poetik fərdiyyəti etibarilə bir çərçivəyə sığan şair deyil. Bunu necə anlamaq olar? Ən sadə halda: onun poetik təfəkkürü Azərbaycan şeirinin bütün vəznlərində və əksər formalarında çevikliyi ilə diqqəti cəlb edir. Buraya F. Sadığın "Kök-el ədəbiyyatıdır, ağız ədəbiyyatıdır, folklor tükənməz çeşmədir. Yalnız ədəbiyyat bu çeşmədən su içməsə solar" fikrini də əlavə edək. Doğrudan da, F.Sadıq bu mənada layladan, bayatıdan ən müasir şeirə qədər böyük bir yol keçir.

 

Fikrət Sadıq şeiri öz fəlsəfi ahəngiylə seçilir və əgər şeirimizdə fəlsəfə ilə poeziyanın vəhdətindən, daha doğrusu, fəlsəfi yönümlü şeirdən söz açırıqsa, onun onlarla şeirləri, poemaları mütləq xatırlanmalıdı. O, ən sadə həqiqətləri poetik fikrin yüksəkliyinə qaldırmağı bacaran şairdir. "Daş-Ağac-İnsan" silsiləsində fəlsəfi bir ruh var. "Ömrün bir günü", "Səs", "Dənizə axan küçə", "Ağ cığır", "Səhrada tənha bulaq", "Buz nənni" ...bunlar lirik-fəlsəfi poemalardır. Onun nağıl və əfsanələrə meyl edib orijinal poema-nağıllar yazması yaradıcılığında ayrıca bir xətt təşkil edir.Məsələ burasındadır ki, bu nağıl-poemalar ədəbiyyatımızda təkcə folklora müraciət və qayıdış kimi deyil, həm də folkloru müasir bədii təfəkkür işığında yenidən ehya eləməkdir. Litva əfsanəsi əsasında qələmə alınmış "Balıqçı və su pərisi" poeması mən deyərdim, Fikrət Sadığın poetik romanıdır. Bəli, şeirlə də roman yazmaq olar və bu roman əsl sevgi romanlarından heç də geridə qalmır.

 

Vaxtilə Xalq yazıçısı Elçin F.Sadığın 50 yaşına həsr etdiyi bir məqaləsində yazırdı: "Fikrət Sadıq çox görmüş, dediklərini bilavasitə təcrübədən keçirmiş, bilavasitə duymuş, hiss etmiş şairdir. Fikrət çətinliklərdən yazır- özü çətinliklər çəkmişdir, müharibə illərinin ac-yalavac, fərəhsiz uşaqlığından, yeniyetməliyindən yazır- özü belə yaşamışdır; işıqçəkən bir fəhlənin həyatından poema yazır-özü işıqçəkən fəhlə olmuşdur. Fikrətin istedadlı poeziyası belə bir nüfuzlu təcrübəyə arxalanır.

 

Qardaş, bulaq üstünə,

Yığışan el qızları,

Bayatı çağıranda,

Eşitmisənmi barı?

 

Bu sadə sualların arxasında Fikrət poeziyasının həyatdan gəlməsi və həyata bağlılığı dayanmışdır, torpağa, xalqın güzəranına bələdlik dayanmışdır. Fikrət öz xalqının psixologiyasını, təfəkkür tərzini yaxşı bilir və duyur, onun poeziyasının özü də həmin milli təfəkkür tərzinin yetişdirməsidir".

 

Elçindən gətirdiyimiz misalın öz mənası var. Məsələ burasındadır ki, F.Sadığın son illərdə yazdığı şeirlər məhz həyata, gerçəkliyə bağlılığın, torpağa, xalqın güzəranına bələdliyin ifadəsidir. Yetmiş yaşın ərəfəsində şair bir silsilə şeirlərini "Çox aldadıb fələk məni" başlığı ilə "Azərbaycan" jurnalında (1999, № 6) çap etdirmişdir. Doğrudan da, bu şeirlərdə son illərin təzadlı, mürəkkəb, dramatik hadisələrindən doğan bir əhval-ruhiyyə hakimdir, hətta təəssüf, hədsiz nigarançılıq, bədbinlik çalarları da gözdən qaçmır. Poeziyası əsasən nikbinliklə aşılanan F.Sadıq yazır ki:

Çox aldadıb fələk məni,

Hələ gözümdə yaş qalıb.

Dərd məni çaşbaş eləyib,

Özü də lap çaşbaş qalıb.

 

Tək qalmışam bu dünyada,

Nə üz tutulası ada,

Nə söz deyiləsi adam,

Nə yaxşı bir sirdaş qalıb.

 

Bom-boş qəfəsdir ürəyim,

Bu kor bəxtimə nə deyim.

Dərdimi kimə söyləyim,

Nə bacı, nə qardaş qalıb.

 

Ancaq ömrün bu yaşının təlaş və nigarançılığı yalnız bir fərdin daxili narahatlığını ifadə etmir, ümumən dövrün, konkret desək, bu günün özündən doğur.

 

Çörəklə sınvağa çəkiblər xalqı,

Qarışıq salıblar haqla-nahaqqı.

Bu yazıq camaat neyləsin, axı,

Vətən satılanda-kitab satılmaz.

 

Dövrün, zamanın üzünə çırpılan sillədir bu! Və bu sillənin səsini F.Sadığın başqa şeirlərində də eşidirik.

Bəli, F.Sadıq-ustad şair çox yaxşı anlayır ki, itirilmiş torpaqlarımızı qaytarmaq üçün bütün xalq bir olmalıdır, müxalifət-iqtidar söhbəti aradan qalxmalıdır, mükəmməl ordumuz yaranmalıdır... Şairin də, sənətçinin də bu məqamda gücü sözə çatır.

 

Döyüşdə ölmədim deyəm,

Bayrağı örtün üstümə.

Üstündə son misram donmuş,

Varağı örtün üstümə.

 

Dön bax illərə, aylara,

Nəyim varsa para-para.

Qara günüm çoxdu, qara,

Torpağı örtün üstümə.

 

Ümidim yaralı bir quş,

Qolum-qanadım qırılmış.

Üşüyürəm, xəzəl olmuş,

Yarpağı örtün üstümə.

 

Göylər niyə zalım olsun,

Tale mənə zamin olsun.

Bir dərə məzarım olsun

Bir dağı örtün üstümə.

 

...Fikrət Sadıq 85 yaşına gəlib çatdı. Budur, onun ömür yolunu illərdə əks etdirən qısaca tərcümeyi-halına nəzər salıram. Uzun illər işıqçı olub...Elə bəlkə şeirlərindəki işıq da ömrünün o işıqlı günlərindən yaranıb. Ədəbi fəaliyyətə tələbəlik illərində, universitet nəşriyyatının buraxdığı "Gənclik nəğmələri" almanaxında dərc etdirdiyi "Artist" şeiri ilə başlayıb. "Cığır" adlı şeirlər kitabı (1963) onun poeziyaya ilk cığır açmaq istəyindən doğub. Daha sonrakı illərdə "Ömrün bir günü" (1965), "Dəniz küçəmizə gəlir" (1968), "Sevgi yağışı" (1970), "İşığın yaşı" (1974), "Ağ cığır" (1979), "Yerdən göyə ümid" (1981), "Məndən soruşsalar" (1985), "Dünya öz işindədir" (1989), "Seçilmiş əsərlər" (1991), "Gözlədiyim ömür" (2001),"Taleyin acığına" (2003), "Oxu kitabı" (2009) və b. kitablar çap olundu. Gözəl tərcümələri də var (Emil Verharndan, Yanka Kupaladan, Yan Raynisdən, Lorkadan, Yevtuşenkodan, A.Dementyevdən və s.). Ustad Şəhriyardan tərcümə elədiyi "Azərbaycan" şeirinin bəzi beytlərini xatırladaq:

 

Könlüm quşu qanad çalmaz sənsiz bir an,

Azərbaycan,

Xoş günlərin getmir müdam xəyalımdan,

Azərbaycan!

Səndən uzaq düşsəm də mən,

eşqin ilə yaşayıram,

Yaralanmış qəlbim kimi qəlbi viran, Azərbaycan!

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,

Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!

Yarəb, nədir bir bu qədər ürəkləri

qan etməyin,

Qolubağlı qalacaqdır nə vaxtacan, Azərbaycan!

Övladların nə vaxtadək tərkivətən olacaqdır?

Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

 

Misilsiz şeirdir, həm də misilsiz tərcümə! Başqa söz tapa bilmirəm.

Daha nəyi xatırladım? F.Sadıq çox yerdə işləyib. Naftalanda, Kürdəmirdə işıqçı olmağından söz açdım..

 

Şamaxıda kənd müəllimi (əsli elə oralıdır), rayon qəzeti redaksiyasında ədəbi işçi, Ensiklopediyada elmi redaktor və sonra şöbə müdiri, "Gənclik" nəşriyyatında redaktor, kinostudiyada elmi-kütləvi və sənədli filmləri birliyi idarəsində baş redaktor (qeyd edim ki, "İçərişəhər", "Süleyman Rüstəm" sənədli filmlərinin ssenariləri onundur), Yazıçılar İttifaqında Bədii ədəbiyyatın təbliği Bürosunun direktoru... İndi isə Yazıçılar Birliyində Poeziya üzrə məsləhətçi.Həmişə öz halal əməyi və qonorarı ilə gün-güzəran keçirən F.Sadıq iki oğul, bir qız atasıdır. Oğlu Orxan artıq istedadlı nasir və publisist kimi tanınır.

 

...Əlbəttə, bu sadaladıqlarım F.Sadığın 85 illik ömrünün "tərcümeyi-hal" blankına sığışa bilən cüzi hissəsidir. Amma F. Sadıq ömrünü şeirlərə, nəğmələrə, misralara bölsək, 85 yaş nədir, bəlkə gələn əsrə də gedib çatar bu ömür. Çünki əsl şair ömrü aylara, illərə sığışan deyil.

 

Vaqif YUSİFLİ

 

525-ci qəzet.- 2015.- 20 may.- S.6.