Hafi Rəcəbli:"Avropa
Oyunlarına ev sahibliyinin arxasında təhlükəsiz
ölkə amili dayanır"
Müsahibimiz Milli Məclisin Sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Hadi Rəcəblidir.
- Hadi
müəllim, iyun ayında ölkəmizdə ilk Avropa
Oyunları keçiriləcək. Bu oyunlar
Olimpiya oyunları səviyyəsində qiymətləndirilir.
Ümumiyyətlə, Olimpiya oyunlarının tarixi,
keçdiyi yol haqda fikirlərinizi bilmək maraqlı
olardı...
- İdman oyunlarının tarixi olduqca qədimdir. Minillər
öncə dünyada belə oyunlar keçirilib. İdman yarışlarının istiqaməti isə
müxtəlif cür olub. Amma buna
baxmayaraq, Olimpiya oyunlari daha çox tarixdə qalıb. Olimpiya oyunlarının tarixi eramızdan əvvəl
776-cı ildə başlayıb. İlk vaxtlar Olimpiya
oyunlarında idmançılar yalnız stadionun uzunluğuna bərabər
olan 192, 27 metr məsafə
qət etmək üzrə yarışırdılar.
Yarışın da birinci qəhrəmanı Koroibosa
adlı aşpaz olub. Sonralar oyunlara ağır hərbi alətlərlə
silahlanmış piyadaların qaçışı, güləşmə,
uzununa tullanma, nizə və disk atmaq, iri təkərli
arabalarda yürüşlər daxil edildi. Olimpiya
oyunları dedikdə yalnız idman yarışlarını,
idman həyatının insanlara bəxş etdiyi dəyərləri
dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul
etmək lazımdır. Olimpiya
oyunlarının böyüklüyü
idmançıların təkcə yarışlarda göstərdikləri
idman nəticələri deyil, bu oyunlarda idmançı mənəviyyatı,
onun kamil bir insan kimi formalaşması prosesinin
reallaşdırılması, onun müqəddəs ideyalara
xidmət etməsindən irəli gəlir. Olimpiya hərəkatı sülh və əmin-amanlıqla
daim yanaşı durmuş, Olimpiya müharibə ideyası ilə
heç vədə bir yerə sığmamışdı.
Bu oyunların keçirilməsi mərasimi əmək,
məişət və sülh rəmzinə çevrilirdi.
Maraqlı məqam ondan ibarətdir ki, qədim dövrdə
insanlar Olimpiya oyunlarına çılpaq gəlirmişlər. Bunun də səbəbi
bir qadın olub. Belə ki, bir ailədə
ata, oğlu müxtəlif vaxtlarda olimpiyanın qalibləri
alıb. Növbəti olimpiya oyunlarına
isə ana digər bir oğlunu
hazırlaşdırırmış. Amma
qadınlar bu oyunlara nəinki iştirakçı, hətta
tamaşaçı kimi də buraxılmırdı.
Ona
görə də, oğlunun yarışını izləmək
üçün ana kişi paltarı
geyinib oyunlara tamaşa etməyə gəlir. Oğlu
qələbə qazananda isə o özünü ələ
ala bilməyib, qaçaraq oğlunu meydanda qucaqlayıb. Qadın həyəcandan yerişini və geydiyi
paltarı unudur, başından papağı düşür,
uzun hörükləri sallanır. Hakimlər
və tamaşaçılar bunu görüb onun
ölümünü tələb edirlər. Lakin həmin qadının əri və oğlu
müxtəlif vaxtlarda Olimpiya oyunlarının qalibləri
olduqlarına görə onu
bağışlamışdılar. Amma
sonrakı illərdə elə qərar qəbul etmişdilər
ki, idmançılar, məşqçilər və xidmətçilər
yarış yerinə çılpaq gəlməli idilər.
Tarixdən bəllidir ki, qədim dövrdə Olimpiya
oyunları 1170 il davam edib. Son
oyun eramızın 394-cü ilində olub. Oyunların
dayanmasının səbəbi isə Yunanıstanın Roma
İmperiyasının tabeliyinə düşməsi olub.
Roma
imperatoru I Feodosinin
olimpiadaları ləğv etmək əmrinə qədər
qədim Yunanıstanda 293 belə olimpiya oyunu keçirilib. Maraqlı məqamlardan biri də odur ki, Olimpiya
oyunlarında iştirak edənlər daha çox varlı
adamlar olub. Eyni zamanda, filosoflar, alimlər də
bu oyunlarda iştirak ediblər. Məsələn, filosoflardan Platon,
Aristotel, Arximed, Plutarx Olimpiya oyunlarının
iştirakçısı olublar. Riyaziyyatçı Pifaqor,
Plutarx, Arximed idmanın döyüş oyunlarında qalib də
olublar. Çox böyük fasilədən sonra
1860-cı illərdə Olimpiya oyunlarının bərpası
yönündə addımlar atılmağa başlayıb.
1894-cü ildə Sarqonada yenidən Olimpiya
oyunları bərpa olunub. Ümumiyyətlə,
dünyada Olimpiya hərəkatı ilə yanaşı bir
sıra regional idman oyunları mövcuddur. Məsələn,
1951-ci ildən Asiya
Oyunları, 1965-ci ildən ÜmumAfrika Oyunları, 1951-ci ildən
Panamerika Oyunları və s. keçirilir. Artıq Azərbaycan
da bu il ilk Avropa Oyunlarını keçirməklə olimpiya hərəkatının
və dünya idmanının mərkəzinə
çevrilir.
Ölkəmizin
Avropa Oyunları kimi mötəbər idman tədbirinə ev sahibliyi etməsinin arxasında da məhz Azərbaycanın
inkişafı, müasir infrastrukturu və təhlükəsiz
ölkə olması amili dayanır. Bu gün ölkəmizdə
64 idman növü inkişaf edir, 53 idman federasiyası, 66 idman
təşkilatı, 60 idman klubu, 170 idman məktəbi fəaliyyət
göstərir.
Federasiyalardan 23-ü olimpiya idman növünü,
36-sı qeyri-olimpiya idman növünü inkişaf etdirir. Hazırda Azərbaycanda
365 min 500-dən çox şəxs idman və bədən tərbiyəsi
ilə məşğul olur. Son 15 ildə beynəlxalq rəsmi
yarışlarda ölkəmiz 945-dən çox medal
qazanıb. Bütün bunlar hazırda ölkəmizdə
idmanın inkişafının parlaq göstəricisidir.
- İlk Avropa Oyunlarına hazırlıq işləri
demək olar ki, başa çatıb. Bu hazırlıq
prosesini necə qiymətləndirirsiniz?
- Hazırda Azərbaycan ilk Avropa Oyunlarına ciddi şəkildə
hazırlaşır. Artıq bir çox işlər başa
çatıb. Birinci Avropa Oyunlarına
qısa vaxt qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər
tədbirə hazırlıqla bağlı işlər
yüksək səviyyədə həyata keçirilib. Artıq bu istiqamətdə bir sıra idman obyektləri
tikilib istifadəyə verilib.
Bir müddət öncə isə onların rəsmi
açılışı olub. Bilirsiniz ki, tarixdə ilk Avropa
Oyunlarının keçirilməsi barədə qərar 8
dekabr 2012-ci il tarixində, Romada baş
tutmuş Avropa Olimpiya Komitəsinin 41-ci Baş
Assambleyasında qəbul edilib. Avropa
Oyunlarının hər dörd ildə bir keçirilməsi
planlaşdırılır, növbəti Oyunlar 2019-cu ildə
baş tutacaq. Baş Assambleya
iştirakçıları arasında keçirilmiş gizli
səsvermə nəticəsində 48 səsdən 38 səs
ilə ilk Avropa
Oyunlarının Bakıda keçirilməsi barədə qərar
qəbul edilib.
Bakıda keçiriləcək birinci Avropa
Oyunlarından məsul olan Təşkilat Komitəsi Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə
yaradılıb. Təşkilat Komitəsinə Azərbaycanın birinci
xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin
İcraiyyə Komitəsinin üzvü, Heydər Əliyev
Fondunun prezidenti Mehriban Əliyeva sədrlik edir.İlk Avropa
Oyunları üçün 4 obyekt qrupu üzrə 18
yarış obyekti mövcuddur.
Daimi idman obyeklərinin sayı 12-dir. 12-28 iyun tarixləri
arasında keçiriləcək Oyunlarda 49 ölkədən
20 idman növü üzrə 6000-dən çox
idmançının yarışacağı gözlənilir. Əminliklə
qeyd edə bilərik ki, bu gün dünyada qısa müddətdə
güclü idman infrastrukturu yaratmağın, Olimpiya Hərəkatının
öncül ölkələrindən birinə çevrilməyin
sayəsində bu kontekstdə inkişafın Azərbaycan
modeli formalaşdırılıb. Ümumilikdə
isə, Azərbaycan Avropanın müasir infrastruktura malik lider
idman ölkələrindən biridir və aparılan dövlət
siyasəti sayəsində ölkəmiz bu mövqeyini bundan
sonra da qoruyacaq.
- Bəs
bu tipli mötəbər idman tədbirlərinin keçirilməsi
üçün mövcud hüquqi bazanın
potensialını necə qiymətləndirmək olar?
- Hər
bir istiqamət kimi idmanın inkişafı da ölkə
qanunları çərçivəsində tənzimlənir,
başqa sözlə, bu sahədə də təkmil
qanunvericilik bazası formalaşdırılıb. Bu gün ölkəmizdə idman təkcə yeniyetmə
və gənclər arasında deyil, həm də
yaşlılar, əlillər, məktəbəqədər,
ibtidai məktəb səviyyəsində də inkişaf
etdirilir.
"Bədən tərbiyəsi və idman
haqqında" Qanun ölkəmizdə idmanın həm
yüksək səviyyədə inkişafını, həm də
bu inkişafın sistematikliyini təmin edir. Qanunda da
göstərilir ki, bu istiqamətdə dövlət siyasətinin
məqsədi bədən tərbiyəsi və idmanın
hüquqi bazasını, həmçinin, yüksək dərəcəli
idmançıların hazırlanması üçün bədən
tərbiyəsi-idman təşkilatlarını, uşaq idman
müəssisələri sistemini yaratmaqdan ibarətdir. Yəni bu sahədə nailiyyət əldə
olunması üçün bütün imkanlar
yaradılır. O cümlədən, bu gün
bütün idman təşkilatları üçün bərabər
imkanlar yaradılıb və bütün idman sahələri
inkişaf etdirilir.
Nəzərə alsaq ki, idmanla peşəkar səviyyədə
məşğul olan insanların əksəriyyəti gənclərdir,
o zaman belə bir qənaətə gələrik ki, idmana
qayğı, idmanın kütləviliyi həm də gənclərin
inkişaf etdirilməsi sahəsində görülən
işdir. Bu baxımdan, ölkəmizdə gənclərin
inkişafına həsr olunan dövlət proqramlarında,
konsepsiyalarda idmanın inkişafı məsələsi də
prioritet olaraq müəyyənləşdirilir. Gənclər arasında maarirfləndirici təbliğatın
aparılması, onların idmana cəlb olunması bu məsələdə
əsas xətt sayılır. Əsas məqsəd
gənclərin sağlamlığının qorunması və
buna xidmət edən təşviqedici və maarifləndirmə
tədbirlərinin keçirilməsidir.
Unutmayaq ki, sağlam gənclik həm də sağlam gələcək
deməkdir.
Ölkə rəhbərliyinin qayğısı ilə həyata
keçirilən bu tədbirlər bir daha onu deməyə əsas
verir ki, Azərbaycanda idmanın inkişafı gələcək
illərdə də yüksək səviyyədə təmin
olunacaq.Xatırladım ki, bu yaxınlarda Milli Məclisdə
sözügedən qanunda və İnzibati Xətalar Məcəlləsində vacib dəyişiklikər edildi. Bu dəyişikliklər iki qrup məsələnin tənzimlənməsini
nəzərdə tutur.
Birincisi, kütləvi idman tədbirlərinin və idman
yarışlarının keçirilməsi zamanı
zorakılığın qarşısının
alınması, ictimai təhlükəsizliyin təmin edilməsidir. İkincisi isə
idman yarışlarına giriş biletlərinin
saxtalaşdırılmasının və müəyyən
olunmuş tariflərdən yüksək qiymətə
satılmasının qarşısının
alınmasıdır.
Artıq ictimaiyyətə bu dəyişikliklər məlumdur
və hesab edirik, bunlar çox ciddi məsələlərdir.
- Avropa
Oyunları ərəfəsində bəzi xarici dairələr
Azərbaycana qarşı
kampaniyaya başlayıblar...
- Azərbaycana
qarşı təzyiqləri həmişə hiss etmişik. Nüfuzlu beynəlxalq tədbirlər ərəfəsində
isə təzyiq cəhdləri daha artır. Əgər diqqət yetirsək, görərik ki,
olimpiya oyunları kimi böyük idman tədbirlərinin
keçirildiyi başqa ölkələrə də təzyiqlər,
təhdidlər olub. Məsələn, Afinada, Pekində,
Yay Olimpiya Oyunlarının keçirilməsi ərəfəsində
baş verənlər buna sübutdur. Eyni zamanda,
Braziliyada futbol üzrə dünya çempionatı ərəfəsində
nələrin baş verdiyini yaxşı
xatırlayırıq.
Təbii ki,
bütün bunları böyük güclər, bəzi
dövlətlər təşkil edir. İstəyirlər
ki, hamı onların diqtəsi ilə hərəkət etsin.
Azərbaycana da təzyiqlərin, qarayaxma
kampaniyalarının arxasında bu məqsəd dayanır.
Məqsəd bizim müstəqil siyasət aparmağımıza mane olmaqdır. Məsələn, bir müddət əvvəl yeni inşa edilmiş olimpiya stadionunun çökməsi xəbəri yayıldı. Bu xəbəri kim yaydı? Təbii ki, həmin qüvvələr və onların burdakı əlaltıları. Bu, sadəcə, təxribat idi. Onlar Azərbaycanın nüfuzuna xələl gətirmək istəyirdilər. Amma bu baş tutan iş deyil. Mayın 5-də biz parlamentdə 30-dan çox QHT-nin, eləcə də idman təşkilatlarının nümayəndələrinin iştirakı ilə dinləmələr keçirildi. Birmənalı şəkildə vurğulandı ki, Azərbaycana qarşı təxribatlar, yalanlar qəbulolunmazdır. Əgər kimlərsə, belə şeylərə inanırlarsa, təbliğat nəticəsində maarifləndirmə yolu ilə onlara əsl həqiqətlər izah olunmalıdır. Bütövlükdə isə Azərbaycan cəmiyyəti intellektualdır və onu hansısa yalanlarla mənfi istiqamətlərə yönləndirmək mümkün deyil.
- Bütövlükdə ilk Avropa Olimpiya Oyunları ölkəmizə nə verəcək?
- İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın dünyadakı nüfuzunun göstəricisidir. Bu fakt xüsusilə, Prezident İlham Əliyevin şəxsiyyətinin böyüklüyünün təzahürüdür. Məhz bu amillərə görə, belə bir mötəbər tədbirin keçirilməsi Azərbaycana etibar edilib. Digər vacib məqam odur ki, bu oyunlara hazırlaşmaq baxımından müddət rekordu vururuq. Hardasa, 2,5 il ərzində bu Oyunlara hazırlaşdıq. Dünyada isə hələ indiyə qədər belə göstərici olmayıb.Bilirsiniz, Azərbaycanda nə tikilirsə xalqımız üçündür, çünki insanlara xidmət göstərir.
İdman kompleksləri, yolların abadlaşması, şəhərlərin inkişafı, turizm obyektləri və digər infrastrukturlar uzun illər xalqın xidmətində olacaq. Eyni zamanda, turizmin inkişafına da geniş imkanlar yaranacaq. Bütün bunlar həm də, Azərbaycanın reklamıdır. Çünki xaricdən gələn qonaqlar Azərbaycanın nailiyyətlərini dünyada təbliğ edəcəklər. Digər vacib məqam odur ki, bir daha Azərbaycan özünü dünyaya dostluq, qardaşlıq, barış məkanı kimi təqdim edəcək. Bütün dünya bu reallığın şahidi olacaq. Bunlardan əlavə, müvafiq sahələr üzrə kadrların yetişdirilməsi baxımından da bu tədbirin əhəmiyyəti qeyd olunmalıdır.
Çünki vaxtilə müxtəlif sahələr üzrə mütəxəssislər xaricdən dəvət olunurdu, amma indi həmin mütəxəssislər, kadrlar ölkəmizdə yetişdirilir. Onu da deyim ki, ilk Avropa Oyunları ölkəmizdə idmanın kütləviliyinə də müsbət təsir edəcək.
K. HƏMZƏOĞLU
525-ci qəzet.- 2015.- 20 may.- S.5.