"Yurdundan didərgin
olanlardanam..."
Dağ -
qoynunda Şamili, Şamil - sevgisində dağı
yaşatdı...
Kəlbəcər
anamdır, Dəlidağ atam,
Atasız, anasız qalanlardanam.
Necə
tablaşıram bu dərdə, matam,
Yurdundan didərgin olanlardanam.
O, Dəlidağın
qoynunda dünyaya gəlmişdi. Bələyi
keybir bulaqların suyunda yuyulmuşdu, sanki buz baltası kimiydi.
Qundaqda ana laylasına qarışan qartal səsi
oyatmışdı onu yuxudan. İllər ötdükcə
özüdə qumrallaşmış səslə elə
şeir deyərdi ki, döşəmə yerimdə silkələnirdi...
Uşaqlıqda quzu otarmışdı, hodaqlıq eləmişdi,
kotanla xış sürməyi öyrənmişdi. Mis kasaya qoyunu
sağıb, doğramac eləmişdi, içinə də
qaymaqçiçəyi və dağ kəklikotusu qatıb
çobansayağı şirin-şirin çoban naharı eləmişdi.
Südü
sağıb, qabda qoyduq bulağa,
Addımladıq çiyələyi yığmağa.
Yaxınlaşdı
sərin məlhəm dodağa,
Çox
içsək də, ləzzətindən doymadıq,
Belə işdə gözdə arzu qoymadıq.
... Qara avtofada qaynadılan çayı qantəpər
otuyla dəmləyib, yumru şorla qənd əvəzinə
içərdi. Elə bu baxımdan
başaltısı sal qayalar, döşəyi çəmənlər,
yorğanı dumanşehli yapıncı olmuşdu onun. Təkbacalı qara damda çıraq əvəzinə
ağac qabığının işığında dərs
oxumuşdu. Çoban heybəsinin bir
gözündə para sac çörəyi, bir gözündə
isə dəftər-kitab olmuşdu onun. Məşəqqətli
illərdə, kasıblığın tüğyan elədiyi
vaxtlarda təhsil almışdı Şamil müəllim.
Üç institutu fərqlənmə diplomu ilə
bitirmişdi: Ağdam ikiillik Müəllimlər İnstitutu,
o zamankı Lenin adına Azərbaycan Pedaqoji İnstitutu,
Bakı Ali Partiya Məktəbi, rəhbər partiya Sovet
işçisi, filoloq, riyaziyyatçı nəhayət,
görkəmli alim və şair Şamil Əsgərov.
Şamil müəllim həm də yüksək təşkilatçılıq
bacarığı olan rəhbər işçi, maarifpərvər
ziyalı, yorulmaz Əməkdar Mədəniyyət
İşçisi idi. O, bütün bunların hamısını gecə-gündüzlü
zəhməti, alın təri, zehin gərginliyi bahasına
qazanmışdı.
O, həyatın
dolanbac yollarında büdrəsə də, yenilmədi,
cığırını azmadı. Hər
yağış suyu onun izini yuya bilmədi, əksinə,
Şamil Dəlidağ yaradıcılığı daha da
parladı. O, yazdı, yaratdı, araşdırmalar
apardı və xalqın çoxminillik tarixini əks etdirən,
dünyanın zümrüd guşələrindən biri olan
Kəlbəcəri elə Kəlbəcər kimi tanıdan
Tarix-Diyarşünaslıq muzeyi yaratdı. O, ermənilərin
işğal edib mənimsədikləri muzeyi fikirləşdikcə
yana-yana deyirdi:
Bir zəngin
muzeyim, evim, eşiyim,
Qaldı kitabxanam, ana beşiyim.
Mən ola bilmədim, sən ol keşiyim,
Şamilin sağikən öldü, Kəlbəcər.
Amma o, gələcəyə ümidlə, nikbinliklə
baxırdı.
Arzusu böyükdü. Kəlbəcərin
işğalından sonra yazmışdi:
Ümidim
Allahdır, andım duz-çörək,
Şamil Dəlidağam, hökm edir ürək.
Bir də
əllərimlə dirildəm gərək,
Kəlbəcərdə şəhid olan muzeyi.
Şamil müəllim andına sadiq qaldı. Yenidən
Bakıda Kəlbəcər Diyarşünaslıq Muzeyi
yaratdı. O həm də rayonda təhsilin maddi-texniki
bazasının sıçrayışlı
inkişafının təməlini qoydu və təhsil səviyyəsinin
yüksəldilməsi üçün çox səmərəli
işlər gördü. Şamil Əsgərov
Rayon İcraiyyə Komitəsinin sədri vəzifəsində
olarkən Kəlbəcərin kəndlərinin
abadlaşdırılması, yollarının çəkilməsi,
mədəni-məişət obyektlərinin tikilməsi, orada
yerli əhalinin sənətkarlığının üzə
çıxarılması və əhalinin maddi
rifahının yaxşılaşdırılması yolunda əlindən
gələni əsirgəmədi. Eləcə
də rayonun gələcək inkişafı ilə
bağlı mərkəzi orqanlar qarşısında vacib məsələlər
qaldırmışdı. Bunlar Şamil müəllimin həyati
fəaliyyəti idi...
Şamil Əsgərov təbiət vurğunu olan
şair, vətənpərvər alim idi. O, dağların hər bir
qarışı, gülü, çiçəyi, qayası,
daşı, bulağı, meşəsi, cüyürü,
maralı və kəkliyi üçün çilpək
qanadı kimi əsirdi:
Daşdan-daşa
kəklik uçub səkəndə,
Dağ təkəsi
sürüsünü çəkəndə,
Qaçan
əlik hərdən boyun bükəndə,
Baxdıqca,
hey baxıb qalmaq istədim,
İki gözü satın almaq istədim.
O, həmişə
tarixi abidələrin, qalaların, nişangah qayaların
toxunulmazlığını təbliğ edirdi. Nadir ağacların, meşələrin
qırılmasının, bitki örtüklərinin məhv
edilməsinin əleyhinə çıxırdı.
Şamil müəllim elmi cəhətdən də
çox zəngin şəxs idi. Ondakı mütaliəçilik
Allah vergisiydi. Şəxsi kitabxanasında
on mindən çox kitab vardı.
Respublikanın tanınmış ziyalıları, həkimləri,
şairləri, yazıçıları, bir sözlə, təbiətsevərlərin
hamısı Şamil müəllimin qonağı olardı. Görkəmli alimlərdən
- Həsən Əliyev, Xudu Məmmədov, Mirəli
Qaşqay, Budaq Budaqov, Əliş Ləmbərənski,
yazıçı və şairlərimizdən - Süleyman Rəhimov,
Əli Vəliyev, Xəlil Rza Ulutürk, Hüseyn
Kürdoğlu və s. neçə-neçə azman
kişilərin adını çəkmək olar...
Şamil
müəllim rayona qonaq gələn bütün ziyalılara
dağların əzəmətindən,
yeraltı-yerüstü sərvətindən, tarixindən
danışar, mütləq onları dağlara, bulaqlara qonaq
aparar və qədim abidələrlə tanış
edərdi.
lll
Şamil Əsgərov bir gün Süleyman Rəhimovu Kəlbəcərin
"Keyti-Mehdi" dağına gəzməyə aparır. Bir qayanın
üstündə otururlar. Şamil müəllim
xəyalən gah dağlara baxır, gah da Süleyman Rəhimova.
Hər ikisini eyni ucalıqda, eyni əzəmətdə
görür.
"Keyti" bu gün hədsiz əzəmətlidir,
zirvəsi üstündə zirvə dayanıb" - deyərək
bir şeir yazır:
Bu gün
unutdurdu bizə dərd-qəmi,
Xoş xatirə kimi yadda qalacaq.
Min illər
keçsə də, Süleyman əmi,
Zirvələr üstündə zirvə olacaq.
Bu sözlər Süleyman Rəhimovun şəxsiyyətinə
verilən ən yüksək qiymətdi.
lll
Adəti üzrə bir gün yenə də Şamil
müəllim görkəmli yazıçımız Əli Vəliyevi
Dəlidağa - dəniz səviyyəsindən üç min
metr yüksəklikdə yerləşən "Qonaqgörməz"
adlanan yaylağa gəzməyə aparır. Dağın
yüksək zirvəsində bir qartal qıy vuraraq bunları
seyr edirmiş. Əli kişi əllərini
küləkdən dağılmış ağ
saçlarında gəzdirərək bu mənzərəyə
baxıb, xəyala dalır. Şamil müəllim bu fürsəti
əldən vermir:
Qartal
dövrə vurub qondu bir sala,
Yazıçı dalıbdı dərin xəyala.
Elə
bil ki, qartal baxır qartala,
Kəklik də sevindi, çil də sevindi.
Şamiləm,
görünür bir tala qar da,
"Qonaqgörməz" adlı bir yer var burda.
Əli əmi
gəlib bu gözəl yurda,
Dedi bəxtəvərəm,
il də sevindi.
lll
Şamil müəllim mənim müəllimim olmasa da, mən
həmişə onunla yoldaşlıq edib, çox şey
öyrənmişəm; sadəlik, kollektivə
qaynayıb-qarışmaq, səmimiyyət, təşkilatçılıq
təcrübəsi, ən çox da mütaliəçilik vərdişi.
Yaş fərqimizə baxmayaraq çox da
zarafatlaşardıq, həmişə mənə də
şeir yazardı. Onun qələmində mövzu
qıtlığı yox idi.
Bir dəfə
zəhmətkeşlərin 1 may bayramı ilə əlaqədar
məktəbli gənclərlə görüş
keçirirdik. Mən çıxış edirdim,
gördüm Şamil müəllim gözaltı gah mənə,
gah da gənclərə
baxaraq nə isə yazır. Çıxışımı
qurtarıb yerimə oturanda o, mənə şeir
yazılmış bir vərəq uzatdı (Şamil müəllimin
mənə həsr etdiyi bütün əlyazmalarını
şəxsi arxivimdə əziz xatirə kimi saxlayıram).
GÜLƏR
Vəliyəddin İsmayılova ithaf.
Vəliyəddin
bir şux oğlandı,
Üzü gülər, gözü gülər.
Eşq
oduna bağrı yandı,
Qəlbi ağlar, özü gülər.
Gözəlliyin
hərisidi,
Eşqi dağlar pərisidi.
Məcnunların
birisidi,
Qəlbi yanıb, közü gülər.
Şamil,
sevinc dəmi olsa,
İş düzələr, çəmi olsa.
Ürəyində
qəmi olsa,
Qızlar baxar, yüzü gülər.
30.04.
1973.
Şamil Əsgərov.
lll
2005-ci
ilin əvvəlləriydi... Eşitdim ki, Şamil müəllim
bir az kefsizləyib. Yaxın
dostlarım Rəhman Verdiyev, Sərvər Babayevlə ona
baş çəkməyə getdik. Pilləkənin
başında özü bizi qarşıladı. Amma hiss
olunurdu ki, kövrəlib. Bizi görəndə
çox sevindi. Hal-əhval tutduq.
Nazilə müəllimə də bizə "xoş gəldin"
dedi.
Mən
Şamil müəllimə ürək-dirək verdim:
-
Maşallah, gümrahsan, - dedim.
O isə
dedi:
- Ay
Misiroğlu, təskinlik yaxşı şeydi, amma iki
çırağı sönən necə olar? Bir
çırağım Kəlbəcər idi, söndü,
getdi. Evimin çırağı da Nazilədi,
onun da ki, gözləri tutulub. Deməli, mənim də
çırağım sönüb...
Hamımız
kövrəldik... Bu, əsl ailə məhəbbətiydi.
Əlli ilə yaxın qoşa ömür
yolunda hələ heç biri yorulmamışdı. İndi isə yolları ayrılan bir
cığır görünürdü. Bəlkə
buna görə hər ikisi dərin xəyala
dalmışdı. Burda yadıma Şamil müəllimin
gənclik illərində yazdığı bir şeir
düşdü:
- Gedən,
ayaq saxla, könlümün quşu,
Çox gəzib axtardı, məkan sən oldun.
Yorulub
qalanda yolda yoxuşu,
Taqətsiz könlümə təkan sən oldun.
Ay
zalım qocalıq! Ay bizə doğma diyarda qürbət binəsi
saldıran dövran! Polad qollarıyla Dəlidağın
sıldırımından yapışan Şamil Dəlidağ
burda özünü taqətsiz bilir, ömrünə təkan
istəyir... Nə isə...
...
Ayrılanda Şamil müəllim özünün "Hər
çeşmədən bir damla", "Dəlidağa salam"
kitablarına aşağıdakı şeirlərlə müəllif
qeydi yazıb mənə verdi, - tez-tez mənə
baş çək, - dedi.
"-
Müdrik Misiroğlu,
əziz
Vəliyəddin,
Sizə qəlb hörmətim hər vaxt olub min.
Kitabda
ömrümün damlaları var,
Yüz əlliyə çatın, olun bəxtiyar.
Belə
diləklə,
Xoş gələcəklə...
Şamil Əsgərov.
04.01.2005".
O biri
kitabda isə,
"Hər
şeyin təzəsi, dostun köhnəsi",
Bu həqiqi sözün yoxdu bir bəhsi.
Vəliyəddin,
atan da dostum olubdu,
Dəlidağ saralıb, indi solubdu.
Allah
qapı açsın, qayıdaq dağa,
Son qoyaq düyünə, son qoyaq dağa.
Belə
niyyətlə,
Səmimiyyətlə.
Şamil.
Bakı, 04.01.2005".
Bu xatirələri yazarkən Şamil müəllimin
özünün-özünə bir vəsiyyət şeiri də
yadıma düşdü və onunla bağlı xatirəmi
sona yetirirəm. Amma ürəyimdə nə qədər
belə xatirələr yaşayır. Sağlıq
olsun...
Vətənini
quca-quca,
Şamil, dolan başı uca.
Yad
ölkədə şah olunca,
"El içində, öl içində".
Bəli, çox heyf ki, Şamil müəllim doğulduğu Kəlbəcərə qovuşa bilmədi. O ümidlə yaşayırdı, arzuları çox idi... Lakin sağlığında arzularının birinə çatmışdı-Bakıda Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyini yenidən yaratmışdı. Amma bu gün öz abidə muzeyi Dəlidağa deyil, mavigözlü Xəzərə baxır... Nə yaxşı ki, Kəlbəcər torpağında uyuyan digər əzizlər kimi sənin məzarın da düşmən tapdağında əsir qalmadı, Şamil müəllim... Yenə də Vətəndəsən, doğma diyarın bu başında. Şükürlər ki, səni ziyarət etmək mümkündür... Axı bir zamanlar deyirdin ki:
- Söhbətim Dəlidağ, sözüm Dəlidağ,
Qəlbimdə iradə, dözüm - Dəlidağ.
Sevdiyim elimi, obamı qoyub,
Məzarda atamı, babamı qoyub,
Başqa yurdu məskən edə bilmərəm,
Gözündən uzağa gedə bilmərəm.
İndi bu sakit sahillərdə, Xəzərin dalğaları uyuduğun məzarı qucaqlayır. Anan Gülgəz, qardaşın Lətif, ömür-gün yoldaşın Nazilə müəllimə də yanındadır. Şükür Yaradana ki, çırağını yandıran ağıllı övladların və nəvələrin var. Onların hər birinin simasında sənin doğma cizgilərin var...
Əziz dostum, unudulmayan qardaşım! Rahat yat, qəbrin nurla dolsun!
Dağların gül-çiçəkləri də sənin
vəsiyyətinə sadiqdir:
Siz ey Dəlidağın
gül-çiçəkləri,
Yamaca çıxmayın, düzə
çıxmayın.
Geri
almayınca biz o yerləri,
Qönçədə çürüyün, üzə
çıxmayın.
İndi o gül-çiçəklər
boynubükük qalıblar, qönçələrində
donublar. Təlatümlə köçən elin təntənə
ilə BÖYÜK QAYIDIŞINI gözləyirlər.
Arxayın ola bilərsən ki, biz o gözəl
dədə-baba yurdumuz Kəlbəcərə
qayıdacıyıq, inşallah! Onda Dəlidağın
qönçədə qalan gülləri açacaq,
onların ətrindən xoşhal olan ruhun dağların zirvəsində
qonacaq və oradan el bayramını rahatca seyr edəcəksən...
Çünki adın Murovun sıldırım qayalarına, Dəlidağın
sinəsinə həmişəlik həkk olunub, əziz
ŞAMİL DƏLİDAĞ!
Vəliyəddin
MİSİROĞLU
yazıçı-publisist,
"Qızıl qələm" mükafatı laureatı.
525-ci qəzet.- 2015.- 21 may.- S.8.