Türkman sevdalı alimin əsərləri
Türkiyə, İraq və İran mətbuatında
İraqda
toplu halda yaşayan, sayı üç milyona çatan,
türkman adlanan soydaşlarımız haqqında İstanbulda
çıxan "Qardaşlıq" dərgisinə verdiyi
müsahibədə ulu öndərimiz Heydər Əliyev
demişdi: "Tarixi araşdıranda gördüm ki,
Güney Azərbaycan, Quzey Azərbaycan və İraq
türkmanları bir bütövün parçalarıdır.
("Qardaşlıq", ¹ 8, 2000, s.4)
Ümummilli liderimizin söz açdığı
soydaşlarımızın folkloruna, mərasimlərinə,
adət-ənənələrinə ömür həsr edənlərdən
biri, bəlkə də birincisi professor Qəzənfər
Paşayevdir.
Odur ki, alimin yaradıcılığına
ölkəmizdə və onun hüdudları xaricində
çoxsaylı məqalələr, kitablar həsr olunur.
Bugünlərdə Türkiyədə kültür, sənət,
ədəbiyyat və folklor dərgisi olan
"Qardaşlıq" dərgisində (Sayı 64, Yil 16,
Ekim-Aralık, 2014, səh.34) həmyerlimiz, böyük və
mənalı yaradıcılıq yolu keçmiş və onu
uğurla davam etdirən, professor Qəzənfər Paşayev
haqqında "Bir Türkmen Sevdalısı Gazenfer
Paşayev" adlı məqalə çap edilmişdir. Məqalə müəllifi professor doktor Suphi
Saatçıdır.
Məqalədən bəlli olur ki, Türkiyədən
sonra İraq türkmanları haqqında ən çox tədqiqat
aparan ölkə Azərbaycan Cümhuriyyətidir. İraq
türkmanlarının dili, mədəniyyəti, ədəbiyyatı
və cəmiyyətin sosial durumu, həyatı ilə Azərbaycan
türkləri arasında oxşarlıqlar inkaredilməzdir.
Məqalə müəllifi nəzərə
çatdırır ki, Azərbaycanda türkoloji sahələrdə
çalışan elm adamlarının İraq
türkmanlarına diqqəti, onlarla maraqlanmalarının təməli
1958-ci ildən qoyulmuşdur.
Azərbaycan ilə İraq əlaqələrinə
toxunan S.Saatçi bu xüsusda elmi-mədəni əlaqələrin
hələ Sovet dönəmində aktivləşdiyini nəzərə
çatdırır. O zamankı SSRİ-nin bir parçası olan Azərbaycana
İraqdan ilk gedən türkman əsilli Sinan Səid
olduğunu bildirir. Sinan Səidin Azərbaycanda bir tərəfdən
ADU-da təhsil alması, digər yandan Bakı radiosunda
çalışması, sənət və ədəbiyyat
mövzularında proqramlar təşkil etməsi, Azərbaycan
türklərinə də öz təsirini göstərmiş
və onların diqqətini İraqda yaşayan
türkmanların varlığına, onların milli-mənəvi
dəyərlərinə çəkmişdir. İki mədəniyyət
arasında çox yaxın bənzərliklərin ortaya
çıxması ilə Azərbaycanda, həm də
İraqdakı türkman mədəni mühitində qarşılıqlı
məqalə və digər irihəcmli əsərlərin
yazılmasına başlanmışdır.
Məqalə
müəllifi yazır: "Azərbaycandan İraqa hələ
gənc yaşlarından gələn Qəzənfər
Paşayev orada çalışdığı 7 il ərzində
türkmanlar haqqında yazdığı dəyərli
araşdırmaları ilə bu yaxınlaşma pəncərəsini
olduqca böyütmüş və iki toplumun arasında sevgi və
məhəbbət bağlarını daha sağlam və
möhkəm biçimdə bağlamışdır. Gerçəkdən, Paşayev türkmanların
folklor və xalq ədəbiyyatı örnəklərini
öz kültürü-mədəniyyəti kimi mənimsəmiş
və bu kültürü böyük bir sevgi və
aşinalıq ilə qucaqlamışdır. Türkman
xalqına isti münasibət və maraqla yaxınlaşan
Paşayev, hər duyduğu atalar sözünü, məsəli,
tapmaca (bilməcə), mani və
xoyratları (dördlükləri) "aaa...bu dizdə də
var" deyərək ələ almış və bunları
böyük bir diqqətlə təsnifləndirmişdir. Daha sonra xalq inanclarını, məsəllərini,
bayatıları, tapmacaları, atalar sözləri ilə
türkmanların digər folklor ənənələrini ələ
almış və bunların böyük bir qismini
kitablaşdırmışdır".
Həqiqətən də, Q.Paşayevi o biri əsərlərini
nəzərə almasaq, təkcə İraq
türkmanlarını türkoloji alanda
tanıtdığına görə alqışlamaq olar. O, bu sahədə elmi
baxımdan lazımi səviyyədə hazırlıqlı,
aparıcı mütəxəssis, qazandığı
nüfuz baryerasını dəf etmiş alimlərimizdəndir.
"Qardaşlıq"
alimin aşağıdakı kitablarını da təqdim edir:
"İraq Türkman atalar sözləri"; "Kərkük
tapmacaları"; "Arzu-Qəmbər dastanı";
"Altı il Dəclə-Fərat sahillərində";
"İraq Türkman folkloru". "Kərkük
folkloru antologiyası". Bu kitabların
da yayıldığını göstərən məqalə
müəllifi daha sonra yazır ki, professor doktor Qəzənfər
Paşayevin yayımladığı ilk kitablarının bir qismi
oxucularımıza tanıdılmışdır. Paşayevin fərqli tarixlərdə yayılan
kitablarının çoxu İraq türkman folkloru və mədəniyyəti
üzərində qələmə alınmışdır.
Ayrıca Azərbaycan türklərinin mədəniyyət və
ədəbiyyatını ələ alan
Paşayevin ingiliscədən çevirdiyi kitablar da vardır.
Ədəbiyyat və dil mövzularında, hekayə
və müxtəlif növ əsərlər yazan yazarın ən
böyük xidməti, heç şübhəsiz, İraq
türkman kültürü və folkloru sahəsində
olmuşdur. Bu baxımdan İraq
türkmanlarının sevgi və sayğısını ziyadəsiylə
haqq edən Paşayevə, hər bir iraqlı türkman da,
doğrusu şükran borcludur.
Dərgi qeyd edir ki, indi-indi türkman toplumuna mənsub
bütün ədəbiyyat və mədəniyyət
simalarını yaxından tanıyan və hamısına
qarşı candan və ürəkdən gələn bir məhəbbət
bəsləyən Paşayev də, bütün türkmanlarının
könlündə taxt qura bilmişdir. Günümüzdə
Bakıda ailəsi, uşaqları və nəvələri ilə
xoş bir həyat yaşayan Paşayev, hələ də
İraq türkmanlarının mövzuları ilə
maraqlanmaqdadır. İndi də öz
halalı Arəstə xanımla birgə Bakıya ziyarət
edən türkman müsafirlərini qonaqlayırlar,
ağırlayırlar, onlarla həmdərd olurlar, bu adəti
davam etdirirlər.
Məqalə müəllifi Qəzənfər
Paşayevi Türkman kültürünün (mədəniyyətinin)
elçisi adlandırmış, əminliklə bildirmişdir
ki, Paşayev türkman mədəniyyəti və folkloru
üzərində çalışma həyəcanını
hələ də itirməmişdir.
Professor
doktor S.Saatçi Q.Paşayevin 7 cildlik "Seçilmiş əsərləri"ni türk oxucularına təqdim etmiş,
lazımınca tanıtdırmışdır.
Seçilmiş əsərlərin bütün cildləri
haqqında müfəssəl məlumat vermişdir. Türk
oxucularına bəlli olur ki, professorun bu əsərləri
"Təhsil" nəşriyyatı tərəfindən
2012-ci ildə işıq üzü görmüşdür.
S.Saatçi seçilmiş əsərlərdən
başqa, Q.Paşayevin "Azərbaycan folkloru
antologiyası-II-İraq Türkman folkloru" (Bakı, 2009),
"Qəzənfər Paşayev. Biblioqrafiya (Bakı, 2013),
"Elçin haqqında düşüncələrim"
(Bakı, 2013), Qəzənfər Paşayev-75 (Bakı, 2013),
"Kərkük folklorunun janrları" (Bakı, 2013),
"Çağdaş İraq şeirindən seçmələr"
(Bakı, 2001), "Bu sevda ölüncədi" (Bakı,
2001), "İraq-Türkman nağılları" (Bakı,
2014), "İraq bizə iraq deyil" (Bakı, 2002), həmçinin
"Kərkük sevdalı elm adamı" (Bakı, 2013)
çoxsaylı kitabları haqqında da türk oxucularına
məlumat ötürə bilmişdir.
Dərgidə Q.Paşayevin 10 kitabının şəkli
də öz əksini tapmışdır. Türk oxucuları bu
kitabların ərsəyə gəlməsində redaktor və
ya rəyçi olmuş Azərbaycan və xarici ölkə
alimlərindən Əbdüllətif Bəndəroğlunun,
Ayaz Vəfalının, Paşa Əfəndiyevin, Vaqif
Yusiflinin, Şəmsəddin Küzəçinin, Azad Nəbiyevin,
Ərşat Hürmüzlünün, Ağamusa Axundovun, Tofiq
Hacıyevin, Mustafa Arqunşahın, Qəzənfər
Kazımovun, Məhərrəm Məmmədlinin, Bəkir Nəbiyevin,
Mahir Nakipin, Suphi Saatçinin, Nizaməddin Şəmsizadənin,
Nizami Cəfərovun, Flora Xəlilzadənin, Əlyar Səfərlinin,
Asif Rüstəmlinin, Teymur Bünyadovun, Zeydulla Ağayevin,
Müşfiq Babayevin, Həmid Abbasovun, Rauf İsmayılovun,
Qorxmaz Quliyevin, Mehdi Sultanovun, Şahin Xəlilovun, Məti
Osmanoğlunun, Əzizə Hacıyevanın, Nigar Vəliyevanın,
Abbas Abbasovun, Yaşar Qarayevin, Hüseyn İsmayılovun,
İsrafil Abbaslının, Aybəniz Əliyevanın, İsmət
Səfərovun, Sabir Rüstəmxanlının, Muxtar
Kazımoğlunun, Seyfəddin Rzasoyun, Xatirə Bəşirovanın,
Sədaqət Hüseynovanın, Mustafa Ziyanın, İsrafil
İsrafilovun, Gülzar İbrahimqızının, Məhəbbət
Mehdiyevanın, Kəmalə Zeynalovanın zəhəmətini
də diqqətə çatdırmışdır.
Professor
doktor Suphi Saatçi "Türkmen Dağarcığı:
Bir Türkmen Sevdalısı-Gazenfer Paşayev" adlı məqaləsini
"Türkmeneli. Edebiyat ve Sanat Dergisində (Sayı:84, Yıl:7, Kərkük, Ocak 2015, s.6-11) də
müəyyən dəyişikliklərlə çap
etdirmişdir. Həmin dərginin üz qabığında
Qəzənfər Paşayevin şəkli də
verilmişdir.
Sözügedən dərgidə Qəzənfər
Paşayevin "İraq türkman tarixinə və dialektinə
bir baxış" adlı maraqlı məqaləsi də nəşr
edilmişdir.
Məqalədə İraq
türkmanlarının əslən Azərbaycan türkləri
olduğu tutarlı faktlarla əsaslandırılır. Q.Paşayev fərqli biçimdə işlənən
"türkman" və "türkmən" etnonimik
adlarını müxtəlif mənbələrə söykənərək
ayırmışdır. İraq türklərinin
tarixi axınları saf-çürük edilir. Müəllif vurğulayır ki, müxtəlif
ictimai-siyasi səbəblər üzündən soy-kökündən
ayrı düşən, təcrid olunaraq ərəb və
kürd xalqlarının əhatəsində yaşayan, azərbaycanca
danışan İraq-türkmanlarının ləhcəsi,
demək olar ki, elmi-nəzəri tədqiqə cəlb
olunmamışdır. Odur ki, Q.Paşayev "Kərkük
dialektinin fonetikası" əsərini yazmış, əldə olan bəzi
araşdırmalar məhdud xarakterli olduğundan, AMEA-nın
Dilçilik İnstitutunda çox böyük həcmli
"İraq-türkman ləhcəsi" kitabının
öz iştirakı ilə yazılmasına və
çapına nail olmuşdur.
İraqda çıxan məqalədə alim
"Türkman" etnoniminin mənşəyinə toxunur, mənbələrdəki
fikirlərə münasibət bildirir. Alim "Türkman"
adının mənasının haqlı olaraq "ulu
türk", "xalis türk", "əsl türk"
anlamında işləndiyi qənaətindədir. İndinin
özündə belə Azərbaycan dilində və
İraq-türkman ləhcəsində işlənən
"qocaman", "azman", "ataman",
"şişman" (çox kök), "orman",
"qaraman", "daraman" (çox böyük),
"keçaman" (kəltənkələ) və s. kəlmələrdə
"man"ın ulu, böyük, əzəmətli məna
daşıması Q.Paşayevin fikirlərinin obyektiv
olduğunu bir daha göstərir.
Sözügedən məqalənin elmi-nəzəri əhəmiyyətini
biz də yüksək qiymətləndiririk. Çünki
tarixdə türklərin İraqa axını, ən
böyük Türkman dalğaları haqqında bəzi
mübahisəli məsələlər mövcuddur. Paşayevin bu məqaləsi həmin qaranlıq məsələlərə
aydınlıq gətirir.
Lap bu
günlərdə-2015-də Türkiyədə Torbalı Bələdiyyəsinin
əvəzsiz yayını olan "Torbalı Belediyesi"
(Sayı: 2. Ocak 2015) dərgisində də çox hörmətli
alimimiz Qəzənfər Paşayev haqqında məqalə
verilib. Məqaləni oxuduqca qürur hissi keçirdim:
"Osmanlı Azərbaycanın ən zor, ən çarəsiz
dönəmində yalnız buraxmamışdır. Azərbaycanın tarixində, kültüründə
(mədəniyyətində), incəsənətində, ədəbiyyatında,
yazılı, sözlü görsel bütün mətbuatında
Osmanlıya duyulan vəfa vardır. Professor doktor Qəzənfər Paşayev bunlardan sadəcə
biridir. Hər vətəndaşımızın
mütləq tanıması, əsərlərini oxuması və
incələməsi gərəkən bu tarixə düşən
yazarın 100-ə qədər əsəri olduğunu yazsam,
sanıram səhv etmərəm. "İraq
Türkman nağılları" adlı 429 səhifəlik əsəri
olduqca önəmlidir. Əsərlərinin tamamı
üçün Azərbaycan Milli Kitabxanasında düzənlənən
törəndə professor doktor Qəzənfər Paşayev
hocamızla tanış olduq. Mükəmməl
bir insan... Törəndə Xalq şairi və millət vəkili
Sabir Rüstəmxanlı, Xalq şairi Zəlimxan Yaqub, millət
vəkili Qənirə Paşayeva, Milli Kitabxananın
müdiri, professor Kərim Tahirov da iştirak edirdi.
Xarici
ölkələrdə tanınan Q.Paşayevin Tehranda nəşr
edilən "Xudafərin" (Türkcə-Farsca), yanvar-fevral
2015, say 123, il 11) adlı jurnalda
"Hüseyn Kürdoğlunun poetik dünyası"
adlı böyük həcmdə məqaləsi çap
edilmişdir. Məqalədə həyatdan
vaxtsız köçmüş Azərbaycan şairi
Hüseyn Kürdoğlunun şeirləri təhlil olunur.
Göründüyü kimi, qardaş Türkiyədə,
İraqda, İranda və başqa ölkələrdə
professor Qəzənfər Paşayevin əsərlərinə
böyük önəm verilir.
Bu gün Türkiyə və Azərbaycan münasibətlərində sənət, ədəbiyyat və dil amilləri də önə çəkilməkdədir. İnsan amili kimi bunların da önəmi danılmazdır. Və İraq türkmanları Türkiyə ilə bizi-biz Azərbaycan türklərini, hər şeydən öncə, bir-birimizə olan sevgi və məhəbbət bağlarını ilmələndirir. Günü-gündən əlaqələrimiz hər bir sahədə möhkəmlənməkdədir. Bu əlaqələr kontekstində görkəmli Azərbaycan alimi Qəzənfər Paşayevin özünəməxsus yeri vardır.
Bu təsadüfi deyildir. Akademik Tofiq Hacıyev yazır: "Qəzənfər Paşayev İraqda ezamiyyətindən çox səmərəli istifadə edib, oradakı qardaşlarımızın dilinə aid yaxşı material toplayıb, dilçiliyimizə yeni mövzu gətirib...Bu gün azərbaycanşünaslıqda kərkükşünaslıq adlı müstəqil bir elm sahəsi var. Bu elm sahəsi kərkük-türkman elinin, dilinin, folklorunun, tarixinin bir sintez şəklində təqdimidir. Onun qurucusu professor Q.Paşayevdir. (Azərbaycan Kərkükşünaslığının yeni dəyərli əsəri.- İraq-Türkman ləhcəsi. Bakı, "Elm", 2004, səh.409).
Folklorşünas, ədəbiyyatşünas, dilşünas, mətnşünas, publisist və tərcüməçi kimi tanınan görkəmli pedaqoq-alimimizə yeni-yeni uğurlar və cansağlığı diləyirik.
İsmayıl
KAZIMOV
Filologiya üzrə
elmlər doktoru, professor
525-ci qəzet.- 2015.- 21 may.- S.7.