"Məhtimqulu dostluq
və həmrəyliyin tərənnümçüsüdür"
mövzulu konfrans keçirilib
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami
adına Ədəbiyyat
İnstitutunun Elektron akt zalında bu elmi müəssisənin,
Əlyazmalar və Folklor institutlarının,
həmçinin Türkmənistanın
ölkəmizdəki səfirliyinin
birgə təşkilatçılığı
ilə böyük türkmən şairi Məhtimqulu Fəraqiyə
həsr edilmiş
"Məhtimqulu dostluq
və həmrəyliyin
tərənnümçüsüdür"
mövzusunda elmi-praktik
konfrans keçirilib.
Əvvəlcə böyük türkmən
şairi, ümumtürk
ədəbiyyatının görkəmli
nümayəndəsi Məhtimqulu
Fəraqinin müxtəlif
dillərdə çap
olunmuş əsərlərindən
ibarət sərgi nümayiş etdirilib.
Azərbaycanın və Türkmənistanın
dövlət himnlərinin
səsləndirilməsi ilə
başlanan tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığından ətraflı bəhs edib, böyük mütəfəkkirin zəngin
bədii irsindən, onun türkmən yazılı ədəbiyyatındakı
xidmətlərindən danışıb.
Məhtimqulu Fəraqini Türkmənistanda
milli istiqlal ədəbiyyatının banisi
kimi xarakterizə edən akademik İsa Həbibbəyli şairin yaradıcılığında
vətənpərvərlik, türkmən qəbilələrini
birliyə çağırış
motivlərinin daha güclü olduğunu və onun poeziyasında
realizmin əsas yer tutduğunu diqqətə çatdırıb.
Məhtimqulu Fəraqini türk-müsəlman
dünyasının və
ümumən bəşəriyyətin
yetişdirdiyi görkəmli
sənətkar kimi dəyərləndirən akademik
İsa Həbibbəyli
qeyd edib ki, böyük mütəfəkkir şair
dünyada xalqların
mənəvi-siyasi birliyinin
böyük müdafiəçisi
və carçısı
kimi qəbul olunur:
"Bu böyük sənətkarın
türkmən ellərini
birliyə çağırışları
nəticə etibarilə
türk ellərini, ümumiyyətlə insanları
yaşadıqları torpaqlarda,
ömür sürdükləri
məmləkətlərdə oturaq həyatın qorunub saxlanması ilə ölkələrin
qorunub saxlanmasının
və möhkəmlənməsinin
zəruriliyini qabarıq
şəkildə ifadə
etmişdir.
Müasir türkmən şeiri, yeni türkmən ədəbiyyatı Məhtimqulu
Fəraqi ilə başlamışdır. Məhtimqulu
Fəraqi Dədə Qorqudla əsası qoyulan, Yunis Əmrə ilə davam edən, Dirili Qurbanla el-oba içinə geniş yayılan, Molla Pənah Vaqiflə kamala çatan çoxəsrlik türk xalq şeirinin XVIII əsr türkmən yazılı ədəbiyyatındakı
ən görkəmli nümayəndəsidir.
Məhtimqulu Fəraqinin yaradıcılığı
xalq şeiri ilə xalqın həyatı və mübarizəsinin birlik çələngidir".
Akademik İsa Həbibbəyli bu il Məhtimqulu Fəraqiyə
həsr olunmuş elmi konfransın Türkmənistanın bitərəf
dövlət olmasının
20 illiyi ilə eyni vaxtda keçirilməsini
həm də böyük şairin öz xalqının müstəqilliyi və dövlətçiliyi ideyalarını
bəyan etməsi ilə səsləşdiyini
də qeyd edib. Bildirib ki, elmi konfrans Azərbaycan-Türkmənistan
əlaqələrinin yeni
bir səhifəsi kimi də əhəmiyyətlidir.
"Məhtimqulu Fəraqi dostluq və həmrəyliyin tərənnümçüsüdür" mövzusunda məruzə ilə çıxış edən Türkmənistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Toyli Komekov M.Fəraqinin ümumtürk ədəbiyyatına verdiyi töhfələrdən danışıb. Qeyd edilib ki, 1724-cü ildə anadan olan Məhtimqulu "Fəraqi" təxəllüsü ilə şeirlər yazıb. Onun yaradıcılığı türkmən ədəbiyyatının mühüm bir dövrünü əhatə edir.
Məhtimqulunun yaradıcılığı Azərbaycan şairləri Molla Pənah Vaqifə və Molla Vəli Vidadi yaradıcılığına da ciddi təsir göstərib.
Səfir azərbaycanlı alim, AMEA-nın Ədəbiyyat İnstitutunun elmi işçisi İsmixan Osmanlının Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun müvafiq fərmanına əsasən "Məhtimqulu Fəraqi" medalı ilə təltif edildiyini bildirib. Qeyd edib ki, azərbaycanlı tədqiqatçı bu mükafata türkmən xalqının böyük mütəfəkkiri M.Fəraqinin yaradıcılıq irsinin tədqiqində, geniş yayılmasında və təbliğində xidmətlərinə, həmçinin Türkmənistan ilə dostluq əlaqələrinin, elm, təhsil, mədəniyyət və humanitar sahələrin inkişafına verdiyi töhfəyə, səmərəli iş və bədii nailiyyətlərə görə layiq görülüb. Səfir "Məhtimqulu Fəraqi" medalını Ədəbiyyat İnstitutunun əməkdaşı İsmixan Osmanlıya təqdim edib.
AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli "Məhtimqulu Fəraqinin yaradıcılığında vətənpərvərlik", Nizami adına Ədəbiyyat İnstitutunun dorektor müavini, filologiya elmləri doktoru, professor Məmməd Əliyev "Məhtimqulu Fəraqinin poeziyasında klassik və xalq şeiri ənənələri" mövzularında məruzə ilə çıxış ediblər. Məruzələrində böyük mütəfəkkirin yardıcılığı barədə geniş və hərtərəfli elmi təhlillər diqqətə çatdırılıb.
Sonra AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov çıxış edib. Eləcə də Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovun ("Məhtimqulu Fəraqi və XVIII əsrdə oğuz türklərinin ədəbiyyatı"), Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru Salidə Şərifovanın ("Məhtimqulu Fəraqinin irsi türkmən və ümumtürk dəyərlər qovşağında"), "Türk xalqları şöbəsi"nin doktorantı Töhfə Talıbovanın("Müstəqillik illərində Məhtimqulu Fəraqinin yaradıcılığı Nizami adına Ədəbiyyat İnstitutu alimlərinin tədqiqində") müxtəlif mövzularda çıxışları dinlənilib.
Çıxışlarda qədim tarixə, ortaq köklərə və zəngin ənənələrə malik olan qardaş türkmən xalqının qüdrətli şairi Məhtimqulu Fəraqi türk-müsəlman dünyasının və ümumən bəşəriyyətin yetişdirdiyi görkəmli sənətkar kimi səciyyələndirilib, şairin bədii yaradıcılığına müxtəlif elmi istiqamətlərdən nəzər yetirilib.
Elmi konfransda İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin də iştirak edib.
Tədbir boyu böyük türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığını əks etdirən fotoslaydlar nümayiş olunub.
Elmi-praktik konfransda bir sıra ölkələrin diplomatik korpusların təmsilçiləri, elmi əməkdaşlar və televiziyaların, kütləvi informasiya vasitələrinin, eləcə də elektron medianın nümayəndələri iştirak ediblər.
525-ci qəzet.- 2015.- 21 iyun.- S.7.