Yazıçılar Birliyində
"Dünya ədəbiyyatı" dərgisinin təqdimatı və Lüdmila Lavrova ilə görüş olub
525.az-ın
məlumatına görə,
Azərbaycan Yazıçılar
Birliyinin (AYB) "Natəvan"
klubunda qurumun Bədii Tərcümə
və Ədəbi Əlaqələr Mərkəzinin
nəşri olan "Dünya ədəbiyyatı"
dərgisinin rus ədəbiyyatına həsr
edilmiş buraxılışının
təqdimatı və
tanınmış rus
ədibi Lüdmila Lavrova ilə görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan AYB-nin sədri, Xalq yazıçısı
Anar öncə L.Lavrovanı yubileyi münasibətilə təbrik
edib. Lavrovanı "Azərbaycanın əsl dostu" adlandıran yazıçı
onun ölkəmizin, ədəbiyyatımızın təbliği üçün
gördüyü işlərdən
danışıb. Bildirib
ki, L.Lavrova uzun illərdir ki, Rusiyada Azərbaycan
ədəbiyyatının rus
oxucuları tərəfindən
tanınması üçün
əlindən gələni
edir:
"Biz qarşılıqlı münasibətlərimizin, dostluğumuzun
bundan sonra da davam edəcəyinə
inanırıq. Arzu edirik ki, Lüdmila Lavrova növbəti yubileylərini
də Bakıda keçirsin". Anar daha
sonra L.Lavrovaya "Azərbaycan ədəbiyyatının
Rusiyada təbliği və yayımlanmasında
xidmətlərinə görə"
fəxri diplomunu təqdim edib.
"Dünya ədəbiyyatı"nın rus sayına dəstək vermiş Rusiya-Azərbaycan
Mədəniyyət və
Həmrəylik Mərkəzinin
rəhbəri Namiq Şahpələngov da fəxri diplomla təltif edilib və ona AYB-nin fəxri üzvlük vəsiqəsi
verilib.
Mərasimdə çıxış edən millət vəkili Elmira Axundova xatırladıb ki, Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan və Rusiya münasibətləri
korlandıqda belə,
L.Lavrova iki ölkənin ədəbi
əlaqələrinin qorunması
üçün böyük
səy göstərib.
Məhz onun sayəsində "Literaturnaya
qazeta"da Azərbaycan
ədibləri vaxtaşırı
dərc olunublar:
"Lüdmila Lavrova
Azərbaycanın ən
çətin vaxtlarında,
xüsusilə qanlı
yanvar hadisələrində
xalqımızın yanında
oldu. Baş verən hadisələri
işıqlandırdı. Bu gün də
Lüdmila xanım Azərbaycanın yanındadır.
Vaxtaşırı Rusiyada Azərbaycanla
bağlı keçirilən
tədbirlərdə fəal
iştirak edir".
Bədii Tərcümə və Ədəbi Əlaqələr
Mərkəzinin sədri
şair Səlim Babullaoğlu yubilyarı təbrik edərək onunla bağlı fikirlərini bölüşüb. S.Babullaoğlu
tərcüməçi və
esseist Seyfəddin Hüseynlinin baş redaktorluğu ilə nəşr olunan "Dünya ədəbiyyatı"
dərgisi, xüsusən
dərginin rus ədəbiyyatına həsr
olunmuş sayı haqqında ətraflı məlumat verib. Qeyd edib ki,
dərginin bu sayı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun
təbrik sözü və Xalq yazıçısı
AnArın təqdimat yazısı ilə açılır:
"Hər iki yazıda bu nəşrin xalqlarımızın
mədəni əlaqələri
baxımından əhəmiyyəti
vurğulanır. Dərginin bu sayı rus ədəbiyyatının
1950-ci illərdən günümüzə
qədər olan mühüm bir dövrünü əhatə
edir. Yaradıcılığı ya qismən,
ya da tamamilə
bu dövrə düşən rus ədiblərinin seçmə
əsərləri - hekayələr,
şeirlər, xatirələr,
məktublar, çıxışlar,
məruzə, müsahibə
- dərginin yeni sayında öz əksini tapıb. Dövrün
ədəbi mənzərəsi
barədə dərgidə
iki analitik yazı dərc edilib, müəlliflərin
bioqrafiyası barədə
müfəssəl məlumat
verilib".
Millət
vəkili Mixail Zabelin, Rusiyanın Azərbaycandakı Müvəqqəti
işlər vəkili
Oleq Muraşov, ədəbiyyatşünas Telman
Vəlixanlı, yazıçı
Natiq Rəsulzadə və başqaları çıxış edərək
Azərbaycan və Rusiya arasında möhkəm ədəbi-mədəni
əlaqələrinin mövcud
olduğunu və qarşılıqlı münasibətlərin
daha da inkişaf
edəcəyini ümid
etdiklərini bildiriblər.
Qeyd olunub ki, birgə
tarixi keçmişi olan qonşu dövlətlər üçün
bu istiqamətlə münasibətlər çox
vacibdir və gələcək nəsillərə
də ötürülməlidir.
Sonda çıxış
edən rusiyalı ədib L.Lavrova onu təbrik edən və "Dünya ədəbiyyatı"
dərgisinin hazırlanmasında
əməyi keçən
hər kəsə təşəkkürünü bildirib. Azərbaycan ədibləri
ilə dost olduğunu
qeyd edən yazıçı dərginin
bu sayından məmnunluğunu dilə gətirib:
"90-cı illərdə iki ölkə arasında münasibətlər zəifləyəndə narahat idim ki, qurduğumuz əlaqələr, dostluqlar itə bilər. Amma sevindirici haldır ki, belə olmadı. Deməli, ədəbiyyat, səmimi dostluq həmişə olduğu kimi, yenə də qalib gəldi. Çünki ədəbi əlaqələr ürəklərin körpüsüdür. Bu nəşri görəndə isə çox sevindim. Düşündüm ki, əməyimiz hədər getməyib. Bədii tərcümə çox çətin sahədir. Amma əminəm ki, azərbaycanda bu sahədə istedadlı kadrlar yetişir".
Şəfiqə ŞƏFA
525-ci qəzet.- 2015.- 21 may.- S.7.