İstiqlal yolunun
şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət
xadimləri
(Əvvəli 19 may sayımızda)
Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik
uğrunda daima mübarizə aparıb. Ötən əsrin
əvvəllərində ölkəmizdə
milli azadlıq hərəkatı daha da gücləndi. Azərbaycanın demokratik
qüvvələri , mütəfəkkir şəxsləri, siyasi xadimləri yurdumuzun mütəqilliyi, millətimizin
azadlığı uğrunda
mübarizəyə qoşuldular.
Rusiya imperiyasının dağılması
Azərbaycanda müstəqil
dövlət qurmaq üçün şərait
yaratdı. 1918-ci il
mayın 28-də Azərbaycan
Demokratik Respublikası - Xalq Cümhuriyyəti elan edildi.
Xalqımızın bir çox ziyalıları, görkəmli
şəxsiyyətləri Demokratik
Respublikanın yaradılmasında,
onun inkişafında müstəsna rol oynayıb, müstəqillik
yolunda əllərindən
gələni əsirgəməyiblər. Bu onların həyatı bahasına başa gəlsə də, bir çox təqiblərə məruz
qalsalar da, öz amallarından vaz keçməyib, xalqın rifahı üçün çalışıblar.
Xalqa və dövlətçiliyə
bir nümunə olan həmin ziyalıların bəzilərinin
həyat və fəaliyyət yollarını
daha dərindən araşdırıb təqdim
edirik. Bu yolda əsas bələdçimiz, qaynağımız
isə Prezident Kitabxanası, həmçinin
Milli Kitabxananın zəngin məlumat bazasıdır.
Behbud xan Cavanşir
Görkəmli dövlət adamı, millətpərvər Behbud
xan Cavanşir 1877-ci ildə Tərtər nahiyəsinin (indiki Tərtər rayonu) Azad Qaraqoyunlu kəndində anadan olub. O,Qarabağ xanlığının
əsasını qoyan
Pənahəli xanın
nəticəsi, Azad xan
Cavanşirin oğludur.
Behbud xan 1890-cı ildə alman dili təmayüllü
Tiflis realnı məktəbinə
daxil olub və oranı müvəffəqiyyətlə bitirib. 1902-ci ildə Almaniyada Frayberq Dağ-Mədən
Akademiyasına qəbul
olan Behbud xan neft sahəsi
üzrə mükəmməl
təhsil alıb və mühəndis ixtisasına yiyələnib.
O, bu ölkədə
Akademiyanı fərqlənmə
diplomu ilə bitirən ilk azərbaycanlı
idi. Behbud xan Cavanşir
Almaniyadan İngiltərəyə
gedərək təkmilləşdirmə
kurslarında oxuyub.
Qərbi
Avropadakı həyatı
onun bir siyasi və ictimai xadim kimi
formalaşmasına təsir
edib. Behbud xan alman, ingilis, fransız rus, gürcü və erməni dillərini mükəmməl
bilib. 1916-cı ildə Azərbaycana qayıdan Behbud xan Cavanşir Bakı neft müəssisələrində baş mühəndis vəzifəsində çalışıb.
Doğma xalqının
maariflənməsi uğrunda
mübarizə aparan Behbud xan Bakı
Müsəlman xeyriyyə
cəmiyyətinin rəhbərliyinə
seçilir. Bundan başqa Behbud xan Rusiyada və
Avropada ali
təhsil alan bir neçə azərbaycanlı gəncə
öz vəsaiti hesabına təqaüd verib, anadilli mətbuata müəyyən
yardımlar göstərib.
Onun fəaliyyəti çar xəfiyyələri tərəfindən
ciddi izlənirdi.
1920-ci ildə Bakıda
rusca çapdan çıxan "Zaqafqaziyada
rus siyasətinə dair sənədlər"
kitabından (onun digər adı "Qara kitab"dır) aydın olur ki, Behbud xan
Cavanşir Əhməd
bəy Ağayevin
1905-ci ildə gizli şəkildə yaratdığı
"Difai" partiyasının
Mərkəzi Komitəsinə
daxil olub. O, "Nicat" cəmiyyətinin
və "Rus texniki cəmiyyəti"nin Bakı şöbəsinin üzvü
seçilib. Texniki cəmiyyətin elmi
əsərlərində Behbud
xan Cavanşirin xeyli məqaləsi çap olunub.
O zamanlar neft mədənlərini
mühafizə edən
Bakı şəhər
polisinin əməkhaqları
məhz Behbud xanın köməkliyi ilə neftdən gələn gəlirin 3 faizi hesabına ödənilirdi. Behbud xan polis əməkdaşlarının
fəaliyyətinə və
qayğılarına yaxından
bələd idi.
Məhz onun Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri təyin olunmasında bu məsələlərin
də rolu az olmayıb.
Belə ki, B. Cavanşir Fətəli xan Xoyskinin 1918-ci il iyunun
17-də Gəncədə yaratdığı
2-ci hökumət kabinetində
daxili işlər naziri vəzifəsini tutur. Yeni yaradılan nazirlik
və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında,
milli maraqların qorunmasında mühüm
rol oynayır. Behbud xan Cavanşirin
təqdimatı ilə
Azərbaycan hökuməti
1918-ci il iyulun 2-də Gəncə quberniyasının 9 qəzasında
polis orqanlarının təsis
edilməsi barədə
qərar qəbul edir. Behbud xan Cavanşirin
daxili işlər naziri olduğu dövrdə Bakı erməni-daşnak və bolşevik qüvvələrindən
təmizlənir və
Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı
Gəncədən Bakıya
köçür. Daxili İşlər
Nazirliyi "Metropol"
mehmanxanasının binasında
fəaliyyətə başlayır
və ölkənin asayişi buradan idarə olunur. Behbud xan daxili işlər
naziri işlədiyi dövrdə, Bakıda İçərişəhərdə polis müdavimləri hazırlayan
məktəb açılır.
Məktəbdə 1200 müdavimin təhsil
alması nəzərdə
tutulurdu.
1918-ci il oktyabrın
6-da Azərbaycan hökumətinin
tərkibində kabinədaxili
dəyişikliklərdən sonra Behbud xan
Cavanşir daxili işlər naziri olmaqla bərabər, həm də ticarət və sənaye naziri vəzifəsini yerinə yetirir. O, bu vəzifədə yerli sənayenin inkişaf etdirilməsinə, Azərbaycan
Xalq Cümhuriyyətinin
xarici ölkələrlə
əlaqələrinin yaradılmasına
təşəbbüs göstərir.
1918-ci il dekabrın
26-da Azərbaycan Xalq Cümhuriyyəti ilə Gürcüstan Respublikası
arasında mal mübadiləsi
haqqında müqavilə
imzalanır. Azərbaycan tərəfındən bu müqavilələri Behbud xan Cavanşir
imzalayır. Bu sənədlərə
görə, tərəflər
dəmir yolu ilə daşınan yüklər üçün
1 il müddətində
azad tranzitə, yəni gömrük rüsumu alınmamasına
razılıq verirlər.
Partiya mənsubiyyəti sarıdan
bitərəf olan B.Cavanşir həmin ilin dekabrın 7-də Azərbaycan Parlamentinə
üzv seçilir.
Parlamentdə fəaliyyət göstərən
fraksiyalardan biri Behbud xan Cavanşirin
də daxil olduğu bitərəflər
fraksiyası idi.
1919-cu ilin oktyabrında
fraksiyada parçalanma
baş verir. Bəhram bəy Axundov, Behbud xan Cavanşir
və Əbdüləli
bəy Əmircanov müstəqil olaraq bitərəflər qrupu yaradırlar. Həmin vaxt
Fətəli xan Xoyski hökuməti ilə birgə Behbud xan da
tutduğu vəzifədən
istefa verir. Ancaq o, parlamentdəki fəaliyyətini
davam etdirir. Behbud xan Cavanşirin nazirliyə rəhbərlik
etdiyi dövrdə ölkədə anarxiyaya
son qoymaq, qanunvericiliyi
və vətəndaş
təhlükəsizliyini təmin
etmək məqsədilə
əməli işlər
görülür. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra bolşeviklər peşəkar
mühəndis kimi tanınan və xariclə əlaqələri
olan Behbud xana toxunmurlar. Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov Behbud xanı 1920-ci ilin sonlarında neft-mədən avadanlığı
almaq üçün
Almaniyaya göndərir.
Behbud xan Cavanşir yolüstü İstanbulda
dayanaraq, o vaxt Malta adasında sürgündə
olan həmyerlisi Əhməd bəy Ağayevin qonağı olur. Görünür o, bolşevik əsarəti
altındakı vətəni
ilə həmişəlik
vidalaşmaq qərarına
gəlib. Çünki uzaq səfərə xanımı Tamara Cavanşir,
qardaşları Surxay
xan və Cəmşid xan ilə birlikdə çıxır.
1921-ci il iyulun 18-də saat 23 radələrində
İstanbulun "Pera-Palas"
hotelinin önündə
"Daşnaksütyun" partiyasının üzvü
və Ermənistan ordusunun keçmiş əsgəri Misak Torlakyan Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirib və həbs olunub. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün
sonra ingilis hərbi tribunalında mühakimə edilib.
Prokuror qatil üçün ölüm cəzası istəmişdi, lakin o, 24 saat içərisində Türkiyədən uzaqlaşdırılır.
Yerinə gələn prokuror
isə müttəhimə
bəraət istəyib
və qatil Torlokyan gecə ikən qaçırılıb.
1921-ci il iyulun 18-də Behbud xanın ölümündən
sonra dəfn mərasimi kütləvi nümayişə çevrilir.
Həmin
vaxt terrorçu Mişaq Torlakyan ingilis hərbçilərinin
qərargahının yerləşdiyi
"Kroker" otelində
saxlanılırdı. Mişaq Torlakyan "Daşnaksütyun"
partiyasının üzvü
idi və Azərbaycanda "1918-ci il
mart soyqırımı"nda xüsusi fəallıq göstərib.
Ölüm ayağında olarkən Behbud xanın son sözləri belə olur: "Mənim şəxsi düşmənim yoxdur. Məni ancaq ermənilər vura bilər".
Abdulla bəy Əfəndizadə
1873-cü ildə Şəkidə ruhani məmur ailəsində anadan olub. Maarif xadimi, tərcüməçi olan Əfəndizadə 1880-1888-ci illərdə Nuxada (Şəkidə) məhəllə məktəbində ibtidai təhsil alıb. 1888-1894-cü illərdə Yelizavetpolda (Gəncədə) sənət məktəbində, 1895-1898-ci illərdə Tiflisdə Aleksandr Müəllimlər İnstitutunda oxuyub. 1898-ci ildə isə Bakıda pedaqoji fəaliyyətə başlayıb. Həmin illərdə müxtəlif məktəblərdə müəllim və müdir işləyib. A. Əfəndizadə Qafqaz Müsəlman Müəllimlərinin I (1906) və II (1907) qurultaylarında fəal iştirak edib. Süleyman Sani Axundov və Fərhad Ağazadə (Şərqli) ilə birgə tərtib etdiyi yeni əlifba layihəsi və qurultayda qəbul olunan proqram əsasında 1908-ci ildə "İkinci il" dərsliyini yazıb nəşr etdirib. Əfəndizadə Azərbaycan Milli Şurasının "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanunu"na əsasən Nuxa şəhərindən ADR parlamentinin deputatı seçilib. Parlamentdə əvvəlcə Əhrar fraksiyasına daxil olub. 1919-cu il noyabrın əvvəllərində fraksiyadan ayrılaraq özünü sol müstəqil elan edib. 1919-cu ildə ADR hökumətinin nəşr etdirdiyi "Son türk əlifbası" adlı əlifba dərsliyinin müəllifidir, İ.A.Krılovun, M.Y.Lermontovun seirlərinin ana dilimizə tərcümə işi ilə məşğul olub. A.Əfəndizadə Bakıda vəfat edib.
(Ardı var)
Samirə QULİYEVA
525-ci qəzet.- 2015.- 21 may.- S.6.