Son sınağın astanasında
AKADEMİK ABEL
MƏHƏRRƏMOV: "O ÇƏTİN YOLLARI
HAÇANSA MƏN ÖZÜM DƏ KEÇİB
GƏLMİŞƏM"
Universitet
həyatında həyəcanlı,
duyğulu günlər çox
olur.
Tələbəlik həyatı neçə
illər arxada qalsa da, müəllim
ömrü o günləri
unuda bilmir. Və universitet
müəllimi öz tələbələrinin yaşadığı
hər duyğulu anı elə özünün əziz xatirələri içində
bir daha onlarla birgə yaşayır.
Belə həyəcanlı, duyğulu
günlərin ən önəmlisi dövlət
imtahanı anında yaşanır. Bu duyğular
iki unudulmaz faktordan doğur. Birincisi hamının, hər bir tələbənin keçirdiyi imtahan həyəcanı, ikincisi
sənin tələbəlik
həyatının son imtahanı-
dövlət imtahanı.
Bu imtahandan sonra dörd il öyrəşdiyin,
öz evin kimi qəbul etdiyin universitet auditoriyaları ilə, doğma müəllimlərinlə,
əziz bir mühitlə vidalaşırsan.
Bir universitet müəllimi kimi bu hisslər
mənə çox doğmadır. Ona görə
də hər dəfə tədris ilinin sonunda dövlət imtahanı günündə Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmovun son kurs
tələbələri ilə
görüşünü çox
həvəslə, həm
də nostalji hisslərlə gözləyirəm.
Etiraf edim ki, mən
tələbələrlə o görüşə bir universitet müəllimi kimi deyil, bir
jurnalist, bir reportyor kimi gəlirəm. Çünki
hər ildə olduğu kimi, bu dəfə də rektorun həmin görüşdə
tələbələrə sonsuz məhəbbətini
görmək, son kurs tələbələrinə sonuncu
nəsihətlərini eşitmək marağı ilə gəlirəm. Və budur, universitetin
böyük akt salonunda yüzlərlə
tələbə, onların
müəllimləri toplaşıb.
Hamının üzündə dərin
bir universitet məhəbbəti, Azərbaycan
sevgisi var. Bir az keçir, rektor salona daxil
olur və salonun səhnəsində
masanın arxasında
əyləşir. Ötən illərdəkindən
fərqli olaraq Binəqədi rayonunda yerləşən binadakı
yanğının fəsadları
ilə bağlı kədərini gizlədə
bilmir. O ağır
yanğın hadisəsində
dünyasını dəyişənlərin
hamısının dərdi
bizim ümumi dərdimizdir. Amma dərdin daha
bir ağırlığı
da orasındadır ki, hadisədə Bakı Dövlət Universitetinin Ekologiya və torpaqşünaslıq
fakültəsinin III kurs
tələbəsi Ülkər
Eyvazova da dünyasını dəyişib.
Rektor universitetin birinci mərtəbəsində universitet
rəhbərliyinin, tələbələrin,
Ülkərin qrup yoldaşlarının iştirakı
ilə təşkil olunan mərasimdə geniş çıxış
etdi. Azərbaycan
Respublikası Prezidentinin
hadisədən çox
kədərləndiyini bildirdi
və Prezidentin xüsusi tapşırığı
ilə görülən
operativ tədbirlərdən
danışdı, mərhumun
yaxınlarına başsağlığı
verdi. Və elə
bu hadisədən doğan ağır təəssürat hissi rektorun çöhrəsində
özünün kədərli
ifadəsini tapmışdı.
Ancaq nə etmək olar, belə hadisələr həyatın axarını
dayandıra bilməz və Abel müəllim tələbə dolu salona baxıb sanki özünə gəlir...
- Sizinlə ənənəvi
görüşə gəlmişəm
-deyir. Bilirəm, imtahan, həm
də dövlət imtahanı asan sınaq deyil. O çətin yolları haçansa mən özüm də keçib gəlmişəm.
Universitet üçün
dövlət imtahanının
bir məqsədi var: universiteti bitirməkdə olan tələbənin, necə
deyərlər, qalıq
biliyini yoxlamaq. Bizim çoxillik təcrübəmiz,
imtahanlardakı obyektivlik,
süni maneələrin
aradan qaldırılması
prosesi, sizinlə ənənəvi görüşlərimiz
bir sıra nəticələrə, uğurlara
gətirib çıxardı.
Bu uğurlardan başlıcası odur ki, bu gün
məzun adını alacaq tələbələrimiz
yalnız öz biliklərinə güvənib
imtahana gəlirlər.
Səmimi deyirəm, artıq neçə il əvvəllərin
telefon xahişlərinə
yer qalmayıb. Təcrübə göstərdi ki,
yaxşı oxumaqdan yaxşı vasitə yoxdur.
Daha bir uğurumuz ondan ibarətdir ki, artıq tələbələrimiz
vaxtilə dəbdə
olan "şparqalka"dan
istifadə etməyə
son qoyublar. İndi təhsilimizdə Qərb standartları yaranır: tələbə özü
maraqlıdır ki, onun nə qədər
"qalıq biliyi"
var. Bilirsinizmi, bu, çox önəmli bir məsələdir. Bu, artıq yetkinləşmiş
bir tələbə şüurudur. Bu şüur Azərbaycanımızın,
dövlətimizin kadr
siyasətinə, kadr hazırlığına universitet
yanaşmasıdır.
Rektor bir daha üzünü
tələbələrə tutur:
- Universitetdə
hər şey tələbə üçündür. İmtahanda çox həyəcanlanmayın.
Universitet rəhbərliyi sizə
uğurlu nəticə
üçün qarşıda
daha iki şans verir. Bu gün uğur
qazanmayanlar üçün
mayın sonunadək daha iki dəfə
imtahan günü təyin etmişik.
Sonra rektor koordinator-müəllimlərə
üz tutur:
- Dövlət imtahanı keçirilən auditoriyalara
nəzarət edəcək
müəllimlərə müraciət
edirəm: Universitet tarixən öz tələbələrinə həssaslığı,
səmimiyyəti, xüsusi
qayğısı ilə
seçilib. Dövlət imtahanı öz
statusu etibarı ilə tələbə üçün ağır
və həyəcanlı
bir prosesdir. Tələbələrimizin həyəcanını
hiss edin, onlara qayğı ilə yanaşın, ortaya çıxan hər bir problemə həssas yanaşın. Heç kimin gərginlik keçirməsinə şərait
yaranmasın.
Sonra rektor üzünü imtahan yazılarını
yoxlayacaq müəllimlərə
tutur:
- Tələbələrin cavablarının
təhsil standartları
ilə qiymətləndirilməsi,
əlbəttə, qanunun
tələbidir. Lakin biz həm
də pedaqoquq və bizim bu
missiyamız tələbələrə
yaradıcı yanaşmağı
tələb edir.
Yaradıcı yanaşma deyəndə
mən, hətta qiymət meyarını da nəzərdə tuturam. Məsələn, hər hansı
bir sualın qiymətləndirilməsində tərəddüd ortaya çıxırsa, bu tərəddüdü tələbənin
xeyrinə həll etməyinizi məsləhət
görərdim. Tələbənin cavablarında sualın qoyduğu strategiyanın izahı özünü göstərirsə, bunu dəyərləndirmək lazımdır.
Bir sözlə, cavabların qiymətləndirilməsində də tələbəyə
sevgi kontekstindən çıxış etmək
mümkündür.
Sonra universitetin
Tədrisin təşkili
və təlim texnologiyaları üzrə
prorektoru, professor İradə
xanım Əliyeva tələbələrə imtahanın
bir sıra qaydalarını izah edir. Elə bu zaman dekanlardan biri prorektora belə bir sual
verir:
- İmtahanda bilet
çəkmiş tələbə
suallardan narahatdırsa,
onun yeni bilet çəkməsinə
icazə vermək olarmı?
Prorektor "olarmı" sualına müsbət cavab ümidi ilə və gülümsəyərək rektora baxır. Bu anda rektor onun sözünə əlavə üçün nəsə demək istəyir. Abel müəllimin tələbəyə qayğısını bu dörd ildə çox hiss etmiş son kurs tələbələri dəqiq bilirlər ki, o belə məsələyə mütləq müsbət cavab verəcək və ona görə də bütün salon sürəkli alqış sədalarına bürünür. Abel müəllim gülümsəyir və deyir:
- Gəlin belə qərara gələk ki, tələbə çəkdiyi bileti elə ona baxdığı anda, yəni bilet masasından ayrılmadan dəyişmək qərarına gəlibsə ona icazə vermək olar. Mənə elə gəlir ki, biz tələbələrimizə bu güzəşti də edə bilərik...
Görüş salonunu yenə tələbə alqışları bürüyür. Hamının üzündə tələbəyə bu sevgi ilə bağlı təbəssüm görünür. Salon sakitləşir və Abel müəllim imtahana yola salınan tələbələrə son uğurlarını arzulayır. Və mən bu anda fikirləşirəm ki, universitet həyatı insana təkcə elm, peşə öyrətməklə bitmir. Ömrün bu mənalı dörd ilində insan həm də necə vətəndaş olmağı, insan münasibətlərinin ən zərif nöqtələrini və bir də Azərbaycan deyilən bir məmləkəti necə sevməyi öyrənir.
Tələbələrimizin bir
çoxu vətənimizdə keçirilən
birinci Avropa
oyunları zamanı könüllülər qismində fəaliyyət
göstərəcək. Universitetin tələbələrə qayğısı onların çoxminli xarici qonaqlara göstərəcəkləri xidmətdə
mütləq öz ifadəsini tapacaq.
Könül Niftəliyeva
525-ci qəzet.- 2015.- 21 may.- S.4.