Ön söz və ya şairin bioqrafiyasından "Biblioqrafiya"sına

 

 

 

Hər hansı qələm adamının "Biblioqrafiya"sını nəşr etməyə, onun yaradıcılıq tərcümeyi- halının ümumi mənzərəsini təsəvvür eləməyə ehtiyac duyulursa, deməli, həmin qələm adamı artıq öz həyatının, dünyagörüşünün kamillik (və əgər belə demək mümkünsə, klassikləşmə!) dövrünə qədəm qoyur.

 

Doğrudur, bəzən "tələsənlər", tez "kamilləşənlər" və ya "klassikləşənlər" də olur... Ancaq bugünkü Azərbaycan poeziyasının (və ziyalılığının) ən parlaq nümayəndələrindən biri Vaqif Bəhmənlinin "Biblioqrafiya"sının nəşri ona görə təbiidir ki:

 

birincisi, şair keçən əsrin 70- ci illərinin ortalarından başlayaraq müxtəlif xarakterli nəşrlərdə əks olunan zəngin bir yaradıcılıq yolu keçmişdir;

 

ikincisi, onun yaradıcılığı həmişə özünəməxsusluğu, ideya- estetik aktuallığı, keyfiyyətilə maraq doğurmuş, milli ədəbi- ictimai təfəkkürdə (mühitdə) rezonans vermiş, müxtəlif səviyyələrdə diqqət mərkəzində olmuşdur;

 

üçüncüsü, Vaqif Bəhmənlinin işgüzarlığı, təşkilatçılığı, təşəbbüskarlığı (və daxilindən, təbiətindən gələn ziyalılıq enerjisi) ona elə bir tərcümeyi-hal bəxş etmişdir ki, Azərbaycan cəmiyyəti üçün maraqlı olmaya bilməz.

 

"Biblioqrafiya" qəhrəmanının 1955-ci ilin yazından başlayan həyatının, fəaliyyətinin əsas tarixlərinə nəzər yetirdikdə, hər şeydən əvvəl, diqqəti o cəlb edir ki, Vaqif Bəhmənlinin tərcümeyi- halında "boş yer" yoxdur. On dörd-on beş yaşlarından ilk yazıları çap olunub. Və qələmi əlindən bir də heç vaxt yerə qoymayıb. Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi olduğu illərdə isə Vaqif artıq tanınmış şair idi.

 

"Bahar-payız arası" adlı ilk şeirlər kitabı ("Gənclik" nəş., 1979) gənc şairin populyarlığını daha da artırdı. Və bundan sonra şairin "Dünya ayaq üstədi" ("Yazıçı" nəş., 1981), "Bar ver, ümid ağacım" ("Gənclik" nəş., 1983), "Yolum üstə bitən gül" ("Yazıçı" nəş., 1986), "Qırxıncı otaq" ("Yazıçı" nəş., 1990) şeir kitabları nəşr olunaraq ona böyük şöhrət gətirdi. 1986-cı ildə isə Azərbaycan Respublikasının Komsomol Mükafatına layiq görüldü.

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra elə ilk gəncliyindən ruhu, xarakteri etibarilə müstəqil olan şair-ziyalının yaradıcılığında yeni dövr başladı. Vaqif Bəhmənlinin 90-cı illərin əvvəllərindən etibarən nəşr olunan çoxlu sayda şeir kitablarının əksəriyyəti həm idyea-məzmununa, həm də poetik ifadə texnologiyalarının zənginliyinə görə hadisə sayıla bilər. "Poeziya- 1", "Poeziya- 2" və "Poeziya- 3" (Avrasiya Press, 2006) üçcildliyi, "Can dəftəri" (Çinar- çap, 2008), "Səndən özgə" (Çinar-çap, 2009), "Hamı" (Çağdaş, 2012), "İşartı: Yeriyərkən dediyim şeirlər" (Renesans, 2013), "Belə yaxşıdı" (Yazıçı, 2015), "Beş damla" (Renesans, 2015) kitabları görkəmli şairin yaradıcılıq qüdrətinin parlaq təzahürləridir. Və həmin kitablar bir daha göstərdi ki, Vaqif Bəhmənli müasir Azərbaycan poeziyasında öz üslubunu kifayət qədər böyük bir istedadla yaratmış sənətkardır. Bu üslubun ən mühüm göstəricisi mənəvi- ruhi hərarətdir.

 

Xalq yazıçısı, ədəbi tənqidimizin ağsaqqalı Elçin heç də təsadüfən deməmişdi ki, "Vaqif Bəhmənlinin "525"dəki yeni şeirlərini oxudum və gözdən keçirdiyim "şeir məmulatı"ndan sonra Vaqifin bu şeirləri küsgünlüyündən - nikbinliyindən asılı olmayaraq mənim içimə bir hərarət gətirdi. O hərarəti ki, onu iqlim, havanın istiliyi- soyuqluğu heç vəchlə yarada bilməz, onu ancaq əsl sənət, əsl poeziya yarada bilər". Və olduqca dəqiq olan bu fikri görkəmli yazıçı Seyran Səxavət belə davam etdirir: "Şair haqqında ən böyük və dəqiq sözü onun şeirləri deyir. Vaqif Bəhmənlinin şeirləri də bu mənada... onun "qulluğundadır". Mən onunla çox yaxınam, aramızdan su keçməz. Gözümün qabağında pöhrələnib, çiçəklənib, bar verib - ağac kimi... Təpədən-dırnağa şair olduğuna görə ondan şairdən başqa heç nə çıxmazdı - lap təzədən dünyaya gəlsəydi də".

 

Ancaq Seyran Səxavətin sözlərində özünəməxsus bir yumoristik (lakin son dərəcə səmimi) "mübaliğə" də var ki, Vaqif Bəhmənlinin genişmiqyaslı fəaliyyətinə, yaradıcı şəxsiyyətinə münasibət baxımından müəyyən etiraz doğurmaya bilməz... O mənada ki, Vaqif Bəhmənli təbiətcə nə qədər istedadlı (və qüdrətli) olsa da yalnız şair deyil...Və bu dünyaya yalnız şairlik missiyası ilə təşrif buyurmamışdır.

 

O da var ki, fəaliyyətinin geniş miqyası Vaqifin şairliyinə nəinki mane olur, hətta kömək edir, ideya- mövzu verir, yaradıcılığının ictimai keyfiyyətini yüksəldir...

 

"Biblioqrafiya" qəhrəmanının indiyə qədər çalışdığı (və heç kəsdən gizlətmədiyi) iş yerlərinin uzun siyahısını xatırlatmaq kifayətdir deyək ki, Vaqif Bəhmənli yalnız şair deyil: Bakı Şin zavodunda fəhlə, "Sovet kəndi" qəzetində müxbir, "Kommunist" qəzetində şöbə müdiri, "Vətən" cəmiyyətinin "Odlar yurdu" qəzetində baş redaktor, "Həyat" ("Bərəkət") qəzetində baş redaktor, "Yazıçı" nəşriyyatında redaktor, Gənclər, İdman və Turizm Nazirliyində şöbə rəisi, "Ədalət" qəzetində baş redaktorun birinci müavini, "XXI - gənclik dərgisi"ndə baş redaktor, "XXI - Yeni nəşrlər evi"ndə baş redaktor, "525-ci qəzet"də şöbə müdiri, "Mars" jurnalında məsul katib, Beynəlxalq Avrasiya Mətbuat Fondunda departament rəhbəri, "Humanitar" qəzetində redaktor... Və nəhayət Mədəniyyət və Turizm Nazirliyində şöbə müdiri... Buraya bütün ömrü boyu daşıdığı çoxlu sayda ictimai vəzifələrini də əlavə etsək görərik ki, Vaqif Bəhmənli, doğrudan da, yalnız şair deyil. Və həmin işlərdə, vəzifələrdə o heç zaman "şairlik" eləməyib... Bununla belə onun bir şair kimi yüksəlişində, artıq qeyd etdim ki, sözün geniş mənasında məmur- idarəçilik məsuliyyəti, ictimai fəaliyyətinin çevikliyi (və miqyası), geniş dünyagörüşü az rol oynamamışdır.

 

Vaqifin həyatı, tərcümeyi-halı (və xarakteri) deməyə əsas verir ki, o, "təzədən dünyaya gəlsəydi", çox gözəl bir məmur, yaxud dövlət xadimi; çox böyük bir publisist, yaxud jurnalist; çox məhsuldar bir elm adamı ola bilərdi. Elə indiki vəziyyətində də həmin potensiallara o səviyyədə malikdir ki, Allah eləməmiş, bir-iki il şeir yazmasa, fasilə versə, yaxud ağsaqqal dostu Seyran Səxavətin onun barəsindəki qənaətini təkzib eləmək fikrinə düşsə, elə bilirəm ki, haqqında söhbət gedən istedad imkanlarının hər hansı birində tezliklə məşhurlaşa bilər.

 

Yeri gəlmişkən qeyd etmək istərdim ki, indiki dövrdə Azərbaycanın ədəbiyyat adamlarının çoxu (və ona görə də ümumən Azərbaycan ədəbiyyatı!) məhz həyatı kənardan müşahidə etdiyinə görə ilk növbədə ideya-mövzu kasadlığından əziyyət çəkir.qədər  köhnəlmiş və ya pedant səslənsə də, fakt faktlığında qalır ki, böyük ədəbiyyat həmişə həyatdan gəlir, böyük ədəbiyyat adamını (ədəbi şəxsiyyəti!) qapıldığı hücrə və ya guşənişinlik deyil, mübarizələrlə dolu həyat formalaşdırır. Vaqif Bəhmənli eyni zamanda publisistdir, nasirdir, tərcüməçidir, redaktordur... Və bu bədii yaradıcılıq sahələrinin hər birində tarixi onillərlə ölçülən xidmətləri, təcrübəsi, uğurları vardır.

 

Yaradıcılıq imkanlarının genişliyini unutmamaq şərtilə mən də o fikirdəyəm ki, bugünə qədərki bioqrafiya (və "Biblioqrafiya")sında Vaqif, hər şeydən əvvəl, şairdir... Həm də XVIII əsrdə yaşayıb yaratmış, yeni Azərbaycan ədəbiyyatının əsasını qoymuş əcdad Molla Pənah Vaqifdən sonra onun məşhur (və müqəddəs!) təxəllüsünü daşıyan, beləliklə, şairlik missiyasını dünyaya gələndən təhtəlşüur bir şəkildə öz üzərinə götürüb böyüdükcə bir az da bu təxəllüs-adın mistik təsiri altında yazmaq iddiasına düşən şairlər arasında istedadının mükəmməlliyi (və özünəməxsusluğu) ilə seçilən böyük şairdir!..

 

Vaqif Bəhmənlinin poeziyasında (və eləcə də şair şəxsiyyətində!) təvazökarlıqla yanaşı daxili bir qürur (iddia!) var ki, həmin qürur (iddia!) onu hansısa icadın təbii məhsulu olan vaxt - günlər, aylar, illər miqyasına belə sığmamaq qənaətinə gətirib çıxarır. Və bütöv ömür yaşamaq istəyir... Hələ gənclik illərində yazdığı "Bütöv ömür" şeirində dediyi kimi:

 

Kim düzüb anları

bir- birinin dalınca,

Kim qoyub gün həddi,

ay həddi,

Kim yaradıb bölük-bölük

il sərhəddi?..

Mən bütöv yaşamaq

istəyirəm ömrümü

Bir anı belə boş qoymadan

yaratmaq şərti ilə

naxış- naxış,

ilmə- ilmə!

Uzun bir gün yaşayaram...

Yəqin ki, bənzəməz onda

günüm günümə,

ayım-ayıma,

ilim-ilimə...

 

Vaqif Bəhmənli hər mənada bütöv bir ömür yaşayır. Və hərdən düşünürəm, onun tərcümeyi-halı (bioqrafiyası) elə bütöv, elə mistik standartlara, sxemlərə, tabedir ki, özü də cəhd eləsə dəyişə bilməz...

 

Ona görə də müqavimətlərlə qarşılaşanda öz həyatının deyil, dünyanın "harmoniya"sını "pozmaq" istəyir.

 

Vaqifin, demək olar ki, hər bir şeirinin "pasport"u var - ya mövzudan, ya ideya- məzmundan, ya dil- üslubdan, yaxud intonasiyadan, ya da (çox zaman!) hər üçündən bilirsən ki, müəllifin əhvalı necədi. Və bu mənada Vaqif Bəhmənli poeziyasına həmin poeziyanı yaradanın əhval- ruhiyyəsinin, ruhunun, düşüncələrinin ritminin tərcümeyi- halı (kardioqramı!) kimi də baxmaq olar. Çünki o, Sözdə yaşayır...

 

Mənim nəyim var ki, sizə verəsi,

Əgər söz olmasa, nədir ki aləm?

 

Ağacam,

içimin sözdü şirəsi,

Mən sözün içində ömür sürürəm...

Mən sözün içində ömür sürürəm,-

Həyatım baxtıma bağlıdır mənim.

Söz var ki,

başına corab hörürəm,

Söz də var

anamı ağladır mənim...

 

Vaqif Bəhmənlinin poeziyasında, fikrimcə, yalnız qarabağlılara məxsus, bədii olduğu qədər də səmimi bir yumor var ki, adamın iliyinə işləyir. Və bu yumorun özünəməxsusluğu (və gözəlliyi) ondadır ki, Vaqif özgələrdən daha çox özü ilə zarafat edir:

 

Yuxusuz gecədən çox qan içibdi,

Mənim bağrıyarıq lalə gözlərim.

Göstərir yolumu əlli üç ildi,-

Əməkdar fanardı ala gözlərim.

 

...Demə xərifləyib vururam alt-üst,-

Məni mən bilirəm; kimdi, nəçidi.

Gülən dodaqlarım əməkdar artist,

Qulağım əməkdar rabitəçidi.

 

...Sevməkdən usanıb yorulmur, fələk,

Ürəklər əməkdar aşiqdi, bəlkə?

Sözləri oynadır oyuncaqlartək,

Şairlər əməkdar uşaqdı, bəlkə?

 

...Hamını əməkdar görməkdi fikrim,

Hamıya can evi, ya dam olmaqdı.

Uçuq könülləri hörməkdi fikrim,

Məqsədim əməkdar adam olmaqdı...

 

Vaqifin həyatda olduğu kimi poeziyasında da sirayətediciliyilə diqqəti çəkən bu şux (və şıltaq) yumoru (təbəssümü!) ciddi bir üslub (xarakter!) faktıdır ki, onu (və yaradıcılığını), yəqin ki, həmişə, sözün geniş mənasında, cavan saxlayacaqdır.

 

Nəhayət, Vaqif Bəhmənlinin həm bioqrafiyası, həm də təbii ki, "Biblioqrafiya"sı üçün səciyyəvi olan bir mühüm göstərici də vətəndaşlığıdır. Hər cür dəbdəbədən, pafosdan, hay- küydən uzaq, qaçqın-köçkünlərin çox illik Qarabağ həsrətindən başlamış özündə hər gün yüksəlişilə milli qürur doğuran dövlət müstəqilliyimizə qədər əhatə edən bu vətəndaşlıq hisslərinin zənginliyi də Vaqifə məhz istedad, talant kimi verilmişdir. Və cəsarətlə deyə bilərəm ki, Vaqif Bəhmənlinin "Biblioqrafiya" (və bioqrafiyası) yalnız bir milli şairin, yaxud ziyalının deyil, eyni zamanda bir vətəndaşın "Biblioqrafiya" (və bioqrafiya)sıdır.

 

 

 

Nizami Cəfərov

 

525-ci qəzet.- 2015.- 22 may.- S.7.