Tbilisidə "Azərbaycan mədəniyyətini tanıyaq" sərgisi maraqla qarşılanıb

 

 

Tbilisidə, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində açılan "Azərbaycan mədəniyyətini tanıyaq" adlı sərgini yüzlərlə insan ziyarət edib.

 

Sərgiyə gələnlər Azərbaycan mədəniyyətini və incəsənət nümunələrini əks etdirən rəsm əsərlərinə, xalçaçılıq, misgərlik nümunələrinə, musiqi alətlərinə, yazılı məcmuələrə maraqla baxıblar.

 

Bu barədə "Azərtac"a açıqlamasında M.F.Axundzadə adına Muzey Fondunun rəhbəri Leyla Əliyeva məlumat verib.

 

Fondun rəhbəri bildirib ki, sərgini M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi Beynəlxalq Muzeylər Günü ilə əlaqədar təşkil edib. Mayın 15-dən 20-dək davam edən sərgiyə 500-dən çox ziyarətçi-mədəniyyət və incəsənət xadimləri, diplomatlar, ictimaiyyət nümayəndələri, tələbələr, məktəblilər gəliblər.

 

Onlar milli geyimlərimizdə şəkillər çəkdirib, əl işləri, xalçaçılıq sənətinin sirləri ilə maraqlanıblar.

 

Muzeyin əməkdaşları onlara Azərbaycanın tarixi, zəngin mədəni irsi, təbiəti, turizm imkanları barədə ətraflı məlumatlar veriblər.

 

Sərgini ziyarət edənlər arasında Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin, Dünya Muzeylər Birliyinin, Tbilisidəki muzeylərin nümayəndələri, Azərbaycanın, ABŞ-ın və digər ölkələrin səfirliklərinin əməkdaşları da olublar.

 

525-ci qəzet.- 2015.- 22 may.- S.7.