III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu dünya mediasında
Bakıda keçirilən III Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Misirin Yaxın Şərq Xəbərlər
Agentliyinin Avropa məsələləri üzrə
jurnalisti Şöhrət
Arif bu tədbir
barədə məqalə
yazıb.
Yaxın Şərq Xəbərlər
Agentliyində yayılan
məqalədə müəllif
Forumun əhəmiyyətini
vurğulayır, rəsmi
açılışda nitq
söyləyən Azərbaycan
Prezidenti İlham Əliyevin fikirlərinə
geniş yer verir.
Azərbaycanın hər zaman xalqları, dövlətləri,
sivilizasiyaları bir araya gətirməyə çalışdığı diqqətə çatdırılır.
Müəllif Forumda mədəniyyətlərarası
münasibətlərə müsbət
dinamika verilməsi üçün dəyərli
fikirlər səsləndiyini
vurğulayır, mədəniyyətlərarası
dialoqun, dini, milli dözümlülüyün
və tolerantlıq məsələlərinin müzakirə
edilməsinin önəmini
qeyd edir.
Yazıda dövlətimizin başçısına
istinadla Azərbaycanın
sivilizasiyaların, mədəniyyətlərin
və dinlərin kəsişməsində yerləşdiyi,
əsrlər boyu bütün mədəniyyətlərin,
dinlərin və etnik qrupların nümayəndələrinin ölkədə
sülh və ləyaqət şəraitində
bir ailə kimi yaşadıqları diqqətə çatdırılır.
Multikulturalizm dəyərlərinin, sülh,
əməkdaşlıq və
qarşılıqlı anlaşmanın
təşviqi məqsədilə
müxtəlif beynəlxalq
tədbirlər keçirilməsinə
və müsbət meyillərin güclənməsi
üçün dünyada
belə açıq müzakirələrə və
fikir mübadiləsinə
ehtiyac olduğu vurğulanır. Yaxın Şərq Xəbərlər
Agentliyi tərəfindən
yayılan bu məqalə Misirin digər kütləvi informasiya vasitələrində
də verilib.
"Euronews" telekanalı
Bakıda "Mədəniyyəti
ortaq təhlükəsizlik
naminə paylaşaq"
mövzusunda keçirilmiş
III Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu haqqında reportaj yayımlayıb.
"Azərbaycan mədəniyyətlərarası
dialoq təqdim edir" adlı reportajda tanınmış
ictimai-siyasi xadimlərin,
beynəlxalq təşkilatların
nümayəndələrinin, ekspertlərin, analitiklərin
Forumda bir araya toplaşdıqları
və vacib məsələləri müzakirə
etdikləri qeyd olunur.
Bildirilir
ki, Forum 2008-ci ildə
müxtəlif mədəniyyətlər
arasında dialoqun inkişaf etdirilməsi məqsədilə Azərbaycan
Prezidenti İlham Əliyevin irəli sürdüyü "Bakı
prosesi" təşəbbüsü
çərçivəsində təşkil edilib.
Reportajda Forumun rəsmi açılışında Azərbaycan
Prezidenti İlham Əliyevin nitq söylədiyi diqqətə
çatdırılır.
Bildirilir
ki, Prezident İlham Əliyev "Euronews" telekanalına müsahibəsində son illərdə
Azərbaycanda keçirilən
beynəlxalq tədbirlərin,
həmçinin Ümumdünya
Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən bəhs
edib, sabitlik məkanına çevrilən
Azərbaycanda multikulturalizm
ənənələrindən və digər məsələlərdən danışıb.
Reportajda, həmçinin UNESCO-nun baş
direktoru İrina Bokovanın, Fransa Senatının üzvü
Natali Qulenin və digər nüfuzlu iştirakçıların
fikirlərinə yer verilir.
Diqqətə çatdırılır ki,
Forum iştirakçıları bu tədbirin dünyada sülhə, tolerantlığa, multikulturalizmə
töhfə verəcəyinə
əmindirlər.
525-ci
qəzet.- 2015.- 22 may.- S.7.