Operativ dil mərkəzinə
ehtiyac var
On ildən çoxdur
ki, ixtisasım üzrə Azərbaycan dili və ədəbiyyat
fənnini tədris edirəm. Şagirdlərimlə də, tələbələrimlə
də, cəmiyyətin
müxtəlif peşə
sahibləri ilə də söhbətlərimizdə
dilimizlə bağlı
qarşımıza çoxlu
sayda problemlər çıxır.
Əvvəllər bunun yalnız dilçilik elmində olduğunu düşündüyüm
üçün "elm mübahisələri
sevər, müxtəlif
yanaşmalar ola bilər",- deyirdim. Hətta bəzi məsələləri
müzakirə edərkən
TQDK qəbul qaydalarının,
dərsliklərin də
üstünə atmaqla
düşdüyümüz çətin vəziyyətdən
çıxmağa çalışırdıq.
Lakin bəzən cavabsız qalan suallar da
olur. "Müəllim, "vkluçatel",
"vilka" sözlərinin
azərbaycanca qarşılığı
varmı, yoxsa bunu dilimizdə elə bu cür
işlədək?"- deyib maraq
və ümidlə cavab gözləyən şagirdimizin, "ismarıc,
yoxsa ismarış",-
deyə sual verən jurnalistin, "lüğətdə şeiriyyət
yazılıb, sizcə,
bu, düzdürmü,
"i" səsi düşməlidirmi? Apastrof
əlifbamızdan çıxarılandan
sonra "Kənan",
"sürət" sözlərini
hecalara necə bölməliyik, axı apastrof həm də bəzi sözlərin hecalara bölünməsini göstərirdi" - deyə sual verən müəllimlərin
qarşısında nə
deyəcəyimizi bilmirik.
Hələ feysbukda - (İndi bunu nə cür
yazım ki, düz olsun?! Facebookmu? Bəlkə də, yeni lüğətdə
dəyişib, amma inanmıram. Baxmağa da
ərinirəm. Çünki
2013-cü ildə çap
edilən sonuncu "Orfoqrafiya lüğəti"ni
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik, əziz müəllimim Tofiq Hacıyevin çıxışlarında
tənqid etməsi və qüsurların olduğunu qeyd etməsi, yenə əziz müəllimim akademik Nizami Cəfərovun Tofiq müəllimin haqlı olduğunu deməsi, əlbəttə, bu lüğət haqqında
danışmağa qətiyyən
bizə haqq vermir.) sosial
şəbəkələrdə aktiv olduğum üçün hər gün, bəlkə onlarla bu cür
sualla qarşılaşdığımı
demirəm.
Bu yaxınlarda yetərincə
savadı olan, jurnalist, yazıçı
Dilqəm Əhmədin
"Ərzurum valisinin
adı Ahmet Altıparmakdır. Azərbaycan dilində necə
yazaq? 1. Ahmet Altıparmak 2. Əhməd Altıbarmaq 3. Əhməd Altıparmak"
statusu və ora yazılan rəylər bu mövzuya toxunmağıma
səbəb oldu.
İndi azacıq Azərbaycan dili savadı olan biri deyəcək
ki, burada nə var ki?!
Əhməd Altıbarmaq olmalıdır.
Bəli,
elə mən də məhz bu cür cavab
yazdım. Cavabında da
Dilqəm yazdı ki, bəs Orhan
Pamuku necə edəcəyik?
Lakin problemin mahiyyətinə bir az uzaqdan, bir az
da yaxından baxanda, bu sahədəki
problemlərdən məlumatlı
şəxs çətin
bir sual olduğunu bilir. Əslində, bu cür sualları hansısa bir statusda qoymaqla
həll etmək mümkün deyil. Hətta akademiklərimizdən soruşulsa
belə, aşağı-yuxarı
yaxın bir cavab olacaq. Çünki dilimizə gələn
alınma sözlərin
hansı prinsiplərlə
uyğunlaşdırılması qaydaları 70-80-ci illərdə
yazılıb. Həmin qaydalarda
Türkiyə türkcəsindən
gələn sözlər
nəzərdə tutulmayıb.
Haqlı idilər, əlbəttə, Mirzə
Ələkbər Sabir
demiş:
Mümkün iki dil bir-birinə tərcümə,
amma
Osmanlıcadan tərcümə türkə
nə deməkdir?!
Amma indi şərtlər başqadır. Ən azından
uyğunlaşdırılmaların aparılması üçün
qaydalara ehtiyac var. Doğru, yaxud yanlış olması ayrı məsələ, amma nizamlayıcı bir sənədin olmaması hamını çaşbaş qoyur.
Hələ tərcümə işi ilə məşğul olan şəxslərin çəkdiyi
əzab-əziyyəti demirəm.
Axı dilimizə son illər gələn sözlərin,
yaranan sözlərin sayı idarəolunmaz bir durumdadır. Belə ki, beynəlxalq
futbol klubları, brendlər, maşın markaları, tanınmış
şəxslərin adları
və s. kimi xüsusi adların dilimizdə necə işlənməsi bir
problem olaraq qalır.
Yadıma bir hadisə düşür. Orta məktəbdə müəllim işlədiyim
vaxtlarda sinifdə bir söz mübahisəyə
səbəb oldu.
Şagirdlərimdən biri
şəkilçi formasında
olan "-mı4" ədatının
adlarla işlənən
ədatlardan sonra (Dilçilikdə bu məqamda olan "də" bağlayıcı
kimi qəbul edilib. Lakin ədat deyənlər
də var. Hətta
2004-cü ildə Lider
Nəşriyyatında çap
edilən "Orfoqrafiya"
lüğətində də
ədat kimi veriblər) gəldikdə
sözə bitişikmi,
ayrımı yazıldığı
sualını eşitdim.
Kitablardan tapa bilmədim.
Ümidim ona qaldı
ki, BDU-nun Filologiya fakültəsinə gedib dəyərli alimimiz, rəhmətlik professor Yusif
Seyidovdan soruşum.
Mən nə isə yeni bir
şey tapdığımı
düşünüb bir
az həvəslənmişdim
də. Yusif müəllim dedi ki, yox, bala,
dilin qrammatik qaydaları onları ayrı yazmağa imkan vermir. Dedim,
axı Yusif müəllim, "Sən
də mi atdın məni, gülüm" cümləsində vurğu
tələb edir ki, ayrı yazaq.
Yusif müəllim:
"Biz -mı4 ədatını ayrı yaza bilmərik",-dedi. Sonra bir az da düşündü, düşündü, amma
razılaşmadı. Elə mən
də. Mübahisə edə bilmədim.
Fikirli-fikirli geri qayıtdım.
Amma hər soruşulanda bu məqamda ayrı yazılmalı olduğunu deyirdim. 2004-cü ildə "Təhsil xəbərləri"
bülletenində bu sözün bu məqamda ayrı yazılması qərarının
Azərbaycan Respublikası
Nazirlər Kabineti tərəfindən təsdiqləndiyini
oxudum. Amma mənim sualımdan iki il sonra. Yəqin, mənim kimi o qədər müəllim
soruşmuşdu ki, bu qərarın
verilməsi zərurəti
yaranmışdı. Bu cür operativ qərarlar ən azı ayda bir
dəfə çap olunub kütləviləşdirilməlidir.
Necə ki "selfi" anlayışının
yaranığı bir
zamanda türk dil qurumu anında
qərar verdi
ki, "özçəkim"
kimi lüğətə
daxil edilməlidir.
Hamımızın hər gün az qala bir dəfə işlətdiyimiz bir sözün düzgün yazılışı ilə
bağlı məhz bu məqalə üçün feysbuk (?)
dostları arasında
bir sorğu keçirdim.
Aşağıdakı sözlərdən hansı
düzgün yazılmışdır?
1. kompyuter
2. komputer
3. kompüter
4. kompyüter
Nəticə isə belə oldu:
"Kompyuter" - 28, "komputer" - 14, "kompüter" - 34, "kompyüter"- 4 nəfər oldu. Düzdür, sözün düzgün yazılışını bilənlərin sayı digərlərindən daha çoxdur. Sevindirici ola bilər. Lakin "kompyuter" yazanların da sayı çox ciddi rəqəmdir: 28. Nəzərə alsaq ki, ixtisasca filoloq olduğu üçün dostluğumda olanların əksəriyyəti də bu sahəyə yaxındır və yaxud məhz bu sahənin adamlarıdır. Bu göstəricinin əsas səbəbi odur ki, cəmi on il bundan öncəki "Orfoqrafiya lüğəti"ndə (Bakı 2004, Lider) "kompyuter" yazılıb. Yeni lüğətin çapından isə əksəriyyətin xəbəri yoxdur.
Əlsində, bütün bu kimi problemləri nizamlayan bir dil qurumuna və hətta bu dil qurumunun qaynar xəttinin olmasına böyük ehtiyac var. Çünki elm və texnikanın inkişafı, dünyada gedən inteqrasiya prosesinin pik nöqtəsinə gəldiyimiz bir zamanda dil də canlı orqanizm kimi inkişaf edir. Hələ Azərbaycanımızın inkişafda olması, müxtəlif dövlətlər, xalqlarla münasibətlərin ürəkaçan bir vaxtında dilimiz də sürətlə inkişaf edəcək, yeni sözlərin yaranma zərurəti ortaya çıxacaq. Bu da o deməkdir ki, dilin bu cür inkişafına yön verilməsinə və düzgün istiqamətləndirilməsinə ehtiyac var. Ümummilli lider Heydər Əliyevin, cənab prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafı ilə bağlı imzaladığı sərəncam və fərmanlar da bu zərurətdən doğmuşdur və zamanında verilən qərarlardır.
Lakin aidiyyəti qurumların, dilçi alimlərimizin üzərinə daha çox məsuliyyət düşür. Bu gün dilimizdə bu cür problemlərin anında həll edilməsi, yeniliklərin zamanında xalqa çatdırılması üçün, zənn edirəm ki, bir çox işlərin görülməsinə hələ də ehtiyac var. Bir vətəndaş kimi, müəllim kimi mənim düşündüklərim bunlardır;
1. Qaynar xəttin (telefon, sosial şəbəkə) yaradılması,
2. Mütəxəssislər tərəfindən hazırlanan yazılışı və tələffüzü müəyyənləşmiş sözlər (lüğəti mənası da yazılmaqla) olan bir dərginin aylıq kütləvi nəşri,
3. Dilin yalnız praktikada qarşılaşdığı problemlərin müzakirəsinin aparıldığı televiziya verilişinin olması,
4. Neologizmlər lüğətinin çap edilməsi (nəzərə alsaq ki, son 10 ildə dilimizdə yeni sözlər yaranmışdır, bu məsələ çox vacibdir) ,
5. Dilimizə gələn sözlərin imkan daxilində özləşdirilməsi, yəni qarşılığının tapılıb istifadəyə təqdim edilməsi,
6. Lüğətlərin (orfoqrafiya-orfoepiya, izahlı lüğətlərin) proqram təminatının hazırlanması və internetdə yerləşdirilməsi və s.
Zənnimcə, bütün
bunların yeganə həlli son vaxtlar hər kəs tərəfindən arzu edilən "Azərbaycan dil
qurumu" və ya
"Operativ dil mərkəzi"
kimi bir təşkilatın
yaradılmasıdır. Bəlkə də, bu
səlahiyyətləri son vaxtlar
bir çox cəsarətli
addımlar atan AMEA-nın Dilçilik
İnstitutunun Monitorinq
şöbəsinə vermək olar. Amma könül istərdi
ki, daha yeni ab-hava ilə bütün dilçi
alimlərimizin tərəddüdsüz
yığışıb müzakirələr apara biləcəkləri bir mərkəz olsun.
Şəmil SADİQ
525-ci qəzet.- 2015.- 22 may.- S.8.