Muxtar Kazımoğlu: folklor və
yazılı ədəbiyyat mədəni bütövlük
kontekstində
Müasir Azərbaycan folklorşünaslığı
dinamik inkişafda olan, bir tərəfdən müasir dünya
elminin yeni nəzəri-metodoloji tendensiyalarına, digər tərəfdən
qloballaşan və virtuallaşan dünyada dövlətin və
cəmiyyətin mənəvi dəyərlərin qorunması
ilə bağlı milli maraqlarına ən çevik
intellektual reaksiya verən elm sahələrindəndir.
O qədər
də qədim tarixi olmayan, buna baxmayaraq zəngin elmi ənənələr üzərində qərarlaşan
Azərbaycan folklorşünaslıq elmi özündə
neçə-neçə görkəmli alimin, milli-mənəvi
dəyərlər sevdalısı olan neçə-neçə
vətəndaş-ziyalının, Vətən
torpağını el-el, oba-oba gəzən neçə-neçə
zəhmətkeş toplayıcının ad və imzasını cəmləşdirir.
Bu adlar içərisində məhz
özünün layiq olduğu statusa yüksəlmiş Muxtar
Kazımoğlu (İmanov) imzası bənzərsiz istedaddan, gərgin
elmi zəhmətdən, Azərbaycan xalqına və onun mədəniyyətinə
səmimi bir məhəbbətdən,
ən başlıcası isə elmi yaradıcılıqda
klassik halallıq normalarına zərgər dəqiqliyi ilə
əməl etmək mədəniyyətindən və əxlaqından
yoğrulmuş 30 illik gərgin fəaliyyətin məntiqi nəticəsi
və təsdiqidir.
Bir
neçə gündən sonra 60 yaşına qədəm
qoyacaq Muxtar Kazımoğlu ömrün bu zirvə məqamına
əliboş gəlməmişdir: o, müasir Azərbaycan
filoloji və folklorşünaslıq elminin tanınmış
nümayəndəsidir, elmi-ictimai mühitdə
sözünün çəkisi və sanbalı olan görkəmli
ziyalıdır, Azərbaycan Milli Elmlər Akademiyasının
folklorşünaslıq ixtisası üzrə yeganə üzvüdür, AMEA Folklor
İnstitutunun direktoru olaraq folklorşünas alim kollektivinin
flaqmanıdır. Bundan əlavə o, zəngin ictimai fəaliyyətlə
də məşğuldur.Tələbə Qəbulu üzrə
Dövlət Komissiyasında Ədəbiyyat fənni üzrə
Elmi-Metodiki Seminarın rəhbəri və Ekspert
Şurasının sədri, İctimai Televiziya və Radio
Yayımları Şirkəti Yayım Şurasının
üzvüdür. Bütün bunlardan əlavə,ən nəhayət yüksək mənəvi
dəyərlər daşıyıcısı kimi gözəl
insandır,səmimi dostdur.
lll
Muxtar Kazımoğlu Azərbaycan filoloji
düşüncəsinə ümumən milli ictimai təfəkkürün
demokratikləşdiyi, etnik-milli genezisə və milli-mənəvi
dəyərlərə qayıdışın elmdə, sənətdə
və həyatda ümummilli hərəkata çevrildiyi 80-ci
illərin əvvəllərində gəlmişdir. Hesab edirik ki,
bu amil onun elmi-filoloji maraq dairəsinin formalaşmasında,
yaradıcı şəxsiyyət kimi milli mədəniyyətə
münasibətdə elmi baxış bucaqlarının müəyyənləşməsində
həlledici rol oynamışdır. O, ötən əsrin
80-ci illərinin ortalarında filoloji elmi yaradıcılığa
həmin dövr üçün (elə indinin özündə
də!) kifayət qədər elmi aktuallıq kəsb edən
mürəkkəb bir nəzəri problemin (ədəbiyyatda
psixologizm) kifayət qədər maraqlı bədii faktura üzərində
(60-70-ci illər Azərbaycan nəsri)
araşdırılması ilə başlamışdır.
1991-ci ildə nəşr olunan “Müasir Azərbaycan nəsrində
psixologizm” kitabında müəllif İsa Hüseynov,
İsmayıl Şıxlı, Sabir Əhmədov, Anar, Əkrəm
Əylisli, Elçin, Mövlud Süleymanlı kimi nasirlərin
bədii yaradıcılığını psixologizm aspektindən
tədqiqat predmetinə çevirir. Bu tədqiqat alimin filoloji
təfəkkürünün analitik-nəzəri səpkiyə,
milli folklor potensiyasına (artıq normativləşmiş qənaətə
görə 60-70-ci illər Azərbaycan nəsri öz genetik
qaynağı etibarilə epos təfəkkürünə
söykənir) elmi marağının ifadəsi olmaqla onun
yaradıcı təfəkkürünün tipoloji
oriyentasiyasını da
əsaslı olaraq müəyyənləşdirmiş
olur. Muxtar Kazımoğlunun elmi yaradıcılıq təkamülünün
80-ci illərin ortalarından bu günədək qət etdiyi
yolu ən ümumi şəkildə aşağıdakı
kimi cizgiləmək olar:
“elmi təsnifat baxımından ədəbiyyatşünaslıqdan
folklora;
“janr təsnifatı baxımından romandan
(povestdən,hekayədən...) eposa (nağıla, lətifəyə...);
“nəzəri problematika baxımından
psixologizmdən onun konkret təzahür formalarından biri olan
və mühüm elmi-kateqorial anlayış kimi
götürüləngülüş anlayışına.
Hazırda
Muxtar Kazımoğlu zahirən fərqli elmi problemlərlə
məşğul olmuş kimi görünsə də, əslində
otuz il bundan əvvəl
başladığı işi davam etdirir. Hələ
nəsrdə psixologizm problemi üzərində
araşdırmalar apararkən müəllifin nəsrin ən
müasir nəzəri problemlərini folklorla vəhdətdə
araşdırdığının, şifahi və
yazılı ədəbiyyatı eyni bir təhlil kontekstində
birləşdirdiyinin şahidi oluruq. Sonralar
da yazılı və şifahi ədəbiyyat paralelliyi onun
yaradıcılığının xarakterik xüsusiyyətinə
çevrilir.
Müəllifin
“Gülüşün arxaik kökləri” (2005) və “Xalq
gülüşünün poetikası” (2006) kitabları həm
problematikası, həm də problemə elmi-metodoloji
yanaşması baxımından müasir Azərbaycan
folklorşünaslığında yeni bir istiqamətin əsasını
qoyan əsərlərdir.Yazılı ədəbiyyatla
bağlı kifayət qədər geniş təhlil
olunmuş gülüş anlayışı bu əsərlərdə
ilk dəfə olaraq sistemli şəkildə folklor üzrə
araşdırılır, gülüşün magik mahiyyəti,
ayrı-ayrı folklor obrazlarının gülüş
aspektindən genezisi kimi problemlərə işıq
salınır. Aydın görünür ki,
gülüşün arxaik köklərinə elmi maraq nəsrdə
psixologizm axtarışlarının təbii davamıdır.
Gülüş Muxtar müəllimin təqdimatında
gerçəkliyə münasibətin hər hansı bir
fiziki-bioloji faktoru kimi deyil, xüsusi semantikaya malik
elmi-kateqorial paradiqma
kimi təhlil olunur. Kitabların elmi dəyəri
ondadır ki, aparılan tədqiqatın nəzəri
ümumiləşdirilməsi olaraq humanitar düşüncəyə
Azərbaycan xalq gülüş mədəniyyəti ilə
bağlı yeni elmi konsepsiya təqdim olunur.
2011-ci ildə müəllifin indiyədək milli filoloji
və folklorşünaslıq düşüncəmizdə
heç bir aspekti ilə elmi tədqiqatın predmetinə
çevrilməyən digər bir nəzəri problemə həsr
olunmuş “Folklorda obrazın ikiləşməsi” kitabı nəşr
olunur. Əsərdə
müxtəlif folklor janrlarında, xüsusən nağıl,
dastan, lətifə və s. kimi epik janrlarda “ciddi” və komik
yöndəki ikiləşmənin folklordakı mahiyyəti,
mifoloji kökləri və təzahür formaları elmi tədqiqatın
predmetinə çevirir. Bu araşdırmada ilk dəfə olaraq bədii
obrazın ikiləşməsinin mifdən gələn və
folklorun müxtəlif janrlarında təzahür edən,
yazılı ədəbiyyatda daha mürəkkəb şəkildə
ortaya çıxan səciyyəvi modelləri müəyyənləşdirilmişdir.
2012-ci ildə nəşr olunan “Epos. Nəsr.
Problemlər” kitabına müəllifin müxtəlif illərdə
həm ayrı-ayrılıqda epos və nəsr probleminə,
həm də epos və nəsrin qarşılıqlı əlaqələrinə
həsr olunmuş məqalələri daxil edilmişdir. Eposda obrazın ikiləşməsi, Mənfi əvəzedici,
Yalançı qəhrəman kimi məsələlər ənənəvi
ədəbiyyatşünaslıqda özünə yer tapa bilməyən,
müasir dünya, xüsusən də Avropa
folklorşünaslığının elmi-nəzəri
bazası əsasında qələmə alınan ciddi problemlərdəndir.
Müəllif buradakı elmi yanaşmaları ilə
yazılı ədəbiyyat və folklor münasibətlərinə
yeni baxış ortaya qoyur, ədəbi düşüncənin
yazılı və şifahi laylarına etnik bədii
özünüifadənin müxtəlif kodları kimi
yanaşılmasının orijinal nəzəri təhlil
standartlarını təqdim edir.
2013-cü
ildə nəşr olunan “Portretlər” kitabında
“Yazıçılar” və “Ədəbiyyatşünaslar”
bölmələri üzrə Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələri Molla Pənah Vaqif,
Hüseyn Cavid, Cəlil Məmmədquluzadə kimi ədiblər,
Məmməd Cəfər, İsa Həbibbəyli, Qəzənfər
Paşayev, Nizami Cəfərov, Kamran Əliyev kimi ədəbiyyatşünaslar
“portretləşdirilir”. Bu kitabda ideya-estetik məfkurəsi
baxımından bir-birindən fərqli ədəbi və elmi
simalardan bəhs edilsə də, onların hamısı vahid
Azərbaycan mədəniyyəti kontekstində birləşdirilir.
Kitabda seçilən portretlərin
yaradıcılıqları, fəaliyyət sahələrinin
çoxprofilliliyi müasir Azərbaycan ictimai
düşüncəsini narahat edən məqamlara gətirib
çıxarır və müəllif ayrı-ayrı ədiblərin
simasında ictimai-mədəni düşüncəni narahat
edən problemlərə öz baxışlarını və
münasibətini ortaya qoyur.
2014-cü ildə müəllifin “Folklor həm
keçmiş, həm də bu gündür” kitabı
işıq üzü görür. Burada biz Muxtar müəllimi
bir alim olmaqla yanaşı, eyni zamanda bir publisist kimi də kəşf
edirik.
Muxtar
müəllim həmin kitabın sonunda yer alan
müsahibəsində qeyd edir ki, folklorda qəribə bir sadəlik
var və bu müdrikin sadəliyidir. Belə bir
müdrik sadəliyi onun öz elmi
yaradıcılığına da şamil etmək
mümkündür. Onun elmi
yaradıcılığı indi filologiyada və
folklorşünaslıqda geniş yayılmış, bir
çox hallarda yaradıcı elmi təfəkkürün səmimi
inkişaf dialektikasından deyil, elmi görünmək,
orijinal təsir bağışlamaq mərəzindən qaynaqlanan
terminoloji əllaməçilikdən, sintaksisin süni
mürəkkəbləşdirilməsindən tamamilə
uzaqdır. Onun əsərlərində
elmi düşüncə təbii sadəliyindəcə təqdim
edilir. Və bu səmim sadəlik ən mürəkkəb
elmi mətləbləri izah etməklə özünüifadə mədəniyyətinin
təvazöyə əsaslanan yüksək nümunəsi kimi
faktlaşır.
lll
Uzun illər
ərzində apardığı gərgin elmi
axtarışları, bu elmi
axtarışların nəticəsi olaraq nəşr etdirdiyi
çoxsaylı məqalələri, toplama-tərtib işləri,
monoqrafiyaları ilə müasir elmi-ədəbi və mədəni-ictimai
mühitdə orijinal təfəkkür
sahibi, filoloq-folklorşünas kimi ciddi və nüfuzlu alim
imicinə malik Muxtar Kazımoğlu son dörd ildə Folklor
İnstitutunun direktoru vəzifəsini uğurla icra edərək
bacarıqlı bir elm təşkilatçısı
olduğunu da sübut etdi. Ötən əsrin 90-cı illərinin
ortalarından Ümummilli lider Heydər Əliyevin milli-mənəvi
dəyərlərin qorunması, tədqiqi və təbliği,
ümumtürk ədəbi abidələrinin, xüsusən
“Kitabi-Dədə Qorqud”un öyrənilməsi istiqamətində
həyata keçirdiyi siyasətin, hətta belə demək
mümkünsə, mədəni hərəkatın humanitar
elmi düşüncəmizdə rezonansının məntiqi
nəticəsi olaraq meydana gələn Folklor İnstitutu
Akademiyanın nisbətən gənc struktur vahidlərindəndir.
XX əsr Azərbaycan
humanitar-ictimai fikrinin görkəmli nümayəndələrindən
olan Yaşar Qarayevin ideya moderatorluğu və görkəmli
folklorşünas alim Hüseyn İsmayılovun elmi-təşkilati
icraçılığı ilə ərsəyə gələn Folklor İnstitutu hazırda Azərbaycanın
humanitar infrastrukturunun həm elmi, həm də inzibati-təşkilati
baxımdan əsas mərkəzlərindən biridir. Heç
bir mübaliğəyə yol vermədən deyə bilərik
ki, hazırda akademik humanitar qurumlarımız içərisində
müasir dünyanın elmi-metodoloji istiqamətdəki yeniliklərinə ən
çevik reaksiya verən İnstitutlardan biri Akademiyanın
Folklor İnstitutudur. Bunun bir səbəbi İnstitutun ideya əsaslarında
“Yaşar Qarayev mənəvi-intellektual stixiyası”nın
dayanmasıdırsa, digər səbəbi burada hər cür
intriqadan kənar sağlam elmi
mühitin, yaradıcı ab-havanın mövcudluğu,
güclü kadr potensialının olmasıdır.
2009-cu ildə İnstitutun direktoru Hüseyn
İsmayılovun səhhətində yaranan problemlərdən
sonra bir müddət İnstitutda idarəçilik
böhranı yaşandı. Akademiyanın Rəyasət Heyətində
çalışdığım üçün “daxili mətbəxə”
bələd bir şəxs kimi bilirəm ki, həmin vaxtlar bəzi
diletantlar inzibati resursları
nisbətən kövrək olan Folklor İnstitutunun
Akademiyanın digər müvafiq qurumları ilə birləşdirilməsi
kimi tamamilə əsassız, pərdələnmiş
şəxsi maraqlara xidmət edən fikirlər səsləndirirdilər.
Belə bir vaxtda elmi
yaradıcılığının miqyas və sanbalı, həmçinin
şəxsiyyət bütövlüyü ilə mühitdə
boy verən Muxtar Kazımoğlu faktoru Folklor İnstitutunu
korporativ maraqların qurbanına çevrilməkdən xilas
etdi. O, İnstitutun direktoru seçilərək
xarakterindəki təmkin və sadəliyinə görə
çoxlarının təsəvvür edə bilməyəcəyi
bir əzmlə fəaliyyətə başladı. Onun
inteqrativ aurası ən müxtəlif xarakterə və
ambisiyaya malik, dünyanın istənilən nöqtəsində
yaşayan bütün alimlər kimi “qəribə adamlar”
kateqoriyasına malik folklorşünas alimləri bir yerə cəm
edib yola davam etməyə imkan verdi.Beləliklə, onun rəhbərliyi
ilk andanca “irs və varis əlaqələri”nə
dialektik yanaşmanın ən yaxşı nümunəsinə
çevrildi:indiyədək görülmüş işlər
yeni keyfiyyətdə və miqyasda davam etdirildi, bir sıra
yalnız elmi deyil, həm də ümummilli əhəmiyyətli
yeni layihələrin əsası qoyuldu.
Muxtar Kazımoğlu humanitar elm sahəsinin bütün
istedadlı nümayəndələri kimi inzibati idarəçilikdən,
demək olar ki, uzaqdır.Onun idarəçiliyi daha çox mənəvi
prinsiplərə əsaslanan akademik idarəçilikdir. Və bu idarəçilik
kollektivin yaradıcı enerjisinin vahid məcraya yönəldilməsində,
konkret elmi nəticələrin əldə edilməsində
inzibati idarəçilikdən heç də az
effekt vermir.
Mütəxəssislər yaxşı bilirlər ki, istənilən
elmi istiqamətin institusional modeldə inkişafı həmin
elmi sahənin həm dünyada gedən elmi proseslərə həmahəng
olan, həm də ölkənin milli maraqları kontekstində
düzgün müəyyənləşdirilən infrastruktur
şəbəkəsinin müəyyənləşdirilməsindən
asılıdır. Muxtar Kazımoğlu da,haqlı
olaraq, Folklor İnstitutunun direktoru kimi fəaliyyətinə
ilk növbədə İnstitutun elmi strukturunun əsaslı
olaraq təkmilləşdirilməsindən başladı.
Bilavasitə onun təşəbbüsü əsasında
İnstitutun yeni strukturunun müəyyənləşdirilməsində
folklorun dünyada öyrənilmə təcrübəsinin
fundamental əsaslarından birini təşkil edən dioxronik yanaşma
əsas götürüldü (arxaik, klassik və müasir
folklor- postfolklor). Burada İnstitutun elmi struktur bölmələrinin
(arxaik folklorun öyrənilməsi üzrə: “Mərasim
folkloru” və “Mifologiya” şöbələri, klassik
folklorun öyrənilməsi üzrə: “Klassik folklor”, “Dədə
Qorqud”, “Aşıq yaradıcılığı” şöbələri,
müasir folklorun öyrənilməsi üzrə: “Müasir
folklor” şöbəsi, zəngin folklor musiqisinin
araşdırılması üzrə: “Musiqi folkloru”
şöbəsi) struktur-funksional xüsusiyyətləri ilə
onların şəbəkə olaraq struktur keyfiyyətlərinin
optimal uyğunlaşdırılması tam nəzərə
alınmış oldu. Həmçinin institutun struktur şəbəkəsinin
təkmilləşdirilməsi elmi fəaliyyətin idarə
edilməsinin optimallaşdırılması fonunda
aparılmaqla bu qurumun özünü təşkil edən elm
sisteminə çevrilməsinə tam nail
olundu.
Muxtar
Kazımoğlunun institut rəhbəri kimi elmi-təşkilati
fəaliyyətindən bəhs edərkən son illər zəngin
Azərbacan folklorunun məhz folklorşünaslıq elmi
prinsipləri baxımından toplanıması, sistemləşdirilməsi
və nəşri sahəsindəki keyfiyyət və kəmiyyət
dəyişikliyi üzərində də xüsusi dayanmaq
lazımdır. Cəsarətlə demək olar
ki, Azərbaycan folklorşünaslığı tarixində
heç bir mərhələdə bu keyfiyyətdə və kəmiyyətdə
toplama həyata keçirilməmişdir. Folklorun
spesifikası belədir ki, formalaşmış elmi prinsiplər
əsasında uğurlu toplama olmadığı halda ən
modern nəzəriyyəçilik belə havadan asılı vəziyyətdə
qalmış olur. Və bu halda nəzəri
folklorşünaslığın əsas vəzifələrindən
biri kimi təqdim olunan universallaşmış bilik əsasında kollektiv
yaddaşdan etnik dünya modelinin rekonstruksiyası da elmi blefdən
başqa bir şey olmur.Şifahi ənənədə
mövcud olan folklor mətnlərinin kollektiv yaddaş
daşıyıcısı olan infarmatorlardan mümkün qədər
zədəsiz və zamanında toplanılması xüsusi
intellektual-metodoloji, bəzi hallarda hətta psixoloji hazırlıq
tələb edən, eyni zamanda fiziki zəhmət bahasına
başa gələn bir işdir. Bu sahədəki fəaliyyəti
müasir tələblər səviyyəsində qurmaq
üçün Muxtar müəllim İnstitutun strukturunda
müstəqil “Folklorun toplanması və sistemləşdirilməsi”
şöbəsinin əsasını qoydu, şöbəni
lazımi kadr potensialı ilə təmin etdi, ümumiyyətlə
yaradıcı kollektivin diqqətini bu istiqamətdəki fəaliyyətə
yönəltdi.Az bir müddət ərzində həm Azərbaycanın
mövcud inzibati ərazi hüdudları daxilindən (Qazax,
Masallı, Ağcabədi, Bərdə), həm də tarixi Azərbaycan
torpaqları ərazilərindən(Güney Azərbaycan, Dərbənd,
Borçalı) xeyli folklor toplanıb tədqiqatçıların
və geniş oxucu kütləsinin ixtiyarına verildi.
Bir məsələni xüsusilə qeyd etmək istərdim. 2012-ci ildə Azərbaycanın
etnik-mədəni bölgələrindən biri üzrə
folklorun toplanması, sistemləşdirilməsi, tədqiqi və
nəşri üçün xüsusi layihənin həyata
keçirilməsinə əlverişli şərait
yaranmışdı.Layihə üçün müvafiq
regionun müəyyənləşdirilməsi istiqamətində
İnstitutda aparılan gərgin müzakirələrdə
Muxtar müəllimin doğulub boya başa
çatdığı Naxçıvan da daxil olmaqla müxtəlif
regionlar gündəmə gəldi, fərqli arqumentlər səsləndirildi.
Bu müzakirələr prosesində Muxtar müəllim
təkidlə Qarabağ üzərində dayandı və digər
folklorşünasları da bu istiqamətdə fəaliyyətin
zəruriliyinə inandıra bildi. Və kiçik bir
işçi qrupu ilə layihə fəaliyyətə
başladı, az bir müddət ərzində yalnız Azərbaycanın
və Qafqazın deyil, bütövlükdə planetin qədim
sivilizasiya mərkəzlərindən olan, hazırda isə ermənilər
tərəfindən işğal edilmiş,əhalisi
didərgin salınmış, bütün sosial-mədəni
infrastrukturu dağıdılmış, sərvətləri
talan edilmiş Qarabağın
tamamilə məhv olmaq təhlükəsi
qarşısında olan folklor örnəklərinin
toplanması, tədqiqi və təbliği sahəsində,
sözün həqiqi mənasında, inqilabi bir iş
görüldü. Təkcə bir statistik faktı qeyd etmək
kifayətdir ki, görülən işin miqyası və
ümummilli səviyyədə elmi, eyni zamanda ictimai əhəmiyyəti
aydın olsun: Muxtar Kazımoğlunun rəhbərliyi ilə həyata
keçirilən bu layihənin nəticəsi olaraq masa üzərinə
hər biri beş yüz səhifəyə
yaxın 9 cild “Qarabağ: folklor da bir tarixdir” fundamental akademik
nəşri qoyuldu. Muxtar Kazımoğlunun
Qarabağ folklorunun toplanması ilə bağlı həyata
keçirdiyi bu layihə folklorşünas alimin uğurlu elmi
fəaliyyəti olmaqdan daha çox, Azərbaycan
ziyalısının Vətən və xalq
qarşısında vətəndaşlıq məsuliyyətinin
və ziyalı cavabdehliyinin göstəricisi, dövlətçiliyə
sədaqətin nümunəsi idi. Hazırda Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı dövlət orqanlarının ölkə daxilində
fəaliyyət və səylərinin
uzlaşdırılması, Azərbaycan Respublikasına
qarşı təcavüz və ərazisinin bir hissəsinin
işğalı zamanı xalqımıza qarşı törədilmiş
soyqırımın, “erməni problemi”nin hərtərəfli
şəkildə dərindən tədqiqi, həqiqətlərin
üzə çıxarılması və beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırılması Azərbaycanda
dövlət siyasətinin əsas istiqamətlərindəndir.
Belə bir şəraitdə ixtisas sahəsindən
asılı olmayaraq, Azərbaycan alimlərinin,
ziyalılarının qarşısında duran əsas vəzifələrindən
biri bu problemin həlli istiqamətində Azərbaycan dövlətinin
apardığı siyasətə dəstək verməkdir.
Çox təqdirəlayiq haldır ki, Azərbaycanın
tarixçi alimləri Qarabağ həqiqətlərinin tədqiqi
istiqamətində xeyli uğurlar əldə etmişlər.
Bu işlərin yeni miqyasda davam etdirilməsi zərurətinin
nəticəsidir ki, yaxın günlərdə AMEA-nın
strukturunda Qafqazşünaslıq İnstitutunun
yaradılması ilə bağlı qərar qəbul edildi.Bax
belə bir şəraitdə Qarabağ folklorunun toplanması
və tədqiqi yalnız elmi deyil, xüsusi ümummilli əhəmiyyət
daşıyır.
Muxtar Kazımoğlunun elmi-təşkilati fəaliyyətinə
digər bir baxış bucağından da nəzər salmaq
istərdim.
Hamıya yaxşı məlumdur ki, indi Akademiyanın
prezidenti, akademik
Akif Əlizadənin bilavasitə rəhbərliyi ilə
elmi fəaliyyət sahəsində çoxprofilli islahatlara
start verilmişdir. Dünya elminə sürətli inteqrasiya,
Azərbaycan elminin ölkədə formalaşmaqda olan biliklər
iqtisadiyyatının lokomotivinə çevrilməsi,
qabaqcıl texnologiya və metodlara yiyələnmə, elektron
elmin bərqərar olması, elmin gəncləşməsi,
yüksək səviyyəli kadr hazırlığı,
istedadlı gənclərin alim kimi yetişdirilməsi,yeni
multidistiplinar araşdırmaların aparılması bu
islahatların tam olmayan ideya istiqamətlərini təşkil
edir. Akademik Akif Əlizadə AMEA-da elmi
qurumların işinin yenidən qurulmasına, Azərbaycan
dövlətinin və cəmiyyətinin marağına səbəb
olacaq yeni elmi prioritetlərin müəyyənləşdirilməsinə
böyük əhəmiyyət verir.
Həyata keçirilən islahatların ayrıca
blok-istiqamətlərindən birini ictimai və humanitar elm sahələrinin
işini müasir tələblər səviyyəsində qurulması
təşkil edir. Akademiyanın humanitar və ictimai elmlər üzrə
vitse-prezidenti, tanınmış alim və ictimai xadim,akademik
İsa Həbibbəylinin rəhbərliyi ilə Azərbaycanın
arxeologiyasını, tarixini, mədəniyyətini, Azərbaycan
xalqının milli-mənəvi dəyərlərini, ictimai-fəlsəfi,
sosial-hüquqi, ədəbi-bədii fikir tarixini, dilini,
etnoqrafiyasını, folklorunu öyrənən elm sahələrinin
inkişaf etdirilməsi, Azərbaycançılıq
ideologiyasının elmi-nəzəri əsaslarının tədqiqi
və fundamental istiqamətlərinin müəyyənləşdirilməsi,
qloballaşan və virtuallaşan müasir dünyada milli dəyərlərin
qorunmasında humanitar potensialın yaxından iştirakına
nail olunması və s. istiqamətlərdə kompleks tədbirlər
həyata keçirilməkdədir.
Belə
bir şəraitdə Akademiyada hər hansı bir istiqamət
üzrə elmi müəssisəyə rəhbərlik etmək
xüsusi məsuliyyət, sözün həqiqi mənasında
həmin sahəyə elmi və inzibati sahiblik etmək
istedadı və
bacarığı, eyni zamanda fasiləsiz məqsədyönlü
fəaliyyət və təşəbbüskarlıq
tələb edir.Muxtar müəllim istər özünün
fərdi elmi axtarışları, istərsə də elmi-təşkilati fəaliyyəti ilə İnstitutu
daim yeni islahatların ritminə kökləyir, bunun da nəticəsində
Folklor İnstitutu daim yeni-yeni “ilk”lərə imza atır. Belə
“ilk”lərdən biri Akademiya rəhbərliyinin maddi və mənəvi
dəstəyi əsasında Respublikada ilk dəfə olaraq
ayrıca bir məkanda, ən müasir avadanlıqlarla təchiz
olunmuş Folklor studiyasının yaradılmasını
xüsusi qeyd etmək lazımdır.Neçə-neçə
yeni layihələr isə öz uğurlu həllinə
doğru start götürmüşdür.
lll
Əziz
Muxtar müəllim! Uzun illər Sizinlə yaxın münasibətdə
olan bir şəxs kimi
insani xüsusiyyətlərinizi, ən mürəkkəb
situasiyalarda davranışınızı şərtləndirən
mənəvi-əxlaqi prinsipləri yaxından müşahidə
etmək imkanım olmuşdur. Sizin üçün zahirən
büruzə vermədiyiniz, daxilən müqəddəs hesab
etdiyiniz elə bir ali mənəvi prinsip
var ki, istər elmi, istər təşkilati, istərsə də
ictimai fəaliyyətinizdə, hətta adi məişət
davranışlarınızda heç vaxt onun pozulmasına yol
verməmisiniz. Bu prinsip bizim yaxından
tanıdığımız Muxtar müəllimin daxili şəxsiyyət
bütövlüyünü şərtləndirən əsas
amildir. Hansısa şəxsi maraq, hətta
hansısa “ali konyuktura” naminə olsa belə, bu prinsipin
pozulması, mən bilirəm ki, sizin üçün
bağışlanılmazdır. Siz bu cür
daxili xəyanəti, xalq deyim tərziylə, “urvatdan
düşmək” adlandırırsınız. Məhz belə bir prinsipsizliyə
getməmək üçün vaxtilə ədəbi tənqiddən
uzaqlaşmışdınız.
Siz təvazökar və işgüzar bir həyat sürürsünüz. Çoxları üçün istirahət mövsümü olan yay məzuniyyətləri Sizin üçün ən əlverişli elmi yaradıcılıq fürsətidir. Yay məzuniyyətlərində “hal-əhval üçün” Sizinlə zəngləşərkən hansısa bir elmi məqaləni tamamlamaq və ya hansısa bir yazı üzərində işləmək barədə necə həvəslə danışdığınızı yaxşı xatırlayıram.
Tanrı Sizə təmənnasız və ən başlıcası minnətsiz xeyirxahlıq etmək bacarığı bəxş etmişdir. Ətrafınızda xeyli sayda istedadlı gənclər var ki, onların ayaqda durması, itib-batmaması üçün onlara adi məişət problemlərinin həllinə qədər yardım edirsiniz.
Sizin xarakterinizdə daxili kövrəkliklə zahiri sərtliyin qəribə bir sintezi vardır. Dəfələrlə şahidi olmuşam ki, ən mötəbər ali tribunalardan sözü birbaşa, gəldiyi sərtlikdə (və məntiqilikdə) demisiniz, ən adi bir hadisənin təsirindən belə daxili hissi yaşantını bütün kövrəkliyi və şairanəliyi ilə yaşamısınız. Bir il bundan əvvəl hamımızın sevimlisi, gözəl ziyalı Arif Əmrahoğlu ağır xəstəliyə düçar olarkən, nə qədər gizlətməyə çalışsanız da, biz anladıq ki, itki Sizin üçün nə demək imiş...
Əziz Muxtar müəllim! Ürəkdə “Sizə deyilə bilməyən Sizə deyiləsi” çox söz var... 60 yaş ömrün müdriklik zirvəsidir. Bu müdriklik zirvəsində Sizə yeni-yeni nailiyyətlərə imza atmağı, ailə üçün, dostlar üçün, elm üçün var olmağı, həyatın bütün keşməkeşlərinə bundan sonra da müdrik yanaşmağı arzulayıram.
Sərxan
ABBASOĞLU (XAVƏRİ)
Filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2015.- 23 may.- S.28-29