İstiqlal yolunun şanlı mücahidləri
- Cümhuriyyət dövrünün dövlət və
hökumət xadimləri
(Əvvəli
ötən sayımızda)
Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə
yaşayıb, müstəqillik uğrunda daima mübarizə
aparıb. Ötən əsrin əvvəllərində ölkəmizdə
milli azadlıq hərəkatı daha da gücləndi.
Azərbaycanın demokratik qüvvələri ,
mütəfəkkir şəxsləri, siyasi xadimləri
yurdumuzun mütəqilliyi, millətimizin azadlığı
uğrunda mübarizəyə qoşuldular. Rusiya
imperiyasının dağılması Azərbaycanda müstəqil
dövlət qurmaq üçün şərait yaratdı.
1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası - Xalq Cümhuriyyəti elan
edildi.
Xalqımızın bir çox ziyalıları, görkəmli
şəxsiyyətləri Demokratik Respublikanın
yaradılmasında, onun inkişafında müstəsna rol oynayıb,
müstəqillik yolunda əllərindən gələni əsirgəməyiblər. Bu onların həyatı
bahasına başa gəlsə də, bir çox təqiblərə
məruz qalsalar da, öz amallarından vaz keçməyib,
xalqın rifahı üçün çalışıblar.
Xalqa və dövlətçiliyə bir
nümunə olan həmin ziyalıların bəzilərinin həyat
və fəaliyyət yollarını daha dərindən
araşdırıb təqdim edirik. Bu yolda əsas
bələdçimiz, qaynağımız isə Prezident
Kitabxanası, həmçinin Milli Kitabxananın zəngin məlumat
bazasıdır.
Rəşid
xan Qaplanov
Rəşid
xan Qaplanov 1883-cü
ildə Dağıstanın Xasavyurd qəzasının
Ağsay kəndində anadan olub. O xalqımızın
görkəmli siyasi və dövlət xadimi olub. Milliyyətcə qumıqdır. Vladiqafqazda
realnı məktəbi, 1910-cu ildə Parisdəki Sorbonna
Universitetinin Hüquq fakültəsini bitirib. İstanbul Universitetinə dəvət olunan Rəşid
bəy 1913-cü ilədək orada dərs demyib. Həmin
il Vladiqafqaza qayıdıb, şəhər
dairə məhkəməsində andlı müvəkkil
müavini vəzifəsində çalışıb. Rusiyada Fevral inqilabından (1917) sonra Şimali Qafqazda
gedən siyasi proseslərdə fəal iştirak edib, burada
yaranan Çərkəz-Dağıstan və Şimali Qafqaz
Dağlı Xalqları İttifaqı Respublikası hökumətlərində
müxtəlif nazir vəzifələrini tutub.
Qaplanov 1919-cu ilin əvvəllərində Bakıya
köçüb, Azərbaycan Xalq Cümhuriyyətinin
4-cü hökumət kabinəsində maarif və dini etiqad
naziri vəzifəsinə təyin olunub. Onun rəhbərliyi
ilə Bakıda və Azərbaycanın bir çox şəhərində
yeni məktəblər fəaliyyətə başlayıb.
Bakı Dövlət Universitetinin
açılmasında Qaplanov da yaxından iştirak edib, eyni
zamanda, burada “Osmanlı ədəbiyyatı tarixi”ndən dərs
deyib.
Azərbaycan Xalq Cümhuriyyətinin 5-ci hökumət
kabinəsində Qaplanov maliyyə naziri təyin olunub,
dövriyyəyə buraxılan pulların qiymətdən
düşməməsi və devalvasiyaya uğramaması
üçün böyük səy göstərib. İqtisadiyyatın
inkişafı üçün bir sıra qərarlar verib.
Belə ki, 1920-ci il fevralın əvvəllində
Bakı bonlarının Zaqafqaziya pullarına dəyişdirilməsini
dayandırmaq barədə qərar verib. Qərara əsasən,
“500 manat” dəyərində olan kağız pul əlli beş seriya ilə dövriyyəyə
buraxılıb. Pulun üzərində baş
nazir Nəsib bəy Yusifbəylinin və maliyyə naziri Rəşid
xan Qaplanovun imzaları vardır. Aprel
işğalından (1920) bir həftə əvvəl Qaplanov
Batuma ixrac edilən neft və neft məhsulları
üçün rüsumların yalnız Azərbaycan pulu ilə
ödənilməsi haqqında sərəncam verib.
Aprel işğalından sonra, 1920-ci ilin iyununda Qaplanov
Bakıda həbs olunaraq, əvvəlcə Vladiqafqaza, sonra isə
Moskvaya göndərilib. Moskvadakı Şərq Xalqları
Universitetində “Osmanlı imperiyası tarixi”ndən dərs
deyib, eyni zamanda, vəkil kimi özəl fəaliyyət
göstərib. R.Qaplanov repressiyaya məruz
qalıb və 1937-ci ildə güllələnib.
Qara bəy
Qarabəyli
İctimai-siyasi
xadim, həkim, publisist, dilçi-lüğətçi,
mühərrir Qara bəy Qarabəyli 1873-cü il yanvarın
14-də
Yelizavetpol quberniyasının Yuxarı Ayıblı
kəndində anadan olub. İlk təhsilini
Şəmkir alman-rus litseyində alıb. 1892-ci ildə
Tiflis klassik gimnaziyasını bitirərək Moskva
Universitetinin Tibb fakültəsinə daxil olub, burada 4 il təhsil aldıqdan sonra 1896-cı ildə
siyasi fəaliyyətinə görə bir il həbs cəzasına
məhkum edilib. Həbsdən azad olunduqdan sonra təhsilini
Yuryev (Tartu) Universitetinin Tibb fakültəsində davam etdirib.
Buranı bitirdikdən sonra iki il Moskvada
işləyib. 1901-ci ildə Bakıya
qayıdaraq, müstəqil həkimlik fəaliyyətinə
başlayıb, şəhərdə ilk dəfə olaraq,
zöhrəvi xəstəliklərin müalicəsi üzrə
kabinet açıb.
Birinci rus inqilabının təsiri ilə ictimai fəaliyyətə
başlayan Qarabəyli 1905-ci ilin 15 avqustunda Nijni-Novqorod şəhərində
keçirilən Rusiya müsəlmanlarının birinci
qurultayında iştirak edib. “İttifaqi-müslimin”
təşkilatının üzvü, Əhməd bəy
Ağayevin “Difai” partiyasının rəhbərlərindən
biri olub. Həmin dövrdən publisist kimi
fəaliyyətə başlayıb. “Həyat”,
“İrşad”, “Kaspi” və s. nəşrləri ilə əməkdaşlıq
edib. Bəzi mənbələrdə Qarabəylinin
“Hümmət” in yaradılmasında da iştirak etdiyi
bildirilir. 1906-cı ildə o, İrana
mühacirətə gedərək, inqilabi fəaliyyətini
burada davam etdirib, Rəşt tutulduqdan sonra Avropaya mühacirət
etmək məcburiyyətində qalıb. İki il sonra İstanbula gəlib, burada “Səadət”
adlı təşkilat yaradıb.
Həmin il hakimiyyətə gələn “Gənc
türklər” Qarabəyliyə vəzifə təklif etsələr
də, o, bundan imtina edib. 1911-ci ildə Bakıya
qayıdaraq, həkimlik və publisistik fəaliyyətini davam
etdirib, “Haqq yolu” adlı jurnal buraxıb. Qarabəylinin
fəaliyyəti bununla bitmir o, həmçinin, Azərbaycanda
ilk ikicildlik türk-rus lüğətini nəşr etdirib.
Birinci Dünya müharibəsinin (1914-18) başlanması ilə
cəbhəyə yollanan Qarabəyli, rus ordusunun tərkibində
müsəlmanlardan ibarət “Vəhşi diviziya”nın baş həkimi olub.
1917-ci il Fevral inqilabından sonra Bakıya
qayıtdıqdan sonra, bir müddət “Kaspi” və “Yeni həyat”
qəzetlərinin baş redaktoru olub. Mart
soyqırımından sonra Bakını tərk etmək məcburiyyətində
qalan Qarabəyli İmam Necməddin Qotsinskinin dəstələri
ilə birlikdə Dağıstana gedib, bir müddət
oradakı aullarda yaşayıb. 1918-ci il
15 sentyabrda Bakı azad edildikdən sonra vətənə
qayıdan Qarabəyli Bakı bələdiyyəsi tərəfindən
türk ordusu şəninə təşkil olunan tədbirlərin
rəsmi rəhbəri təyin edilib. Azərbaycan
Xalq Cümhuriyyəti Parlamentinə keçirilən əlavə
seçkilərdə onun üzvü seçilib, “İttihad”
partiyası rəhbərliyinin xahişi ilə bu partiyaya daxil
olub, parlamentdə onun fraksiyasına rəhbərlik edib. 1919-cu ilin aprelində “İttihad” partiyasının sədri
seçilib. Qarabəylinin bilavasitə rəhbərliyi
sayəsində “İttihad”ın fəaliyyəti xeyli
canlanıb və o, Azərbaycan Xalq Cümhuriyyəti
dövründə “Müsavat”dan sonra ən güclü siyasi
təşkilata çevrilib.
Aprel işğalından sonra Qarabəyli bir neçə
dəfə həbs edilib, əvvəlcə Arxangelsk vilayətindəki
Solovki həbs düşərgəsinə göndərilib. Nərimanovun
xahişindən sonra Leninin müdaxiləsi nəticəsində
1923-cü ildə sürgündən azad olunub, Moskvaya
köçərək, Rusiya Fövqəladə
Komissarlığının (VÇK) xəstəxanasında
həkim işləyib. Eyni zamanda, bir
müddət Tibb İnstitutunda patoloji anatomiyadan dərs deyib,
Kreml xəstəxanasına rəhbərlik edib. Bununla yanaşı, xalq komissarlığı
Şurasının işlər idarəsində tərcüməçi
olub. 1924-cü ildə
Qırğızıstana köçərək, burada ilk
mamalıq Tibb Texnikumunun əsasını qoyub. 1932-ci ildə
Qırğızıstanda ilk rentgeneloji kabinet təşkil
edib. Sonra Özbəkistana gəlmək məcburiyyətində
qalan Qarabəyli Səmərqənd xəstəxanasında
baş həkimin müavini vəzifəsində işləyib.
1934-cü ildə gizli olaraq Bakıya gələrkən
bir ermənini döydüyü üçün həbs
edilib, həbsdən buraxıldıqdan sonra yenidən Səmərqəndə
göndərilib. 1936-cı ildə Səmərqənddə
vərəm sanatoriyasının baş həkimi işləyib.
Lakin bir həkimin şikayət məktubu əsasında
“pantürkist, panislamist” kimi həbs edilərək, 10 il müddətinə Kolımaya (Rusiya, Maqadan
vilayəti) sürgün olunub. 1947-ci ildə Bakıya
qayıtsa da, burada iş və qeydiyyat problemləri ilə
üzləşdiyindən yenidən Səmərqəndə
qayıdıb. 1953-cü ilin sentyabrında Səmərqənddə
vəfat edib.
Sadıq
bəy Ağabəyzadə
Sadıq
bəy Ağabəyzadə 1865-ci ildə Göyçayda
doğulub. Çar ordusunun general-mayoru, şərqşünas-alim
kimi fəaliyyət göstərib. Orta təhsilini
Bakı realni məktəbində alıb. 1886-cı
ildə Konstantinovsk hərbi-piyada məktəbini bitirdikdən
sonra Mixaylovsk artilleriya məktəbinin üçüncü
kursuna dinləyici kimi daxil edilən Sadıq bəy buranı
bitirdikdə podporuçik rütbəsi alıb. 1899-cu ildə Sankt-Peterburqda Hərbi Şərq Dilləri
İnstitutunu bitirib. Ərəb, fars,
polyak, fransız, rus və türk dillərini bilirdi.
S.
Ağabəyzadə 1899-1913-cü illərdə
Türküstan diyarının Aşqabad Qarnizonunda xidmət
edib. Hərbi xidmətlə yanaşı elmi
yaradıcılıqla məşğul olub, Sadıqbəy
jurnallara ədəbi məqalələr göndərib,
“Turkmenskiy razqovornik” kitabını nəşr etdirib. 1913-cü ildə general-mayor rütbəsi
aldıqdan sonra təqaüdə çıxaraq
Göyçaya gəlib. Burada məktəb
açmaq istəyib, ancaq rus-alman müharibəsinin
başlanması ilə əlaqədar orduya
çağırılıb. Daha dörd il
xidmət edib Göyçaya qayıdıb.
Azərbaycanın
müstəqilliyi
elan edildikdən sonra S.Ağabəyzadə Azərbaycan
Xalq Cümhuriyyətinin daxili işlər nazirinin müavini təyin
olunub. Nazir olduğu müddətdə də
ölkənin inkişafı, xalqın maariflənməsi,
rifahı üçün bir sıra işlər
görüb. 1920-ci ildə Xalq Cümhuriyyəti hökuməti
süqut etdikdən sonra Türkiyəyə gedərək bir
müddət İstanbulda yaşayıb. Bundan bir il sonra Fransaya köçərək burada
şərq dillərindən dərs deyib. 1927-ci
ildə S. Ağabəyzadə Polşaya - Lvov universitetinə
Şərq dilləri fakültəsinə professor kimi dəvət
olunub. O, burada 17 il işləyərək
1944-cü ildə 79 yaşında vəfat edib. Ukraynanın
Lvov şəhərində mərkəzi küçələrdən
biri Sadıq bəy İsmayıl oğlu Ağabəyzadənin
adınadır. Tanınmış Azərbaycan
yazıçısı Əli Səmədli generalın həyatından
bəhs edən “İki ömür yaşamış insan”
adlı sənədli povest yazıb.
(Ardı var)
Samirə
QULİYEVA
525-ci qəzet.- 2015.- 23 may.- S.25.