Təkan ömrü
Başı
min bəlalar çəksə də, heç vaxt öz
soykökündən, dilindən uzaq düşməmiş
xalqımın möhtəşəm elm və təhsil məbədi
olan Bakı Dövlət Universiteti - mənim doğma
Universitetim! Hara getsəm, yolum səndən
başlayır və bütün dünyanı dolaşıb
gəzsəm də, yenə yollarım gəlib sənə
çıxır. Amma hər şeydən
əvvəl sən mənə başlanğıcsan, əvvəlsən,
birincisən və birsən. Ən
yaxşı insanları səndə tanıdım, sevgimi də
səndə tapdım, baxışlarımı
ağaclarına, divarlarına yazdım. Səni ancaq
duyanlar oxuya bilər, çünki sənin dilini hər adam bilmir.
Mən səndə həm elm oxudum, həm həyatı
öyrəndim. Pilləkənlərini oxudum, addım səsləri
uzaqdan gəlirdi. Düz 1919-cu ildən.
Bu addımlar haqqında sonra. Sənin həyətində ağaclar da xoşbəxtdir,
üstündəki quşlar da, çayxanaların da,
kitabxanaların da, hamısı xoşbəxtdir. Mənə elə gəlir, küləklər
ayrı yerdə xətrimə dəyir, amma həyətinəmi
girdim, əllərimi, saçımı,
üz-gözümü doğma anam kimi sığallayır.
Sənin həyətində külək də
xoşbəxtdir. Həyətində havada
yellənən bir kağız parçası da gözəldir,
o artıq yerdə deyil, yerdə olsaydı, zibil olardı, o
uçur, özündə bir sirr gizlədirmiş kimi qanad
açır. Bəlkə kiminsə yaddan
çıxıb qalmış sevgi məktubudur, bilmirəm.
Ağacların altında çayxanalar, tələbələr,
yanlarında çantalar, stəkan və nəlbəki səsləri...
Universitet binasindan həyata axan zəng səsi
elə bil şıdırğı yağışdır, tələbələri
qəflətən tutur, tələsik hamısını binaya
doldurur. Dəfələrlə bu cür
müşahidə eləmişəm, zəng səsini
yağışa, özü də yaz yağışına bənzətmişəm.
Çünki o, yağandan sonra insan beyində
duyğular, düşüncələr göyərdir. Hərdən
fikirləşirəm ki, o zəng səsini ilk dəfə kimi
icad eləyib və Bakı Dövlət Universitetinin ilk zəngini
ilk dəfə kim çalıb? Tibdə
belə bir üsul var, kim komaya
düşürsə, onu ayıltmaq üçün doğma
səslərdən istifadə edirlər. Məsələn,
ana komaya düşübsə, yanında doğma körpəsini
ağlatsalar, onun ayılmaq ehtimalı çox yüksəkdir.
Və mənə elə gəlir, nə vaxtsa ən
ağır yuxulardan məni doğma universitetimin zəng səsi
oyada bilər...
Bakı Dövlət Universiteti Azərbaycanın
xalqının düşüncə və beyin mərkəzidir
və bu mərkəzdə həmişə insanları gələcəyə,
mübarizəyə, haqq-ədalətə səsləyən
bir zəng səsi var. O zəng müqəddəsdir. Bakı
Dövlət Universitetinin sonuncu mərtəbəsinə qədər
pilləkən var və mən hər daş pilləkənə
ayaqlarımı basdıqca, elə bil yaddaşdan-yaddaşa,
ildən-ilə qalxıram, enəndə yaddaşın və
illərin lap dibinə enirəm. Hər dəfə
pilləkənləri qalxıb-endikcə
düşünürəm ki, Bakı Dövlət
Universitetinin əsası 1919-cu ildə qoyulub. Bəlkə, o insanlar heç vaxt
ağıllarına belə gətirməzdi ki, əsasını
qoyduqları bu təhsil ocağı gələcəkdə
dünyanın ən böyük universitetindən birinə
çevriləcək. Bəs bu güc
haradan gəldi? Çünki o vaxt universitetin ilk zəngi
halallıqla çalınıb, bu zəngə elə xassə
verilib ki, o dünyanın o başına da gedə bilər,
dost tapar, insanları bir yerə toplayar. Bu zəngin genetik
kodunda türk təfəkkürünün, qopuzun, sazın,
tarın halallığı var. Onlar əsrlər boyu
bitib-tükənmədiyi kimi, o səs də öz sürətini
heç vaxt itirməyəcək, çünki bu səs
xalqımızın qan yaddaşından gəlir və yenidən
qan yaddaşına dolur.
Pilləkənlər
dedim, yaddaş dedim.
Bəlkə çoxları bunun fərqində deyil, amma
mən həmişə Bakı Dövlət Universitetində
addımlarımın altında canlı bir təkanın
yaşadığını duymuşam. O təkanın içində
bir yuxarı qalxmaq gücü var. Bu təkanları burdan
çıxan insanlar, onların həyəcan, biliyi, təfəkkürü
vermişdi. Dəqiq bilirəm ki, bu təkanların
içində Bakı Dövlət Universitetinin dünya
şöhrətli məzunlarının addımları var.
Ona görə də burdan keçərkən, istər-istəməz
sənə bir yaradıcılıq, quruculuq təşnəsi
gəlir. Bu addımlar nə qədər
insanları göyə qaldırıb. Bu
addımlar doğma universitetimizin ürək
döyüntüləridir, elə buna görə də,
Bakı Dövlət Universitetinin qan dövranı
yaxşı işləyir.
Ulu
öndər Heydər Əliyevin yadigar qoyduğu siyasi, ictimai,
mədəni irs Bakı Dövlət
Universitetində çalışan nə qədər alimlərin,
elm adamlarının, ziyalıların həyat
kompasıdır. Tarixə nəzər salanda
çox aydın görünür ki, bütün məqamlarda
Heydər Əliyevin diqqəti həmişə universitetin
üstündə olub. Ona görə də
tarix Bakı Dövlət Universitetindən bir toz da qopara bilmədi.
Bakı Dövlət Universiteti istər tarixi,
siyasi, ictimai, istərsə filoloji baxımdan Azərbaycanın
bütün ağır tarixi faciəsindən
alnıaçıq, üzüağ
çıxmışdır. Nə siyasi
baxışlarda, nə də ayrı-ayrı adamların mənafeyinə
uğun dəyişmişdir. Universitet
özlüyündə Azərbaycan xalqının yetkinliyini,
mənliyini vahid şəkildə orta qoya bilmişdir,
bütün qarışıq məsələlərdə həm
dövlətçilik, həm millilik, həm də elmliyini
qoruyan bir sərkərdə rolunu mətanətlə idarə
eləmişdir.
37-ci ilin amansız küləkləri heç vaxt
Bakı Dövlət Universitetini elmi tədrisdən
yayındırıb siyasi oyuncağa çevirə bilməmişdi. İlk rektorları heç
bir il işləməmiş işdən
çıxarılırdı və bəziləri güllələndi.
Amansız rejim onun rəhbərlərini və hətta
müvəqqəti olaraq universitetin adını dəyişsə
də, bu qədim elm ocağı içini, elmi strukturunu dəyişmədi.
Bir az keçmiş öz adı yenidən
qaytarıldı. Bu ağır illərdə
Bakı Dövlət Universiteti bir növ Azərbaycan müstəqil
dövlətinin canlı heykəli idi. Ona
görə də onun jurnalistikamıza, ədəbiyyatımıza,
hüquq elmimizə, siyasətimizə verdiyi kadrlar əvəzolunmaz
bir dövlətçilik, quruculuq enerjisini özündə
ehtiva edirdi.
Bakı Dövlət Universiteti istər Təbrizdə,
istər Bakıda, istərsə də, bütün dünyada
azadlıq, müstəqillik duyğularını
aşılayan bir elm ocağı olmuşdur. Azərbaycanın
akademik elm istehsalı ilk dəfə Bakı Dövlət
Universitetində yaranıb, sonra başqa tədris müəssisələrinə
köçmüşdür. Bakı
Dövlət Universitetində 37-ci ildə daha da mətinləşən
birlik, mükəmməlik 60-cı illərdən sonra
özünü göstərməyə başladı. Millilik və dövlətçiliyin şərəfinə
yaradılmış bu universitet heç vaxt ad
gününü yaddan çıxarmamışdı. Rus şovinizmi həmişə Bakı Dövlət
Universitetindən ehtiyat eləmiş və daha doğrusu, ondan
qorxmuşdur. Rus şovinizmi
düşünürdü ki, nə baş versə, birinci
Bakı Dövlət Universitetindən başlayacaq. Ona görə universitet həmişə diqqətdə
və siyasi mühasirədə saxlanılırdı.
Uzun müddət Kirovun adına olsa da,
universitet ondan heç nə yadda saxlamadı, əksinə,
onu tələbələrin və ictimaiyyətin qəzəb
dalğasına tuş gətirdi.
Bakı Dövlət Universiteti bütün vaxtlarda həm
xalqa, həm də dövlətə bağlı olmuşdur. 1920-ci ildə
müstəqilliyimiz süqut etdikdən sonra müstəqillik
rəmzini özündə saxlayan və həm də əks
etdirən, üç rəngli bayrağımız, himnimiz və
bir də Bakı Dövlət Universiteti idi. Bu tam üçlük bir dövləti ifadə edə
bilərdi. Universitet binasının
üstündən milli bayrağımızı asmaq və
qarşısında dövlət himnini səslənməsi ilə
auditoriyalarında rahat dərs keçmək olardı.
1969-cu ildə Heydər Əliyev hakimiyyətə gələndən
sonra bütün sahələrdə olduğu kimi təhsil
ocaqlarında, o cümlədən, Bakı Dövlət
Universitetində yenidənqurma işləri başlandı,
yeni tədris binaları, korpuslar tikildi. Universitet tam
elmi potensialı, tədris gücü ilə fəaliyyətə
başladı. Hər şey dəyişə bilərdi,
amma Bakı Dövlət Universiteti dəyişmədi,
üstündə Sovet Azərbaycanın bayrağı yellənsə
belə, adı Kirovun adına bağlansa belə, içində
öz bayrağını tanıyırdı, öz dövlət
himni bilirdi. Rus imperiyasının kommunist siyasəti
həmişə universiteti ciddi nəzarətdə saxlayıb.
Onun içində milli duyğuların fontan vurmasından ehtiyatlanıb. Milli-mənəvi
əxlaqi dəyərlər, islam dəyərlərinə
yüksək məhəbbət hissi, türkçülüyə
bağlılıq həmişə kommunist rejimini narahat eləyib.
1988-ci il hadisələri zamanı milli müstəqillik
ideyaları ən birinci mənim universitetimdən baş
qaldırdı. Çünki universitetin
azadlıq eşqi və bu yolda mübarizə təcrübəsi
daha böyük idi. Kommunist rejimi nəyin
bahasına olursa-olsun mənim universitetimi mühasirədə
saxlamaq istəyirdi, tələbələrinin mitinqlərdə
iştirakının qarşısını müxtəlif
vasitələrlə almağa çalışırdılar.
Gah tələbələri universitetdən xaric
edir, gah da müəllimləri işdən
çıxarırdılar. Heydər
Əliyevin siyasi zəkası, Yusif Məmmədəliyevin
elmi, Əbülfəz Elçibəyin vətənpərvərliyi,
Bəxtiyar Vahabzadənin “Gülüstan”ı, Xəlil
Rzanın ruhu ilə silahlanmış Bakı Dövlət
Universiteti düşmən qabağına çıxdı,
ölümdən qorxmadı. “Var ol, azad
ol” şüarı ilə milləti ayağa qaldırdı.
Bu qığılcım onun içində 37-ci
ildən, T.Şahbazidən, Ə. Haqverdiyevdən,
M.Paşayevdən qalmışdı. “Azadlıq”
meydanında gələn səslərin içində Bakı
Dövlət Universitetinin səsini hamı o saat tanıdı.
Hamı bildi ki, Bakı Dövlət
Universitetinin azadlıq düşüncəsi xalqını
heç vaxt tək qoymayacaq. Və beləliklə,
Bakı Dövlət Universiteti Azərbaycan müstəqilliyinin
bərpasında böyük rol oynadı.
Bu gün Bakı Dövlət Universiteti
böyüyür, parkında ağacları, üstündə
quşları böyüyür, fakültələri
artır, özünün yataqxanalarını yenidən
yaradır, tədris müəssisələrini artırır,
tərkibində elmi tədqiqat institutları
açılır. Nəinki alimlərin, müəllimlərin,
hətta tələbələrin elmi, sosial inkişafına
köməklik göstərilir. Ölkəmizin hər
bir sahəsində onun ürək döyüntüləri
hiss olunur. Siyasi həyatımızda onun əvəzsiz
payı var, bu gün ölkəmizin siyasi kursunu onun yetirmələri
təyin edir. Hüquq sahəsində əldə
etdiyimiz uğurlar Bakı Dövlət Universiteti ilə
bağlıdır. Hüquqi dövlət
quruculuğu, hüquq təminatı, dövlətin və
insanın hüququ və sosial müdafiəsi mənim
universitetimin elmi tədrisi nəticəsində
formalaşıb. Elmi kadrlar hazırlamaqla
akademiyaya, akademik elmə təkan verib, yazıçılar,
şairlər yetişdirib, bütün elm sahələrinə
ciddi təsir göstərib. Respublika
jurnalistlərinin böyük hissəsi Bakı Dövlət
Universitetinin tələbələridir. Bütün
prokurorların, hüquq və mühafizə işçilərinin
diplomunda mənim universitetimin adı var. Mənsə hər
gün çıxdığım pilləkənlərin
sayını artırmağını görürəm, hər
addımımda bir qürur duyuram. Mənim
universitetim günü-gündən böyüyür, tələbələri
böyüyür, elmi düşüncəsi
böyüyür və beləliklə, dünyaya
çıxış yollarımız böyüyür.
Heydər Əliyev həmişə dövlətin qan
dövranı hesab etdiyi sahələri istedadına, qabiliyyətinə
və layiqli dövlət adamı olduğuna
inandığı adamlara etibar edib. Bu məsələ
asanlıqla və təsadüfən həll olunmur. Dərin erudisiyası ilə insanları seçə
bilən ulu öndər məhz Bakı Dövlət
Universitetinə Abel Məhərrəmov kimi bir alimi seçdi.
Vaxt keçdikcə onun inamı öz təsdiqini
tapdı. Abel Məhərrəmov elmin
yollarında öz zəhməti ilə addımlayan aydın
bir elm adamıdır. Həm dövlət,
həm də sadə xalq adamıdır. O, böyük
bir təhsil mərkəzinə yüksək səviyyədə
rəhbərlik edərək layiqli bir dövlət adamı,
inam, etibar, elm adamı olmağını sübut etdi. Abel Məhərrəmovun titullarını saymaqla
qurtarmaq olmaz. Bu barədə qəzetlər
yazıb, televiziyalar dəfələrlə göstərib.
Ancaq Bakı Dövlət Universitetinin rektoru Abel
Məhərrəmovun heç bir yazıya gəlməyən
elə xüsusiyyətləri var ki, onlar yazılmır.
Yalnız belə anların şəklini çəkmək
olar, dağın, bulağın, zirvənin şəklini
çəkirmiş kimi.
Abel
müəllim Bakı Dövlət Universitetin tədbirlərində
istedadını hiss etdiyi hər tələbəni yanına
çağırıb, gələcək həyat yolunu müəyyən
etmək üçün dəyərli məsləhətlərini
verib. O, min nəfərlik zalda da və otağında bir nəfər
olanda da, həmişə səmimi və təbii
danışıb. Təkcə bir nəfərə,
iki nəfərə deyil, hər bir tələbəyə fərdi
qaydada yanaşıb, qayğılarını öyrəndikdən
sonra problemlərini həll eləyib. O, sadəliyi ilə
bərabər ciddi və tələbkar bir insandır. Hamının dərdinə qalmaq istəyir, adi tələbənin
də, aspirantın da, professorun da. Həmişə
düşünmüşəm ki, həyatda iki cür müəllim
var, daha doğrusu, iki cür rektor. İkisi
də gözəl insandır. Birini işdə
qoyub gələsən, birini isə özünlə gətirəsən.
Özünlə gələn insan heç vaxt səni
tək qoymaz. Lap uzaqda bir ölkədə və ya uzaq
bir adada yaşa, həmin rektor, həmin insan yenə səninlə
olub, sənə doğru, düzgün yol göstərəcəkdir.
Abel müəllim belə bir insandır, səninlə
gedən, səni tək qoymayan insan.
Bakı Dövlət Universitetində bütün tədbirlər çox maraqlı keçir, hətta fotoqrafdan tutmuş mikrofon qurucusuna qədər hamı maraq içində olur. Çünki bilirlər ki, Abel müəllim tək olmayacaq, Azərbaycanın tanınmış insanların hamısını universitetə qonaq dəvət edəcəkdir. Abel müəllim tanımağı və tanıtmağı sevən adamdır. Necə ki, Azərbaycan dövlətini sevən və qoruyan bir insan kimi Bakı Dövlət Universitetini bütün dünyaya tanıtdırır. Onun bütün ictimai, elmi siyasi fəaliyyətinin əsasında dövlətçilik, elmilik və Heydər Əliyev siyasəti dayanır. Məhz bunun nəticəsidir ki, Bakı Dövlət Universitetinin bütün dünya universitetləri arasında böyük nüfuzu var.
...Hərdən dünyanın gərdişindən və ya bir nadanın tufanından qorxmaq məcburiyyətində qalıram. Bəzən kimsəsiz olduğumu hiss edib doğma bir sözün istiliyinə sığınmaq istəyirəm. Elə ki, Bakı Dövlət Universitetinin həyətinə girdim, həyat üzümə gülür, burda həyat başqadır. Sevinən tələbələr, tələbələri qaçırdan zəng səsi, ağacların uşaqlar kimi atılıb-düşməsi auditoriyalar, pilləkənlər və pilləkənlərdə 96 ilin addım səslərinin harmoniyası. Deyirəm, həyat, sən nə şirinsən. Bir də görürəm ki, rektorumuz universitetin həyətində ağaclara qulluq edən bağbanlarla söhbət edir. Tələbələri yanına çağırır, problemləri ilə maraqlanır, xəbərdar olur, kömək edir. Sonra tələbələrlə şəkil çəkdirir və gedir. Mən onun addımlarına baxıram və düşünürəm ki, universitet o addım səslərini heç vaxt unutmayacaq. Çünki bu addımların hər birində bir təkan ömrü yaşayır.
Kəramət
BÖYÜKÇÖL
525-ci qəzet.- 2015.- 23 may.- S.23