Çanaqqala keçilməz...

 

 

 

Şəhərlər də adamlar kimidi; xasiyyəti, zahiri görünüşü, daxili aləmi var. Onları  tərbiyə edən, böyüdən, dəyişən kimdi, kimlərdi, nədi, dəqiq demək çətindi. Əslində, tarixi öyrənmək, binaların memarlığından tutmuş işıq dirəklərinin dizaynına kimi hamısının müəllifini tapmaq mümkündü. Amma hər şəhərin bütün faktların, tarixin fövqündə dayanan, heç nə ilə izah olunmayan ruhu, aurası var. Hava limanından, yaxud dəmiryol vağzalından çıxıb ayağını şəhərə qoyan kimi hiss edirsən bunu. Gözlərin sənin üçün yeni olanları görməzdən qabaq için, ruhun duyur hər şeyi. Və bu mənada ilk təəssürat çox vaxt aldadıcı olmur.

 

...Qəribə ruhu var İstanbulun. Sirrini heç kəs bilmir. Bir udum havasından da sərxoş olursan. Bir az beşiyə, balaca yuvaya bənzəyir - rahatlıq, arxayınlıq gətirir. Amma həm də nəhəng, ucsuz-bucaqsız okeanı xatırladır - içərisində itib-batırsan, özünü itirirsən, emosiyaların, hisslərin bir-birinə qarışır.

 

İndi də Atatürk hava limanından çıxan kimi eyni hissləri keçirirəm. Səbəbini anlamadığım təlaş, sürətlə bir-birini əvəz edən fikirlərim, qatmaqarışıq duyğular. Amma daha çox maraq... Son vaxtlar dünyanın diqqət mərkəzində olan yerləri gəzmək, görmək, bələdçi İrəm xanımın Çanaqqala savaşları haqda həvəslə danışıb təqdim edəcəyi tarixi dinləmək. Beləliklə, İstanbulun sehrindən, havasından, rəngindən “azuqələrimizi” yığıb 100 il öncə Çanaqqala savaşının olduğu yerlərə -  türklərin Gelibolu, yunanların Qallipoli adlandırdığı yarımadaya gedirik.  

 

lll

 

Çanaqqala səfərimizi Türkiyə səfirliyi, Türkiyənin Azərbaycandakı Mədəniyyət Müşavirliyi təşkil edib. Bu birinci qrupun, media nümayəndələrinin, yazıçıların  səfəridi. İkinci qrup isə Çanaqqala zəfərinə həsr edilmiş yazı (məqalə, şeir, hekayə) müsabiqəsinin qalibləri olacaq. Elə bu yerdə, Çanaqqala haqqında təəssüratlarıma keçməzdən öncə bu gözəl, faydalı təşəbbüsə görə, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun bəyə, Türkiyənin ölkəmizdəki Mədəniyyət müşaviri Seyid Əhməd bəy  Arslana təşəkkürlərimi bildirirəm.

 

Seyid Əhməd bəyin ideyası olan müsabiqənin elan edilməsiylə xeyli qələm adamının diqqəti bu mövzuya yönəldi. Böyük zəfərə həsr edilmiş çoxlu sayda şeirlər, hekayələr, məqalələr yazıldı, mətbuatda çap olundu... Amma sadəcə tarixi öyrənməklə, bu haqda filmlərə baxmaqla savaş yerlərini canlı görmək, yüz il öncəni təsəvvürə gətirmək eyni deyil və bu mənada məhz qələm adamlarının, yazı əhlinin səfəri  yerinə düşür. Çox güman ki, yaxın gələcəkdə Anar müəllimin hansısa əsərində, Əflatun Amaşovun, Akif Aşırlının, Rəşad Məcidin məqalələrində, yazılarında bu Çanaqqala səfərinin izlərini görəcəyik. Ədəbiyyatımızın və mətbuatımızın komandanlarıyla bərabər siyasi icmalçı Elxan Şahinoğlu, “Naşir” jurnalının baş redaktoru Gülnar Məsimli, APA-nın, ATV telekanalının əməkdaşları,  hamımız birgə “Vilusa turizm”in işçisi İrəm xanımın bələdçiliyi ilə İstanbulu arxada qoyub Geliboluya, Çanaqqala elinə gedirik.

 

lll

 

Feribota - bərəyə minib boğazın o biri sahilinə, şəhər mərkəzinə keçirik... Hava küləklidi... Həm günəşli, isti, həm də küləkli hava qəribədi bir az. Külək tutmayan yerdə istidən bişirsən, bir az açıqlığa çıxan kimi tir-tir əsirsən. Külək dənizin soyuğunu canına doldurur, saçlarını qarışdırır, tozu yerdən qaldırıb havada fırladır, göz açmağa imkan vermir. Hələ rütubət də başqa bəladı. Nədənsə ilk ağlıma gələn qadınlar olur. Burda saç düzümü, makiyaj davam gətirməz, ürəyin istəyən ətəkləri, paltarları geyinə bilməzsən. Görünür, iqlim hər şeyə təsir edir, insanların zövqünə də, tarixə də... “Rüzgarlar Çanaqqalaya xeyir-bərəkət, ruzi gətirir” - deyirlər. Mərmərə, Egey dənizindən, Çanaqqala boğazından üzüb keçən gəmilər küləyin ucbatından burda dayanmalı, sahilə yan almalı olublar... Bununla da ticarət, müxtəlif əlaqələr yaranıb. Elə yüz il öncəki savaşlarda da külək bəzi döyüşlərdə türklərə kömək olub. Amma səfərimiz boyu, gəzdiyimiz gördüyümüz döyüş yerləri, onların kiçik tarixçələri, savaşla bağlı rəvayətlərdən əxz elədiyim odu ki, qələbənin  başlıca səbəbi türk xarakteri, dönməzliyi, mübarizliyi, mərdliyidi. İngilis generalı, döyüşlər zamanı Anzak ordularının komandiri olan Uilyam Bidvudun türk əsgərləri haqda dedikləri bu mənada təsirlidi:

 

“Türk əsgəri qədər vətəni üçün gözünü qırpmadan ölümə gedən, savaş meydanında müdhiş cəsarət göstərən, fırtınalar qoparan, amma döyüş bitən kimi saf  ürəyi yumşalan, düşmənin yaralarını sarıyan, onu kürəyinə alıb daşıyaraq ölümdən qurtaran başqa bir əsgər yer üzündə görünməyib...”

 

 ...Birinci Dünya müharibəsi zamanı 1915-1916-cı illərdə Osmanlılarla  Antanta Dövlətləri (İngiltərə, Fransa, Anzaklar - Avstraliya və Yeni Zelandiya orduları) arasında baş verən dəniz və quru döyüşlərinin, Çanaqqala müharibəsinin səbəbi İttifaq dövlətlərinin İstanbulu alaraq boğazların idarəsini ələ keçirmək, Rusiyayla etibarlı bir qida və hərbi ticarət yolu açmaq istəyi idi. Onlar alman müttəfiqlərindən birini zəiflətmək məqsədi ilə Çanaqqala boğazına girirlər. Ancaq bu hücumlar müvəffəqiyyətsiz olur və iki tərəfin də çox ağır itkilər verməsiylə İttifaq dövlətləri geri çəkilirlər. Osmanlı tərəf daha çox itki verir. Amma bu döyüş türklərin möhtəşəm qələbəsi kimi əfsanələşib. Türkiyə Cümhuriyyəti qurulduqdan sonra isə ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi gün - 18 mart - Çanaqqala Şəhidlərini Anım Günü elan edilib. Bu günün şərəfinə Çanaqqalada 18 mart Universiteti də açılıb. Ona görə bu kiçik şəhərciyin əsas əhalisini tələbələr, müəllimlər, məmurlar təşkil edir. Əhalisinin sayı təxminən 150 min olan Geliboluda turistlər yerlilərdən daha çoxdu. Türkiyənin və dünyanın müxtəlif yerlərindən Çanaqqalanı gəzməyə, görməyə gələnlər hərəsi öz dili, tərzləri, geyimləriylə qəribə bir polifoniya yaradıblar. Xüsusən də anım yerlərində, məzarlıqlarda, muzeylərdə bu daha çox hiss olunur. Bələdçilərin müxtəlif dillərdə izahları, şərhləri bir-birinə qarışır. Türkiyənin hansısa kəndindən gələn hicablılardan bir neçə addım o tərəfdə balaca, cılız uşaqlara bənzəyən yapon xanımları, onların lap yanında fotolar çəkdirən ingilislər, aşağı əldə deyilənləri qeyd edən tələbələr, bir az bu tərəfdə heyrətdolu baxışlarıyla şüşə başdaşıları seyr edən məktəblilər, hamı, hər kəs burda gördüklərinin, eşitdiklərinin təsirinə düşür və bu tarixin, rəvayətlərin özü də sanki adamları doğmalaşdırır, yaxınlaşdırır... Simvolik məzarlıqlarda heç kəs dəfn olunmayıb. Sadəcə, Çanaqqala şəhidlərinin adlarını əbədiləşdirmək üçündü bunlar. Məzarların üstündə şəhidlərin adı, doğum yerləri yazılıb.

 

Anım yerlərini, məzarlıqları gəzdikcə bələdçinin danışdıqlarını dinlədikcə türklərdəki mübariz ruhun, əsgəri xidmətə münasibətin, vətənpərvərliyin səbəbini daha yaxşı anlayırsan. Dövlət siyasətindən tutmuş tarix kitablarına qədər, ən adi bir tur bələdçisindən, müəlliminə, polisinə kimi hamı hər kəs bunu təlqin edir uşaqlara. Gənc nəsli o cür yetişdirir.

 

Türkiyə Kültür Bakanlığının əməkdaşı Nəslihan xanımdan öyrəndik ki,  hökumətin qərarı ilə böyük bir layihə təsdiqlənib;  ölkənin müxtəlif bölgələrində, şəhərlərində, kəndlərində yaşayan, təhsil alan yeddi yüzdən artıq türk məktəblisinin dövlət hesabına Çanaqqala turları təşkil olunur. Tur rəhbərləri yaş qruplarına uyğun şərhlər verir, tarixi onların anlayacağı formada təqdim edirlər. Bu layihənin uşaqların tərbiyəsinə, zövqünə necə təsir edəcəyini düşünəndə yaxşı mənada həyəcanlanmaya bilmirsən. Axı uşaqlar özlərini həmişə qəhrəmanlara, güclülərə bənzətmək istəyirlər... Rəvayətə görə döyüşün həlledici məqamında 275 kiloluq mərmini qaldırıb top lüləsinə yerləşdirən, düşmən gəmisinə atıb zərərsizləşdirən Seyid Onbaşı haqqında danışılanlar onlara necə təsir edəcək?! Müasir cizgi filmlərinin, fantastik filmlərin “yapdığı” süni, yabancı spaydermenlərlə, terminatorlarla ən gözəl mübarizə, rəqabət üsulu elə budur. Öz tariximizi, qəhrəmanlarımızı, əfsanələrimizi anlatmaq, sevdirmək. Həm də lap indi, bu yaşda hər şeyi anlamasalar belə muzeylərə, tarixi yerlərə ekskursiyalar tərbiyəyə, xarakterə mütləq təsir edir. Çimənlik qalasına ekskursiyaya gələn balacalar da elə tərbiyələri, nəzakətləriylə yadımızda qaldılar.

 

Qalanın bağçasında o dövrə aid silahlar, toplar, mərmilər var. Əsgər geyimlərində bələdçilər bunlar haqda danışır, şərhlər verirlər. Gənc əsgər söhbətinə başlayar-başlamaz ikinci mərtəbədən bir qrup balaca ziyarətçi hayla-küylə gördükləri ilə bağlı təəssüratlarını bir-birinə aman vermədən danışa-danışa aşağı enirlər. Bələdçi sözünə fasilə verib gözləyir, amma görəndəki bunların müzakirəsi bitmək bilmir, bircə kəlmə, “Arkadaşlar!” - deyir. O dəqiqə başa düşürlər səhvlərini, susurlar, bəziləri pıçıldaşır. Amma qarşımızdan keçəndə hamısının xorla “özür diləriz” - demələri hər kəsi təsirləndirir. Çağdaş lovğa dünyanın, böyüklə kiçiyin yerinin bilinmədiyi zamanın fonunda bu uşaqlar və onların davranışı ümid verir insana. Həm də bu cür ekskursiyaların, gəzintilərin effektini bir daha anlayırsan. Uşaqlar muzey gördükləri üçün, tarixi abidələri gəzdikləri üçün bu yerdə, bu məqamda “özür diləmək” lazım olduğunu bilirlər. Həm də bütün tur boyu onun da şahidi olduq ki, türklər gələnləri - milliyyətindən, yaşından asılı olmayaraq bütün ziyarətçiləri maraqlandırmaq, düşündürmək üçün hər şey edirlər. Məsələn, elə bu Çimənlik qalasında uşaqların diqqətlərini cəlb edəcək suallar yazılmış tablolar var, əsgər geyimində aktyor eksponatların arasında gəzişib hadisələr danışır. Heç şübhəsiz, bu hadisələr uydurulub. Amma quru, rəsmi məlumatlardan yorulacaq turist üçün bunların nə qədər maraqlı, yaddaqalan olmasını təsəvvür etmək çətin deyil. Bir sözlə bu turlarda hər kəs özüyçün maraqlı olan, özünə uyğun nələrəsə diqqət edə, yadda saxlaya bilər. Yazı əhlini isə sadəcə hadisələr yox, həm də alt qatında hansısa fərqli məna, anlam, fəlsəfə gizlənən məqamlar təsirləndirir. Müxtəlif şəhidlikləri, məzarlıqları gəzdikcə, tarixçələri dinlədikcə Şərq və Qərb psixologiyasındakı fərqləri, düşüncə tərzindəki özəllikləri müzakirə edirik. Döyüşlər zamanı türklər əsir düşən ingilis, fransız yaralı əsgərlərini xəstəxanalara yerləşdirir, müalicə edirdilər. Düşmən tərəf isə həmin xəstəxanaları topa tutur özününküləri də qırırdılar. Şərhsiz!!! Elə Atatürkün də bu torpaqlarda şəhid olan Anzaklar haqda dediklərini necə şərh edəsən:

 

“Bu məmləkətin torpaqları üstündə qanlarını tökən qəhrəmanlar! Burada dost bir vətənin torpağındasınız. Hüzur və sükut içində uyuyunuz. Sizlər Məhmədciklərlə yan-yana, qucaq-qucağasınız. Uzaq diyarlardan övladlarını müharibəyə göndərən analar! Göz yaşlarınızı ovudun. Övladlarınız bizim bağrımızdadır, hüzur içindədirlər və hüzur içində rahat-rahat uyuyacaqlar. Onlar bu torpaqda canlarını verdikdən sonra artıq bizim övladlarımız olmuşlar”.

 

Çanaqqala abidəsinin də yerləşdiyi parkda, daş kitabə üzərində yazılmış bu sözləri oxuyan hər kəsdə təkcə Atatürkün böyüklüyü, şəxsiyyəti, müdrikliyi yox, həm də ümumiyyətlə türk xarakteri, türk qəlbi, düşüncəsi haqda təsəvvür yaranır.

 

lll

 

Çanaqqala Şəhidlər abidəsinin tikilişi 1960-cı ildə başa çatıb. Hündürlüyü 41,7 metrdir. Bu rəqəmin özü də Atatürkdən gəlir. O, Çanaqqala haqda çıxışlarından birində - bu zəfərin şərəfinə 40 metrlik abidə ucaldılmalıdı - deyib. Memarlar qırx metrin üzərinə Atatürkün boyunu da əlavə ediblər   bu hündürlükdə abidə inşa olunub. Dörd tərəfdən açıq abidənin qəribə akustika sistemi var. Ən uğurlu olan isə məkandı. Müxtəlif tərəflərdən baxanda sütunlar arasındakı boşluqlarda gah dənizi, gah meşəni, gah da səmanı görə bilərsən. Ümumiyyətlə burada  mistik aura yaradan detallardan biri də təbiətlə tarixin vəhdətidir. Təbiət sanki tarix üçün fondur. Bizlərdən ötrü dəniz Abşeronun şoranlığından, rəngsizliyindən keçib yetişdiyimiz rahatlıqdı, təbiətdi, rəngdi... Yaxud meşə də eyniylə bu cür, şəhər mühitindən, asfaltdan qaçıb sığındığımız, ciyərdolusu nəfəs aldığımız yerdi. Burda isə dəniz də, meşə də tarix adlı tablonun fonudu. Qabaqda, iri planda döyüşlər, hadisələr, bir sözlə tarix görünür, arxa planda isə dənizin mavisi, meşənin yaşılı...

 

lll

 

Troya şəhərinin xarabalıqlarını gəzdikcə, qədim tikililərin qalıqlarına, qala divarlarına tamaşa etdikcə məşhur Troya əfsanəsini yada salırıq. İrəm tarixdə ilk rüşvətin, qadın ucbatından ilk ədavətin məhz burda, bu yerlərdə yaranmasını danışır. Yunan mifologiyasına görə Troya çarı Paris yunan qızı gözəl Yelenaya aşiq olur, onu  qaçırdır. Bundan qəzəblənən Yelenanın əri ordusuyla bərabər Troyanı mühasirəyə alır. Bir neçə günlük nəticəsiz mühasirədən sonra yunanlar hiyləyə əl atırlar, taxtadan nəhəng at düzəldib əsgərləri içərisində gizlədirlər. Troyalılar bunu barış, sülh bəxşişi kimi qəbul edib sevinirlər. Lakin gecə vaxtı “bədbəxtlik gətirən bəxşiş”in içərisindən çıxan döyüşçülər şəhərin qapılarını açıb ordunu içəri buraxırlar, beləliklə troyalılar uduzurlar. Bu əfsanə Homerin “Odisseya”, Vergilinin “Eneida” əsərində öz əksini tapıb. İndi Troyada bu əfsanənin simvolu olan iki taxta at abidə var. Birini 60-cı illərdə türklər düzəldiblər. Digərini isə “Troya” filmi üçün ingilislər yaradıb, sonra bu fiquru şəhərə hədiyyə ediblər.

 

Bələdçimizin dediklərini dinlədikcə bu cür əfsanələri kimlərin uydurmasını, onların necə yaranmasını düşünürəm. Və ən maraqlısı odur ki, bunların bir az dərinliyinə gedəndə zamanın insanı heç dəyişmədiyini, xislətin, xarakterin olduğu kimi qalmasını anlayırsan. Min illər öncə qadına görə müharibələr olurdu, indi bu “müharibə”lər sadəcə şəklini dəyişib, eramızın o tayında güc yetməyəndə hiylə işlənərmiş, elə indiki kimi...

 

...Hə, bir də onu da öyrəndik ki, troyalılar vəhşi heyvanlardan qorunmaq üçün evlərinə qapı, pəncərə qoymazlarmış, evə damdan girərlərmiş... Bu adət isə şükür ki, dəyişib.

 

lll

 

Təşkilatçıların həssaslığını, insanların qonaqpərvərliyini hər addımda hiss etmək olur. Səhər oteldən götürüb axşama qədər gəzdirirlər. Şübhəsiz, yemək və dincəlmək üçün çay fasilələri öz yerində. Həm təəssürat zənginliyindən, həm mövzuların ağırlığından, qəlizliyindən qəribə, xoş bir yorğunluq da hiss edirsən. Və bir anlıq nədənsə yaşadıqlarımız, günümüz, getdiyimiz yerlər reallığa yox, bədii əsərə, filmə bənzəyir. Hətta hava, təbiət bu film üçün, əsər üçün xüsusi effektlər də yaradır. Küləyin bir an içində sakitləşib yenidən qalxması, günəşin tutulub açılması, dənizin birdən əsəbi, birdən sakit-sakit ləpələnməsi... Bir sözlə yaradıcı adam üçün yaşamağa, yazmağa, düşünməyə hər cür şərait var burda. Tarix, təbiət, izaholunmaz mistika, sakitlik... Amma o da insan xarakterinin qəribəliyidir ki, bu cür gözəlliklərin hamısını cəm halda görəndə təkcə həyat yox, ölüm haqda da düşünürsən. Bəlkə “ölməzlik” məhz ölümə verilib, ona görə... İnsan itirmək istəmədiyi xoşbəxtliyi, rahatlığı ölümlə əbədiləşdirmək istəyir... “Ölüb qalmalı yerdi!” - deyiminin mənasını bu məqamda daha yaxşı dərk etmək olur.

 

Çanaqqalada şəhid olan yüzlərlə insan da məhz burada, bu gözəllik içərisində “ölüb qalıblar”... Amma çox güman ki, ruhları uzaqlaşmayıb. Bəlkə elə bu yerlərin sehrli ab-havası da, əsib-coşan küləkləri də ruhların işidi.

 

lll

 

Türk şairi Nəcməttin Xəlil Onan Çanaqqala savaşından ilhamlanıb “Bir yolçuya” şeirini yazıb... Şeirin iki misrası yarımadanın az qala hər yerindən görünən təpədə iri hərflərlə yazılıb:

 

Dur yolçu, bilmədən gəlib basdığın

Bu torpaq bir dövrün batdığı yerdir...    

 

Nədənsə bu misralarda sadəcə, elə “dur yolçu...” sözləri təsir edir insana. Şair boğazdan üzüb keçən gəmiləri, yolçuları bu müqəddəs torpaqda durmağa, Çanaqqala adlı dastanı vərəqləməyə çağırır... Və həqiqətən də burdan keçən gəmilər, hansı ölkəyə aidliyindən asılı olmayaraq, durur, dayanır, bayrağı endirir şəhidlərin ruhunu yad edir.

 

... Əgər doğrudan da şəhərlərin adamlar kimi xarakteri varsa, Çanaqqala yüz çətinlikdən, sınaqdan çıxmış müdrik bir ağsaqqala bənzəyir. Onunla hüzur tapırsan, daxilən zənginləşirsən, dolursan...

 

lll

 

Yenə də İstanbul... Şəhərin girişindəki rəqəmlər baş gicəlləndirir; əhalinin sayı, ərazisi... Bir il öncə burada müşahidə etdiyim bir məqam yadıma düşür. İstanbulun yeni turist xəritəsinin üzərində Konstantinopol yazılmışdı. Buna çox təəccüblənmişdim, amma bir az diqqət edəndə turistlərin yunan olduğunu başa düşdüm və hər şey aydın oldu. Yüz illər keçməsinə baxmayaraq Konstantinopolun itkisi ilə barışa, bunu türklərə bağışlaya bilmirlər. Burdan 300 kilometr aralıda, Çanaqqaladakı məzarlıqlarda uyuyan şəhidlər də İstanbulun əbədi bir türk məskəni, türk şəhəri olmasıyçun canlarından keçiblər. Və bəlkə, İstanbulu bu qədər əziz, sevimli edən də qorumaq, saxlamaq uğrunda çəkilən əzablardı... 

 

 

PƏRVİN

525-ci qəzet.- 2015.- 23 may.- S.20-21.