Taleyini özü yaradan dostuma
Əzizim,
Vaqif Bəhmənli!
Biləndə ki, 23 mayda 60 yaşın tamam olur, xeyli düşündüm. Nə gizlədim,
səni heç cür illərlə yaddaşımızda formalaşmış
“qorxulu” 60 yaş qiyafəsində təsəvvür
eləyə bilmədim.
Axı, deyəsən, bu qloballaşan dünyada, bu qaçaqaç, qovhaqov zamanında 60 yaş sən deyən qədər də çox deyil. Mən həm də
bu sözləri təsəlli üçün
yox, 60 yaşı yola salmış həmkarım kimi deyirəm. Maşallah, ədəbiyyatımızda adaşların da kifayət qədərdi.
Molla Pənah Vaqifdən üzü bəri qələm əhli olan Vaqifləri yada salıb göz önünə gətirdim:
Vaqif Səmədoğlu,
Vaqif Nəsib, Vaqif İbrahim, Vaqif Musa, Vaqif Bayatlı, Vaqif Yusifli, Vaqif Sultanlı, Vaqif Aslan... və sən Vaqif Bəhmənli... Nə deyim, dünyasını
dəyişənlərə rəhmət, qalanlara cansağlığı. Molla Pənah
Vaqifdən savayı yerdə qalan Vaqiflərlə az-çox
haqq-salamım olub, bu gün də
var.
Bu Vaqiflərin də
hər birinin ədəbiyyatımızda öz
yeri, öz sözü.
Əziz
qardaşım Vaqif, sənin isə mənim qəlbimdə öz mötəbər, həm də dəyişməz, ədəbi
yerin var. Çünki
səni daha gənc yaşlarından, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi
olduğun çağdan
tanıyıram. Bütün ruhunla,
duyğu-düşüncənlə mənə doğma və əzizsən.
Bu qloballaşan dünyamızda
çox dəyərlər,
tanıdığımız çox adamlar dəyişib. Amma səni illər
öncə necə tanımışamsa, eləcə
də qalmısan, illər batinini dəyişməyib. Dövranın gərdişinə mətanətlə
sinə gərmisən.
Bütün mənfiliklərdən, naqisliklərdən
özünü qorumusan. Mən sənin
üz-gözündə Bəhmənli
kəndindən, Araz qırağından gətirdiyin
o uşaqlıq-yeniyetməlik saflığının parlaq
təcəssümünü görürəm. Çünki sən xalqını, el-obanı sevən, adət-ənənəsinə önəm
verən, öz şəxsi həyatında,
ailəndə yaşadan
kişilərdənsən. Xeyirxah, qayğıkeş insansan.
Bütün bunlar öz
yerində, sən həm də istedadlı şair, gözəl publisistsən.
Bir küll halında sənin yaradıcılığına
nəzər salanda, doğrusu, heyrətlənməmək
olmur. Məsul vəzifənlə yanaşı, vaxt tapıb bu qədər
ehtirasla, iradə ilə bədii yaradıcılıqla məşğul
olmağın qibtə
ediləcək qədər
geniş və əhatəlidir. Çoxlu sayda şeir, publisistika kitablarının, sənədli
nəsr əsərlərinin
müəllifisən.
Çox
hörmətli Vaqif bəy! Mən bu qısa təbrik məktubunda sənin yaradıcılıq
məziyyətlərindən bəhs etmək fikrində deyiləm.
Sənin
yaradıcılığın haqqında kifayət qədər yazılıb
və yazılacaqdır.
Çünki sənin şeirlərin,
publisistikan ruhumuzla həmahəngdir, doğmadır.
Şeirlərində o qədər
səmimi, o qədər
açıqsan ki... Hələ sənin ürəyə yağ
kimi yayılan xəfif yumorun. Adi həyat həqiqətlərini
çox sadə, aydın, amma həm də qeyri-adi şəkildə bizə qaytarırsan.
Şeirlərindən birindən
bir parçanı burada xatırlatsam, yəqin, yerinə düşər:
Bilirsənmi, qardaş,
ölmək üçün
nə lazımdı? -
Ölmək üçün,
qardaş,
öləndən sonra da
yaşayacağına umud,
vəfalı çiyinlərə
layiq tabut,
Sükut...
Sükut...
Sükut...
bir az da
səs lazımdı.
Şeirlərində insanları xoşbəxt etmək istəyin o həddədir
ki, hətta “Allahlıq” eşqinə düşürsən:
Yetən
yetib çaldı düyün,
Bir yol sən də günah eylə.
Allah, məni beş-altı gün,
Öz yerində
Allah eylə.
... Beş-altı gün, nolar, Tanrım -
Bu dünyanı düzəltməsəm
Nurun mənə qənim olsun,
Yer üzündə Allah kəsən
Sonuncu baş mənim olsun.
Qardaş, bu ki arzunun,
istəyin son həddidi. Qoy səni
Allah qorusun.
Vaqif bəy,
mətləbi uzatmaq istəmirəm. Sənin 2013-cü ildə yazıb nəşr etdirdiyin “İlin beşinci fəsli. Kamran” sənədli romanından əsərinin
qəhrəmanı Kamran
Hüseynovdan gətirdiyin
epiqrafı burada təkrarlamaq istədim: “Taleyimdən razıyam. Onu özüm yaratdım.
Oxutmadılar - oxudum. Evləndirmədilər - evləndim.
Böyütmədilər - böyüdüm. Dayağa söykənmədim, dayaq oldum. Öyrətmədilər - öyrəndim...”
Əziz qardaşım, bu fikirləri yüzdə yüz sənin özünə də şamil etmək olar. Sən də öz
taleyini özün yaratmısan.
Hər səhifəsi
çox mənalı,
yaddaqalan və şərəfli bir tale. 60 yaşın mübarək!
Mustafa Çəmənli
525-ci qəzet.- 2015.- 23 may.- S.19.