Ulduzlar

 

Ulduzlar havada sayrışan zaman,

Mən evdən çıxıram seyr etmək üçün.

Başımın üstündə cəmi dörd ulduz,

Sayrışır - sayrışır mənə baxaraq.

Kədərlə üzümə baxırlar mənim

Kədərlə göz vurub gülümsəyərək.

 

lll

 

Birinci ulduzum atamdır mənim,

Aydındır yoluma düşən işıqla.

İkinci ulduzum anamdır mənim,

Danışmır qəmini gizlətmək üçün.

Üçüncü ulduzum mənim özümdür,

İşıqlı deyiləm, aydın deyiləm

Sabahım qaranlıq, taleyimsə sərt

Dördüncü ulduzum xalqımdır mənim,

Torpağım, vətənim, dilimdir mənim.

    

lll

 

Birinci ulduzum tez söndü qəfil,

Ulduzlar içində itib yox oldu.

İkinci ulduzum sönmək üzrədir,

Zəif şölələri közərir sanki.

Üçüncü ulduzum sönür - işarır

Tezliklə sönəcək o da yəqin ki.

Dördüncü ulduzum yanır, yanacaq,

İşığı get - gedə artacaq həmən

İşığı daima qalacaq onun.

 

Kədərliyəm, ya Rəbbim!

 

a Rəbbim, kədərdir mənim ətrafım,

Hara baxıramsa kədər görürəm, hara baxıramsa qüssə görürəm,

Bilirəm xoşbəxtlik uzaqlardadır,

Bilirəm səadət ulduzlar qədər məndən uzaqdır

Görürəm qaranlıq tərk etmir məni,

Qaranlıq içində boğuluram mən.

Mənim gəncliyimi didib dağıdıb,

məhv edib bütün.

Görürəm qismətə inanmaq çətin -

Sən demə, xoşbəxtlik dünəndə qalıb.

Mənim sabahlarım dünəndə qalıb,

Arzularımtək.

Sən demə, vaxtı ilə mənim payıma

səadət düşüb

Bilməmişəm mən.

Xərclənib qurtarıb heç qalmayıb,

Bitmiş səadətlə yaşamaq çətin

Sevincsiz yaşamaq ondan da çətin.

 

Xoşbəxtlik

 

Bir zamanlar məndə gənc idim, cavan idim,

Kasıb idim neyləyim?

Kədərimlə, qəmimlə hamıdan varlı idim

Gün çıxardı hər yana,

Mən kölgədə qalardım

İsitməzdi şüası, məni ailəmi.

lll

Anam çöldə əkində biçində çalışardı,

Atam gecəyə qədər əlləşib vuruşardı.

Səadəti axtarıb ardıyca hey qaçardıq

İndi isə biz çatmışıq

Həmişə arzusunda olduğumuz günlərə

Patefon bir tərəfdə, radio digər tərəfdə

Xoşbəxtəmmi?

Bilmirəm.

Həmişə arzusunda olduğum o günlərə

Çatmaq səadət deyil.

Səadətim yenə kölgədə qalıb mənim

Məni isitmir yenə.

Ah... Xoşbəxtlik, səadət,

Sən əlçatmaz zirvəsən.

 

Yanka KUPALA

 

Belarus dilindən çevirəni:

İsfəndiyar VAHABZADƏ

525-ci qəzet.- 2015.- 23 may.- S.19