İsfəndiyar Vahabzadə: “Diplomatiya yalnız gücə söykənəndə
silahdır..."
Səfir bir ölkəni başqa bir ölkədə təmsil
edir. Onun diplomatik hazırlığı,
peşəkarlığı, ləyaqəti, biliyi və qətiyyəti, baş verən ictimai-siyasi proseslərə
milli maraqlardan çıxış edərək
vaxtında münasibət
bildirməsi böyük
elçinin fəaliyyətinə
verilən qiyməti müəyyənləşdirir. Qədim diplomatiya tariximizlə öyünərək
qeyd etmək olar ki, müstəqilliyin
yenidən bərpasında
ötən 23 il ərzində sanballı diplomatlarımız
yetişmişdir.
Səfir İsfəndiyar Vahabzadə
məhz belə diplomatlardan biridir. Bu, illərlə ictimai-siyasi mövzularda yazan, diplomatik fəaliyyətlə
bağlı informasiya
bankında kifayət qədər məlumatı
olan bir jurnalistin qənaəti deyil.
Səfir Azərbaycanı hansı ölkədə təmsil
edibsə, həmişə
həmin ölkənin
siyasi rəhbərliyinin
rəğbətini qazanıb,
peşəkarlığı və qətiyyəti ilə seçilənlər
sırasında olub. Zəngin biliyə
malik olan səfir həm də bir elm adamı kimi fəaliyyət göstərdiyi
ölkələrdə elmi
və mədəni ictimaiyyətin, nüfuzlu beynəlxalq təşkilatların
nümayəndəliklərinin, habelə beyin mərkəzlərinin diqqətini
çəkib. O, bir
çox mükafatlara
layiq görülüb.
Bu yaxınlarda Azərbaycanın
Belarusdakı fövqəladə
və səlahiyyətli
səfiri İsfəndiyar
Vahabzadə Belarus Yazıçılar
Birliyinin qərarı ilə iki ölkə arasında elmi-mədəni
əlaqələrinin genişləndirilməsinə
verdiyi töhfəyə,
Belarus ədəbiyyatının görkəmli nümayəndələrindən
etdiyi tərcümələrə,
habelə “Sovet dövründə Qafqaz ədəbiyyatşünaslığı” mövzusunda oxuduğu sanballı mühazirələrə
görə Belarus Yazıçılar
Birliyinin Fəxri fərmanına, Qızıl
Qələm ordeninə
layiq görülüb.
Belarus Yazıçılar Birliyinin sədri Nikolay İvanoviç Çerginets səfirin ünvanına səmimiyyətlə
dolu bir məktub göndərib.
Təqdirəlayiq haldır. Biz
də təbrik edirik. Ümid edirik ki, bənzər
mükafatların davamı
olacaq.
Məlumat üçün qeyd edək ki, səfirin
diplomatiya yolu hələ Sovet dövründə Əfqanıstanda
başlamış, sonradan
Avropaya uzanmış,
indi də MDB məkanında davam edir. Bu yol keşməkeşlidir,
ancaq şərəflidir.
Bu yola səfiri uğurlayan möhtərəm
prezidentimizdir. Ona görə də
səfirin çiyinlərindəki
məsuliyyət yükünün
ağırlığını kəsdirmək olar.
İsfəndiyar Vahabzadə Namiq
Kamalın “Şəhidlik
son rütbəsidir əsgərin”
misrasını özünəməxsus
təhlil edərək
deyir: “Şəhidlik həm də diplomatın son rütbəsidir”.
Diplomat da bir
əsgər kimi ölkəsinin milli maraqları, vətəni üçün vuruşmalıdır.
Bu vuruşma bir
qədər fərqlidir.
O, diplomatiyanın döyüş
meydanında gedir.Məğlubiyyət
yolverilməzdir, xüsusilə
də indiki zamanda. Son 80-100 il
ərzində Azərbaycanın
nə qədər görkəmli dövlət
və ictimai-siyasi xadimləri, 100-ə yaxın
türk diplomatı erməni terrorunun qurbanı olub. Bu gün də
nə Azərbaycan nə də türk diplomatları
terror təhlükəsindən sığortalanmayıb.
Dünya ikili standartların əzabını çəkməkdə,
faciəsini yaşamaqdadır. Demokratiya da,
insan haqları və azadlıqları da, söz və
vicdan azadlığı
da bəzi dairələr, beynəlxalq
təşkilatlar, dövlətlər
üçün öz
çıxarları naminə
çoxdan alver predmetinə çevrilib.
Buna canlı sübut
Dağlıq Qarabağ
münaqişəsinə dünyanın
aparıcı güclərinin
göstərdiyi qeyri-obyektiv,
ədalətsiz münasibətdir.
Ölkəmiz iqtisadi cəhətdən
inkişaf etdikcə, Azərbaycan ordusu daha da gücləndikcə
prezident İlham Əliyevin ölkənin milli maraqlarına söykənən alternativsiz
siyasəti daha çox uğur gətirir. Birinci Avropa Oyunlarının
ölkəmizdə keçirilməsi
də tarixi bir hadisədir. Bu oyunların keçirilməsinə
mane olmaq istəyənləri
də, qara yaxmaq kampaniyasının aparıcı oyunçularını
da görmək üçün böyük
ekspert olmağa da ehtiyac yoxdur.
Lakin zaman dəyişib.
Respublikamız möhtərəm prezidentimizin
timsalında nüfuz və qətiyyət ortaya qoyub.
Respublikamız beynəlxalq
aləmdə illər
öncə olduğu kimi təklənmiş durumda deyil. Onun strateji müttəfiqləri
də var, qarşılıqlı iqtisadi
əməkdaşlıqdan bəhrələnən
tərəfdaşları da.
İndi Azərbaycan kifayət qədər güclü bir dövlətdir. Diplomatiya isə yalnız gücə söykənəndə
silahdır. Ayrı halda
o, boş-boş danışmaqdan
başqa bir şey deyil. İndi torpaqlarımızı işğal
etmiş Ermənistan da, onun havadarları
da Azərbaycanın günbəgün artan gücünün fərqindədirlər.
Heç kəsdə şübhə yoxdur ki,
gec-tez erməni işğalçıları
torpaqlarımızdan süpürülüb
atılacaqdır”.
Cənab səfiri yaxından tanıyanlar yaxşı bilir ki, o, iliyinə
qədər milli və milliyyətçi diplomatdır. On ildən çox bir zaman kəsiyində böyük zəhmət hesabına araya-ərsəyə gətirdiyi
“Diplomatiya tariximiz” bu sahə ilə
maraqlananlar üçün
çox qiymətli bir əsərdir. “Diplomatik savaşda
heç vaxt müdafiədə oynamaq olmaz”-deyir İsfəndiyar
Vahabzadə. Üstəlik, həm də ədalət sənin dövlətinin və xalqının yanında olanda. Biz nədən
və niyə çəkinməliyik? İşğalçı da Ermənistandır, terrorçu da Ermənistan. Bir milyondan
çox qaçqının
hüquq və azadlıqlarının qorunmasında
“ədalət carçıları”
nə vaxt ədalətli danışacaqlar?
Belə olan halda Azərbaycan diplomatiyasının üzərinə
beş qat-on
qat artıq yük düşür. Mən təkcə Azərbaycanda yox, bütövlükdə Cənubi
Qafqazda və Türkiyədə zaman-zaman
tüğyan edən erməni faşizmi nədən layiq olduğu səviyyədə
ifşa etməməliyəm?- sualına elə özü də bir qədər
əsəbi formada cavab verir.
İsfəndiyar Vahabzadə diplomatik yükünün ağırlığına
baxmayaraq vaxtaşırı
olaraq Balarusun aparıcı qəzetlərində-
“Minskaya pravda”, “Sem dney”, “Literatura,
iskustvo i mastastvo”da çıxış
edir. O, eyni zamanda,
Minsk Pedaqoji Universitetində
mühazirələr oxuyur.
“Bu qədər ağır
yükün altına
girməyə çoxmu
ehtiyac var?-deyə səbəbini
soruşanda isə deyir ki, çox
ehtiyac var, lap çox. Mənim borcum Belarus ictimaiyyətinə,
elm və mədəniyyət
adamlarına, tələbələrə
Qarabağ həqiqətlərini
çatdırmaqdır. Ermənilər yüz illər
boyu yalan üfürərək Azərbaycan
və bütövlükdə
türk dünyası
üzərində qatı
bir duman yaratmışlar.
Biz həmin dumanı
dağıtmalıyıq. Çətindir, ancaq mümkündür.
İsfəndiyar Vahabzadəni otuz ildən çox bir müddətdə tanımayan bir jurnalist kimi qeyd etmək istəyirəm ki, o həm də inadından dönməyən,
dövləti və milləti üçün
həyatını qurban
verə bilən, cəsarətli bir diplomatdır.
Nəyi necə etməyin üsulunu yaxşı bilir.
Minskdə çalışan azərbaycanlı iş adamlarından biri mənə söylədi ki, Xocalı faciəsinin ildönümündə Ermənistanın Belarusdakı Səfirliyinin önünə qara çələng qoyulub. Bunu görən ermənilər dərhal səfir İsfəndiyar Vahabzadədən şübhələniblər. Diplomatik kanallarla ermənilərin bu fikri səfirə çatdırılıb. Səfir də əvəzində cavab verib ki, böyük bir şəhəri yer üzündən silən, günahsız adamları, qocaları və körpə uşaqları vəhşicəsinə qətlə yetirən bir dövlətin nümayəndəliyinin önünə tər bənövşələr qoyulmayacaqdı ki?... Əgər ədalətin-haqqın yanında olan gənclər, Belarus vətəndaşları belə bir addım atıblarsa Xocalı faciəsi qurbanlarının yaxınları adından onlara təşəkkür edirəm. Belə və bənzər hadisələr səfirin diplomat həyatında müxtəlif formalarda həmişə təzahür edib.
İsfəndiyar Vahabzadə həm də bir sanballı ədəbiyyat adamı olduğundan tərcümə ilə də məşğul olur. O, görkəmli Belarus şairi Yanka Kupalanın bir çox şeirlərini Azərbaycan dilinə tərcümə edərək çapa hazırlayıb.
Cəmi 60 il yaşayan Yanka Kupala öz şeirlərində
repressiya illərinin dəhşətlərini,
sosialist inqilabının vəd etdiyi səadət əvəzinə Belarus xalqının gördüyü
bədbəxtliyi böyük
orijinallıqla təsvir edib. Həmin
şeirlərdən bir neçəsini
İsfəndiyar Vahabzadənin tərcüməsində “525-ci
qəzet”in oxucularına təqdim edirik.
Səyyad AĞBABALI
525-ci qəzet.- 2015.- 23 may.- S.18