Sıratül-müstəqim

 

 

 

Üzün "Görklü Merac" olmasıyla bağlı 3 məqalə yazıb çap etdirmişəm. Mənə elə gəlib ki, üzə dair lazımi fikirləri o məqalələrdə verə bilmişəm. Lakin yanıldığımı başa düşdüm. Araşdırmalarımı davam etdirdim.

 

Əslində bu məqalənin adı da "Görklü Merac- Üz" olmalıydı. Amma məndən asılı olmadan başqa cür alındı, başlıq dəyişdi. Səbəbini yazını oxuduqca biləcəksiniz.

 

lll

 

Orta əsrlər Azərbaycan şairi Qəribi deyirdi ki, "Cəmalın üz haqqında rəvayətdir".

Yunis İmrənin iki cahanda muradı haqq üzünü görmək idi və o, "Mən dost camalın görmüşəm" deyib öz muradına çatmışdı. (çatdırılmışdı).

 

Şihabəddin Sührəverdiyə görə Allahdan - "İşıqlar işığından" ilkin səbəb- "mücərrəd işıq "törəyir (Ruh?! Üz?!) dəqiq cavabı yoxdur. Bu, mümkün varlıqların ən yüksək həddidir. Sührəverdi bu varlıqları "birinci yaradılış"ın təsiri altında "Birinci əql" adlandırır.

 

"Əgər şeh damlası söyləsə ki, min ildən bir dünyaya gəlmək qismətim olur, onda ondan soruşun: "Məgər bilmirsən ki, bütün zamanların işığı sənin üzündəki nurunda əks olunub?! (Cibran Xəlil Cibran)

 

...Söhbət təkcə şeh damlasının üzündəki nurdanmı gedir? Xeyr! Söhbət həm də insan üzündəki nurdan gedir! Camalullah deyilən yaradanın camalına bənzər camaldan- üzdən gedir! O camal ki, o üz ki, Nəsimi onu surəti -rəhman da adlandırıb. "Sənin ruhun - haqqın nuru" fikri də ona məxsusdur.

 

Ruh işıqla bağlıdır. Söhbət nurlu üzdə də işıqdan gedirsə- bu, nə deməkdir? Bu o deməkdir ki, söhbət batini və zahiri tərəfi də olan işıqdan getmirmi?!

 

Haqq-təala yek danə gövhər yaratdı,

Camalı insandı, mahi-ənvərdi.

 

Ənvər işıqdır.

"Ruh dediyin bir nurani aləmdir" (C.A. Dilbazi).

Maraqlıdır, üz də nur ilə üzdür!

...İnsan bütün döyüşlərdən qabaq üz uğrunda döyüşməlidir. Ərənlərimiz belə deyir: 

 

Gəl biçarə Abbas, ağla yar üçün,

Qara bağrın kabab doğra, yar için...

Yar odur ki, yardan sonra yar üçün,

Yaxa yırta, zülf dağıda, yara yüz!

 

Abbas Tufarqanlı zəhər quyusuna atılanda niyə zəhərin təsiri ilə çürüməmişdi? Özü bunu belə cavablandırır:

 

Şahın üzün görən hərgiz çürüməz,

Min il qala hərgiz nəmlər içində!

 

Abbas çürüyə bilməzdi. Ona heç nə ola bilməzdi, çünki istədiyi üzü görmüşdü.

İtalyan şairi Petrarka deyəndə ki, dünyada ruhun xilası üçün mübarizə gedir, yəqin ki, bu, həmçinin üz uğrunda gedən mübarizədir?!

 

"Kitabi-Dədə Qorqud" dastanlarında qurd üzü mübarək hesab edilir.

 

Ənqa (Simurq) quşunun da insan üzlü(!) olduğu rəvayət olunur.

 

Dini rəvayətlərdə dünyanın da üzündən söz açılır. Göstərilir ki, dünya 3 üzlüdür:

 

1.Göy aləmi (Kainat)

2.Orta dünya (yaşadığımız yer)

3. Yeraltı dünya.

 

İzis məbədi haqda bir əfsanədə deyilir ki, bu məbədin qarşısında İzisin heykəli vardır. Heykəlin üzü örtülüdür. Əlində qapanmış bir kitab tutub. Heykəlin altında bu sözlər yazılmışdır: "Bu örtüyü üzümdən heç bir bəşər övladı götürə bilməz. Onun sirri yalnız ölməzlik kəsb edənlərə agah ola bilər".

 

Bu sirrin açımına nail olmaq üçün insan dizləri və dirsəkləri ilə sürünə-sürünə məbədin altındakı ilanlı, əqrəbli, bataqlı yollardan keçməli, illərlə müdhiş iztirablara qatlaşmalıdır.

 

Nəsimi üzlə bağlı məsələni "Ayati-Məhkamat" adlandırırdı. Ayati- Məhkamat heç bir ziddiyyət olmadan təfsir olunan Quran ayələridir.

 

İnsanın üzündə 7 müqəddəs xətt var.

 

Nizami və digər aşiq- şairlərimiz üzdəki həmin xətləri görür və "oxuya" bilirdilər. Odur ki, deyirdilər:

 

Aşiqin dərdini üzündən tanı! 

 

... Allah Adəmi xəlq edəndə mələklərinə əmr etdi: Yer üzündə xəlifə olaraq yaratdığım Adəmə səcdə edin!

Məncə, bu fikir yanlışdır. Adəmə yox, Adəmin üzünə səcdə edin!- buyrulub.

Axı Allah daha çox insanın üzündə (nurlu üzündə!) təcəlli edir.

Üstəlik, onu da bilməliyik ki, hər adam Allahın xəlifəsi ola bilərmi?

 

Heç vaxt!

 

Mömin- imanlı adamlardır Allahın Xəlifəsi!

Üzündə nur olanlar-üzü nurlu olanlardır Allahın Xəlifəsi!

 

lll

 

Hər şeyin zahiri tərəfi olduğu kimi batini tərəfi də var.Görünməzlik görünən tərəfdən daha çoxdur. Üz də belədir. Məlumdur ki, Ruhsuz bədən ölüdür.

Üzsüz bədən də!

 

İnsanın həyatında ruh hansı rolu oynayırsa sanki üz də həmin əhəmiyyətə malikdir.

 

Nəsimi iki cahana niyə sığmırdı? Üzünün - camalının ucbatından! Nəbati də elə bunu deyirdi: "Sənin camalın mənim timsalımda cilvələndiyi üçün heyrət edirəm ki, mən bu dünyaya necə sığmışam".

Ruh görünməzdir, deyirlər. Olsun! Amma ruh həm də görünəndir, deyirəm. Yəni onun da görünən tərəfi var.

 

Körpəyə ana bətnində ruhun və üzün eyni anda verildiyindən söz açmışdıq. Belə ki, körpənin varlığının formalaşması başa çatanda ona Allahın izni ilə ruh verilir, "Ölü bədən" tərpənir, "dirilir" .Və bu "ölü bədən" üzsüz, üz olmadan, üz də formalaşmadan tərpənə bilməz. Üzsüz bədənin nə mənası?!

 

Demək, ekiztayıtək üz də bədənin hərəkətə gəlməsində, "dirilməsində" müstəsna rol oynayır.

Onda ortaya belə bir məntiqi nəticə çıxır: Bu ekiztayından biri görünməz olsa da, o biri görünəndir.

Ruh-batindir.

Üz-zahirdir.

 

Rövzeyi-rizvan üzündür, vəssalam,

Surəti-rəhman üzündür, vəssalam.

Ərşi-həq, ey can, üzündür, vəssalam,

Lövh ilə Quran üzündür, vəssalam.

 

Lövh- qeybdəki Qurandı. Əslidi. Batindi.

Quran- biz gördüyümüz surətidi, üzüdü. Zahirdi.

Nəsimiylə gəl indi razılaşma!

 

"Adəm Əleyhüssalamın vəchi (üzü) aləmi-təmamın sahibidir. " (Hirufi baxışı, Fəzlə görə) Fəzlullah öz qəzəllərində üzünün ilahi kitaba oxşamasına işarə vurmurdumu və s. Fəzlullah elə belə də deyirdi."Allah yazılarının ən üstünü vücudi- Adəmdə, onun öz üzündə yazılanlardır".

 

İmam Hüseyn danışarmış ki: Peyğəmbərimiz anamın üzünü və əlini öpərdi. Babam bəzən anamın simasının duru, bəyaz və nurlu olmasına görə "Zəhram" deyə çağırardı.

 

Üzü parlaq idi.

 

Ay işığı kimi təsiredici...

 

Anamın yanında olan gecə işığa ehtiyacı olmadan sapı iynənin gözündən keçirə bilərdi". (Sinan Yağmurun "Kərbəla" romanından)

 

lll

 

Filosoflardan biri günəşi hamıya işıq saçan brilyant adlandırıb. Qədim zamanlarda elə nurlu üzlər olub ki, beləcə işıq saçırmış.

 

Brilyantın biri məlum-biri öz yerində- göylərin 4-cü təbəqəsində hələ də həmin işığı saçmağındadır.

Brilyantın o biri hanı?!

 

Hamıdan ötrü olan işığı gah suya, (nura) gah da ilğıma oxşamırmı?!

 

Əvvəllər üzü gizlərdilər, (xüsusən, gözəlinkini ) niqab altına qoyardılar. O üzü hər göz görməməliydi. Üz qorunmalıydı.

 

Üzü qoruyurdular (qorudurdular).

 

X1X əsrin sonu XX əsrin birinci yarısında yaşayıb yaratmış qazaxlı ürfan şairi Camal Ağa Dilbazi yazırdı:

 

"Görməsin ruyi-camalın, ey pəri, biganələr

...Üzünü görənlər içmədən məstanə olur"

 

Nitsşe isə deyirdi: "Mən üzümü gizlətməyi sevirəm. Sizə də belə etməyi məsləhət görürəm". Hətta peyğəmbərimizin üzündəki niqab da buna işarəydi. Peyğəmbərimizin Meracda Yaradanla söhbəti zamanı qeybdən gələn səsi 20 minlik niqab (pərdə) arxasından dinləməsi bizə daha böyük və müqəddəs həqiqətlərdən açmırmı? Nəsimi də məhz üzdən yazanda o niqabdan söhbət edirdi. Demirdimi ki:

 

Pərdə götürüldü üzündən dilbərin,

Üzü göründü üzündən dilbərin.

Gənc zahir oldu ey gənc istəyən,

Adəmi Həvva üzündən dilbərin.

 

Demək gənc (sirr, xəzinə) üzdə gizlənibmiş (gizlədilibmiş.) Bunu görməksə üzdə niqab olduğunu bilənə qismətmiş, öz üzü olana nəsibmiş.

 

Nəsimi rübailərindən birində 2-ci brilyantdan- üz günəşdən, günəş üzdən də söhbət açıbmış. Budur o rübai:

 

Həqq təala adəm oğlu özüdür,

Otuz iki həqq kəlamı sözüdür.

Cümlə aləm bil ki, Allah özüdür,

Adəm ol candır ki, Günəş üzüdür.

 

1-ci misranın şərhi belədir: həqq-adəmdir.

2-ci misrasının şərhi: 32 hərflə danışır.

3-cü misranın şərhi: Aləm-cümlə Allahdır. (Qeyd: bunu belə deyən Adəmə Allah deyərdimi?)

4-cü misranın şərhi: Adəmin üzü ,Günəşdir.

 

Göründüyü kimi, bu dörd bəndlik şeirdə insanın da, hərfin də, Allahın da, üzün də yeri aydın göstərilmişdir.

 

lll

 

"Yaxşı ki, üzünü gördüm. Daha ölməyəcəm! "yaxud" Daha ölsəm də olar!"

Belə deyib günlər, aylar, illər boyu əzizinin, istəkli bir adamının yolunu gözləyənlər. Üzü görüb ürəklənənlər. Üz alıb-üzlənənlər. İstədiyi üzü görəndən sonra rahat-rahat çıxıb bu dünyadan gedənlər.

Üzü görmək, üzlə olmaq, Üzdə olmaq bəlkə də insanlığın birinci şərtidi?!

Baxın, Günəşin (brilyantın!) İşığı düşməyən yerə!Heç nə hasilə gəlmir.

 

Baxın insan üzünün (2-ci brilyantın) olmadığı yerə:-hansı gözəldən, gözəllikdən söz açmaq olar?!

 

lll

 

Üzdən keçən yolu -"İstiva xətti"ni Üzü Abi-həyat adlandıran M.Şəbüstəridən fərqli olaraq Nəsimi "Görklü Merac"   "Sırətül-Müstəqim" kimi də qiymətləndirib:

 

...Bu İstivadədi həqq,

Ol maliki -mülkü həyyu mütləq.

Həqdən bu Sırati-Müstəqimi,

Bilgil ki, budur həqqin nəimi.

Çün sən keçəsən bu İstivadədən,

Azad olasan qamu bəladən.

 

Bu haqda qeyd etmişdik ki, bu, o "İstiva xətti"dir ki, dənizlərin bəzisini bir-birinə birləşdirir və birləşməyə qoymur. İki üzü bir-birinə qovuşdurur və qovuşmağa qoymur.

 

Biz də hələ oturub ölümümüzü gözləyirik ki, görək o deyilən "Qıl görpü" nü nə vaxt görəcəyik?!

 

O ki hələ bu dünyada gözümüzün qabağındaymış! Üzümüzdəymiş!

 

Elə ən çətin körpü də burdakıdı. Bu körpüdən keçə bilənin o körpüdən nə qorxusu?!

 

lll

 

Nizaminin dualarında bir kəlimə beləymiş: "Üzümü işıqlandıran, gözümü

işıqlandır".

 

Burdan belə çıxır ki, Allah işığını 1-ci gözə yox (günəşdən sonra!) Üzə verir!?

O üzə... o cəmala ki:

 

Ey cəmalındır sənin "Allahu nurun" məzhəri,

... Sən neçin süni xudasan ey mələk üzlü bəşər,

Yüzünü görgəc oxur üşşaq (aşiqlər!)

"Allahu əkbəri". (Xətai)

 

Xətai üzə o qədər önəm verirdi ki, "küfr saçınla vəchinə imanə gəlmişəm" deməyi də özünə borc bilirdi.

Təsəvvüfdə-klassik ədəbiyyatda saç, saqqal, bığ üzün örtüyü olduğu üçün "sifətə, Üz isə "zata" bənzədilmişdir. Və beləliklə də "küfrü-zülf", "xətti-kafir" kimi məzmunlar daşımışdır.

Hürufilərə görə, Lövhü-Məhfuz insan üzündə oxunan yazıdır. İslama görə "Quran"nın qeybdə yazıldığı əsli olan lövhədir!

 

lll

 

Üz sahibi, cəmal sahibi olmaq üçün ilk şərt budur. Gərək "Bəzmü-Əzəl" də -Əzəl məclisində Haqq şərabı içirdilmiş olasan. Və belə demək haqqını qazanasan.

 

... Verdilər badəmi, məstü mədhus oldum.

...Sənsən həmişə dilimdə virdim,  

Canü dil ilə liqana girdim.

...Səndən səni eylərəm təmanna!

... Ver ol qədəhi, görüm cananı! (Camal Ağa Dilbazi)

 

...İstədiyin üzü görmək üçün, istədiyin üz sahibi olmaq üçün üz uğrunda çarpışmalısan,yaşamalısan və ölməlisən.

 

Qüdrətli yaradıcılıq nümunələri hələ çoxlarına bəlli olmayan həmin şair bunu belə xatırladır:

 

Ölməsən ta görməzsən yüzünü dilbərin,

Söyləmə ey ravi, böhtan, həqq yüzü meydandadır.

 

Füzuliyə görə açılan sübh deyildir,səhərin çəkdiyi ahdı.

 

C.A.Dilbaziyə görə sübh də üzdür. Yaradanı ap-aydın göstərən üz!

 

...Göstərir ayinətək dildarımı rüxsarı -sübh!..

 

Sübh güzgü olduğu kimi, su da çox vaxt güzgü rolunu oynamışdır.

"Dədə Qorqud" dastanlarından birində belə deyilir: "Su haqq didarın (üzün) görmüşdür.

Mən bir suyla xəbərləşim". Yəqin suyun müqəddəsliyi bu səbəblə də ciddi bağlıdır. Suya tüpürmək günahdır. Suyu bulandırmaq olmaz! Su murdar götürmür və s.

 

Bəsirətli adam kimdir?

İnsan üzündə Allahı görən?

 

Yox! Bəsirətli adam həm də suyla xəbərləşə-xəbərləşə haqq didarını (üzünü) görəndir. Bunu mən demirəm, babamız dədə Qorqud deyir!

Suyun da üzündə niqab var.

 

O niqab onun duruluğudur. Onu bulandırdınsa, niqabı saldın demək onun üzündən! Üz aşiqlik məktəbidir.

 

Üz insana aşiqlik dərsi keçir. 

Aşiqin kitabı var, derlər: Zülf, qaş göz.

Aşiqin ordusu var, derlər: göz, qaş, saç, xal.

Aşiqin bayramı var, derlər: bu Gözəlin üzünü görməkdir!

 

"Üzündən niqabın atdı,

Budur, yar gəldi , yar gəldi".

(A.Tufarqanlı)

 

Gəlsin! Xoş gəlir! Aşiqin bayramı belə başlayır.

 

lll

 

İranın bir din xadimi (Sistani) 25 il başıaşağı az qala gözü yumulu halda gəzib, yaşayıb. Səbəb budur ki, baxmağa insan sifəti qalmayıbdı, deyib.

 

Mömin insanlar belə olur də! Mömin adam qarşısındakı insana (lara) baxan kimi adamların üzünü itirməyinə dözə bilmir!

 

Ağdaşda yaşayan ahıl bir oxucu dostum var: Tələt kişi. 80-i haqlasa da bu yaşında da mütaliəsindən qalmır.

 

Sözlə dolu kitablardan çoxundan halidir. Üz kitabını oxumaq istəyir o da!

Tapmır və deyir: "Mən adam üzü görmək istəmirəm daha!"

Adamların özündən yox, üzündən qaçır bu adam!

 

Niyə? Məlum məsələdir. Adamlar üzündəki nuru itiriblər. O kişi o nuru, o üzü, o kitabı gəzir. Onu da tapmır. Dilxor olmasın, neynəsin ?!

 

Onun üzlə bağlı danışdığı kiçik bir əhvalatı sizə də danışmaq istəyirəm.

 

Ağsaqqal söyləyir ki, keçmişdə uşaq anadan olanda başına toplaşan adamlar, ağbirçəklər onu şeytan şərindən, hal deyilən şeydən həmin andaca qoruyardılar. Ayıq-sayıq olardılar. Çünki belə bir fikir varmış ki, uşaq doğulanda şeytan adamların bir saniyəyə də olsa başının qarışmasını istəyir. Sayıqlıqlarını itirməsini istəyir. Elə həmin andaca şeytan fürsətdən istifadə edib ilk zərbəsini endirib fitnəsini törədir. Belə ki, dərhal ilk olaraq şığıyıb doğulan uşağın işıq saçan üzünü murdarlayır-isladır... üzünə işəyir.

 

O kişi danışır ki, keçmişdə gəlinin üzünə örtük (niqab) salınmasına daha çox fikir verərdilər. Nəinki indi...

Gəlinin üzünə örtük salardılar ki, hər yetən onun üzünü görə bilməsin.

 

Yaxşısı var, yamanı var bu adamların, bu bəni-adəm gözlərinin! Adəm nəfslərinin! Tələt kişiyə görə bu gün bəşəriyyət ən ağırlı zamanını yaşayır.

Bəşər üzünü itirib!?

 

A qızım, üzündən götür duvağı,

Qoy açıq görünsün Ayın qabağı!

 

Belə deyirdi gözəl və gözəllik aşiqi olan şairimiz!

Hanı, gözəlmi qalıb? Gözəllikmi qalıb?

Məni qınamayın! (Elə Tələt kişini də!)

 

Bizim davamız qatığın üzündəki qaymaq, südün üzündəki üz davasıdır. (Hərçənd, qaymaq da, üz də əvvəlki halında qalmayib!)

 

Bizim davamız insanla bağlı üz davasıdır!

"Qayə-insan...

Üfiq-peyğəmbər.

 

Bir çoxuna görə, ona - peyğəmbərə bağlanmadan Allaha bağlanmaq mümkündür. Fəqət bizə görə Allaha bağlanmanın yolu Allah yalnız Ona bağlanmaq olduğuna görə, Onu Onun üzü suyu hörmətinə yaradılmış olan kainatın tam mərkəzində görməmək mümkündürmü?"

(N.F.Qısakürək)

 

Şair düz deyir! İnsan kainatın tam mərkəzində dayanıb. Bir şərtlə

Peyğəmbərimizin üzü suyu hörmətinə. O nurlu üzə görə!

Dünya o nura- o üzə, o üzdəki suya görə yaradılıb.

 

Üz amanatı, insanlar!

 

Allah bizi üzlər görmüş üzlərdən iraq eyləsin!

 

"Üzlər görmüş üzlərə qarşı ancaq şəxsiyyətlər müqavimət göstərə bilər". (O.Süleymenov)

 

Yer üzündəki dağlardan, daşlardan, yollardan, izlərdən keçdik, bir şey çıxmadı. Bilirsizmi niyə?

Əsas yolun Üzümüzün olduğunu, üzümüzdə olduğunu bilməliydik.

Bilməliydik ki, Sıratül- Müstəqim üzdən keçən yolmuş!?

 

Gəldim Yer üzərinə,

Gördüm Yer üzəri nə?!

Tanrım, məni tuş eylə,

Ər üzü, Üz ərinə!

 

lll

 

...Atın üzündən, otun üzündən öpənlər niyə öpürdülər?

Çünki üzləri vardı, üzləri, üzləri! Düşmənin qabağına niyə oğullar vaxtında çıxa bilirdilər?! Və hansı silahla, nəylə çıxırdılar?!

 

Əlbəttə ki, dünyanın ən yenilməz bir silahıyla!

 

-Üzləriylə! Üzləriylə! Üzləriylə!

 

Torpağı tutiya kimi üz- gözlərinə sürtənər niyə sürtürdülər ki?!

Çünki torpağa əyilməyə, torpağı öpməyə üzləri vardı hələ, üzləri! Üzləri!

 

Müşfiq deyirdi ki, "Şairəm söyləyir yerindən duran, Adamın üzündə həya gərəkdir". Bu gün bu misraları belə deməyin vaxtı çatıb: "İnsanam söyləyir yerindən duran, Adamın üzündə həya gərəkdir".

Həya bir vaxt üzdə niqab idi.

 

İndi hanı o?

 

Düşüb, deyəsən?!

 

... Doğrudanmı, əyilib götürmək olmaz?!

 

 

Barat VÜSAL

525-ci qəzet.- 2015.- 26 may.- S.7.