YARAT Amerikada
duet sərgi təşkil
edib
ABŞ-ın Missuri ştatının Sent-Luis şəhərində
Amerika rəssamı Ketlin Aasen (Duet Qalereyası) və Azərbaycan rəssamı
Vüsal Rəhimin
(YAY Qalereyası) əsərlərindən
ibarət duet sərgi
açılıb.
İlk dəfədir
ki, bu iki
rəssamın əsərləri
birlikdə nümayiş
olunur. Onların abstrakt rəngkarlığa
yanaşma tərzinin əks olunduğu əsərlərdən ibarət
bu sərgi iki ölkə arasında mədəniyyət
dialoqu təəssüratı
bağışlayır. Duet Qalereyasının (Sent-Luis) direktoru Daniel Mak-Qrat və YARAT Müasir İncəsənət Məkanının
(Bakı) yerli proqramlar üzrə direktoru Lana Sokolova bu sərgiyə birlikdə kuratorluq edirlər.
Vüsal Rəhimin sərgidə nümayiş etdirdiyi rəngkarlıq silsiləsi
onun əvvəlki əsərlərində sınayıb-təkmilləşdirdiyi
özünəməxsus rəssamlıq
üslubu üzərində
qurulub. Hər tablosunda Vüsal
Rəhim insan fiqurunun tanınan cizgilərini ayrı-ayrılıqda
müəyyən abstrakt
formalar şəklində
göstərərək, parlaq
rəng palitrasından
aldığı boyanı
kətan üzərinə
sərbəst, süzgün
yaxmaqla vahid obraz halına gətirir. Onun tablolarından duyulan
dinamik hərəkət
hissi bu əsərləri tükənməz
enerji ilə doldurur. Cizgilər və düşünülmüş
kompozisiya vasitəsilə
rəssam həmin enerjiyə nəzarət edir.
Ketlin Aasenin rəngkarlıq əsərləri
Vüsal Rəhimin tabloları ilə yanaşı sərgilənərək
kontrapunkt yaradır. Onun kağız
və kətan üzərində çəkdiyi
şəkillərin üstündə
ara-sıra ləkələr
düşüb, boyalar
axaraq iz qoyub, rənglər solub. Üst qatın əriyib-axan
boyaları altından
astarın boylanıb-çıxdığına
görə bu təsvirlər, sanki təbii, ancaq formalarından heç nəyə oxşamayan bir görüntü yaradır və beləliklə, yoxluğa
işarə vururlar.
Üslub baxımından
Vüsal Rəhimin işlərinə nə qədər nəzarət
və enerji, səliqə-sahman və dinamizm xasdırsa, Ketlin Aasenin əsərləri üçün
bir o qədər səssizlik, müəllif
barədə az məlumat vermək səciyyəvidir.
Rəssamların yaradıcılığı barədə fikirlərini
bölüşən Daniel Mak-Qrat deyib: "Keçən ilin oktyabrında Lana Sokolova
"CEC Arts Link"in art-rezident
qonağı qismində
Sent-Luisdə olduğu
zaman onunla görüşmək mənə
nəsib oldu. Biz onunla "Duet"də
müştərək kuratorluğumuzla
sərgi keçirmək
imkanlarını müzakirə
etdik. Vüsal Rəhimlə Ketlin
Aasenin əsərlərini
birlikdə sərgiləmək
Lananın seçimi oldu. Onun fikrincə, bu
rəssamların abstrakt
rəngkarlıqda nümayiş
etdirdikləri üslub
baxımından onların
əsərlərinin qoşa
təqdimatı maraqlı
və düşündürücü
olmalıdır".
Yerli proqramlar
üzrə direktor və müştərək
kurator Lana Sokolova isə ilk dəfə Ketlin Aasenin əsərlərinə baxan
kimi Vüsalın emalatxanasında gördüyü
abstrakt eskizləri xatırladığını bildirib. "Ketlinlə duet sərgiləmək
üçün Vüsalı
ona görə seçdim ki, bu iki rəssamın
əsərlərində gerçəkliyin
abstrakt təsvirə çevrilməsi güclü
bir paralellik təşkil edir. Onların hər ikisi açıq, aktiv rənglərdən istifadə
edir, öz rəngkarlıq işlərində
rəngin insan hissiyyatlarını oyadan xüsusiyyətlərini instinktiv
duyub-anladıqlarını nümayiş etdirirlər.
YARAT Müasir İncəsənət
Məkanı müxtəlif
mədəniyyətlər arasında
dialoqun qurulması uğrunda çalışır
və bu baxımdan belə bir sərgi bizim qarşımızda qoyulan məqsədlərə
bir az
da yaxınlaşmaq üçün əlverişli
imkandır. Azərbaycan və ABŞ-ın
gənc rəssamları
arasında əlaqələri
möhkəmləndirmək işində incəsənətin
rolu olduqca böyükdür".
Vüsal Rəhim Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Əsərləri YAY Qalereyası tərəfindən ölkəmizdə və xaricdə sərgilənir. Onun "Black woman" adlı fərdi sərgisi YAY Qalereyasında keçirilib. Vüsal Rəhim, həmçinin "BACARART layihəsi"ndə (Azərbaycan), "Ev, doğma ev" (Azərbaycan Mədəniyyət Mərkəzi, Paris), "Sülh dairəsi" (Gürcüstan Yazıçılar Evi, Tbilisi), "Commonist" (YARAT Müasir İncəsənət Mərkəzi, Bakı), "İz" (Azərbaycan Milli Tarix Muzeyi), habelə IV Beynəlxalq Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsi Simpoziumu (Milan) çərçivəsində təşkil olunan sərgilərdə iştirak edib.
Ketlin Aasen
Sent-Luisdəki Missuri Universitetində təsviri
sənət üzrə bakalavr dərəcəsini
alıb. O, hazırda Sent-Luisdəki Vaşinqton Universitetinin magistraturasında rəngkarlıq
üzrə təhsil alır. Sent-Luisdə
təqdim olunan sərgi Ketlin Aasenin ilk duet sərgisidir.
Sərgi iyulun 17-dək davam edəcək.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 26 may.- S.7.