İlyas Əfəndiyev irsində tarix və
dil yaddaşı
Mayın 26-sı Azərbaycan ədəbiyyatının
klassiki, Xalq yazıçısı İlyas Əfəndiyevin
doğum günüdür. Görkəmli ədibimizi
bu münasibətlə ehtiramla anır, onun
yaradıcılığına həsr olunmuş yazını
oxuculara təqdim edirik.
Çoxşaxəli
yaradıcılıq yolu keçmiş qüdrətli sənətkarımız,
Xalq yazıçısı İlyas Əfəndiyev ilk əsərlərindən
başlayaraq ictimai həyatda baş verən dəyişiklikləri,
insanların mürəkkəb daxili aləmini, sevinc və
qayğılarını, kədər və faciələrini
həzin şairanə bir dildə, lirik-romantik yazı tərzində,
poetik üslubda qələmə alaraq lirik nəsrimizin ən gözəl
nümunələrini yaradıb. "Əsrlərin
sınağından çıxmış lirika həqiqi sənətin
qanadıdır, ruhudur"- deyən yazıçının
lirikası XX əsr Azərbaycan milli ədəbi hərəkatının
üslub əlvanlığını və forma zənginliyini
əks etdirir.
Xalq
yazıçısı Mirzə İbrahimov mövzu və
janr etibarilə zəngin, rəngarəng olan İlyas Əfəndiyev
yaradıcılığının məziyyətlərindən
bəhs edərək yazır: "Azərbaycan ədəbiyyatı
mənim nəzərimdə böyük və rəngarəng gülüstan isə, İlyas
Əfəndiyevin yaradıcılığı bu
gülüstanda öz gözəlliyi, ətri və təravəti
ilə dərhal diqqəti cəlb edən cazibədar toplu və
dolğun bir çiçəklikdir. İlyas
Əfəndiyev yaradıcılıqda gözəlliyə, incəliyə,
estetik zərifliyə meyl edən yazıçıdır.
O, bədii əsər üçün vacib xüsusiyyətlərə
dilin ifadəli və obrazlı olmasına, xarakterlərin canlı və dolğun
çıxmasına, süjet və kompozisiya
bütövlüyünə ciddi diqqət yetirir, böyük
əmək sərf edir, bu da nəticəsiz qalmır, onun əsərlərinin
maraqlı, oxunaqlı
olmasına kömək edir".
Nəsr və dram əsərlərinin mövzusunu Azərbaycan
həyatından almış yazıçı, həm də
böyük ürəkli vətəndaş idi.
Ədib Azərbaycan torpağını, doğulub
boya-başa çatdığı musiqimizin beşiyi hesab edilən Qarabağı,
Azərbaycanın konservatoriyası adlanan sənətkarlar məskəni
Şuşanı canından artıq sevirdi. Hamıya
məlumdur ki, təbiətin bu cənnət guşəsi
İlyas Əfəndiyevin əsas təsvir obyekti idi və
onlarla əsərini bu ərazinin tərənnümünə
həsr etmişdi. Elə buna görə də yazıçının
əsərlərində dialekt və şivələrimizə,
xüsusilə də Qarabağ dialektinə aid çoxlu sayda
sözlərin işlənməsi təsadüfi deyil.
Ümumiyyətlə, dialektlər xalqın təbii
danışıq dili, bir növ, dilin etnoqrafiyasıdır, eləcə
də dilin ən saf və etibarlı mənbəyidir. Dialektizmlər
özündə bir tarix yaşadır. Biz
dialektləri öyrəndikcə xalqı və onun tarixini
öyrənirik.
Sözə tarix qoymaq çətindir. Azərbaycan
dilinin qədim leksik qatı neçə əsrlərdir ki, bu
dildə danışan xalq tərəfindən işlədilir. Məlumdur ki, Azərbaycan dilinin söz ehtiyatı
yalnız ədəbi dildə işlənən sözlərdən
ibarət deyil, dilimizin lüğət tərkibinin
mühüm bir hissəsi xalq şivələrində
mövcuddur. Dialekt və şivələrimizin
lüğət tərkibindəki sözlər də uzun əsrlərin
məhsuludur. Zaman keçdikcə bir
sıra sözlər ədəbi dilin lüğət tərkibindən
çıxdığı halda, dialekt və şivələrimiz
həmin sözləri uzun müddət saxlayır və
yaşadır. Bu baxımdan Azərbaycan dilinin də dialekt və
şivələri zəngin lüğət tərkibinə
malikdir.
Qarabağ dialekti özünəməxsus zəngin və
rəngarəng leksik xüsusiyyətləri olan lüğət
tərkibinə malikdir. Burada xalqımızın qədim adət-ənənələri,
keçmiş ictimai quruluş, həyat, məişət, ailə
və təsərrüfatla bağlı saysız-hesabsız
sözlər işlənir. Qarabağ dialektinin lüğət tərkibində ədəbi
dilimizin daha qədim dövrlərinə aid bəzi sözlər
bu günə qədər saxlanmaqdadır. Yerli təbii
şəraitlə bağlı olaraq bəzi toponimik adlar
(dağ, dərə, təpə, bulaq və s.), köhnə
ölçü, alət, təqvim vergi və s.
adlarını bildirən sözlər vardır. Qarabağ dialektinin leksikası bu ərazidə
geniş yayılmış təsərrüfatın müxtəlif
növlərinə (əkinçilik,
bağçılıq, maldarlıq, qoyunçuluq və s.)
aid söz və terminlərlə zəngindir.
"Hər bir xalqın ədəbiyyatı onun öz
ana dilində yaranır. Ona görə də, ədəbi dil xalq dilinə nə
qədər yaxın olarsa, əsərin poetik təsiri, ifadə tərzi
də o qədər güclü olar" - deyən İlyas Əfəndiyev həm hekayələrində,
həm də povest və romanlarında mövzu və
üslubla bağlı olaraq
Qarabağ elinə, obasına aid dialektizmlər işlədir.
Ədibin
hekayələrindən nümunələrə müraciət
edək:
...Sərin bir yay axşamı
Ovçu Piri "öz zağlı (burada yağlı, təzə)
qoşalüləsini" onun otuz ildən qalma köhnə
tüfəngi ilə dəyişib xəbərsiz gedən o qəribə ovçunun əhvalatını klubun
qabağına toplaşmış kəndlilərə yenicə
nağıl edib qurtarmışdı ki, radioda böyük Azərbaycan
şairi Səməd Vurğunun ceyranlar haqqındakı məşhur
şeirini oxudular ("Şəhərdən gələn
ovçu"); -Mən ölsəm
də, o novun suyunu sovmaram (başdan etmək, kənar etmək),
- Musa dayı acıqlı halda dəyirman daşının o
biri tərəfinə keçdi;
- Bəs, gecə artırmanızda (balkon, eyvan) gəzən
kim idi? Musa dayı demini (qəlyan) tüstülədə-tüstülədə
sükut içində dayanıb baxırdı; -Hər halda səndən
qıvrağam (cəld). -Kəklik xala onun köklüyünə
işarə vuraraq, dil altında qalmadı ("Su dəyirmanı"); Qarğa çox axtarır, çox
quş balasına baxır, axırda öz zılqa (yumurtadan təzə
çıxmış, hələ tüklənməmiş
quş balası) balasını
dimdiyinə alıb aparır Süleyman padşahın
yanına...; -Lənət sənə şeytan! İmaş! - deyə nənəm nökərlərini səslədi. Gəl, bu əllaməni (burada
nadinc, yaşından böyük danışan) ötür
evlərinə! ("Sağsağan"); Arxaya keçmiş birinci naməlum
adam avarı qaldırıb, Qaytaranın başına endirmək
istədiyi anda o, bunu gördü və bir
sıçrayışda qəməsini (balaca xəncər)
düz ürəyinə sapladı, sonra da qaldırıb dənizə
tulladı("Balıqçılar"); Sonra yenə
quzuları ayırıb ağıla (mal-qara saxlamaq
üçün ətrafı hasarlamış üstü
açıq yer) doldurdular; -Sürüyə canavar təpildi
(soxuldu, zorla girdi), əlli qoyun təzib (hürküdüb,
hürküb qaçmaq) ("Qoruqlarda"); -Axı, nə üçün sən
ovçu Pirimi bütün ailəsi ilə eyzən (həmişə)
belində gəzdirməlisən?!("Həyatın əbədi
ahəngi"); -Allah
saxlamış yeməyə yamanca dağaldır (burada inadkar,
sözə baxmayan)("Yaylaq
qonşumuz"); Sonra süd ətirli otların üstündə
oturub yavaş-yavaş tikələdilər (yedilər) ("Səməd
Vurğun haqqında hekayə"). və
s.
Göründüyü
kimi, yazıçı ayrı-ayrı mövzularda
yazdığı hekayələrində bədii ustalıqla həm
öz təhkiyəsində, həm də obrazların nitqində
real həyat lövhələrini - təsvir olunan obyektləri,
hadisələri özünəməxsus tərzdə oxucuya
çatdırmaq üçün dialekt sözləri öz
üslubi çərçivəsində işlədib. Qeyd etmək yerinə düşər ki, ədibin
hekayələrində kəndin ümumi mənzərəsinin,
təbiət təsvirlərinin, zəhmət
adamlarının intellektual səviyyəsinin tərənnümü
bədiilik, orijinallıq baxımından öz səciyyəvi
xüsusiyyətləri ilə seçilir. Kənd həyatını mükəmməl bilən
və bu mövzuda bir sıra əsərlər yazan İlyas
Əfəndiyev Azərbaycan kəndinin təsvirində yeni
deyim tərzindən, şirin təhkiyə üsulundan istifadə
edib.
Folklorun və
ədəbi dilin qaynağı olan dialektizmlərə,
xüsusilə də Qarabağ dialektlərinə İlyas Əfəndiyevin "Geriyə
baxma, qoca" romanında və
"Üçatılan" povestində daha çox rast gəlinir.
"Romanın dili əsrin, müasir mədəniyyətin
yüksəkliyində dayanmalıdır... Dildə
mümkün qədər yığcamlıq, sərrastlıq,
arxaizmdən qaçmaq, sürət, qısa bir cümlədə
dərin fikir ifadə etmək cəhdi romanlarımızın
qarşısında dayanan mühüm məsələdir"
- deyən yazıçı hər iki əsərində
ümumxalq dilinin bütün dərinliyinə varıb, bu
dilin zəngin xüsusiyyətlərindən bacarıqla istifadə
edib.
Azərbaycan
xalqının, eləcə də Qarabağın ən
maraqlı tarixi dövrlərindən birini əhatə edən
"Geriyə baxma, qoca" romanından yazıçının təsvir
dilində, eləcə də obrazların dilində işlənən dialektizmlərə aid nümunələrə
nəzər salaq:
Günlərin birində qoca Dünyamalı kişinin arvadıyla Şuşa bazarında satmağa yavanlıq (çörəklə yeyilən hər hansı ərzaqlar: yağ, pendir, şor və s.) apardığını Gülnisə eşidib, çoxdan çirişlərə (burada yağ qabı) yığıb saxladıqları yağı, motalları yüklədi ata. İki də öyəc (iki-üçillik erkək qoyun) erkək ayırıb qızına dedi: -Sən də Dünyamalı kişiylə bunları apar sat, özünə paltarlıq al, çəkmə al. Ərgən (ərə getmək vaxtı çatmış) qızsan...; "Eşşək bulağı"nın üstündə böyük mağar (toy məclisi keçirmək üçün qurulmuş alaçıq) quruldu, neçə cöngə, neçə erkək kəsildi; Birdən xapaxap (qəflətən, gözlənilmədən) üç atlı tüfəngli qaçaqla çıxır üz-üzə; İmaş qırpımsız nəzərlərlə dayıma baxır, o da oğlanın harası gəldi budayırdı (döymək, vurmaq); Mən dedim:-Yaxşı, indi ki dəvəyə minmirsən, sarvan ol, keç qabaqdakı nərin ovsarından (dəvənin noxtası) yapış; Lakin Qaraca irişə-irişə (yersiz, şit-şit gülmək) altdan yuxarı mənə baxıb dururdu; Mən yenə də girəvə (fürsət, imkan) düşən kimi babamgilə qaçırdım; İki-üç otaqdan ibarət birmərtəbə evin ətrafında bişmiş kərpicdən barı (hasar) vardı. Barı o qədər hündür idi ki, küçədən ancaq evin taxtapuşu görünürdü; Anam barmağındakı üzüklərdən birini ona boygörüncəyi (burada təzə gəlinə toydan sonra verilən hədiyyə) verdi; Qabaqda atamın fasıq (hiyləgər) yeznəsi, arxasınca da mən Şuşa qalasının böyük qapısından çıxıb kəsmə yolla uzun yoxuşu enməyə başladıq; Mən usdufca (ehtiyatla, yavaşca) əlimi aparıb onatılanın dəstəyindən yapışdım; İlk dəfə o, Yaqutu görəndə Abdulla otaqda yox idi, ayın-oyun (xırım-xırda şey) almaq üçün şəhərə çıxmışdı; On dörd-on beş yaşlı nökərimiz Qüdrət balaca armudu stəkanlarda onlara çay, çini boşqablarda cürbəcür xuşgəbər (bayram sovqatı) aparırdı; -Az! Ordan bir parç (su qabı) ayran gətir! Sonra yaranı nəzərdən keçirib dedi: -Bekara (yararsız, çox da ciddi olmayan, əhəmiyyətsiz) şeydi, güllə dərini üzdən deşib keçib...; - Eyvaz əmim hər gün oba cahıllarına tapşırır ki, sərvaxt (sayıq, ehtiyatlı) olun, onlar bizi ala (hiylə, yalan) qoyurlar ki, arxayın salıb qəfil hücum eləsinlər; El yaylağa köçəndə əmisi oğlu əkin-biçini yığıb-yığışdırmaq üçün aranda qalıb, nişanlısına söz verdi ki, "peşqurd"(taxılın novbarı) qurtaran kimi gələcəm yaylağa, sənə zərxara paltarlıq, ay-ulduzlu çarqat alıb gətirəcəyəm! Beş körpə uşağım budur, iki aydır ki, pencərlə (yeyilən göyərti) dolanır, Hacı Fərzəlinin dörd-beş min qoyunu var; Qoyunlar südlü-sünbüllü otlardan yeyib doğardılar, arvadlar pendir tutardılar, nehrə çalxardılar, bulama, suluq (qoyunun ilk südündən hazırlanan yemək növü) bişirərdilər. Ballı qarı kərə yağı dağ eləyib (əridib) Gülməmmədin yarasını bişirdi, məlhəm qayırıb sarıdı, Gülməmmədin biləyini sağaltdı; Bir neçə naçalnik evində əyləşib xanımı ilə şıdırğı (fasiləsiz, ara vermədən) söhbət elədiyi zaman qapı taybatay açıldı, Qaçaq Süleyman əlində onatılan içəri girdi; Kürdobanın komaları, alaçıqları yaz vaxtı Haramılarda qurulanda Murov Haramılara gəlib Kərbalayı İbixanın alaçığına düşdü və onun qızı Səkinəni görüb ağlı zayıl oldu (xarab oldu) , ona görə "zayıl oldu" deyirəm ki, Murovun altmış yaşı, dörd arvadı vardı, gözünün də biri mayıf (şikəst) idi, amma Səkinə on yeddi yaşında, ağ üzündə qoşa xalı bir dünya gözəli idi; -Ağsaqqallar yığılıb dedilər: "Əşi, sən getsən, burda papaqaldıqaç (uşaq oyunu adı) olacaq"; Bir neçə İrandan keçən quldurlar "Mandılı" deyilən qışlaqda qoyun sürüsü saxlayan binələrə (burada köçərilərin qış aylarında kənddən kənar heyvan saxladıqları yer, məskən) basqın eləyib, Gülməmmədgilin sürüsünü atdöşü eləyəndə (aparmaq), atası kimi ucaboylu, enlikürək, zorlu bir oğlan olan Gülməmməd çomağı qapıb başladı atlıları budamağa.
Yaddaqalan təsirli epizodlarla zəngin olan romanın dili sadə, ifadəli və axıcıdır. Yerli-yerində işlənən dialekt sözlər əsərin dilinə ağırlıq gətirmir, əksinə, oxucuda xoş təsir yaradır.
(Ardı var)
Sevinc
HƏSƏNOVA
Pedaqogika üzrə fəlsəfə
doktoru, dosent
525-ci qəzet.-
2015.- 26 may.- S.6.