Səmimiyyətin poeziyası
Məmməd Tahirİn 60 illik yubileyinə
Həyat qəribəliklərlə
doludur. Bəlkə də elə həyat dediyimiz əbədi
cavabsız sual qəribəliklərinin özüdür...
Şair var xarakter baxımından nə qədər səmimidirsə,
poeziyası, əksinə, səmimiyyətdən,
yapışıqlıqdan bir o qədər də uzaqdır. Şair də
var ki, canında, qanında bir ilan soyuqluğu, bir
şaxtalı sazaq var, amma qəribədir ki, poeziyası səmimiyyəti
ilə oxucu qəlbinə yol tapır, oxucunu isindirir, ona
xoş ovqat bəxş edir.
Məmməd Tahir az-az təsadüf edilən şairlərdəndir
ki, onun səmimiyyəti ilə poeziyası, poeziyası ilə
səmimiyyəti bir-birini tamamlayır. Bu, bir tərəfdən
Məmmədin xarakteri ilə bağlıdırsa, digər tərəfdən
onun sevib-seçdiyi müəllimlik peşəsi ilə əlaqədardır.
Ədəbiyyata ötən əsrin 80-ci illərindən
gələn və ilk şeirlərini Muxtar Respublikanın
yerli mətbuat səhifələrində dərc etdirən Məmməd
Tahiri mən təlatümlü,
"qarlı-çovğunlu" 90-cı illərin əvvəllərində
"Fikir" ("Fikir" qəzeti Naxçıvan Dövlət
Universitetinin orqanı idi. Qəzetin ilk sayı
15 oktyabr 1991-ci ildə işıq üzü gördü.
1996-cı ilin fevral ayına qədər qəzetin redaktoru bu sətirlərin
müəllifi idi) qəzetinin 23 iyun 1992-ci il
tarixli nömrəsində dərc olunan "Qara bayraqları
yellənən Vətən" şeiri ilə tanıdım.
O dövrdə bu şeir tələbə auditoriyalarında əl-əl
gəzdi. Məmmədi tanıyanlar da,
tanımayanlar da bu şeirə görə ona xüsusi rəğbət
bəsləyirdilər. Çünki
şeirin əsl müəllifi zamanın özü, Məmməd,
sadəcə, zamanın diqtəsini yaddaşlara
köçürən bir qələm sahibi idi. Daha dəqiq desəm, bu şeiri Məmmədə
90-cı illərin ağır, üzücü və həm də
şərəfli zamanının özü
yazdırmışdı. Ona görə də
şeir tez bir zamanda Vətən, azadlıq eşqi ilə
yaşayan gəncliyin ruhunu oxşadı, onların yaddaş
saxlancında sakinləşdi.
Sinəndə
gül açdı güllələr, Vətən,
Qara
bayraqları yellənən Vətən!
...O dili dualı əliyalınlar
Gülləri səpdilər lülələr üstə.
Yeriyib getdilər güllələr üstə.
Açıldı, açıldı bükülü
qollar.
Elə bildilər ki, güllər oxuyur.
Bir də gördülər ki, sinələr üstə.
Güllərin yerinə güllə oxuyur.
...Döndü
qərənfilə neçə gülbədən,
Qara
bayraqları yellənən Vətən...
Bu şeir o vaxt yazılmışdı ki, Məmməd
Naxçıvan Dövlət Televiziyasının əməkdaşı
kimi səngərlərdən, ön, qaynar cəbhələrdən
operativ verilişlər hazırlayıb narahat və ümid
dolu gözlərini ekranlardan ayırmayan insanlara təqdim edirdi. O da bir sıra qələmdaşları
kimi əsl şeirlərini ön cəbhələrdə, səngərlərdə
döyüşən əsgər oğullarımızla nəfəs-nəfəsə
dayanaraq yazırdı. Bu da Məmmədin bir insan, şair kimi
Vətənə, torpağa, millətə olan təmənnasız
vətəndaşlıq vəzifə borcundan, səmimiyyətindən,
sevgisindən irəli gəlirdi.
90-cı
illərin ağrılı və əzablı
çağlarının kardioqramasını Məmməd
Tahir sözün yaddaşına çəkərək
bir-birindən səmimi "Ulu yurda xitab", "Vətən,
məni sən qınama", "Anam torpaq, gülüm Vətən",
"Bir ağac - Vətən", "20 Yanvar
günü", "Vətən", "Ağlama" kimi
şeirlərini yazdı və özünü Vətənin
və sözün əsgəri kimi təsdiq etdi.
Məmməd Tahirin ilk şeirlər kitabı "Vətən,
məni qınama" adlanır ki, 1998-ci ildə
"Şirvannəşr"də işıq üzü
görüb.
Şair kitaba yazdığı "Müəllifdən"
adlı yığcam və həm də məzmunlu
yazısında oxucuya müraciət edərək deyir:
"Əziz oxucum, sənin görüşünə çox
yubanmışam. İlk kitabım "Yazıçı"
nəşriyyatının 1990-cı il
tematik planına daxil edildi, redaktə olundu və 1 ¹-li Bakı
kitab mətbəəsinə göndərildi. Təəssüf
ki, ilk kitabım işıq üzü görmədi".
Lakin sonralar
Məmməd Tahir "Yurdum - and yerim", "Yaz
nağılı", "Yol ver keçim dünya səndən",
"Könlüm came qapısı", "Bir azdan günəş
doğacaq", rus dilində "Den koqda ya vernus" kimi
şeir kitablarını nəşr etdirərək oxucu
auditoriyasının malına çevirdi. Üstəlik
də, dövrü mətbuatda, xüsusilə, internet
saytlarında vaxtaşırı imzası görünməkdədir.
Və onu da etiraf edim ki, Məmmədin imzası
bir çox hallarda geniş, həm də populyar auditoriyalarda rəğbətlə
qarşılanmaqdadır.
Adətən,
insan dünyaya gələndə müqəddəs ana sevgisi,
isti ana nəfəsi ilə əhatə olunduğu kimi,
yaradıcılığa şeirlə başlayan qələm
adamlarının çoxu da sevgi şeirləri yazmaqla özləri
də sevməyin özü qədər çətin və əzablı yolun
yolçusuna çevrilirlər. Onu da etiraf edək ki, bu
mövzuda şeir yazan çox şairlərin az
bir qismi axıra qədər mövzuya sadiq qalaraq "sevgi
şairi" adını qazana bilirlər.
M.Tahir də yaşının bütün mərhələlərində
sevgi şeirləri yazıb və bu gün də yazır. Onun sevgi şeirləri tərənnümdən
çox, sevginin
mahiyyətinə, onun fəlsəfəsinin dərk
olunmasına xidmət edən şeirlərdir.
Baxmayaraq
ki, insan hisslərinin bir çox çalarlarının fəlsəfəsi
haqqında çox yazsalar da, çox desələr də, bir
həqiqət aydındır ki, kainatın sirləri
haqqında tam, aydın təsəvvür əldə etmək
mümkün olmadığı kimi, insan adlı mikrokainatın
da hiss və düşüncələrinin
fəlsəfəsi hələ gərəyincə dərk
olunmayıb. Fikrimizcə,
İnsan
öz sirrini açmayınca bil,
Kainatın
sirri açılan deyil...
Ancaq ciddi şairlər, o cümlədən də Məmməd
Tahir də insanın və insanlığın mənəvi dəyər
ölçülərindən biri və bəlkə də
birincisi olan sevgi hisslərinin, sevgi düşüncəsinin
mahiyyətinə varmağa çalışmış,
özünəməxsus bir düşüncə tərzi
yaratmışdır.
Hər kəs
günahkardı, günah arasan,
Baxdığın güzgü də günaha batır.
Bizim
içimizdə bizdən xəbərsiz
Bəlkə də, minlərlə günahlar yatır.
Təkcə bu bənddən də görünür ki,
Məmməd yelqovan sevgilər dalınca qaçan, ötəri
hissləri əks etdirən şair deyil. Məmmədin sevgi şeirləri
"kipriyi ilə od götürən" bir aşiqin, bir
sevgi fədaisinin duru, aydın, kamil
pıçıltılarıdır: özünü dərk
edən, savabı ilə günahını ayıran bir
aşiqin, sevən qəlbin şeirləridir. Buna görə
də şair başqa bir şeirində sanki nümunə gətirdiyimiz
hisslərin, duyğuların davamını yazır:
Baxışını
tor eləyib önümdə,
Gülüşünü çiçək kimi ək
yola.
İndən
belə çətin sənə aldanam...
Yer
qovuşa, göy qovuşa bir ola.
Əgər nümunə gətirdiyimiz bu bəndlərdə
bir şair inadkarlığı, şair qətiyyəti varsa,
başqa sevgi şeirlərində bir həlimlik, sabaha boylanan
ümidli sevgi hissləri daha çox diqqəti cəlb edir.
Elədin
könlümü sən ələk-vələk,
Uçurdun, bir evi uçurmuş kimi.
Səssizcə
gəlmişdin bir kəpənəktək,
Getdin gül üstündən uçurmuş kimi.
Biz M.Tahirin sevgi dünyasına ötəri olsa da nəzər
saldıq və onu da qeyd etdik ki, "M.Tahir yaşının
bütün mərhələlərində sevgi şeirləri
yazıb", onu da qeyd etdik ki, onun sevgi şeirləri "tərənnümdən
çox sevginin mahiyyətinə, onun fəlsəfəsinin dərk
olunmasına xidmət edən şeirlərdir". Fikrimizcə,
Məmmədin ən böyük sevgi şeirləri,
böyük mənada, Vətənin azadlığına, onun
bütövlüyü uğrunda apardığı mübarizələrə
həsr etdiyi şeirlərdir. Bu mövzuda qələmə
aldığı şeirlərdə Vətən sevgisi ilə
bərabər, gələcəyə böyük inam və
ümid də var: "Bir Qarabağ şikəstəsi"
şeirində olduğu kimi:
Qaldırın
qollarınızı,
qaldırın.
Bir az şənlik edək.
"Qarabağ
şikəstəsi" altında
rəqs
edək
Arzularımız
cəngi havası ilə rənglənsin,
Ayaqlarımız
eyni ahəngə köklənsin,
Addımlayıb
gedək
İşğal
altındakı torpaqların üstünə,
Tökülsün
günəşin şəfəqləri
Şuşa
qalasına sancılan
Üçrəngli bayraqların üstünə.
...Artıq
Məmməd Tahir, ahıllığın gənclik
çağına - 60 yaşa gəlib çatıb. Yola saldığı illəri təmənnasız
bir şair, Vətəndaş kimi yaşamış Məmməd
itirdiyini də, qazandığını da öz gücünə,
öz kölgəsinə sığınaraq yola vermişdir.
Məmməd Tahirin
yaradıcılığı kimi ürəyi də,
çörəyi də bütövdür - təmənnadan,
umu-küsüdən, məkr və hiylədən uzaqdır.
Qələm
dostumun 60 illik yubileyini ürəkdən təbrik etməklə ona
cansağlığı, bundan sonra da uğurlu
yaradıcılıq və tükənməz səmimiyyət
arzulayıram.
60
yaşlılar sırasına xoş gəldin, qardaşım
Məmməd Tahir!...
Xanəli KƏRİMLİ
Filologiya üzrə fəlsəfə
doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti
525-ci qəzet.- 2015.- 27 may.- S.8.