Ana vətən uğrunda!
Şəhidlərimiz
Vətən - ulu əcdadlarımızdan
bizlərə miras qalan, qoynunda dünyaya göz açıb, böyüyüb
boya-başa çatdığımız
müqəddəs torpaq!
Məhz elə buna görədir
ki, biz doğma yurdumuza Ana Vətən deyirik.
Mənfur qonşularımız olan erməni daşnakları müqəddəs torpaqlarımızı
qəsb etməyə başlayanda, Vətənimizin
qeyrətli oğulları
silaha sarılaraq onun müdafiəsinə qalxdılar. "Ana Vətən uğrunda!"
deyərək son damla
qanınadək vuruşaraq
qəhrəmancasına şəhid
olan igid oğullarımız düşmənə
sarsıdıcı zərbələr
vuraraq, onların məkrli planlarını gözlərində qoydular.
Vətənimizin belə qəhrəman övladlarından biri də Daxili Qoşunların sıravi döyüşçüsü, şəhid Səxavət
Bayramovdur.
Sıravi
Səxavət Allahverdi
oğlu Bayramov
1973-cü il iyul ayının 13-də Neftçala rayonunun Uzunbabalı kəndində
dünyaya göz açıb. Allahverdi kişinin və Səadət ananın böyüdüb boya-başa
çatdırdığı beş övladdan
(Səxavət, Südabə,
Sədaqət, Səriyyə
və Adıgözəl)
biri və eyni zamanda ailənin
ilk övladı idi Səxavət. Bankə qəsəbəsindəki səkkizillik orta məktəbi bitirdikdən
sonra, təhsilini rayondakı 151 saylı texniki peşə məktəbində davam etdirib və "çilingər" ixtisasına
yiyələnib.
Lakin digər
həmyaşıdları kimi,
Səxavətin də
yeniyetməlik və gənclik çağı
respublikamızın ən
təlatümlü bir
dövrünə təsadüf
edirdi. XX əsrin sonlarında erməni daşnaklarının yenidən
müqəddəs torpaqlarımıza
başlayan hərbi təcavüzü hər bir qeyrətli Vətən oğlu kimi onu da
hədsiz narahat edirdi...
17 dekabr 1991-ci il.
Səxavətin hələ uşaq
yaşlarından həvəslə
gözlədiyi an, nəhayət,
gəlib yetişdi.
Neftçala Rayon Hərbi
Komissarlığı tərəfindən
həqiqi hərbi xidmətə çağırılan
S.Bayramov Vətənə
olan müqəddəs
borcunu Daxili Qoşunların Biləcəri
qəsəbəsində yerləşən
"N" saylı hərbi
hissəsində "sıravi"
hərbi qulluqçu kimi yerinə yetirməyə başlayır.
1992-ci ildən etibarən
isə mayor Əkbər
Hüsüyevin (Daxili
Qoşunların veteranı,
ehtiyatda olan polkovnik-leytenant - A.Ə.) komandiri
olduğu taborun tərkibində qoşunların
igid döyüşçüsü
kimi Zəngilan rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə fəal
iştirak edir...
1993-cü ilin aprel
ayında S.Bayramovun xidmət etdiyi tabor Müdafiə Nazirliyinin bölmələri ilə
birgə Zəngilan rayonunun Qaragöl, Şayıflı, Nəcəflər
və digər yaşayış məntəqələri
istiqamətindən uğurlu
hücum əməliyyatı
keçirərək düşmən
postlarını məhv
etmiş və bir sıra strateji
əhəmiyyət kəsb
edən yüksəklikləri
ələ keçirmişlər.
Sıravi S.Bayramov mahir pulemyotçu olmaqla yanaşı, həm də "Nəbi daşı" deyilən
əsas yüksəklikdə
yerləşən postlardan
birində post rəhbəri
idi. Mühüm əhəmiyyət kəsb edən posta Səxavətin rəhbər təyin edilməsi təbii ki, komandir heyəti
arasında ən etibarlı hərbçi kimi nüfuz qazanması ilə yanaşı, onun xarakterindəki liderlik məharəti və əsl döyüşçüyə
xas olan müsbət keyfiyyətləri
idi.
17 aprel 1993-cü il.
Təpədən-dırnağadək silahlanmış 40-dək erməni daşnakı itirdikləri mövqeləri
geri qaytarmaq, eləcə də digər əraziləri ələ keçirmək
məqsədilə Səxavətin
rəhbərlik etdiyi posta hücum edir. Lakin cəsur döyüşçümüz
S.Bayramov ayıq tərpənərək, yoldaşları
ilə birgə düşmənə sarsıdıcı
zərbələr endirir,
düşmənin arzusunu
ürəyində qoyur.
Səxavət pulemyotu ilə
düşmənin 10-a yaxın
əsgərini məhv
edir.
Məqsədinə nail ola bilməyən daşnaklar
cəsədlərini sürüyərək
geri çəkilməyə
məcbur olurlar. Lakin bu döyüş
sıravi S.Bayramovun
son döyüşü olur...
Döyüşün sonunda "Qan çanağı" adlandırılan
yüksəklik istiqamətindən
düşmən snayperinə
tuş gəlir. Başından
ağır yara alan Səxavəti
vaxtında qospitala çatdırsalar da, aprelin 18-nə keçən
gecə gözlərini
əbədi yumur...
Aradan xeyli müddət keçməsinə baxmayaraq,
ehtiyatda olan polkovnik-leytenant Ə.Hüsüyev
döyüşlər zamanı
əsgərlərimizin, o cümlədən,
şəhid S.Bayramovun
göstərdiyi qəhrəmanlıq
nümunələrini böyük
qürur hissi ilə xatırladığını
deyir:
"...Taborda qoçaq, qorxu bilməz, igid döyüşçülər
çox idi. Səxavət də məhz
belə silahdaşlardan
biri idi. Xarakter baxımından olduqca ciddi və azdanışan
əsgər idi.
Yaxşı yadımdadır, o əslən
Siyəzən rayonundan
olan gizir Teymur Rzayevin komandiri olduğu tağımın tərkibində
vuruşurdu. Tağımın şəxsi heyəti
"Nəbi daşı"
deyilən və strateji əhəmiyyət
kəsb edən yüksəklikdəki postlarda
döyüş növbəsi
çəkirdi. Olduqca bacarıqlı
hərbi qulluqçu idi. Sıravi S.Bayramov bu postlardan birinə rəhbərlik etməklə
yanaşı, həm də mahir pulemyotçu
kimi tapşırıqların
öhdəsindən məharətlə
gəlirdi. Öz sevimli
silahı ilə neçə-neçə düşmən
yaraqlısını cəhənnəmə
vasil etmişdi. Xalqımıza qarşı törətdikləri
vəhşiliklərinə görə erməni daşnaklarına hədsiz
şəkildə nifrət
edərdi. Düşünürəm ki, onu döyüşlərdə
düşmənə qarşı
amansız və qəhrəmancasına vuruşmağa
zövq edən də məhz bu amil idi.
Səxavət kimi şəhid
olmuş oğullarımızın
qəhrəmanlığı onun döyüşçü
dostlarının və
xalqımızın qəlbində
daim yaşayacaqdır".
Respublikamızın ərazi bütövlüyü
uğrunda canını
qurban verərək şəhidlik zirvəsinə
yüksələn sıravi
S.Bayramov, aprelin 20-də
Neftçala rayonunun Şəhidlər Xiyabanında
dəfn olunub. Neftçala şəhərindəki
küçələrdən biri şəhid S.Bayramovun adını daşıyır.
Azərbaycan Respublikası Prezidentinin
11 mart 2015-ci il tarixli Sərəncamı ilə
sıravi Bayramov Səxavət Allahverdi oğlu respublikamızın
ərazi bütövlüyünün
təmin olunmasında
iştirak etdiyinə,
döyüş zamanı
igidlik göstərdiyinə,
öz xidməti vəzifələrini və
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqları yerinə
yetirərkən fərqləndiyinə
görə "İgidliyə
görə" medalı
ilə (ölümündən
sonra) təltif edilmişdir (Medal 05.05.2015-ci il
tarixdə Daxili Qoşunların Baş İdarəsində ümummilli
lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü
münasibəti ilə
təşkil olunmuş
təntənəli mərasim
zamanı daxili işlər nazirinin müavini - Daxili Qoşunların Komandanı
general-leytenant Şahin
Məmmədov tərəfindən
şəhidin atasına
təqdim olunmuşdur).
Şəhid S.Bayramovun həyat
və döyüş
yolundan bəhs edən yazılara görkəmli ziyalımız,
jurnalist Tamilla Əliyevanın "Analar
deyir ki..." və filologiya elmlər doktoru, professor İmamverdi Əbilovun
"Şəhidlər mehrabı...
Rəhmət duası..."
adlı kitablarında,
həmçinin Mərdan
Hüseynlinin müəllifi
olduğu və "Əsgər" qəzetinin
8 may 1993-cü il tarixli
sayında dərc olunan "Bu igidin laylasını Vətən
çaldı" başlıqlı
məqaləsində rast
gəlmək olar (Məqalə Təranə
Məmmədovanın Daxili
Qoşunların şəhid
hərbi qulluqçularının
həyat və döyüş yolundan bəhs edən "Oğullar verir ki can, yaşasın Azərbaycan" adlı kitabında dərc olunub). Bundan əlavə igid döyüşçümüz haqqında məlumatlar Azərbaycan Respublikası
Səfərbərlik və
Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin rəsmi
internet saytında da
(http://seferberlik.gov.az/rgminfoall/4825.html) öz əksini tapıb.
Şair Soltan Abbas şəhid
S.Bayramovun xatirəsinə
şeir həsr edib. Şeirin iki bəndini
təqdim edirəm.
Mən aşiq Zəngilana,
Yol gedir Zəngilana.
Ağlar
gözüm gülüşü,
Qalıbdır sən gələnə.
Sonsuz cəsarətimsən,
Qoçaq Səxavətimsən.
Mən aşiqəm axdı qan,
Əsdi səmum, axdı qan.
Şəhid oldu comərdim,
Ev qalmadı
yıxdı qan.
Sonsuz cəsarətimsən,
Qoçaq Səxavətimsən.
Şeir şair S.Abbasın Neftçala şəhidlərinə
həsr olunmuş
"Ömrün şəhidlik
zirvəsi" adlı
şeirlər toplusu kitabında dərc edilib.
Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Ali Baş Komandanı
cənab İlham Əliyevin çıxışları
zamanı dəfələrlə
qeyd etdiyi kimi, işğal olunmuş torpaqlarımız
tezliklə azad olunacaq və şəhidlərimizin intiqamı
mənfur düşməndən
qətiyyətlə alınacaq.
Səxavət kimi cəsur silahdaşlarımız Daxili
Qoşunların tərkibində
xidmətlərini bu gün də şərəflə davam
etdirirlər. Sıralarında vətənpərvər oğulların xidmət etdiyi Azərbaycan Ordusu işğal altında olan müqəddəs torpaqlarımızı
düşməndən azad
etməyə hər zaman hazırdır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Anar ƏHMƏDOV
Daxili Qoşunların zabiti
525-ci qəzet.-
2015.- 27 may.- S.8.