II Yelizaveta ilə görüşmüş azərbaycanlı jokey

 

 

Kraliçanın sevinci

 

Kral Qəsrinin önündə toplanmış minlərlə insan onu ayaqda alqışlamağa başlayır. İngiltərənin adlı-sanlı, əsilli nəcabətli lordları dəyirmi şlyapalarını hörmət əlaməti olaraq başlarından çıxarır, qadınlar dəsmallarını yelləyirlər. Kraliçanın təəccübdən və  heyrətdən dəyişmiş simasında gizli bir heyranlıq duyulur. Sevincindən kraliçanı göz yaşları boğur. Bütün imperiyanın idarəçilərinin yığıldığı London onu qəbul edir, gözəlliyinin qüdrəti qarşısından afərin deyir...

 

Azərbaycanın ilk jokeyi

 

Azərbaycanda bütöv bir jokeyçilər nəsli onun adıyla bağlıdır. 1930-cu ildə Borçalıda dünyaya göz açan Tağıyev Əli Tağı oğlunun atlara marağı və cıdır yarışlarına can atması, sonradan bunun üçün yaxşı şərait olan Ağstafaya gəlməsi ona taleyinin ən böyük uğurunu qazanmağa imkan verir.

 

Əli Tağıyev Azərbaycanın ilk usta jokeyi, ilk əməkdar məşqçisi, 1500-dən çox qələbəsi olan, Azərbaycan və beynəlxalq arenalarda, cıdır meydanlarında qələbəsi olan həyatını sırf bu sahəyə bəxş eləmiş bir insan olur. Gənc Əli Ağstafada atçılıq təsərrüfatından təsadüfən bir vəziyyətə şahidlik edir: burada bəslənilən cins ingilis atlarına çox pis qulluq edilir və təsərrüfat sahibləri heç bir vəchlə atlardan istədikləri nəticəni ala bilmirlərmiş.

 

Tezliklə, Əlinin əsl at mütəxəssisi olmasını görən zavod sahibləri onu bura işləməyə dəvət edirlər. Bu zaman Əlinin cəmi 11 yaşı var idi... Elə həmin vaxtdan etibarən Əli Bakıya-cıdır yarışlarına çıxış etmək üçün tez-tez gəlməyə başlayır. Tezliklə, nəticələr qazanaraq usta jokey adına da sahib olur.

 

Generalın yavəri

 

Artıq gənclik dövrünə qədəm qoyan  Əli 1955-ci ildə Sovet ordusunda hərbi xidmətə başlayır. Az sonra hərbi xidmət yerinin Moskvaya dəyişdirilməsi üçün SSRİ Müdafiə Nazirliyinin rəhbər işçilərindən birinin xüsusi göstərişi hərbi hissəyə daxil olur. Əli Tağıyev Moskvaya məşhur cıdır meydanında Sovet generallarının atlarına qulluq etməyə başlayır.

 

Xruşşovun "Zaman"ı

 

Xruşşovun hakimiyyətə gəlməsi ilə SSRİ-də Stalinin dövründə qoyulmuş qadağalar aradan qalxmağa başlayır. SSRİ-nin rəhbəri Avropada və dünyada xüsusi söz sahibi olan Britaniya ilə münasibətləri yaxşılaşdırmaq üçün heç bir fürsəti fövtə vermir. Xruşşova Britaniyanın kraliçası II Yelizavetanın at həvəskarı olması çoxdan məlum idi. Sovet rəhbəri bu maraqdan istifadə edərək, kraliçaya xüsusi bir jest etməyə qərar verir. 1956-cı ilin 21 aprelində kraliçanın 30 yaşı tamam olur. Bu münasibətlə dünyanın dörd bir tərəfindən Londona qonaqlar gəlməyə başlayır. Xruşşov da məhz öz hədiyyəsini göndərmək üçün elə bu tarixi  seçməli idi...

 

Bakıda böyük seçim

 

Moskvadan Bakıya böyük nümayəndə heyəti gəlir. İttifaqın bütün respublikalarını gəzən qonaqlar heç yerdə tapa bilmədiklərini Bakıda tapırlar. Bakıdakı cıdır meydanında gördükləri Qarabağ atının gözəlliyinə heyran qalırlar. Zaman adı verilən at cins Qarabağ atı idi və çəhrayı rəngi vardı və bu rəngdə çox az rast gəlinən biri idi. Zaman Ağdam atçılıq məktəbinin yetişdirməsi idi: nə gözəlliyinə, nə də sürətinə çatacaq at vardı. 4 yaşlı dünya gözəli olan Zamanı Londona kimin aparacağı mübahisə doğurur. Eyni zamandan Bakıda Londona kimin gedəcəyi ilə bağlı 30 idmançı arasında seçim aparırlar. Amma heç kəsi bəyənmirlər.

 

Çıxılmaz vəziyyət yarananda, kimsə Əli Tağıyevin adını çəkir. Əli artıq Moskvada generalların atını tədbirlərə hazırlayırdı. Əlinin adını eşidən kimi Moskvaya müraciət edilir və hərbi hissədən onun Bakıya gətirilməsi üçün tapşırıq icra edilir.

 

Atı aparacaq şəxs müəyyən olunduqdan sonra Əliyə çərkəzi paltar tikdirirlər.

 

Amma Xruşşov baxış zamanı paltarlardan narazı qalır. Ona yeni paltar hazırlanır, xəncər və papaq da əlavə edilir. Zaman üçün isə gümüş yəhər və üzəngi gətirilir.

 

Zaman kral qəsrində

 

Uzaq yoldan sonra Zaman kralın qəsrində kraliçaya təqdimat üçün hazırlanır. Minlərlə insanın toplaşdığı ad günü mərasimində Əli Tağıyev Qarabağın cins atını-Zamanı kraliçaya təqdim edir. Atın gözəlliyindən vəcdə gələn kraliça uzun müddət onun yalmanını oxşamaqdan doymur. İki həftəyə yaxın Londonda qonaq qalan Əliyə xüsusi, kraliçanın dəvətnaməsi təqdim edilir: O, Zamanla yarışlara qoşulmalı idi. Səfər zamanı Əlini bir an da gözdən qoymayan KQB əməkdaşları buna razı olmurlar. Ayğır Zaman illər sonra başqa cinslə qarışdırılır və kraliçanın atlarının bir çoxunda Qarabağ atının gözəlliyinin elementləri yaşamağa başlayır. SSRİ dağılana yaxın kral ailəsi Əli kişiyə Zamanın törəmələrinin fotolarını da yollayır. Ən gözəli isə Jasmin imiş.

 

Avropada saç dəbinin qəribə sirri

 

Kral ailəsinin Zamana xüsusi diqqəti bütün Avropada yeni saç trendinin yayılmasına səbəb olur. Xüsusi gözəlliyə malik olan Zamanın yalmanı o qədər yaraşıqlı və gözəl idi ki, gün işığında pardaqlanan telləri gümüşü rəngə çalır və xüsusi bir harmoniya yaradırdı. Təbii ki, qadınlar bu gözəlliyi kəşf etməmiş deyildilər. Az sonra bütün kral ailəsinin qadınları və London qızlarının qızılı saç rəngləri modası geniş yayılır. 50-60-cı illərin Avropa qadınlarının bu saç stilinin kökündə Qarabağın cins atı-zamanın gözəlliyi dayanırdı.

 

Jokeyin taleyi

 

Əsgərliyini çəkib Bakıya qayıdan Əli cıdırda qələbələrdən doymur. Ömrü at üstündə keçən cəsur kişinin 1500-dən çox qələbəsi olub. Azərbaycan ümumittifaq yarışlarında 50-ə yaxın qələbə qazanır. Onun 40-ı Əlinin payına düşür.

 

Şıxəli Qurbanovun təşəbbüsü ilə 1967-ci ildə Azərbaycanda ilk dəfə dövlət səviyyəsində Novruz bayramı keçirilir və ilk dəfə bayram məşəlini İçərişəhərdə at belində alovlandıran da Əli olur.

 

2005-ci ilə - rəhmətə gedənə qədər at ustası kimi fəaliyyətini davam etdirir Əli Tağıyev...

 

Zaman 50-ci illərdə Avropanı necə fəth etmişdisə, 2012-ci ildə kraliçanın hakimiyyətə gəlməsinin 60 illiyi münasibətilə Əli kişinin nəvələrini Londona dəvət edirlər.

 

Əlinin  nəvəsi jokey Camal Tağıyev üç Qarabağ atının gözəlliyi ilə bir daha kraliçanın cavanlığını yadına salır.

 

Ruslara dərs verən qoca

 

1989-cu ildə 59 yaşlı Əli kişi Konfet adlı atı ilə Gürcüstana yarışa yollanır.

 

Bütün SSRİ-də olduğu kimi, Gürcüstanda da hamı onun hörmətini saxlayır.

 

Yarış başlamamışdan qabaq Rusiyanın ən güclü jokeylərindən biri, Konfeti göstərib deyir ki, bunu kim minəcək?

 

Qıraqda var-gəl edən Əli kişini göstərirlər.

 

Rus özünü saxlaya bilmir, gülür və deyir:

 

-  Bu qocamı?

 

Əli kişi eyhamı başa düşür və bir azdan qonağa yaxınlaşır:

 

-  Familiyan nədi sənin?

 

-  Varona (qarğa - red.).

 

- Mən səni Varabeyə (sərçə - red.) döndərim, sən də bax.

 

 Elə həmin yarışı da yaşı 60-ı haqlamış Əli Tağıyev udur və ruslara unutmayacaqları bir dərs verir.

 

Bu il Əli Tağıyevin  85 illiyi ilə bağlı yubiley yarışı olacaq. "Pulemyot", "Timur", "Konfet", "Səməndər" kimi məşhur atlar yetişdirmiş Əli Tağıyevi - o usta jokeyi ehtiramla yad edir, Allahdan ona rəhmət diləyirik.

 

ATV.az

Natəvan ABDULLA,

Əziz ƏLİBƏYLİ

525-ci qəzet.- 2015.- 27 may.- S.7.