Oqtay Rəcəbovun yeni
operası təqdim edildi
Bəstəkarlar İttifaqının (ABİ) Ü.Hacıbəyli adına konsert salonunda tanınmış
bəstəkar, əməkdar
müəllim, professor Oqtay
Rəcəbovun "Sərçənin
sərgüzəştləri" adlı yeni uşaq operasının premyerası olub.
Təqdimat 28 May - Respublika Günü
və 1 iyun - Uşaqların Beynəlxalq
Müdafiəsi Günü
münasibətilə təşkil
edilib.
Nümayişdən əvvəl
ABİ-nin sədri, Xalq artisti, professor Firəngiz Əlizadə qurumun uşaq musiqisinə həmişə
yüksək qiymət
verdiyini vurğulayıb:
"Oqtay Zülfüqarov,
Azər Dadaşov, Əfsər Cavanşirov, Oqtay Rəcəbov və digər görkəmli bəstəkarlarımız
uşaqlar üçün
musiqi yazıblər. Uşaq musiqisi elə yazılmalıdır ki, uşaqlar onu həm dərk, həm də ifa edə bilsinlər.
Azərbaycan uşaq musiqisinə
öz töhfəsini
verən bəstəkarlardan
biri də Oqtay Rəcəbovdur.
Uşaqlar üçün xeyli sayda musiqi
yazan bəstəkar 4 uşaq operasının müəllifidir".
Firəngiz Əlizadə O.Rəcəbovun
yalnız bəstəkar
kimi deyil, həmçinin pedaqoq kimi də uğurla
fəaliyyət göstərdiyini
vurğulayaraq deyib ki, o, yazdığı dərsliklərdə, tədris
vəsaitlərində musiqini
necə ifa etməyin nəzəriyyəsini
açıqlayır. Qeyd edib
ki, bəstəkarın
bu gün nümayiş olunacaq operası bir növ onun böyük
fəaliyyətinin bəhrəsidir.
Sonra Bakı
şəhəri 3 nömrəli
uşaq incəsənət
məktəbinin kollektivinin
ifasında "Sərçənin
sərgüzəştləri" operası təqdim edilib. Operanın librettosunun müəllifi
uşaq yazıçısı,
"Qızıl kəlmə"
mükafatı laureatı
Sevinc Nuruqızıdır.
Nümayişdən sonra çıxış
edən Oqtay Rəcəbov operanın həm "Bənövşə"
uşaq xorunun, həm də Respublika İncəsənət
Gimnaziyasının şagirdlərinin
ifasında lentə alındığını söyləyib. Diqqətə çatdırıb ki, operanı Bakıdan kənarda hazırlamaq qərarına gəldik və Əmircanda olan bu məktəbin
kollektivi tərəfindən
səhnələşdirdik. Bəstəkar bildirib ki, tədricən Azərbaycanın
bölgələrini də
əhatə etməyə
çalışmalıyıq.
Oqtay Rəcəbov
məktəbin kollektivini
təbrik edərək
yaradılan şəraitə
görə Bəstəkarlar
İttifaqına minnətdarlığını
bildirib.
Opera ilə bağlı fikirlərini bölüşən
Sevinc Nuruqızı deyib: "Çalışmışam
ki, sözlər çox yumşaq, az hecalı, uşaqlar tərəfindən
rahat qavranılan olsun. Ümumiyyətlə, mən uşaqlar
üçün yazılmış
əsərlərin xoşbəxt
sonluqla bitməsini xoşlayıram. İstəyirəm ki, bu əsərlər
uşaqların psixologiyasına
pis təsir etməsin".
Sonda tamaşanı hazırlayanlar,
3 nömrəli uşaq
incəsənət məktəbinin
müəllimləri Könül
Talıbova və Ülkər Hüseynova, konsertmeyster Leyla Atakişiyeva və Sərçə rolunun ifaçısı Aygün
Hüseynova Bəstəkarlar
İttifaqının diplomları
ilə təltif edilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 27 may.- S.7.