İlyas Əfəndiyev irsində tarix və
dil yaddaşı
Mayın
26-sı Azərbaycan ədəbiyyatının klassiki, Xalq
yazıçısı İlyas Əfəndiyevin doğum
günüdür. Görkəmli ədibimizi bu münasibətlə
ehtiramla anır, onun yaradıcılığına həsr
olunmuş yazını oxuculara təqdim edirik.
(Əvvəli
ötən sayımızda)
İlyas
Əfəndiyevin tarixi keçmişimizin müəyyən
dövrünü real hadisələr əsasında qələmə
aldığı daha bir əsərindən
- "Üçatılan" povestindən dialektizmlərə aid nümunələrə
müraciət edək:
Deyirdi,
soraqlaşa-soraqlaşa gəlib gördüm sizin küçə
qapısında eyzən (burada
tamamilə, bütünlükdə, başdan-başa) teleqraf simləridi; Ərşad gülümsəyib: -Sənin
sözün sınınca, düşmanın boynu
sınsın, - deyərək toğlunun (on aylıq qoyun
balası) quyruğundan bir
şırım (tikə) kəsib, qar kimi dişlərilə
bir anda yedi; Buna görə də,
Tapdıq əvvəlcə göy qurşağını
belindən açıb, bir tərəfindən qoburlu qəmə
(xəncər) ilə bıçaq itiləyən sətil
(burda kəsərli alətləri itiləmək
üçün polad alət) asılmış
keçmiş qayış-kəmərini bağlayır;
Günlərini eyzən (burada həmişə) qışda Haramıda, yayda isə
dağlarda qoyun-quzunun arasında keçirir ki, camaat onun
seyidliyini yaddan çıxarsın;
Çöllərdə, dağlarda səllimi (boş,
bekar) həyat keçirən tərəkəmələr
yavaş-yavaş Tapdığın
"ağa"lığını unudurlar; Ona görə də, hərləyirdilər
(fürsət axtarmaq) ki, girəvə düşən kimi onu
öldürsünlər; Gəlin mis parç dolusu ovduq
(ayran) qayırdı; Eyvaz əmi bilirdi ki, nə vaxt-lap
gecəyarısı da Hacının evinə getsən, onun
quzu bozartması, ərik qaysavası (xörək adı) dərhal hazırdır; Ərşad da çox həməyir
(işdənqaçan, tənbəl), oğru olduğundan
Şahmarla dostluqları yaxşı tuturdu; Hacı bilirdi ki, Fərhad
ilxıdakı cavan atlar kimi bozqırlarda (susuz, otsuz
çöl), yaylaqlarda, Haramılarda səllimi
böyüyüb, ona görə də, hökumətin,
dünyanın işlərindən
nə başı çıxacaq;
Ərşad arvadının sözünə əhəmiyyət
verməyərək, iki acıtmalı (xəmiri maya ilə
yoğrulmuş) çörəklə bir kasa
qatığı yeyib qalxdı ayağa; - Obada heyvan kəsib alışma
(bir neçə adamın şərikli
(qoyun, mal və s.) müəyyən bir şey alıb
bölüşməsi) eləsələr, sən də
götür, gəlib pulunu verərəm; Ərşad gecənin
qaranlığında eyzən (burada tamamilə) ayaq dəyməyən yerlərlə
at sürərək, gəldi çatdı Kürdobanın qənşərinə
(əvvəl); -Ə, axı,
neyləyirsən Şahmarı? Arazın hər keçələtinə
(keçid) bələdsən; Deyirlər, Rzaqulunun yeddi saytal
(igid, qorxmaz) oğlu var; Əli
dedi:-Ə, qağa, nəbadə (birini bir işdən çəkindirmək
üçün işlədilən söz) obaya üzükəsən
(burada gəlmək);
Ərşad dedi:-İnanmıram ona, təlləyir
(aldatmaq). Apardı basdı dama (burada qazamat), sonra əlim hara
çatar?! Bağın
hasar-çəpəri çoxdan tərk olub (xarab olmaq)
getmişdi; -Ə, bir
bölük gəlsə məni bu səngərdən dəbərdə
(tərpətmək) bilməz, özünüzü havayı
qırğına verməyin, cəhənnəm olun! ...Atının başını
döndərib, işıq gələn şenliyə (burada kənd, oba,
yaşayış məntəqəsi) tərəf çapdı; Lap birinci dəfə bura gəldiyi
zamandan Ərşadla ləc
düşən (tərs
düşmək, düşmən olmaq) həmin milis Ərşadı
görüb əvvəl təəccüb elədi; Ərşad atını
addım-addım sürüb, qaranlıqda obadan
çıxandan sonra dörddəmə (dördayaq çapma)
çapdı...; Ərşadla
Kərəm diqqətlə baxıb tapdanmış otları və nəm
torpaqdakı at rədlərini
(ləpir, iz) gördülər; Onların ondan xəbərləri
yox idi ki, lap qədim zamandan bu böyük damın tövləyə
açılan külfəsi
(tövlədə pencərə əvəzinə qoyulmuş deşik) var idi ki,
heç kəs bilməsin deyə qabağına da
yorğan-döşək
yükü yığmışdılar; Elat (köçəri) hələ
yaylağa qalxmayıb.
Möhtəşəm
tarixə malik ana dilimizə tükənməz sevgi ilə
yanaşan yazıçı bu əsərində də istənilən
qədər dialektizmlər, eləcə də xalq
danışıq dilinə məxsus söz və ifadələr işlədir ki, bu da obrazların
xarakterinin açılmasına, təbii
canlandırılmasına, hadisələrin hansı yerdə
baş verdiyini göstərməyə kömək edir. Hər iki əsərində
əhvalatlar Qarabağın Araz boyu tərəkəmələrinin
yaşadıqları ərazidə baş verir.
İlyas
Əfəndiyevin Qarabağın tarixindən bəhs edən
daha bir əsəri Azərbaycanın
sayılan-seçilən, igid oğullarından biri olan
XIX əsrin əvvəllərində yaşamış
Qaçaq Süleymanın həyatından bəhs edən
"Qaçaq Süleymanın ölümü" povestidir.
Bu əsərində də ədib dialektizmlərdən istifadə
etmişdir. Nümunələrə müraciət edək:
Qaçaq
Süleyman dedi: - Özün də
elə bilmə ki, bu pullar soyğunçuluqdan-zaddandır.
Bunu mənə erməni hampası (varlı, dövlətli)
Şahnəzəryan bac göndərib! Sonra onlar
yavaş-yavaş Araz boyu uzanan dahara (təpə)tərəf
getdilər və dahar boyu gəzməyə başladılar;
Daharın üstündəki qalın böyürtkən
kolluğunun qənşərindən yarğana qəfil bir
adam yıxılan kimi, biz yıxılana selləmə atəş
açmalıyıq! Asta
yorğa (at yerişinin bir növü) ilə gedən on iki atın ahəngdar
ayaq səslərinin təsiri ilə Qaçaq Süleyman bir
az bundan qabaq naçalnikin evindəki əhvalatı təkrar
xatırladı; Qaçaq Süleyman
şəhər rəisini xəbərdar elədi ki, əgər
ermənilər köçün qabağını kəssə,
evlərdən çıxanları bir-bir buradan dənləyəcəklər
(bir-bir qırmaq, öldürmək);
Bu əclaf çar çinovnikləri min verstlərlə
uzaqlardan durub bura ağalığa gələn kimi erməni
kösələrini (burada: tərəkəmələr ermənini
belə adlandırırlar) tapırlar; Mən də bunun üçün
Kasparova təpindim (acıqlanmaq, hədə-qorxu gəlmək).
Ədibin
yaradıcılığından - müasir Azərbaycan nəsrinin
ən gözəl nümunələrindən olan əsərlərdən gətirdiyimiz misallardan da göründüyü kimi, İlyas Əfəndiyev ümumxalq
dilinin incəliklərini duyan, onun fövqəladə qüvvəsindən
bacarıqla istifadə etməyi bacaran şirin dilli bir sənətkardır.
O, dil vasitəsilə yalnız öz fikirlərini oxucuya
çatdırmaqla kifayətlənmir, həm də onun qəlbinə və
hissinə təsir göstərir, onu duymağa və
düşünməyə təhrik edir. İlyas Əfəndiyevin
əsərlərini oxuduqca bir daha əmin olursan ki, dilin və
xalqın tarixinin qədim qatları ilə bağlı olan bir sıra əlamətlər
bu gün canlı dildə və xalq
yaradıcılığında yaşayır. Xalqın
danışdığı dil, onun yaratdığı ədəbiyyat
tükənməz bir xəzinədir. Əsrlərin dərinliyindən
gələn bu söz xəzinəsi xalqın müdrik və işıqlı zəkasını,
qədim və zəngin dilini göstərir.
Tədqiqat
göstərir ki, dialektizmlər bədii əsərdə
obrazların səciyyəvi keyfiyyətlərini və
onların hansı dialekt və şivənin nümayəndəsi
olmasını müəyyənləşdirməkdə
mühüm rol oynayır. Eyni zamanda dildəki sinonim sözlər
cərgəsini zənginləşdirir. İlyas Əfəndiyevin
nəsr əsərlərində istənilən qədər həm
fonetik, həm də qrammatik dialektizmlərə rast gəlmək
mümkündür.
Mağıl dayna... tay dabanı
çatdaq Xəlcənin oğlunun açığı
tutdu, dünya dağılacaq, uşağın
üzünü o qədər danlayır ki, evdən-eşikdən
də perikir (didərgin düşür); - Ə, bilmirsiniz ki,
Bəndalı heylə binamus işə qol qoymaz? -Tay yekə oğlan olmusan...; Xanım apardığı şeyləri
Şuşa bazarında satıb-sovandan sonra köhnə
müştəriləri baqqal Tağıya dedi ki, onlar
üçün bir tapança alsın. Tağı istədi
desin ki, "sizdə kişi xeylağı yoxdur,
nağarırsan tapançanı?" ("Geriyə baxma,
qoca"); -Deynən məni
nahaq qana salmasın! Deynən bacın oğlu anasının
goruna and içib ki, öldü var, döndü yoxdu bu
işdən! Oğlan tutulub
deyir:-Neynək, mən baş götürüb gedərəm
içərilərə; Eyvaz əmi
deyir:-Heylə şey olmaz! Biz qapıya gələni boş
qaytarmarıq; -Ə, nə təhər gəlmisinizsə, heylə
də qayıdın! Bizi qana salmayın! -Nayran olma. Tez-tez gəlib sənə
dəyəcəm; Kişi düz deyirdi dayna. Qəfil evə
dürtülüb arvad-uşağın yanında yaraqsız
adamı öldürmək kişilikdən döyül,
axı; -Tay niyə gedim, gəlmişəm,
tut dayna; -Düzü, nəçərnik,
kim olur-olsun, adamı namərdliklə öldürmək
arıma gəlir ("Üçatılan");
Vicdansızın biridirlər, vəssalam! Heylələri ilə
pişiyim-pişiyim eləmək olmaz; Gözüyün ağı-qarası
bircə oğlun var; İndi
sözüyün kütahı nədir, Bağdagül? - deyə
bayaq birinci dillənən arvad soruşdu ("Dağlar
arxasında üç dost");
Kişi dilxor oldu:-Sən Allah, şit-şit
danışma. Nə gözəl oğlanbazlıqdır. Deynən,
sənətini yaxşı bilən, ağlı başında
oğlandır, vəssalam ("Xan qızı Gülsənubərlə
tarzən Sadıqcanın nağılı"); Qaçaq Süleyman söyünmə səslə dedi:
- Qələt eləyər. Sizə yaxşı yol
("Qaçaq Süleymanın ölümü"); -Xeyir xəbər,
sağsağan, xeyir xəbər!.. Oğluyun oğlu olub,
qızıyın da oğlu olacaq! ("Sağsağan")
Göründüyü kimi, yazıçının təsvir dilində, xüsusilə də obrazların dilində işlənən belə sözlər mətndə yerinə düşür, təbii səslənir, oxucu tərəfindən asanlıqla anlaşılır. Bu, əsərdəki surətlərin xarakterini müəyyənləşdirməyə, hər nəsildən olan insanların öz yerli danışıq dili xüsusiyyətlərinin saxlamasına, eləcə də əsərin təsir qüvvəsinin artmasına kömək edir. Ümumi şəkildə baxsaq, İlyas Əfəndiyevin yaradıcılığında çətin başa düşülən, dolaşıqlıq yaradan dialektizmlər yox dərəcəsindədir.
Möhtəşəm tarixə malik Vətənimizə əvəzsiz sevgi ilə bağlı olan İlyas Əfəndiyevin nəsrində doğma Qarabağa aid xeyli sayda toponomik adlara rast gəlirik ki, bunlar da Azərbaycan tarixinin ən qədim qatlarından xəbər verir.
Şahlarla Səlimə tövlədən çıxanda Qartallı Dərənin evlərindən zəif işıqlar gəlirdi. "Dəvə boynu" deyilən dağı aşandan sonra Çınqıllı gədik başladı. ("Dağlar arxasında üç dost"); Uca dağlı, bağlı-bağatlı, aranlı-yaylaqlı Qarabağda "Kürdoba" deyilən bir tərəkəmə obası var idi. "Gəyən" deyilən düzdə igidlər cıdıra çıxardılar. (Köç) Sonra Dəliçay yaylağına çatıb, "Eşşək bulağı" deyilən yurdda keçə alaçıqlar - komalar qurardılar. Qışda qışlaqda olardılar, yazda hər tərəfi qıpqırmızı lalə olan, min cür çiçək dolu otu dizə çıxan, göz işlədikcə uzanıb gedən Haramılara köçərdilər. Dünyaya çox igidlər, nəcib atlar verən gözəl Qarabağın "Kirs" deyilən qalın meşələrində Alyanlı adlı bir oba vardı.("Geriyə baxma, qoca"); Yaylağa köç zamanı adət idi: Çinarlı düzə çatanda atlılar cıdıra çıxardılar. Qız-gəlin bilirdi ki, bu gün cahıllar Altıntaxtada cıdıra çıxacaqlar. ("Üçatılan"); Qaryagin qəzasının birinci nahiyəsinin pristavı Bayram bəy Araz qırağı Qarabağın Kürdmahmudlu, Qaçaq Süleyman isə, Əhmədallar deyilən qədim tərəkəmə obalarından idilər ("Qaçaq Süleymanın ölümü"); Bu yolun üstündəki "Yelli gədik"də çox karvanlar çovğuna düşmüş, isti "Pirağbulaq" dərəsində çox karvanların qabağı kəsilmişdir ("Şuşa yollarında") və s.
Həqiqətən də, ədibin əsərləri Azərbaycan ədəbi tənqidində deyildiyi kimi, böyük yazıçının yaratdığı bir "Qarabağnamə"dir. Görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayev yazır: "Qarabağın tarixi barədə klassik sənədlər - yeddi "Qarabağnamə" var. Bütünlükdə İlyas Əfəndiyev yaradıcılığını mən səkkizinci "Qarabağnamə" hesab edirəm! Qarabağın taleyi və gələcəyi barədə düşüncə, nigarançılıq və həsrət bu "Qarabağnamə"dən həmişə eşidilib".
Sevinc
HƏSƏNOVA
Pedaqogika üzrə
fəlsəfə doktoru, dosent
525-ci qəzet.-
2015.- 27 may.- S.6.