Milli-mənəvi dəyərlər
misilsiz sərvət kimi
Milli-mənəvi dəyərlər və
müasirlik
"Mən bu gün bir azərbaycanlı kimi,
özündə həm milli-mənəvi dəyərləri,
həm də ümumbəşəri dəyərləri cəm
edən bir insan kimi deyirəm ki, bizim xalqımızın mənəvi-əxlaqi
mentaliteti onun ən böyük sərvətidir,
xalqımızın milli-mənəvi dəyərləri onun
milli sərvətidir". Yazıya Ümummilli Lider Heydər Əliyevin bu fikri
ilə başlamağımız heç də təsadüfi
deyil. Əslində, bu fikirlər milli-mənəvi
dəyərlərin izahını tam dolğunluğu ilə
ifadə edir. Şübhə yox ki, hər
bir xalqın ən böyük sərvəti onun milli-mənəvi
dəyərləri, bu dəyərlərdən formalaşan adət-ənənələri,
mədəniyyət nümunələridir. Vətənimizdə mükəmməl tolerantlıq
mühitinin yaranması dini dözümlülüyün Azərbaycan
xalqının xarakterik xüsusiyyəti və unikal milli-mənəvi
sərvəti olmasına dəlalət edir.
Milli-mənəvi dəyərlər nədir?
"Mənəvi dəyərlər" insanı cəmiyyətdə
formalaşdıran, inkişafa kömək edən
davranış qaydalarıdır. Bu qaydalar dünya
sivilizasiyasının təməli qoyulandan yaranmağa
başlayıb. Dəyərlərin
formalaşması prosesi nəticəsində dünyada hər
bir fərdin haqlarını daha dolğun təsdiq edən
xüsusiyyətlər yaranır. Dünya
xalqları arasında milli-mənəvi dəyərləri ilə
tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ
etdiyi bəşəri ideyaları, adət-ənənələri,
milli xüsusiyyətləri ilə özünəməxsus
yer tutur.
Heydər
Əliyev və milli-mənəvi dəyərlərimizə
qayıdış
Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz,
milli-mənəvi dəyərlər və azərbaycançılıq
- bu sözlər hər bir Azərbaycan vətəndaşı
üçün doğma, əziz və müqəddəsdir. Bu, həm də
milli ruhun, milli şüurun simvolu olaraq tarixi yaddaşın fundamental
prinsiplər əsasında formalaşması deməkdir.
1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn
ümummilli lider Heydər Əliyev ilk gündən hər
cür ideoloji-siyasi baryerlərə sinə gərərək
Azərbaycan xalqının milli özünüdərki
üçün bütün zəruri tədbirləri həyata
keçirməyə başlayaraq, ictimai şüurdakı
qorxunu, ehtiyatlılığı aradan qaldırmağı, cəmiyyəti
bütün sahələr üzrə gələcək mənəvi
yüksəlişlərə ruhlandırmağı
bacarıb. Ulu öndər xalqda milli heysiyyəti
gücləndirmək, onu öz şanlı keçmişinə,
soy-kökünə qaytarmaq, habelə zəngin bədii irsini,
mədəniyyətini, incəsənətini, adət-ənənələrini
yaşatmaq, ana dilini inkişaf etdirmək üçün bir
sıra aşkar-gizli tədbirlər həyata keçirib.
1993-cü ildə xalqın təkidli tələbi ilə
yenidən siyasi rəhbərliyə gələn XX əsrin ən
böyük azərbaycanlısı Heydər Əliyev həyata
keçirdiyi dövlət quruculuğu prosesi ilə paralel mədəni-mənəvi
quruculuq və milli-tarixi yaddaşın bərpası işlərinə
başladı.
Vaxtilə qadağalara məruz qalan, yasaq olunan
milli və dini bayramlar, adət və mərasimlər xalqa
qaytarıldı. Gənc dövlətin siyasi və
iqtisadi əsaslarını yaratmaqla yanaşı, Azərbaycan
xalqının milli-mənəvi irsini ehtiva edən ideyanın
- azərbaycançılığın təşəkkül
və inkişafına müstəsna diqqət verdi.
Heydər Əliyev milli-mənəvi dəyərlərimizin
öyrənilməsini, qorunub saxlanmasını və
inkişaf etdirilməsini əsas vəzifələrdən biri
kimi irəli sürürdü. "...Hər
bir azərbaycanlı öz milli mənsubiyyətinə görə
qürur hissi keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq", - deyən ulu öndər azərbaycançılığı
milli bir ideologiya kimi irəli sürür, mədəniyyətimizi,
mənəvi dəyərləri təkcə milli
varlığımızın yox, həm də siyasi
varlığımızın - dövlət quruculuğu
prosesinin mühüm atributu kimi dəyərləndirirdi.
Mənsub olduğu xalqın tarixi
keçmişinə, mədəni irsinə və mənəvi
dəyərlər sisteminə sönməz məhəbbət
duyğularıyla yanaşan görkəmli dövlət xadimi
müdrik şəxsiyyət kimi yaxşı başa
düşürdü ki, aydın və dərk olunmuş milli
ideologiya hər bir xalqın irəliyə doğru
inkişafının yol göstərəni və bələdçisidir.
"Mən fəxr edirəm ki, azərbaycanlıyam!"-
deyən ulu öndər bütün həyatı
boyu mənəvi-əxlaqi və dini dəyərlərimizin,
adət-ənənələrimizin keşiyində durdu. Hələ keçmiş sovetlər dönəmində
tariximizin qədimliyi və zənginliyinin mühüm göstəricisi
olan tarixi abidə və eksponatların qorunub
saxlanılması və gələcək nəsillərə
ötürülməsi məqsədilə Azərbaycanın
bütün bölgələrində tarix
diyarşünaslıq muzeylərinin yaradılması
haqqında sərəncam imzaladı. Azərbaycan
folklorunun daha dərindən araşdırılması,
aşıq sənətinin inkişafı, milli mərasimlərimizin
təbliği istiqamətində ciddi tədbirlər həyata
keçirildi.
Heydər Əliyevin böyüklüyü həm də
onda idi ki, müxtəlif dinlərə mənsub ölkə vətəndaşları
arasında ayrı-seçkilik aparmır, bütün səmavi
dinlərin nümayəndələrinə eyni gözlə
baxır, istər məscid, istər kilsə, istərsə də
sinaqoqların bərpasına və tikintisinə dəstək
verirdi. Bütün bunlar xalqa olan diqqətin, onun milli mənəviyyatına
bəslənən sevginin və min illər boyu formalaşan
tolerantlıq ənənələrinə hörmətin təzahürü
idi.
Sevindirici
haldır ki, "Biz öz milli-mənəvi dəyərlərimizlə,
adət-ənənələrimizlə fəxr edirik", - deyən
ümummilli liderin işıqlı ideyaları bu gün də
yaşayır və həyata keçirilir.
Hazırda
bu ali ideyaların gerçəkləşməsində
İlham Əliyevlə birgə, ölkəmizin Birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili
Mehriban Əliyeva yaxından iştirak edirlər. Ulu öndərin zəngin dövlətçilik ənənələrinin
layiqli davamçısı olduğunu əməli
addımları ilə sübuta yetirən İlham Əliyev
regionda cərəyan edən proseslərin istiqamətini müəyyənləşdirən,
ona təsir göstərən ciddi fenomenə çevrilib.
İlham Əliyevi eyni zamanda milli-mənəvi dəyərlərimizin
ən qüdrətli mühafizəçisi kimi
görürük. Prezidentin konsepsiyasına
görə, milli ruhu qorumağın, inkişaf etdirməyin və
yeni nəsillərə çatdırmağın ən
mühüm şərti məhz milli dövlətçilikdir.
Dövlət
başçısı tərəfindən ardıcıl tədbirlər
nəticəsində aparılan tikinti, yenidənqurma və bərpa
işlərindən sonra Bibiheybət, Təzəpir,
İçərişəhər Cümə, digər məscid
və ziyarətgahları, habelə yenicə inşa
edilmiş Heydər Məscidini görəndə hər bir azərbaycanlının
qəlbi iftixar hissi ilə dolur. Bu müqəddəs
ocaqlar öz unikal milli memarlıq xüsusiyyətləri və
tarixiliyi ilə ölkəmizin çağdaş mədəni
simasına misilsiz gözəllik və zənginlik gətirməklə
yanaşı, vətənimizin İslam dünyasında yerini
möhkəmləndirərək, nüfuzunu daha da
artırıb.
Yüksək mənəvi-əxlaqi dəyərləri
parlaq şəxsiyyətində cəmləyən Azərbaycan
qadını kimi Mehriban Əliyeva isə demokratik, hüquqi
dövlət quruculuğu yolunda sürətlə irəliləyərək
sivil dəyərləri əxz edən cəmiyyətimizin həyatına
Birinci xanıma xas yüksək ənənə gətirib. Əslində,
nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik
irsimizdən mənimsədiyi, tarixin hansısa mərhələsində
unutduğumuz ənənələrin müstəqil Azərbaycan
dövlətində yenidən bərpası faktı məhz
Birinci xanımın adı ilə bağlıdır. Yeni məscidlərin, ziyarətgahların, xristian və
iudaizm məbədlərinin tikintisi və bərpasında
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun məqsədyönlü və ardıcıl
fəaliyyəti xüsusilə qabarıq nəzərə
çarpır.
Önəmli məqamlardan biri də milli-mənəvi dəyərlərimizin
qloballaşma prosesi ilə qarşı-qarşıya
qoyulmaması, onların bu prosesin içində əriməsinin
qarşısını almaqdır. Qloballaşma heç
də milli-mənəvi dəyərlərimizdən imtina etmək
deyil, əksinə, həmin dəyərlərin daha geniş
arealda təbliği üçün böyük fürsətdir.
Bu baxımdan Azərbaycanda milli-mənəvi dəyərlərə
qayıdışın qloballaşma ilə
"toqquşmaması" sevindirici haldır.
Tolerantlıq
milli-mənəvi dəyər kimi və ya ehtiyacdan doğan zərurət
Dünyada
onlarla din, yüzlərlə təriqət və dini
dünyagörüşü var. Amma insanların yaşaya biləcəyi
bir planet mövcuddur: Yer kürəsi. Milli və
dini mənsubiyyətlərindən asılı olmayaraq,
insanlar bu planetdə birgə yaşamağa və onu
paylaşmağa məhkumdurlar. Bunun yolu isə
qarşılıqlı anlaşmadan və birgə əməkdaşlıqdan
keçir. Zaman keçdikcə isə dinlərarası
əməkdaşlığa olan ehtiyac daha da artır. Çünki informasiya texnologiyaları əsrində
yalnız hansısa bir dinin və ya xalqın mənsublarından
ibarət təcrid olunmuş cəmiyyət yaratmaq
mümkün deyil. Nə qədər qəribə
də olsa, zaman keçdikcə sürətlənən və
insanları, xalqları bir-birinə yaxınlaşdıran
qloballaşma prosesi, sanki onlar arasında etiqad fərqliliyindən
qaynaqlanan xüsusiyyətləri daha da dərinləşdirir.
Dünya miqyasında dini ayrı-seçkiliyin
gücləndiyi, bəzən dini zəmində
qarşıdurmaya bilərəkdən rəvac verildiyi bir
zamanda yaşayırıq. Bu səbəbdən
dini dözümlülüyün, tolerantlığın hakim
mövqe tutması, dinlərarası dialoq, habelə əməkdaşlıq
son dərəcə vacib və labüddür.
Azərbaycan müstəqillik qazandıqdan dərhal sonra
ölkəmizdə tarix boyu olan mütərəqqi
tolerantlıq ənənələrinin yenidən bərpa
olunması qürurlandırıcıdır. Həqiqətən
bizim tolerantlıq ənənələrimizin kökü
çox qədim dövrlərə gedib çıxır.
Hələ XIX əsrin sonlarına yaxın
Bakıda "Qızıllı kilsə" kimi tanınan
"Aleksandr-Nevski" kilsəsinin inşası
üçün toplanılmış ianənin böyük
hissəsinin müsəlmanlar tərəfindən verilməsi
dünya tolerantlıq tarixinin ən parlaq səhifəsidir desək,
heç də yanlışlığa yol vermərik.
Eyni zamanda Bakıda Rus Pravoslav Baş Kafedral Kilsəsinin
bərpası tək Azərbaycanda yox, onun sərhədlərindən
kənarda da geniş əks-səda doğurdu. Bu kilsənin
inşasının və bərpasının çox
maraqlı, eləcə də hər bir azərbaycanlı
üçün qürurverici tarixi var. Və bu yerdə qeyd
etmək lap yerinə düşər ki, bu məbədi məhşur
Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin
Tağıyev tikdirib. 1920-ci ildə isə
bağlanan kilsə Sovet hakimiyyəti dövründə anbar
kimi istifadə olunub və dağıntılara məruz
qalıb. Lakin dövlət müstəqilliyimizi
bərpa etdikdən sonra Azərbaycan hökuməti tərəfindən
Rus-Pravoslav kilsəsi əsaslı şəkildə təmir
edilərək, əvvəlki görkəminə
qaytarılıb.
Azərbaycanda
katolik xristianların sayının az
olmasına baxmayaraq 1999-cu ildə katolik icması da dövlət
qeydiyyatına alınıb və əvvəllər dini ayinləri
evlərdə icra edən icma üzvlərinə bütün
lazımi şərait yaradılıb. 2000-ci ildə
ibadətlərin yerinə yetirilməsi məqsədilə
xüsusi bina alınaraq kilsəyə çevrilib. Onlar
üçün inşa edilən kilsənin 2008-ci il martında keçirilən rəsmi
açılış mərasimində Prezident İlham
Əliyev və Vatikanın dövlət katibi Tarçizio
Bertone də iştirak edib.
2003-cü ilin mart ayında Bakıda yəhudi sinaqoqunun
dindarların istifadəsinə verilməsi dünya yəhudilərinin
tarixinə əlamətdar hadisə kimi düşüb. Bu sinaqoqun
tikintisində müsəlmanlarla xristianların iştirakı
və yardım göstərməsi dünyada analoqu olmayan
hadisədir. Bu, həm Azərbaycan
xalqının tolerantlığının, həm dövlətin
din siyasətinin nəticəsinin, həm də gələcəyimiz
üçün yaradılan böyük bir zəminin və zəmanətin
göstəricisidir.
Sözün əsl mənasında Azərbaycanın qədim,
rəngarəng mənəvi dəyərləri, mədəni
irsi hazırda xalqın fəxr mənbəyi və dünya mədəniyyətinə
töhfəsi qismində çıxış edir. Bu sahəyə
dövlət qayğısının gündən-günə
artması və beynəlxalq təcrübənin tətbiqi
istiqamətində görülən işlər qeyri-maddi mədəni
irsin gələcəyinə nikbin baxmağa ümidləri
artırır.
İsgəndər HƏSƏNOV
525-ci qəzet.-
2015.- 28 may.- S.8.