Seyran Səxavət "Seçilməmiş
əsərlər"ini Yazıçılar Birliyində təqdim
etdi
Ötən gün Yazıçılar
Birliyində (AYB) yazıçı
Seyran Səxavətin ikicildilk "Seçilməmiş
əsərlər"inin təqdimatı
keçirilib.
Tədbiri AYB-nin katibi Rəşad
Məcid açaraq Seyran Səxavətin yaradıcılığı, insani
keyfiyyətləri ilə
bağlı fikirlərini
bölüşüb.
Bakı
Dövlət Universitetinin
professoru İfrat Əliyeva bildirib ki,
Seyran Səxavət
haqqında danışmaq
o qədər də asan deyil:
"Seyran müəllimi
oxumaq, dərk eləmək üçün
yaradıcılığına dərindən bələd
olmaq lazımdır. İnsanın daxili aləmində gedən təbəddülatları,
insanı insan edən keyfiyyətləri,
cəmiyyətdəki mövqeləşməni,
yaxşını pisdən
ayırmağı onun
əsərlərində görə
bilərik.
Seyran Səxavəti
bizə sevdirən onun əsərlərindəki
həyat, insan və sevgisidir. Seyran Səxavət
Azərbaycan nəsrinin
ən gözəl yaradıcılarından biridir. Ədəbiyyata 1962-ci ildə gəlib.
Onun tərcüməyi-halı
ilə tanış
olanda şeirlərinin
də nəsri qədər gözəl olduğunu görürük.
Seyran Səxavət
çox duyumlu adamdır, insanı ilk baxışdan tanıma qabiliyyətinə malikdir. O təkcə
duymur, həm də hər şeyi görür və hiss edir. Mən bunu onun "Yəhudi əlifbası",
"Qızıl teşt",
"Qaçhaqaç" əsərlərinə əsaslanıb
deyirəm.
Mən özümü
Seyran Səxavətin əsərlərində tapıram. O xoşbəxt
adamdır, ədəbiyyata
şeirlə gəldi,
gördü ki, misralara sığışa
bilmir, sonra nəsrdə özünə
geniş meydan tapdı. Onun nəsri axıcı,
təkrarolunmazdır".
Professor Cəlil Nağıyev deyib ki, yaxından
tanıdığı, sevdiyi,
bütün ömrü
boyu bağlı olduğu Seyran Səxavət haqqında danışmaq böyük
məsuliyyətdir:
"Mən Seyranla 1963-cü ildən tanış
olmuşam. Artıq 52-ci ildir ki,
Seyranla bir yerdəyik. Bu taleyin işidir ki, həyatımızdan çox
dostlar gəldi getdi, yaxınlar, uzaqlar oldu, amma
Allahın lütfüdür
ki, bu qədər
müddət ərzində
Seyranla bir dəfə də sözümüz çəp
gəlmədi, münasibətimiz
pozulmadı. 50 il bundan əvvəl bir-birimizə
necə səmimi idiksə, o səmimiyyət
bu gün də qalır.
Seyranı mənə və hamıya sevdirən xüsusiyyəti həm insan, həm də yazıçı kimi səmimiyyətidir. Seyran heç
vaxt nə yazısında, nə davranışında saxtalıq
etməyib.
Mənə elə gəlir ki, bu onun
ən böyük məziyyətidir. 50 il
ərzində nələr,
kimlər dəyişdi,
amma Seyran dəyişmədi".
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri, şair Vaqif Bəhmənli təqdim olunan kitabların hər ikisi ilə tanış olduğunu vurğulayıb:
"Kitablara çox orijinal ad qoyulub: "Seçilməmiş əsərlər".
Burda həqiqət də var. Həqiqət odur ki, Seyran
müəllim intensiv yazan və hər
il də
çap olunan qələm sahiblərindəndir.
Bura Seyran müəllimin evdə saxladığı,- xüsusilə birinci cilddə- qüdrətli şeirlər daxil edilib.
Seyran Səxavətin
həm poeziya, həm də nəsri eyni gündə təqdim eləməyi mənə elə gəlir ki, rəmzi məna daşıyır. İnsan yüngül
yükləri rahatca bir kənara qoya bilər, amma ağır yükün altına girəndə dizlərini yerə qoyur.
Mənə elə gəlir ki, Seyranın bu gün təqdim
edilən poeziya və nəsr kitabları yerə atdığı dizləridir. Bu, sözün bütün mənalarında belədir.
Çünki Seyran Səxavətin
ondan sonra yaranan bütün povestləri, romanları, bütün dram əsərləri
bu iki dizin
üstündə dayanır.
Seyran Səxavət çox böyük istedada malik bir insandır.
Seyran müəllimin
sənətdə çox
zil səsi var. Yəni, o yazıda istədiyi nöqtəyə
qalxa bilər. Onun bu kitablarının hər ikisində dönə-dönə
zilə qalxdığının
şahidi oluram. Seyran Səxavətin insana təsir eləyə bilməyən bircə cümləsi də yoxdur. Həm də insanı güldürə-güldürə, insanın içini işıqla doldura- doldura düşündürməsi möcüzədir.
Seyran Səxavət
bizim ədəbiyyatımızın
sirri-sehri olan qələm sahiblərindən
biridir. Onun əsərləri Nizaminin, Füzulinin, Mirzə Cəlilin və bütün böyük dahi sənətkarlarımızın əsərləri kimi bizim xalqımızın milli, mənəvi və ədəbi sərvətinə çevrilib
".
Professor Fəridə Səfiyeva Seyran Səxavət nəsrinin özəllikləri
ilə bağlı düşüncələrini dilə
gətirib:
"Çox qəribə
hal idi ki,
Seyran müəllim kimi yazıçının
yaradıcılığı haqda tədqiqat işi yox idi. Azərbaycan Dillər
Universitetinin ədəbiyyat
kafedrası olaraq biz
ilk dəfə bu mövzunu doktorantımız
Xəyalə Əfəndiyevaya
verdik. Xəyalə də bu işə ürəklə
yanaşdı.
Hesab edirəm
ki, Seyran müəllimin əvvəllər
çap olunmamış
əsərlərinin kitablara
daxil edilməsi həm də bizim kafedranın uğurudur və mən buna görə
çox sevinirəm".
Professor Nizaməddin Şəmsizadə
Seyran Səxavətin hər zaman özünə, öz sözünə, üslubuna
sadiq qaldığını
dilə gətirib:
"Seyran Səxavət
heç vaxt konyukturaya getməyib. Zamanın, zəmanənin
necə dəyişməsindən,
nəyin aktuallaşmasından
asılı olmayaraq hər zaman öz inandığı, bildiyi həqiqəti yazıb".
Tənqidçi, professor Vaqif Yusifli, Seyran Səxavət yaradıcılığının tədqiqatçısı Xəyalə
Əfəndiyeva və
digərləri çıxış
edib yazıçı
haqda fikirlərini bölüşüblər. Daha
sonra müəllif şeirlərini
oxuyub, tələbələrin
suallarını cavablandırıb.
Bakı Dövlət Universitetinin çinli tələbəsi
də Seyran Səxavət haqda azərbaycanca danışıb
və ona Çindən gətirdiyi
hədiyyəsini təqdim
edib. Tədbirin yaddaqalan məqamlarından
biri isə tələbələrdən birinin
Seyran Səxavətin muğamlarımıza sevgisi
haqda sualına yazıçının cavabı
olub.
Rəşad Məcidin təklifi və məclis iştirakçılarının xahişi ilə yazıçı oxucuları
üçün kiçik
bir muğam da ifa edib.
Sonda yazıçı
qonaqlar üçün
kitablarını imzalamazdan
öncə iştirak
və çıxış
edən hər kəsə təşəkkürünü
bildirib.
Cavid QƏDİR
525-ci qəzet.-
2015.- 28 may.- S.7.