İstiqlal yolunun
şanlı mücahidləri - Cümhuriyyət dövrünün dövlət və hökumət
xadimləri
(Əvvəli ötən sayımızda)
Azərbaycan xalqı əsrlər boyu azadlıq arzusu ilə yaşayıb, müstəqillik
uğrunda daima mübarizə aparıb. Ötən əsrin
əvvəllərində ölkəmizdə
milli azadlıq hərəkatı daha da gücləndi.
Azərbaycanın demokratik qüvvələri , mütəfəkkir şəxsləri,
siyasi xadimləri yurdumuzun mütəqilliyi,
millətimizin azadlığı
uğrunda mübarizəyə
qoşuldular. Rusiya imperiyasının
dağılması Azərbaycanda
müstəqil dövlət
qurmaq üçün
şərait yaratdı.
1918-ci il mayın 28-də
Azərbaycan Demokratik Respublikası - Xalq Cümhuriyyəti elan edildi.
Xalqımızın bir çox ziyalıları, görkəmli
şəxsiyyətləri Demokratik
Respublikanın yaradılmasında,
onun inkişafında müstəsna rol oynayıb, müstəqillik
yolunda əllərindən
gələni əsirgəməyiblər. Bu onların həyatı bahasına başa gəlsə də, bir çox təqiblərə məruz
qalsalar da, öz amallarından vaz keçməyib, xalqın rifahı üçün çalışıblar.
Xalqa və dövlətçiliyə bir
nümunə olan həmin ziyalıların bəzilərinin həyat və fəaliyyət yollarını daha dərindən araşdırıb
təqdim edirik. Bu yolda əsas bələdçimiz, qaynağımız
isə Prezident Kitabxanası, həmçinin
Milli Kitabxananın zəngin məlumat bazasıdır.
Hacı
Səlim Axundzadə
Görkəmli ictimai-siyasi xadim Hacı Səlim Axundzadə 1872-ci ildə Lənkəranda anadan olub.
O, ilk təhsilini atası, şair Mirzə İsmayıl Qasirin Lənkəranda açdığı
üsuli-cədid məktəbində
alıb, sonra gimnaziyada oxuyub. Daha səkkiz il Ərdəbildə,
Zəncanda, Nəcəfdə
təhsilini davam etdirib, ilahiyyat elmlərinə yiyələnib.
Lənkərana qayıtdıqdan sonra, şəhər polis idarəsində,
sonralar isə mülkədar Əskər
xan Talışinskinin
yanında katib işləyib, bir müddət mollalıq edib. 1911-ci ildən şəhər gimnaziyasında
şəriətdən və
fransız dilindən dərs deyib.
1915-ci ilin əvvəllərində
Türkiyəyə gedib. 1917-ci ilin yayında vətənə qayıtdıqdan
sonra "Türk Ədəmi-Mərkəziyyət "Müsavat" partiyasına
daxil olub. Partiyanın birinci qurultayında iştirak
edib, Zaqafqaziya Komissarlığında fəaliyyət
göstərib, Seymin Müsəlman fraksiyasının
üzvü olub.
Mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə
kecirilən iclasında
Azərbaycanın dövlət
müstəqilliyi haqqında
Akt - İstiqlal Bəyannaməsi qəbul edilərkən Azərbaycan
Milli Şurasının
üzvü Hacı Səlim Axundzadə müstəqilliyin lehinə
səs verib. Axundzadə Azərbaycan
Xalq Cümhuriyyəti
Parlamentinin üzvü
seçilib, "Müsavat"
partiyasının ikinci
qurultayının iştirakçısı
olub.
Hacı Səlim Axundzadə Azərbaycan Xalq Cümhuriyyəti dövründə
Bakıda və Azərbaycanın digər
bölgələrində həyata
keçirilən mədəni-maarif
tədbirlərinin təşkilatçılarından
olub.
O, 1920-ci il aprel
işğalından sonra
İranın Ənzəli
şəhərinə köçən
Axundzadə, orada hökumət məktəbində
şəriətdən dərs
deyib. Axundzadə İrandakı müsavatçıların
fəaliyyətinə rəhbərlik
edənlərdən olub.
O, 1930-cu ildə İranın
Ənzəli şəhərində
vəfat edib.
Abbas Atamalıbəyov
1895-ci il fevralın
26-da Tiflisdə anadan olan Abbas Atamalıbəyov
topçu zabit olmaq istəsə də, görmə qabiliyyəti zəif olduğundan onu hərbi məktəbə
qəbul etməyiblər.
1914-cü ildə Peterburq
Politexnik İnstitutunun
dəniz mühəndisliyi
fakültəsinə qəbul
olub. Bu dövrdə sağ eserlərə qoşulan Abbas müsəlman həmyerlilər
komitəsinin sədri
seçilib. Rusiyada inqilabi
hərəkatda yaxından
iştirak edib, hərc-mərclik yarandığından
Qafqaza dönüb, eserlər partiyasında siyasi fəaliyyətini davam etdirib.
A. Atamalıbəyov Azərbaycan
Xalq Cümhuriyyəti
Parlamentinin xüsusi qərarına əsasən,
dövlət hesabına
ali təhsil
almaq üçün
xaricə göndərilən
tələbələrdən biri, Azərbaycan siyasi mühacirətinin tanınmış nümayəndəsi
olub. Atamalıbəyov Azərbaycan Milli
Şurasının və
Cümhuriyyət Parlamentində
-"Sosialistlər bloku"
fraksiyasının üzvü
idi.
Parlamentin
1919-cu il 1 sentyabr tarixli qərarına əsasən,
təhsilini gəmiqayırma
sahəsində davam etdirmək üçün
Paris Universitetinə (Fransa)
göndərilib. Azərbaycan Xarici
İşlər Nazirliyi
Paris sülh konfransında
Azərbaycan nümayəndə
heyətinin üzvü
M. Məhərrəmovu əvəz
etmək üçün
Atamalıbəyovu Fransaya
ezam edib və o, nümayəndə
heyətinin tərkibində
katib kimi fəaliyyət göstərib.
1920-ci il aprel
işğalından sonra
xaricdə dövlət
hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini
öyrənən Azərbaycanlı
Tələbələr İttifaqının
1923-25-ci illər üçün
məlumatında Atamalıbəyovun
təhsilinin bitməsinə
1 il qaldığı
göstərilirdi.
Parisdə siyasi fəaliyyətini davam etdirən Atamalıbəyov, mühacirət
dairələrində tanınan
siyasətçilərdən olub. Fransa hökumətinin SSRİ-yə qarşı siyasətinin mühacirlər
üçün yaratdığı
əlverişli imkanlardan
istifadə edərək,
Parisdə Siyasi Elmlər Məktəbini bitirib.
Azərbaycan mühacirətində Məhəmməd
Əmin Rəsulzadəyə
müxalif olan qrupa mənsub idi. Qərargahı Cenevrədə olan
Millətlər Cəmiyyətinin,
siyasi tədbir və müzakirələrində
vaxtaşırı iştirak
edib. Əlimərdan bəy Topçubaşovun
vəfatından (1934) sonra
Parisdə cəmləşən
Azərbaycan mühacirətinin
rəhbəri idi.
Atamalıbəyov həm də publisistik məqalələrin
də müəllifidir. Əməkdaşlıq etdiyi "Revyu de Prometey", "O" jurnallarında
Cənubi Qafqaza dair məqalələri dərc olunub.
Fransa almanlar tərəfindən işğal
olunduqdan sonra Berlində yaşayıb, orada Qırmızı Xaç Komitəsində çalışıb, azərbaycanlı
əsirləri xilas etmək üçün böyük işlər görüb.
Siyasi fəaliyyətini
burada da davam etdirən Atamalıbəyov Azərbaycan
legionu ilə Hitlerin ordu qərargahı
arasında əlaqə
saxlayan üç nəfərdən ibarət
qrupa (Ə.Fətəlibəyli-Düdənginski
və F.Əmircanla birlikdə) daxil olub.
1944-cü ilin oktyabrında
Qafqaz Şurasının
yaradılmasının təşəbbüsçülərindən
olan A. Atamalıbəyov
Şuranın 1947-ci ildə
Lozannada keçirilən
toplantısında iştirak
edib. Sonralar bir müddət
Çilidə, MƏR-də,
1967-ci ildən isə
ABŞ-da yaşayıb.
Ömrünün sonunadək Azərbaycanın
istiqlalı uğrunda
mübarizə aparıb,
vətəninə qovuşacağına
inamını itirməyib. Lakin uzun
sürən ağır
xəstəlikdən sonra
1971-ci ildə Klivlenddə
vəfat edib.
Abbas Atamalıbəyov
İctimai xadim Həmdulla Əfəndizadə 1888-ci ildə
Quba qəzası, Dəvəçi nahiyəsinin
Qələgah kəndində
anadan olub. Əfəndizadə ilk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə
alıb.
O,
1906-cı ildə ikisinifli
rus məktəbini bitirib. Ərəb, fars və
rus dillərini öyrənib. 1918-ci ilin aprelində Dəvəçi nahiyəsinə
soxulan erməni daşnakları dinc azərbaycanlılara qarşı
soyqırımına başladıqda,
Həmdulla əfəndi
dostu Qaçaq Mayılla birlikdə xalqı ayağa qaldıraraq ermənilərə
qarşı vuruşub,
canfəşanlıq göstərib.
Əfəndizadə Azərbaycanın siyasi həyatında yaxından
iştirak edib, "İttihad" partiyasının
fəal üzvlərindən
olub. Azərbaycan Milli Şurasının
"Azərbaycan Məclisi-Məbusanının
təsisi haqqında qanun"una (1918, 19 noyabr) əsasən, Quba qəzasından Cümhuriyyət
Parlamentinin tərkibinə
daxil edilib, "İttihad" fraksiyasının
üzvü olub.
1920-ci il aprelin 27-də bolşeviklərin
zirehli qatarı Azərbaycana soxulduqda, Əfəndizadə öz
tərəfdarları ilə
birlikdə onun qarşısını kəsməyə
cəhd göstərib,
lakin qüvvələr
qeyri-bərabər olduğundan
geri çəkilməyə
məcbur olub.
O, da digər məsləkdaşları
kimi 1928-ci ildə repressiyaya məruz qalaraq, Sibirə sürgün olunub və orada vəfat
edib.
Mustafa Mahmudov
Xalq Cümhuriyyətinin
fəal üzvlərindən
biri də Mustafa Mahmudovdur.
O, 1878-ci ildə Göyçay qəzasının Kürdəmir
kəndində anadan olub. Qori Müəllimlər Seminariyasını bitirib,
Bakıda 1-ci "rus-müsəlman"
məktəbində müəllim
və müdir daşınmaz şəhər
mülkiyyətini qiymətləndirən
komissiyada məmur işləyib. 1907-ci ildə Bakı quberniyasından 2-ci Dövlət
Dumasına deputat seçilib.
Dumada müsəlman
fraksiyasının, 9-cu şöbənin
və dörd komissiyanın üzvü olub. M. Mahmudov hərbi-səhra
məhkəmələrinin ləğvinə tərəfdar
çıxıb, Fətəli
xan Xoyski və Xəlil bəy Xasməmmədovla birlikdə hərbi nazirə müraciət edərək, Qafqaz hərbi-səhra məhkəməsi
tərəfindən ölüm
cəzasına məhkum
olunanların cəzasını
yüngülləşdirmək barədə vəsatət
qaldırıb.
Mahmudov işsizlərə
yardım komissiyasının
üzvü kimi "Proqres" qəzeti vasitəsi ilə işsizlər və onlara lazımi yardımın həcmi barədə məlumat göndərilməsi üçün
oxuculara müraciət
edib. Dumanın xalq təhsili
komissiyasının üzvü
M. Mahmudov maarif nazirini müsəlman əhalisinin təhsilinin vəziyyətinə göz
yummaqda təqsirləndirib,
müsəlman müəllimlərinə
qarşı ayrı-seçkiliyin
mövcud olduğunu və onların "kastalara" bölündüyünü
tənqid edib.
1917-ci ildə Zaqafqaziya seyminin, Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü, Milli Şuranın "Azərbaycan Məclisi-Məhbusanının təsisi haqqında qanun"una (1918,19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin deputatı seçilib. Mayın 28-də Azərbaycan Milli Şurasının Tiflisdə kecirilən iclasında Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsi qəbul edilib. Mahmudov Azərbaycanın dövlət müstəqilliyi haqqında Akt- İstiqlal bəyannaməsini imzalayanlardan və müstəqilliyin lehinə səs verən Milli Şura üzvündən biri olub.
Mahmudov "Müsavat" fraksiyasının, parlamentin Aqrar komissiyasının üzvü olub. Aprel işğalından sonra təqiblərə məruz qalan Mahmudov millətçilikdə, "əks-inqilabi fəaliyyətdə" ittiham edilib.
Bakıdakı 132 saylı məktəbdə dərs deyib. 1924 və 1929-cu illərdə işdən çıxarılması barədə məsələ qaldırılıb, 1937-ci ilin noyabrında həbs olunaraq güllələnib.
Samirə
QULİYEVA
525-ci qəzet.-
2015.- 28 may.- S.6.