Bir kərə yüksələn bayraq
(Nəcibə
Bağırzadənin "Uzaqdakı
yaxınlar" kitabına
Ön söz)
Nəcibə Bağırzadənin "Uzaqdakı
yaxınlar" kitabı
çox vacib və çox önəmli kitabdır. Oxucusunu kədərli
duyğulara və ağır düşüncələrə
qərq edən kitabdır. Bir insanın, bir ailənin,bir nəslin faciəsini əks etdirən kitabdır. Onlarla insanın başına
gələn müsibətlərin
"səbəbkarı" isə tariximizin ən işıqlı və ən nəcib şəxsiyyətlərindən
olan Məhəmməd
Əmin Rəsulzadədir.
İnsanlara hürriyyət, xalqlara
istiqlal istəyən Məhəmməd Əmin
nə suç işləmişdi ki, qəddar Stalin rejimi qoca analığı Maral xanımdan, həyat yoldaşı Ümmülbanudan tutmuş,dörd
övladı, nəvəsi,
əmisi uşaqlarını,
bütün yaxın
-uzaq qohumlarını
min bir bəlaya düçar etmişdi. Bu gün hələ
də Stalinin əzəmətindən, böyük
quruculuq işlərindən,
tarixin ən qanlı müharibəsində
zəfərin təşkilatçısı
və ilhamçısı
olmasından ağız
dolusu danışanlar
tapılır. Elə bir
bu kitabı oxuyanlar bütün bu "xidmətlərin"
nəyin bahasına başa gəldiyini əyani şəkildə
görər. Tək
milyonlarla günahsız
insana və bütöv xalqlara deyil,bir konkret
ailəyə də qənim kəsilmiş quruluşun başında durana vicdanı olan heç kəs haqq qazandıra bilməz.
Sovet hakimiyyətinin elə ilk günlərində güllələdiyi
Firudin bəy Köçərli, Xudadat
bəy Rəfibəyli,
İsmayıl xan Ziyatxanov, Məmməd Bağır Şıxzamanlıdan
fərqli olaraq Məmməd Əmini edam edə bilmədilər, qatil gülləsinə hədəf olmuş Fətəli xan Xoyski, Nəsib bəy Usubbəyov, Həsən bəy Ağayev, Behbud xan Cavanşir kimi onu da
qətl edə bilmədilər. Amma Quruluş heyfini onun bütün qohum əqrabasından çıxdı.Vaxtiylə cavan
Stalini - Kobanı evində qonaq edən ixtiyar Maral ananı da, Məhəmməd Əminin ömür gün yoldaşı Ümmulbanu xanımı da sürgün etdilər.Dörd övladının
dördündən də
amansız qisas aldılar.Bir qızı -Xalidə itgin düşdü, o biri qızı Lətifə öz tifil balası Firuziylə birlikdə sürgündə yatağındaca
soyuqdan donub öldü. Böyük oğlu Rəsulu 19 yaşında güllələdilər,kiçik oğlu Azər ömrünü sürgündə vətən
həsrətiylə başa
vurdu.
Nəydi Məhəməməd Əminin
günahı? Öz xalqını azad,
müstəqil görmək
arzusumu, bu amal uğrunda yorulmaz və cəsur fəaliyyətimi,
yoxdan bir var yaratmasımı?
Öz xalqını həyatından artıq sevə-sevə bütün
başqa xalqlara da dost gözüylə baxırdı M.Ə.Rəsulzadə.
X1X əsrdə Azərbaycanı
istila etmiş çar imperiyasına,XX əsrdə müstəqilliyimzi yerlə-yeksan etmiş bolşevik təcavüzünə nifrət
edirdi, amma rus xalqına hörmət və ehtiram bəsləyirdi, - Rusiyadan ayrılmağımız
Rusiyaya qarşı düşmən münasibətimizdən
deyil - deyirdi- despotik rejimdən bizdən də artıq zülm çəkən rus xalqından heç bir incikliyimiz yoxdur- deyirdi.
Qardaş
Türkiyəyə böyük
məhəbbətinə rəğmən
Azərbaycanı bu məmləkətin bir əyaləti kimi yox,müstəqil dövlət kimi görmək istəyirdi. Azərbaycanın heysiyyətini hər
şeydən üstün
tuturdu. Nuru paşanın Bakını
bolşevik-daşnak əsarətindən
azad edən Qafqaz İslam ordusuyla bərabər şəhərə Azərbaycanın
öz qoşun hissələrinin də girməsinə təkid edirdi. Böyük türk ailəsində Azərbaycanın öz milli simasını, öz doğma ana dilini qorumasının
alovlu tərəfdarı
idi.Acı qürbət
günlərində belə
öz xalqının təəssübünü çəkərək
Nizami Gəncəvinin
Azərbaycan varlığını elmi
dəlil- sübutla təsdiq edirdi.
Məhəmməd Əmini ölümün
pəncəsindən Stalin qurtarmışdı,bu da təkzibolunmaz
tarixi faktdır,haçansa
Stalinin özünü
də ölümdən
Məhəmməd Əminin
ailəsi xilas etdiyi kimi.M.Ə.Rəsulzadəni
Moskvaya da öz qatarında Stalin aparmışdı. Dəmiryol vağzalında
gələcək Sovet
diktatoruyla bir nömrəli musavatçını
yola salanlar arasında Azərbaycanın
bir nömrəli kommunisti Nəriman Nərimanov da vardı.
Kim bilir, bəlkə də Sovet iqtidarı
"keçənə güzəşt
deyərlər" prinsipiylə
M.Ə.Rəsulzadəni öz
niyyətləri üçün
istifadə etmək fikrinə düşmüşdü.Bir
müddət Moskvada,şübhəsiz
Stalinin nəzarəti
və razılığıyla
ona lazımi diqqət və qayğı da göstərilirdi.
Amma M.Ə.Rəsulzadə Moskvada
Stalinin himayəsində
qalıb öz əqidəsinə xilaf çıxmaqdansa min bir əziyyətlə,min bir itgiylə,min bir risklə bağlı ağır mühacir qismətini seçdi, ömrü boyu sürəcək vətən
həsrətiylə, ailəsinin,yaxınlarının
nisgiliylə,çəkilməz dərdləriylə yaşadı
və son nəfəsində "Azərbaycan"
sözüylə dünyayla
vidalaşdı...
Kommunist rejimi və şəxsən ona həyatıyla borclu olan Stalin bax bütün bunları bağışlamırdı bu
böyük azəri türkünə. Özünə
əlləri çatmadığına
görə intiqamı
məmə yeyəndən
pəpə deyənə
qədər bütün
ailəsindən,nəslindən
aldılar tək Məhəmməd Əminin
öz ailəsini məhv etməklə ürəkləri soyumurdu,
əmiuşaqlarını da
pərən-pərən salırdılar.
Ölümdən qurtulub sürgün
edilmiş sonbeşiyi
Azərin gözəl
Şölə xanımla
ailə qurması bir müddət bu ailəyə nisbi səadət vəd etmişdisə də sonda ağır
itgiylə nəticələndi.
Bu səfər insanların yox, amansız taleyin hökmüylə. Şölə xanım Azər bəyə iki oğul - Ramizi və Rəisi bəxş edərək gənc yaşında vəfat edir. Kitabın bu yerində Nəcibə xanım təsirli ifadə işlədir:
"dərd yaxşı
tanıdığı qapıları
döyürmüş sən
demə".
Bu kitaba Ön söz yazmaq təklifi böyük ailənin salamat qalmış son nümyəndəsi,
istedadlı rəssam,
dəyərli ziyalı
Rəis Rəsulzadədən
gəldi. Buna məmnuniyyətlə
razılıq verərək
bu cəfakeş ailə qarşısında
hamımızın borcunun
cüzi bir hissəsini ödəməyə
çalışdım.
Tək M.Ə.Rəsulzadənin deyil,
onunla birlikdə Müsavatın qurucularından
və əmisioğlunun
ən yaxın silahdaşlarından olan Məhəmmədəli Rəsulzadənin,
Məhəmməd Əminin
bacanağı, gözəl
yazıçı, o da
repressiya qurbanı olmuş Seyid Hüseynin, Seyid Hüseynin xanımı Ümmülgülsümün, iztirablı
sürgünlərdə təsadüfən
muğam eşidib vətən həsrətiylə
qovrulan istedadlı şairəmizin və bu kitabda acı
taleləri qələmə
alınmış bütün
fəlakətzadələrin qarşısında vicdan borcumuz var.
Doğma kəndi Novxanıda heykəli qoyulmuş M.Ə.Rəsulzadənin Bakıda
da abidəsi ucaldılmalı, mənzil
muzeyi yaradılmalıdır. Belə bir
muzey Novxanıda da açılmalıdır,
bu muzeydə və onun qarşısında
qurulacaq çoxfiqurlu
memorial kompozisiyada bütün
bu insanların işıqlı xatirələri
əbədiləşdirilməlidir.
Məhəmməd Əmin Rəsulzadə:
"Bir kərə yüksələn bayraq bir daha enməz"
demişdi. Bu tamamilə gerçək söz imiş. Yetmiş ildə Sovet quruluşu üçrəngli
bayrağı dirəklərdən
endirsə də, ürəklərdən qoparda
bilmədi. Bu bayraq hər bir vətənsevərin qəlbində, yaddaşında,
arzularında yaşadı.
Mübarək bir gün gəldi, ölməz Heydər Əliyevin təşəbbüsü
və iradəsiylə
bu bayraq Naxçıvanda yenidən
ucaldıldı, sonra Bakıda yüksəldi və bu gün
müstəqil Azərbaycanın
paytaxtında dünyanın
ən uca bayraq dirəyi üzərində sonsuzadək
vüqarla dalğalanmaqdadır.
Bütün problemlərimizdən,bütün çətinliklərimizdən,itgilərimizdən
daha üstün olan müstəqilliyimiz yolunda,bayrağımızın heç bir zaman enməyəcəyi ümidi və inamıyla həyatlarını fəda
etmiş insanlara - böyük Məhəmməd
Əmin Rəsulzadəyə,onun
doğmalarına rəhmətlər
diləyir, xatirələrini
əziz tutanlara, o cümlədən, bu kitabın müəllifinə,
nəşrində əməyi
keçənlərə dərin
təşəkkürümü bildirirəm.
10 mart 2015
525-ci qəzet.- 2015.- 28 may.- S.4.