Eldar Baxış nisgili
“Mən poeziyaya möcüzə kimi baxsam, ancaq o dini
kitablardakı möcüzə kimi baxaram. Mən
poeziyadan çəkdiyimi heç nədən çəkmirəm.
Mən şeir yazmıram, and olsun o bir olan Allaha, səmimi
deyirəm bunu, mən öz rahatlığım
üçün yazıram, canımı qurtarıram şeirdən,
şeir məni qoymur yaşamağa, mən də istəyirəm
kəpənək kimi atılım-düşüm, ağac
kimi tərpənim, su kimi axım”.
(Eldar
Baxış)
Bir
parça işıq düşdü
Çarpayımın
üstünə,
O
işıqda tərpəndi
bu kədərim
bəlkə də...
Bütün
dostlarım gedir
haqq
yolunda döyüşə-
gedir
onlar inamla,
hamısı bir cərgədə.
Bir
parça işıq düşdü
çarpayımın üstünə-
işıqdımı,
dişdimi,-
Sən
ölümdə dişə bax,
haqq
yolunda döyüşdə
ölmək istəyirdim mən,
amma
yorğan döşəkdə
öləcəyəm, işə bax!...
96-cı
ilin may ayı bəlkə də bu dünyanın ən
gözəl aylarından biri kimi yadımdan
çıxmır. Bahar bütün gözəlliyi
ilə ağaclara, evlərə, ürəklərə, məmləkətin
hər bir guşəsinə işıq saçırdı.
Amma o ay həm də sevincimizə zəhər
qatdı, Azərbaycanın ən istedadlı şairlərindən
biri - Eldar Baxış dünyasını dəyişdi.
Televiziyanın bir verilişində onu yataqda,
ölümün cəngində göstərirdilər. Həmişə
deyib-gülən, boyu-buxunu, yaraşığı, görkəmi
ilə çoxlarında qibtə hissi oyadan Eldar Baxış
49 yaşına bir ay qalmış gözlərini yumdu və
içimizə - onu sevənlərin dünyasına Eldar
Baxış nisgili səpələdi.
Eldar
Baxışın yoxluğu indi artıq dərəcədə
hiss olunur və poeziyadan bir işıqlı səsin, öz
sözünün, öz qəlbinin, öz taleyinin şairi
olan bir insanın var olmaması hər şeydən əvvəl,
ədəbiyyat üçün ağır itgidir.
O,
Qubadlı rayonunun Diləli Müskanlı obasında, bir kəndli
ailəsində doğulmuşdu. ADU-nun Tarix
fakültəsini bitirmişdi. Məndən
iki kurs yuxarıda oxuyurdu. Biz onu elə tələbəlik
illərindən şair kimi tanıyırdıq. Eldarın səsi şeir gecələrindən, qəzet,
jurnal səhifələrindən gəlirdi. Çox çəkmədi ki, Eldar Baxış
öz ədəbi nəsli içərisində ön
sıralarda göründü. Yaxşı
xatırlayıram, “Azərbaycan” jurnalının 1978-ci ilin
avqust nömrəsi “Ədəbi gənclik” rubrikasında
üç cavan şairin-Vaqif Cəbrayılzadənin, Vaqif Bəhmənlinin
və Eldar Baxışın şeirlərini gen-bol təqdim
eləmişdi. O zamankı Əkrəm Əylisli redaksiyanın
qapılarını istedadlı gənclər
üçün taybatay açmışdı və Eldar
Baxışı tanımayan minlərlə oxucu onun şeirlərini
oxuyub poeziyada təzə bir səsin, nəfəsin
varlığını hiss etdilər. O şeirlərin
içində “Kəndin dediyi” mənə daha çox təsir
elədi. Bu o illər idi ki, kəndli cavanların şəhərə
axını başlanmışdı və Eldar Baxış kəndin
dilindən deyirdi ki:
Hara
qaçırsınız, kənd uşaqları,
göbəyiniz burda kəsilməyibmi?
Burdan-bu
qaraca damın altından,
bu
ağcaqovağın, şamın altından
hara
qaçırsınız, kənd uşaqları?
Bu
dağları atıb, daşları atıb,
bu
yayları atıb, qışları atıb,
körpəcə-körpəcə quşları atıb,
hara
qaçırsınız, kənd uşaqları?
Çay
qalxıb,
çay
daşıb- keçən gərəkdi,
arandan
yaylağa köçən gərəkdi,
biçənək otlanıb-biçən gərəkdi,-
hara
qaçırsınız, kənd uşaqları?
Bütün yaradıcılığı boyu Eldar
Baxış bu səpgidə, bu tempdə sadə,
hamının anlayacağı tərzdə yazdı. O, sübut elədi ki, Azərbaycan
şeirini tapmaca, krossvord, müəmma oyununa
qatışdırmaq olmaz.
O,
tarixçi idi. Bakı kəndlərində öz ixtisası
üzrə müəllimlik də eləmişdi, sonra öz ərizəsi
ilə bir il əsgəri xidmətdə də
olmuşdu. Sonralar Televiziya və Radio Şirkətində uzun
müddət çalışdı, müstəqilliyimizin ilk
illərində “Səs” və “Nəfəs” qəzetlərini
yaratdı, sonuncu iş yeri yenə radio oldu, Uşaq
verilişləri Baş redaksiyasının baş redaktoru vəzifəsində
çalışdı..Ancaq tale onu ŞAİR
yaratmışdı və mən onunla görüşlərimdə
həmişə şeirdən, şairlərdən söz
açardı, axırda da yaxşı anekdotlar söyləyərdi.
Yaxşı yadımdadır, Zəngilanda idik.
Yazıçılar İttifaqı Təbliğ
Bürosu xətti ilə kəndləri gəzirdik. Hər dəfə mən giriş sözü ilə
çıxış edir, sonra Eldara söz verirdim. Ancaq Eldar düz yarım saatdan sonra şeirlərini
oxuyardı. Bu yarım saat ərzində isə
Nizamidən üzü bəri ta çağdaş ədəbiyyatımıza
qədər xoşladığı şairlərin şeirlərini
oxuyardı. O şeirləri əzbər söylədikdən
sonra deyərdi: “İndi də bu gözəl şeirlərdən
sonra bir kəndçi balasını - Eldar Baxışı
dinləyin”.
Eldar
Baxış deyirdi: “Mən bir adi adam kimi -
kəndçi balası, şəhərli balası, yer
oğlu, göy oğlu kimi şeir yazan gündən qalmışam
beş daş arasında. Birinci daş mən
özüməm. İkinci daş mənim
qələmimdir. Üçüncü
daş kağızdı. Dördüncü
daş Tanrıdı (daş dediyimə görə Tanrı məni
bağışlasın. Ona görə ki,
ağacı, quşu yaratdığı kimi, daşı da
Tanrı özü yaradıb). Beşinci
daş bu gidi dünyadı. Dəyirman
daşı buğdanı, arpanı necə əzirsə, bu
daşlar da mənim duyğumu, düşüncəmi eləcə
əzir”. Amma bu daşlar Eldar
Baxışı heç də o dediyi kimi əzə bilmədi.
Bircə Ölüm olmasaydı. Belə
bir kəmfürsət ölümü heç kim
gözləmirdi. “Ölüm” sözü ilə
Eldar Baxışı yan-yana qoymaq bəlkə də bu
dünyanın ən ədalətsiz işi olardı. Ancaq nə etmək? Bu
ölüm sən demə, doğulduğu gündən onunla
yol gəlirmiş. Ölümünü
yaşaya-yaşaya o, ölümə meydan oxuyurdu.
Azərbaycanın başı üstündə qara
buludlar oynayırdı və belə bir vaxtda Eldar bir sıra
söz adamları kimi müstəqillik savaşına
qatıldı.
İslaholunmaz dərəcədə azad və sərbəst adam olduğu üçün
qırmızı bayraqların dalğalandığı bir
vaxtda “Yaşılım, yaşılım, hara gedirsən?”
şeirini yazdı.
Ağac yaşılım, hara gedirsən?
hara
gedirsən yarpaq yaşılım?
Ot
yaşılım, hara gedirsən?
hara
gedirsən, kəpənək yaşılım?
Getmə, qayıt geri başına dönüm.
Zori
Balayanın “Ocaq” kitabı çıxanda ona etiraz edən
şeiri o zaman dillər əzbəri idi:
O nədir
yazmısan, Zori Balayan,
Kür-Araz deyirsən-kəkələyirsən.
Xırda
budaqların üstə oturub,
Böyük budaqları silkələyirsən.
Dünya
nə haydadır, sən nə haydasan,
A köhnə palazı sırıyan oğlan.
İrəvan
dilində xoruzlanırsan,
Moskva dilində zarıyan oğlan.
Sən
Zori Balayan, mən Eldar Baxış,
Baxıram, eləcə zoğallayırsan.
Keşiş
zurna çalır, sən də keşişin
Qara zurnasını sığallayırsan.
Bax bir
ürəyimin genişliyinə,
De, kimə lazımdır bu haray-həşir?
Sənin
ürəyinə bir ovuc torpaq,
Mənim ürəyimə dünya yerləşir.
O nədir
yazmısan, Zori Balayan,
“Bala” da bizimdir, “zor” da bizimdir.
Ölmək
istəyirsən gəl Qarabağa,
Kəfən də bizimdir, gor da bizimdir.
Belə
deyirdi: “Dünyada olan bütün insanların milləti var. Mən
türkəm, sən ingilissən, o birisi fransızdı, bir
başqası yapondu-yaxud peyğəmbərləri
götürək: tutaq ki, İsa peyğəmbər cühuddu,
Məhəmməd peyğəmbər ərəbdi. Hamımızın milləti var, amma Tanrının
milləti yoxdu. Bəlkə buna görə
də Tanrı göy üzündədi, biz yer üzündə.
Bəlkə buna görə Tanrı hamıdan-məndən,
səndən, bizdən, sizdən, peyğəmbərdən,
imamdan böyükdü, uludu. Bəlkə
buna görə min-milyon ildi əlləşirik, vuruşuruq,
dua oxuyuruq, dəstəmaz alırıq, namaz
qılırıq, oruc tuturuq, ancaq gedib o böyük, ulu
Tanrıya qovuşa bilmirik”.
Amma o, elə sağlığında Sözün
Tanrısına qovuşmuşdu. Ən yaxın dostlarından olan
Vaqif Bayatlı Odər onun ölümündən sonra bu
sözləri yazmışdı: “Eldar Baxış Azərbaycan
dilinin yox, türk dilinin şairidir. Türk dili
Göy üzünün və Yer üzünün dilidir.
Bu mənada Eldar Tanrının,
Göyüzünün şairi olmaqla, həm bizim
yaşadığımız bu yer üzünün də
şairidir. Bu, Eldarın hamı gördüyü
kiçik bir hissəsidir.
Deyilənə görə, vəsiyyət eləyib ki,
onun başdaşına bircə söz-”Azadlıq” sözü
yazsınlar. Eldar Tanrının seçdiyi ən Azad
adamlardandı. O, Azadlığı özü
üçün yox, bizimçün istəyirdim... Müstəmləkəçilik, köləlik əslində,
Eldarın Azadlığının əsriydi. Anayurd deyilən bu torpağa basdırılan isə
Eldarın yer üzündəki çox kiçik bir hissəsidir”.
Eldar Baxış Azadlıq aşiqiydi (“Asılı deyiləm
mən bir adamdan, Bir adam da məndən asılı deyil”) və
o, insan azadlığına qənim kəsilən nə varsa,
ona qarşı sözünü açıq, həm də kəskin
söyləyirdi.
Bir dərdimiz,
bir sərimiz bizimdi,
Yerdə qalan hər şeyimiz özgənin.
Bu yurdun
qızılı, gümüşü də var,
Altına sərməyə palazı yoxdur.
Əyri
kef eləyib əyriliyindən,
Yanıb düz adamın bağrı görmüşəm.
Mən
Eldarın “Böyük qorxu”, “Qələm”, “Şair dostlar”,
“Deyə bilmədiyim sözlər”, “Nəsə
çatmır, çatmır bu yer üzündə”, “Səsin
nağılı”, “Kəlbəcər şeirləri”,
“Əl”, “Rəsul Rzanın ölümü”, “Yolun iki
üzü”, “Qara qarışqalar” şeirlərini,
“Çaldıran döyüşü”, “Kənd”, “Davanın
axırıncı günü”, “Balıq ölümü”
poemalarını dönə-dönə oxumuşam və bu
şeirlərdəki poetik incələmələr bir yana,
sözün içindəki o Azadlıq yanğısı heyrətə
gətirib məni.
Təzədən
doğulmaq, təzədən gəlmək
Təzədən böyümək, boy atmaq olmaz.
Mənim
ölən yerim buradı elə,
Daha burdan geri qayıtmaq olmaz.
Öyülməli
torpaq öyülə gərək,
Əyilməli
torpaq əyilə gərək,
Dəmir
isti-isti döyülə gərək,
Dəmiri saxlamaq, soyutmaq olmaz.
Yerin
çuxuruna hamar deməklə,
Yurdun
payızına bahar deməklə,
Şüar
söyləməklə, şüar deməklə,
Milləti yuxudan oyatmaq olmaz.
Vaqif Bayatlı onu türk dilinin şairi adlandırır
və buna etiraz etmirəm. Amma o, bütün
varlığı ilə Azərbaycana bağlıydı,
Livandan, Fələstindən yazanda da bizim dərdlərimizi
ora qatırdı. Amma mən onu həm də
insan hisslərinin, zərif duyğuların şairi kimi sevirdim.
Onun orijinal bayatılarından, “Oyun havaları” silsiləsindən
yazdığı “Heyvagülü”, “Gəlinatlandı”,
“Koroğlu nağarası”, “Tərəkəmə”, “Yallı”
şeirlərindən xalq poeziyasının rayihəsini hiss
edirdim:
Mən aşıq, yol açıqdı,
Yar gəldi, yola çıxdı.
Dizlərin - yurd yeridi,
Əllərim - alaçıqdı.
Mən aşığam, sarısı,
Ay-həsrətin sarısı.
Sən gül ol, sən çiçək ol,
Mən üstünün arısı.
Mən aşıq, aran yeri,
Dağ yeri, aran yeri.
Qibləyə döndərmişəm,
Sevgilim duran yeri.
Eldar Baxış güllü bir may günündə gözlərini yumdu. Amma “Ölən öldü, qurtardı, Dərd qalanın dərdidi”. Eldar Baxış nisgili ürəyimizdən silinib getmədi...
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2015.- 30 may.- S..30.