Xaotik şeir mənzərəsindən
konkret çalarlar
Bu yaxınlarda AMEA-nın Ədəbiyyat İnstitutunda
“2014-cü ilin ədəbi yekunları” mövzusunda
keçirilmiş müşavirədə təqdim olunan məruzələrdən
bir neçəsini oxucuların diqqətinə
çatdırmışıq. Həmin silsilədən
olan daha bir məruzəni ixtisarla təqdim edirik.
Müstəqillik
illərindən bəri diqqətlə izlədiyimiz şeirin
məhz bu mərhələdə meydana çıxan bir
sıra spesifik xüsusiyyətləri, konkret ştrixlərlə
özünü göstərən təmayül istiqamətləri,
diqqəti çəkən üslub çalarları,
şeirdə “hegemonluq edən” forma və qəliblərin
mövcudluğu, yaradıcılıq istiqamətlərinin
müəyyənləşməsində rolu olan şairlər
və onların prosesə təsiri, formalaşmış məktəblər
və s. haqda artıq konkret təsəvvürlər müəyyənləşib.
Lakin bu izləmə zamanı bir şey də dəqiq
göründü ki, gedişatda bir il o qədər
də əhəmiyyətli dəyişikliklərə imza ata
bilmir. Halbuki hər il ədəbi prosesə
yeni mətnlər və yeni imzalar qazandırır. Və həm bu fakt, həm də son on illərin mətbuat
və dərc olunma azadlığının şeirə gətirdiyi
imza bolluğu tədqiqatçıları getdikcə daha
çox xaotik keyfiyyət qazanan şeir mənzərəsi ilə
üz-üzə qoymaqdadır.
Vəziyyəti
asanlaşdırmaq üçün hər zamankı kimi ənənəvi
olaraq “Ulduz”, “Azərbaycan” jurnallarında, “Ədəbiyyat” qəzetində
dərc olunan materiallar
əsasında müəyyən qənaətlərə
gəlməyə çalışa bilərdik. Amma hər dəfə
bu istiqamətdə araşdırma apardıqdan sonra açıq-aydın
hiss olunurdu ki, kənarda qalan müəyyən bir qüvvə
var və onlar rəsmi ədəbi orqanlarda bir o qədər də
təmsil olunmurlar. Amma ötən il diqəti
çəkən ilk cəhətlərdən biri göstərilən
istiqamətdə müəyyən dəyişikliklərin
olması faktıdır. Belə ki, artıq “fərqli
düşünən”, “fərqli yazan”, “müxalif” hesab edilən
ədəbi qüvvələrin rəsmi ədəbi orqanlara
axını olmasa da, “sızması” prosesi başlayıb.
Bundan
başqa, biz şeir mənzərəsi haqqında daha əsaslı
təsəvvürümüz olsun deyə, şəhərin ən
böyük kitab mağazalarından birinə üz tutduq və
2014-cü il ərzində dərc olunan
şeir kitablarını araşdırdıq. Kəmiyyət
həddindən artıq böyükdür.
Statistikaya
nəzər salaq: Rəşad Məcid “Çiyələk
qadın”, Səyyarə Məmmədli “Yalnız qələm
dözür ağırlığıma”, Ramiz Məmmədzadə
“Ümid kitabı”, Elşad Ərşadoğlu “Eşqə
doğru”, Mahirə Nərimanqızı “Mənim dünyam”, Kəmaləddin
Qədim “Daha sonumu yazıram”, Ətraf Sərraf “Yerinə
utandığım adamlar”, Həsrət “Nə susmusan”, Mir
Bağır “Sinifdənxaric oxu”, Faiq Hüseynli “Eşqim bir
günəşdir”, Səbuhi Rəhimli “Mən susa bilmədim”,
Əli Xəyyam “Bulud baxçaları”, Ülvi Aydın
“Çağlayan sevgi”, Qəşəm Nəcəfzadə
“Adı Qəşəm”, Elşad Barat “310-cu otaq”, Dilqəm
Əhməd “Muza”, Vüqar Rahi “Mənə bir az ondan
danış”, Elçin Əfəndi “Mənə bir az məndən
danış”, Dalğa Xatınoğlu “Ayna”, Nuranə Nur
“Yoxluğuna və sağlığına”, Eyvaz Qələmçəli
“Sənətkarı el yaşadar”, Adil Cəmilin
“Seçilmiş əsərləri”nin ikinci cildi, Sabir Sarvan
“Yarandım, yaşadım”, “Qibləm ürəyimdir”, Kəmalə
Abiyeva “Gizlənqaç”, Barat Vüsal “Kufə əhli”, Yasin
Xəlil “Şehin nağılı”, İlhamə Məmmədqızı
“Bəs kimə deyim”, Etibar Nadiroğlu “Bahar bayatıları”,
Nəcməddin Mürvətov “Nə verdim ki dünyaya”...
lll
İndi isə 2014-cü ilin şeirində
müşahidə olunan xüsusiyyətləri ümumiləşdirməyə
çalışaq.
Əvvəla, özünü konseptual şəkildə
təqdim etmək istəyi bir çox şairlərin
kitablarla təqdimatına yol açdı ki, əslində, bu
çox yaxşı cəhətdir. Çünki kitabda
şair kimliyinin xüsusiyyətləri daha dəqiq
görünür. Bu zaman həm
mövzu-problem seçimi, həm fərdi üslub, həm
texnika, həm də ifadəyaratma variantlarının tam mənzərəsi
göz önündə olur. Lakin təəssüf ki,
kitabların əksəriyyətində sadalanan bu xüsusiyyətlərin
müşahidə edilməsi mümkün olmadı. Əvəzində onlar şeirimizdə geniş
anlamda mövcud olan təsirlənmə faktını da,
özünütəkrar faktını da, özünü
yarada bilməmək faktını da daha açıq şəkildə
nümayiş etdirdilər.
Bu müşahidələrdən belə nəticə
çıxdı ki, şair özünəməxsusluğuna
nail olmaq, özünü yaratmaq, öz obrazında
başqalarının deyil, öz cizgilərini əks etdirmək,
bununla da fərqlənmək getdikcə daha çətin
işə çevrilməkdədir.
Məsələn,
ötən ilin ümumi mənzərəsi içərisində
ən yadda qalan şeirlər silsiləsinin müəllifləri
kimi illərdir demək olar eyni imzaların adlarını
çəkirik: Musa Yaqub, Məmməd İsmayıl, Avdı
Qoşqar, Vaqif Bəhmənli, Vahid Əziz... Ən yadda qalan
şeir kitabları sırasında isə Sabir Sarvanın, Rəşad
Məcidin, Adil Cəmilin, Elşad Ərşadoğlunun, Anar
Aminin və Ramil Əhmədin kitablarını qeyd edə
bilirik. Halbuki hər iki hada da dərc olunma
sayı daha çoxdur.
Müşahidələr göstərir ki, Ramiz
Rövşən, Vaqif Səmədoğlu və Salamın on
illərdir davam edən təsir qüvvəsi hələ də
öz mövcudluğunu qorumaqda və əhatə dairəsini
genişləndirməkdədir. Hətta sonuncu şair
özü-özünü “tamamlasa”, o mərhələni
qapayaraq tamamilə fərqli sferaya adlasa belə, bu qapalı
mühitin içərisində “dolaşanlar” hələ də
çoxluq təşkil edir.
Bir
neçə illərdir davam edən bir proses yenə də
diqqəti çəkdi. Xüsusilə də gənclərin
yaradıcılığında. Belə
ki, çağdaş şeirin intellektual yükü
artmaqdadır. Bu yalnız fəlsəfi mühakimələrin
şeirdə fərdi hisslərin və emosiyaların ifadəsini
üstələməsi ilə deyil, elmi düşüncənin,
elmi qənaətlərin belə şeirə gətirilməsi
ilə də müşahidə edilir. Bəzən
zamanlararası gəzişmələr, əsrlərarası
adlamalar, fərqli dövrlərin şairlərinin bir araya gətirilərək
aralarında dialoq qurulmasına cəhdlər, fərqli hadisələrə,
faktlara, proseslərə intellektual münasibət, onların təhlili
və süzgəcdən keçirilməsi və s. şəklində
özünü göstərir. Bundan başqa, şəhər
mühiti və urbanizasiya ruhunun şeirdə
olmadığını iddia edənlər belə, son zamanlar
çağdaş mətnlərdə “kənd
hava”sının, kəndlə - təbii olanla, bilavasitə həm
də təbiətlə bağlılığın azalmaqda
olduğunu daha aydın hiss edə, əksini isə daha
açıq şəkildə görə bilərlər. Təbiət də, onunla bağlılıq da, onun təsviri
də şeirdən getdikcə daha sürətlə yoxa
çıxmaqdadır. Əvəzində şəhərin,
sürətin, texnologiyanın, hətta texnoloji ünsiyyət
vasitələrinin, internetin, mesajların və s. şeir mətninə
müdaxiləsi prosesi başlayıb. Məsələn,
“beynin formatlanması”, “düşüncələrin
formatlanması”, “mesaj-məktub əvəzlənməsi” və
s. (məsələn, R.Məcid) kimi ifadələr şeir mətnlərinin
leksikonuna asanlıqla daxil olub.
Şeirə mövzu-problem baxımından
yanaşdıqda, əvvəlki illərlə müqayisədə
Ölüm, Tanrı kultunun artıq nisbətən geri çəkilmək
üzrə olduğunu görə bilərik. Amma payız,
tənhalıq, qocalıq, qəriblik, bir də aradan illər
keçməsinə baxmayaraq torpaq itkisi və Müharibə
faktı yenə də şeirdə tez-tez müraciət
olunanlar cərgəsindədir.
Neçə illərdir izlənən şeir mənzərəsində
müşahidə edilən maraqlı bir tendensiya hələ
də öz mövcudluğu bu qorumaqdadır. Sanki hər
zaman heca şeiri və sərbəst şeir deyə
ayırdığımız şeirə sərbəst
şeirin bir növü kimi yeni forma daxil olur. Sərbəst
şeirimizdə ritmsizlik, nəsr ağırlığı,
qafiyəsizləşmə kimi xüsusiyyətlər
yaranıb ki, bir neçə illərdir bu proses gedir və
getdikcə daha da artır. Xüsusilə yeni nəslin
yaradıcılığında bu daha çox müşahidə
olunur.
lll
Toplular və şeir kitabları haqqında
danışmazdan əvvəl ənənəyə sadiq qalaraq
“Azərbaycan”, “Ulduz” jurnallarında, “Ədəbiyyat qəzeti”ndə
dərc olunan müəlliflər haqqında danışmaq istərdik.
Ötən
il bir çox müəlliflərin - Rizvan Nəsiboğlunun,
Fəxri Müslümün, Musa Ələkbərlinin, Rəşid
Faxralının, Səyyarə Məmmədinin, Musa Yaqubun, Vahid Əzizin, Pərviz
Axundun, Xəqani Həbiboğlunun, Mehman Göytəpəlinin,
Taleh Həmidin, Rəfail Tağızadənin, Məcnun Göyçəlinin,
Zirəddin Qafarlının, Ramiz Kərəmin, Məmməd
Namazın, Ağasəfanın, Ağacəfər Həsənlinin,
Bilal Alarlının, Rafiq Yusifoğlunun, Fəxrəddin Əsədin,
Xəyal Rzanın, Vasif Əlihüseynin, Fərid Həsənzadənin,
Əhməd Qəşəmoğlunun, Məmməd
İsmayılın, Valeh Bahadıroğlunun, Çingiz
Əlioğlunun,Vaqif Səmədoğlunun, Avdı
Qoşqarın, Xatirə Fərəcli, Mətləb Ağa,
Vaqif Bəhmənli, Qədiməli Əhməd, Hüseyn Arif,
Hüseyn Kürdoğlu, Xasay Mehdizadə, Gülnarə Cəmaləddin,
Rəfail İncəyurdun - şeirləri dərc olunub. Amma ən çox yadda qalan müəlliflərdən
Məmməd İsmayılın, Musa Yaqubun, Vahid Əzizin,
Avdı Qoşqarın və Vaqif Bəhmənlinin
adlarını çəkə bilərik.
Məmməd İsmayıl üçün Qürbət
dünya qədər böyükdür. Və bu
dünyanın vətəni olduğu kimi, bu düynanın
qürbəti də mövcuddur. Gözəllik,
həzz bağışlayanın ölüm də
bağışlaya bilməsi təzaddır. Amma bu təzadın ifadəsi şeirin ən
yüksək akkordlarını vurur. “Bəxtin
yol yoldaşı olan dəniz” oxucuya gözəllik,
rahatlıq, sakitlik hisslərini aşılasa da, “boğaz kənarında
boğulmaq” ifadəsi suda deyil, havasızlıqdan deyil, nəfəs
ala-ala, yaşaya-yaşaya boğulmaq duyğusunu tərənnüm
edir. Vətənsizliklə nəfəssiz,
havasız qalma təəssüratını eyniləşdirir. Şair Vətənsiz
qaldığı üçün boğulur. Vətənə - gözəllik bildiyinə uzaqdan
baxa-baxa, onu duyaraq havasızlıqda çabalayır.
Nələrə
hamilədir qərib illərin ardı,
Yaşa,
yaşaya bilsən qışı yaz
kənarında...
Bəxtinin
yol yoldaşı dəniz olsa,
nə
vardı
Boğulmaq
da var imiş
bir
boğaz kənarında...
Beləliklə, şeir təkcə bəlli havası,
ruhu ilə, görünən mənzərəsi ilə deyil,
alt qatı, gizli təbəqəsi və ilk baxışdan bəlkə
də o qədər diqqəti çəkməyən təsvirləri
ilə də bir QÜRBƏT yaradır.
Vətənə
geri qayıda bilməmə qorxusu bu şairin şeirlərinin
əksəriyyətində var. İlk baxışdan bu, yalnız
qocalıqla bağlı kimi görünsə də, burada vətəndən
incimə, getdiyi yerdə özünü tapa bilməmə,
özü ola bilməmə hissinin ifadəsi də əhəmiyyətli
rol oynayır. Çünki bu can “nə
ordadı, nə burda”. Yuxarıdakı şeirdə
“boğazdan keçən” gəmilərin hərəkət təəssüratı
digər şeirlərdə də görünür. Amma
burada artq daha acı və daha çılpaq şəkildə
“on ildir qapı döyən”, on ildir poetik qəhrəmanı
- şairi səksəkədə, narahatlıq içində
yaşadan “bir gün geri qayıtmaq ehtimalı”, “bəlkə
bir gün qaytardılar” ümidi
daha “çılpaq” ifadə olunur.
Nə
ordadı, nə burda,
Bəs
neyləsin bu asi?
Bir
ömür vurhavurda
Vətən
- qürbət arası..
Qapını
döyə-döyə
On ildi vaxtın alır.
Bəlkə
bir gün geriyə
Qayıtmaq
ehtimalı...
Qürbətdi,
sənsən, bir də,
Haray salan martılar.
Qaldı
keçən əsrdə
“Bəlkə
də qaytardılar...”
Şair öz yaşantılarını o dərəcədə
dəqiq, realistcəsinə ifadə edir ki, oxucu
özünü onunla da, poetik qəhrəmanı ilə də
üz-üzə durmuş kimi hiss edir. Yaşanan, duruş gətirilən
o məqamın “bəxtin dişini-dişinə
sıxdığı” yer olması və bunun acı təəssüratı
birdən-birə bir neçə asosiasiya doğurmağı
bacarır. Hiss edirsən ki, dişini-dişinə sıxan
yalnız bəxt deyil, həm də qəhrəmandır. Həm də zamandır. Həm də
vətən həsrətidir, onun yaşatdığı
ağrıdır. “Boğaza
yığılan dənizlər”dir - qəhərdir.
Məmməd İsmayılın hətta sevgi
ünvanlı şeirlərində belə artıq qürbət
ağrısı, vətən həsrəti, unudulmaq qorxusu,
geri qayıtmamaq şübhəsi uğurla “meydan sulayır”.
Jurnallardan yadda qalan imzalardan biri də Avdı Qoşqar
oldu. Onun “Azərbaycan”
jurnalında dərc olunan şeirləri mövzu
baxımından da, texnika baxımından da maraqlı idi. Ən əsası isə
adını çəkdiyim bu şairləri fərqli və
özünəməxsus edən kimsəyə bənzəməyən,
kimsəni xatırlatmayan “havaları”, ruhlarıdır. Məsələn, “İnsan necə sınır”
şeirini misal gətirmək olar. Bu
şeirdə “Ölü canlar”, “canlı meyitlər” silsiləsinə
daha bir ifadə “gəzəri tabutlar” əlavə olunur. Və öz məna çalarını bir qədər
dəyişir. Tabut qəbrə
qoyulmadığı, yalnız cəsəd daşımaq
üçün nəzərdə tutulduğu
üçün bu xüsusiyyət burada “cəsəd gəzdirən”
anlamında çox uğurla ifadə olunur. “Gəzəri tabutlar” əslində, “ölü” olan
(əlbəttə ki ruhən, mənən), amma torpaqda deyil, həyatda
varlıqlarını davam etdirən “cəsədləri”
“yaşadırlar”.
Əslində, şeirin uğurunu təmin edən cəhət
yalnız dəqiq, məzmunlu poetik ifadələr, maraqlı təşbehlər
deyil, həm də yaşanan, duyulan təəssüratın,
faktın dəqiq təsvir oluna bilməsidir.
“Tüstüsünə gülünən”, üstünə
“qılınclı qalxanlı gedilən”, “doğmalar
içində baxışı qanlı” olan və nə millətin,
nə də öz balasının anladığı bu qəhrəmanın
həmin situasiyada havalanması da çox adi
qarşılanır. Sınmanın yaşatdığı
ağrı birbaşa ifadə edilmir. Amma
dolayı yollarla, yaradılan təsvirlərlə o qədər
dəqiq verilir ki, sınmaq və
sındırılmağın məhz belə bir hiss
yaşadacağı şübhə doğurmur. “Damcı olub buxarlanmaq”, “gözə görünməmək”
sınmağın da, sındırılmağın da insana
arzulatdığı ən real istəyə çevrilir.
Yenə də “Azərbaycan” jurnalında Musa Yaqubun
gözəl şeirləri göründü. Təbiətin
canlı nəfəsinin, ruhunun duyulduğu bu şeirlər
neçə illərdir ki payızı yaşadır.
Amma Musa Yaqubu bu payız təsvirli şeirlərdə
maraqlı və özünəməxsus edən odur ki, onlarda
payızın (ömrün payızı kimi) qorxusu ilə bərabər
həyəcanı və gözəllikləri, rəngarəng
çalarları, ziddiyyətli təəssüratları və
yaşantıları var. Payız yalnız qışın -
Sonun əvvəli deyil, ömrün yaşanacaq və
yaşanmalı olan fəsillərindən biridir. Soyuğu-sazağı, yağışı-küləyi
olsa da gözəldir və gözəl də
yaşanmalıdır. Amma ötən ilin
şeirlərində qəribə bir nostalji, payızdan
qışa adlama həyəcanı da duyulurdu.
Bir
sarı budaqdır il ağacında,
Görən bu payızın yaşı neçədir? -
Bir
qıvrım duman da qalıb solanda,
Yaddaşı
necədi, huşu necədi -
Sarıköynəkləri
də dözmədi qaçdı;
Amma həmin torpaq, həmin ağacdı.
Qüdrəti
qalıbmı bir gül bitirsin,
Ya bir xəzəlini yerdən götürsün.
Bir dilim
yemişi aypara bilsin,
Bir
quşu yolundan qaytara bilsin, -
Çağırsın
geriyə şirin dilləri,
Əlini
uzatsa qış tərəflərə,
İsidə
bilərmi soyuq əlləri?..
Görəsən
payızın yaşı neçədi?..
Sanki şair payızdan özü kimi, öz ruhu kimi
danışır, ruhunu isə eynilə payız kimi
sınamağa, sınaqdan keçirməyə
çalışır. Ruhu gənc olan birinin yaşla
üz-üzə, göz-gözə qaldığı
bütün hallarda olduğu kimi, tərəddüdlü
suallara cavab aranır. İnsan ruhunun təbiətlə
müqayisədə verilsə də, o qədər dəqiq
xüsusiyyəti tutulur ki, oxuyub heyrət etməyə bilmirsən.
Həqiqətən də belədir: yaş artır, illər
ötür, ruhun hər zamankı yerində - gəncliyində
qalır, amma təbiət öz
amansızlığını cismində sınayır. Və bir gün özünlə üz-üzə,
iç-içə qaldığında “görəsən
yaşım neçədir” sulanın
çaşqınlığında çabalayırsan. Çünki zamanın dəyişdirdiyi
“qabığın” içindən bir gənc ruhu da, bir
uşaq ruhu da boylana bilir. Eynilə bu qəhrəmanınkı
kimi.
Qalmışam
həvəslə yaş qınağında,
Bu
qızıl yarpağın alnından öpüm,
Qızıləhmədinin
al yanağında
Bir ləzzət
qalıbmı, xalından öpüm,
Görən
bu payızın yaşı neçədir?..
“Həvəslə yaş qınağı” arasında tərəddüd
də payız dövrünü yaşayanların, ötən
ömrün ətəyindən yapışıb getməyə
qoymaq istəməyənlərin hisslərini ifadə edən
dəqiq ifadədir.
Musa Yaqub hər zaman təbiəti başqalarından fərqli
gördüyünü, amma dəqiq və özünəməxsus
şəkildə, incəliklərinə qədər
duyduğunu sübut edib. Onun qələmində təbiətin təsviri
də, ifadəsi də hər zaman elə çalarlarla verilib
ki, “bunu başqa biri verə bilməz. Versə
də bu cür verə bilməz”, - deyirsən. Və bir daha əmin olursan ki, Musa Yaqub təbiət
lirikasının ən bənzərsiz və ən orijinal
yaradıcısıdır.
Yadda qalan
növbəti imza Vaqif Bəhmənli idi ki, onun da yumor, daxili
sarkazmla zəngin qeyri-adiliyi ilə seçilən şeirləri
haqqında
danışmaq istərdik. Məsələn,
“Xırda əcəl” adlı şeirinə nəzər salaq.
Ümumiyyətlə, bu şair hər dəfə
- istər kitablarında, istərsə də ədəbi
orqnlara təqdim etdiyi seçmə şeirlərdə
özünü fərqli rakurslardan təqdim etməsi ilə
yadda qalır. Bu şeirlər gah fraqmentar, bir anlıq
fotoeffekt xarakteri daşıyır (keçən il dərc olunan “Hamı kimi” şeirlər
kitabında olduğu tək), gah lirik çalarları ilə
yadda qalır, gah da ironik-satirik ruhu ilə...
...Böyük
ölümlər üçün
bir qədər
qocayam mən.
Görünür
belə imiş
tanrım
yazdığı qismət,
Görünür
ki, lap xırda
dərddən öləcəyəm mən.
Bir
çocuq çırtmasından
ruhum
uçacaq göyə,
Göyərçin
qurultusu
cana verəcək
qüsul.
Öləcəyəm
yol üstdə
bir kol
quruyur deyə...
...Nə
mərddən,
nə
namərddən,
xırdadan xırda dərddən -
tıxacda çatlayacaq
yolu
geniş ürəyim.
Minnətli
bir misqalın
yükü batmandı mənə,
yaltağın bəslədiyi
hörmətdən öləcəyəm...
...Düşünmürəm
ki, öləm
xəyalı dərin meydən,
Əli,
Vəli,
ya da ki,
Həşim
vuracaq məni,
ya odun
tükənəcək,
ya
öləcək Gün göydə...
bütün bunlar olmasa,
maşın vuracaq məni!
Həm səmimiyyət, həm ironiya, həm də daxili
sarkazm bu şeirləri maraqlı edir. Xüsusilə o diqqəti
çəkir ki, bir çox şairlərdə mövcud olan
və yuxarıda sadaladığımız bədbinlik bu
şairə aid deyil. Əksinə,
şeirləri nikbinlik dolu, mübarizə doludur. “DOĞULMAQ HAQQI” şeirində çəkdiyi
ağrıya-əzaba baxmayaraq doğulmaq haqqından istənilən
halda yenə də istifadə edəcəyini ifadə edir.
lll
İndi isə kitablar haqqında danışmaq istərdik. Çox
maraqlı, tam bir şair portretini ortaya qoyan kitablar arasında
Sabir Sarvanın “Qibləm ürəyimdir” və “Yarandım
yaşadım” kitablarıdır. Kitabda aradabir müəllifin
köhnə şeirlərinə rast gəlinsə də,
bütövlükdə elə maraqlı bir kompozisiya qurulur
ki, gənclik sevgisi ilə itirilmiş illərin
ağrısı, yeni sevgi həvəsi ilə arxada
qoyulmuş məhəbbətin həsrəti, ömrün
payız çağının reallıqla üz-üzə
qalma acısı və gəncliyin qaynar hərarəti bir
arada təqdim olunmuş kimi görünür.
Kitab əsasən bir neçə aspektdə yadda
qalır - ilk zərbə “Qaçır qarabağlı
uşaq” şeirindən gəlir. Bu şeirdə damarlarda qanı
coşdura biləcək dərəcədə real portret
yaradılmasına nail olunmuşdur. Nə
açıq bir çağırış var, nə
açıq ittiham və qınaq. Sadəcə
dərdini götürüb insanların üstünə
qaçan qarabağlı uşağın real cızgilərlə
yaradılmış portreti verilir ki, bu da oxucunu həyəcanlandırmağa,
reallıqla üz-üzə qoymağa yetir.
Səhər
al qanla açılır,
Quşlar
göydən ölü düşür
Alışmır
güllə səsinə
Budaq
qorxur, gülü düşür
Saçı
dağılıb alnına,
Sıyrım-sıyrım
olub dizi
Gözlərinin
qabağında
Anasının
qanlı üzü
Qaçır qarabağlı uşaq.
“Göydən ölü düşən quşlar”,
“budaq qorxur gülü düşür” bənzətməsinin
təəssüratda yaratdığı assosiasiya bu qorxunun
insanlara, təbiətə, canlılara daha nə yaşada biləcəyi
haqqında əlavə hansısa təsvirə ehtiyac qoymur. Bir halda ki, quşlar
ölü düşür, bir halda ki qorxudan balasını
salan qadınlar kimi budaqlar da çiçəklərini
“salırlar”, o zaman gözünün qabağında
anasının qanlı üzü duran və qaçan qarabağlı
uşağın yaşadığı dəhşəti,
duyduğu sarsıntını göz önünə gətirmək,
təsəvvür etmək asandır.
Dərd gələndə
tək-tək gələr,
Dərd gələndə qoşa gəlməz.
Bir bu qədər
xata, bəla,
Ağıla
gələr, başa gəlməz,
Sanı yoxmu?
Aşağıdan
yer qalxıb,
Yuxarıdan
göy enib,
Qışqırığı
boğazına,
Gözləri
haqqa dirənib,
Sonu yoxmu?
Qaçır qarabağlı uşaq.
Burada yaradılan fikir kombinasiyaları, həmçinin
şeirin strukturu daha maraqlı nəticələrə gətirir. Adətən “dərd gələndə
batmanla gələr”, “qoşa gələr” kimi işlədilən
ifadə burada bir qədər dəyişikliyə
uğradılaraq “tək-tək gələr” kimi verilir, amma məna
qatında bu, əsas hədəfə vurulan zərbələrin
tək-tək olması, yəni daha ağrılı
olmasına hesablanıb. Strukturda qəfildən misraların
arasına salınan
“sanı yoxmu”, “sonu yoxmu” ifadələri göydəndüşmə
kimi görünsə də, ümumi ritm kompozisiyasını
tamamlayır. Həmçinin başqa bir
kompozisiyanın - “aşağıda yer qalxır”,
“yıxarıdan göy enir”, “qışqırıq boğaza,
gözlər haqqa dirənib” misraları ilə yaradılan təsviri
tamamlamış olur.
Sabir Sarvan özünəməxsus, bənzərsiz
düşüncə tərzi, məxsusi şair xarakteri, ruhu,
ovqatı, deyim tərzi olan şairlərdəndir. Xalq şeiri üslubunda, ənənəvi şeir
formalarında yazsa da, bu qəliblər daxilində öz
havasını, öz ovqatını, öz deyim şəklini
ifadə etməklə “özü olmaq” mərtəbəsində
qalır.
Ötən
il dərc olunan ən maraqlı kitablardan
biri Rəşad Məcidin “Çiyələk qadın”
kitabı idi. Bu şeirlər sanki bir sevgi hekayətinin
ayrı-ayrı məqamlarını, enişlərini,
yoxuşlarını, toxunuşlarını, titrəyişlərini,
irəliləyişlərini, həsrətini,
yaşantısını - bir sözlə, hər anını
əks etdirir. Ümumiyyətlə, Rəşad
Məcid əvvəllər bir şeir kitabı ilə
çıxış etmişdi. Amma bu kitab göstərdi ki, onun
ruhunun bir şair tərəfi varmış ki, uzun illər
gizlənib, ortaya çıxmayıb.
Elə
möcüzələr yaratmısan ki,
Elə dəqiqələr
yaşatmısan ki,
Olmayıb
heç onun yüzdə biri də
Nə mənim dünyamda, nə bu dünyada.
Sən elə
telləri qırıb getmisən,
Sən elə
yaralar vurub getmisən,
Təpəri
yoxdur ki, dözüb dayansın,
Nə mənim dünyamın, nə bu dünyanın.
Qəfil
gəlişinlə suç eləmisən,
Sənsiz keçən ömrü puç eləmisən.
Vurmayıb
heç zaman belə qar-yağış,
Nə mənim dünyamı, nə bu dünyanı.
Bilmədim
iblissən, ya mələk, qadın
ətri,
gözəlliyi çiyələk qadın.
bir də
gəlməyəcək sənintək Qadın
Nə mənim dünyama, nə bu dünyaya.
Romantik əhval-ruhiyyəli
bu şeirlərin məzmun qatında diqqəti çəkən
yalnız sevgi hissinin ifadəsi deyil, həm də çox
yüksək mərtəbəyə qaldırılan, az qala ilahiləşdirilən qadın
obrazıdır ki, çağdaş şeir üçün
bu o qədər də aktual deyil. Çağdaş
şeirin qadını “ilahilik” mərtəbəsindən
“insanlıq” mərtəbəsinə endirdiyi uzun zaman olub.
Ötən ilin diqqəti çəkən kitabları arasında Anar Aminin “Adnalıdan Ağdabana”, Elşad Ərşadoğlunun “Eşqə doğru”, Elşad Baratın “310-cu otaq”, Dilqəm Əhmədin “Muza” kitabları da oldu. Onlar haqqında məqalənin davamında danışacağıq.
Nərgiz CABBARLI
AMEA Nizami
adına Ədəbiyyat İnstitutunun elmi işçisi
525-ci qəzet.-
2015.- 30 may.- S.28-29