İrqçiliyin eybəcər sifəti
Adamları dərinin rənginə görə deyil,
könülün rənginə görə ölçün.
Dara-filosof
Adamlar
irqlərə bölünmürlər, irqlər adamlara və
adam olmayanlara bölünürlər .
Boris
Şapiro-alman fiziki və şairi
İrqi ayrı-seçkilik kiməsə onun irqinə və
etnik mənsubiyyətinə görə xüsusi qaydada
münasibət göstərməkdir. Bu neqativ fenomen daha
çox irqçilik adlanır, beynəlxalq dildə isə
rasializm və ya rasizm kimi ifadə olunur. Bu
termin adətən tam ayrı-seçkilik kimi başa
düşülür, bu isə digər sosial qruplara nisbətən
bir xalqın nümayəndələrinə ziyan vuran qaydada
münasibət bəsləməkdir. İrqi
ayrı-seçkilik çox vaxt adamları yaşayış
yeri ilə və işlə təmin etməkdə
özünü büruzə verir və bu, müasir cəmiyyətlərin
əksəriyyətində qanunsuz hesab olunur, baxmayaraq ki, qanun
məhkəməsində bunu sübut etməyin özü də
bəzi hallarda çətin olur. İrq
özü növlərin başlıca bioloji fərqlərə
görə bölünməsidir, bu vaxt irqlər kimi
tanınanların arasındakı fərqlər onların
özlərinin içərisindəki müxtəliflikdən
guya xeyli çox olur, indi isə elm bunun əksini sübut
edir. Çox saydakı bitkilərin və heyvanların
arasında irqin çox vaxt yarımnövlərə
bölünməsinin təsviri faydalı olduğundan, bu
nöqsanlar az əhəmiyyətə
malikdir və ya insanın bioloji rəngarəngliyini təsvir
etməkdə heç bir mənfi rol oynamır. Bu ona görədir ki, bəşər müxtəlifliyi
nümunəsi barədə söhbət əsasən qrup
daxilindəki fərqlilikdən gedir. Beləliklə,
qruplar arasında aydın sərhədlər çəkmək,
təsvir etmək mümkün deyildir.
Bəşər irqləri konsepsiyası uzun vaxt bundan əvvəl
müəyyən olunmasına və öz mövcudluğunu
davam etdirməsinə baxmayaraq, bu, heç də aktual
kateqoriyalar təsnifləşdirilməsinə malik deyildir. Qruplar arasındakı
bioloji fərqlər, meydana gələn əhalilərin
izolyasiyasının nəticəsidir, lakin bəşər
qrupları arasında əlaqələrin olduğunun şəhadəti
ən azı Orta Pleystosen dövründən (0,6
milyon il əvvəldən) məlumdur. Son 500 il
ərzində ticarətin, müstəmləkəçiliyin
və sairənin genişlənməsi ilə çox dərəcəli
kontaktlar xeyli artmışdır. Növ birləşməsi
daim birinin digərində əriməsində getmişdir və
əhalilər arasında bioloji fərqlər əhəmiyyətsiz
olmaqla, daxili müxtəlifliyə bənzəməyə
başlamışdır. Ənənəvi
“irqçi” təsnifatlar adətən dərinin və ya
saçın növü kimi zahiri əlamətləri
vurğulayır, lakin digər genetik ayrı-seçkilik qan
qruplarına və ya enzim (ferment) fərqlərə münasibət
bəsləməklə, ciddi olmayan, səthi xüsusiyyətlərə
əsaslanan klassik kateqoriyaların yaxın bir yoluna meyl edir.
1995-ci ildə “irq” anlayışı ümumiyyətlə
elmi dövriyyədən çıxarıldı. Bu barədə beynəlxalq
antropoloji konqress qərar verdi və onu
amerikan antropoloji cəmiyyəti bütünlüklə dəstəklədi.
Olduqca sadə qaydada izah edildi ki, irq daxilindəki
genom fərqlər müxtəlif genlər arasındakı fərqlərdən
daha güclüdür. Beləliklə, irq
deyilən şey əslində yoxdur.
İrqçilik
sxemləri isə adətən bunu əsas götürür
ki, irqlər reallıqdır, ancaq irq elə bir konsepsiyadır
ki, müxtəliflik nümunələrini cəmləşdirməkdə
heç də faydalı olmaya bilər və irqin
tanınmasında istifadə edilən xüsusiyyətlər
seçmə qaydada əslində neytral əhəmiyyət
daşıyır, beləliklə bənzərlik və fərqlilik
dərəcələri təkamül qaydasındakı
qohumluqda özünü büruzə verir. Bu
bir faktdır ki, genetik əlaqələr və mühitin təsiri,
oxşar mühitlər əks halda qohum olmayan qrupların arasında
bənzər xüsusiyyətlərin müstəqil təkamülünü
seçə bilər. Əvvəlki təlimlər
bunu əsas götürürdü ki, bioloji irqlər aydın
şəkildə ayrıla bilər və irqi qruplar təkcə
zahiri xüsusiyyətlərə görə deyil, həmçinin
qabiliyyətdə və şəxsiyyətdə olan
xüsusiyyətlərə görə fərqlənirlər.
Müvafiq olaraq bir çox cəhdlərin əksinə,
əhalilər arasında qabiliyyət və ya xarakter cəhətlərinə
görə nə bioloji cəhətdən müəyyən
edilmiş fərqlərin olmasının, nə də mədəni
sistemlərin və ya institutların bununla hansısa sıx əlaqəsinin
mövcudluğunun heç bir sübutu yoxdur.
Kristofor Kolumbun kəşfindən sonra müstəmləkəçilərin
Şimali, Mərkəzi və Cənubi Amerikalarda yerli aborigen
xalqların qırğınını həyata keçirməklə,
xüsusən Mərkəzi və Cənubi Amerikadakı
sivilizasiyaları məhv etmişdilər. Şimali
Amerikada əvvəlcə hindulara qarşı əsl genosid
siyasəti aparılmış, paralel olaraq quldarlıq
geniş yayılmışdı. 1850-ci ildə
ABŞ-da qaradərili qulların sayı 4 milyon nəfərdən
çox idi. Amerikanlar təkcə
quldarlığa rəvac vermirdilər, milyonlarla zənci uzun
müddət ərzində irqçilikdən də əzab
çəkmişdi və bu rudimentlər hələ də
özünü biruzə verməkdədir. ABŞ-da Ku-kukls-klan, Linç mühakimələri,
seqreqasiya artıq tarixin arxivinə verilsə də,
irqçilik təzahürləri yenə də baş verir, əsassız
şübhəsinə görə polis qaradərili vətəndaşı
çəkinmədən güllə atəşi ilə
öldürür.
Müstəmləkəçilər
Afrikada da eyni siyasəti həyata keçirərək, qitənin
qərb sahilindəki ölkələrdən qul ticarətinə
başlamış, Afrikadan 25 milyon zənci qul kimi satılmaq
üçün çıxarılmışdı. Qul
ticarəti dövründə Amerikaya 20 milyon zənci gətirilmişdi.
Əlcəzairin 1962-ci ildə ilk prezidenti
seçilmiş Əhməd Ben Bella yazırdı ki, “1492-ci
illə 1800-cü illər arasında 100 milyon afrikalı
öldürülmüşdür. Bu vaxt Böyük
Britaniyanın əhalisi 3 milyon, İspaniyanınkı isə
11 milyon nəfər idi”.
Birləşmiş
Ştatların əsasını təşkil edən
koloniyalar və sonra yeni dövlətin özü, xüsusən
Cənub ştatları çox sayda zəncilər - qara qullar
məskunlaşan diyara çevrilmişdi. Quldarlığın
saxlanmasına çalışan cənubluların ölkəni
Vətəndaş müharibəsinə cəlb etməsinin əsas
səbəblərindən ən mühümü məhz
onların bu mənafeyi olmuşdu. Avropanın
özündə isə həm də XV əsrdə antisemitizm
güclənməyə başlamış, XV əsrdə yəhudilərin
İspaniyada təqibi və ölkədən qovulması
geniş miqyas almış, bu işi ingilis kralı I Eduard
ondan iki əsr əvvəl, dəqiq deyilsə 1290-cı ildə
öz ölkəsində həyata keçirərək,
bütün ingilisləri İngiltərədən
qovmuşdu.
XIX əsrdə
Afrikanın müstəmləkəçi dövlətlər
arasında bölünməsi gedəndə
avropalıların yerli əhaliyə qarşı irqçilik
siyasəti daha böyük səviyyədə həyata
keçirilmiş, qitənin ekvatordan cənubunda bu proses daha
eybəcər şəkillər almaqla, əslində genosid
xarakteri daşımışdı. Belçika
kralı II Leopoldun Konqoda (indiki Zairdə) törətdiyi vəhşiliklər
bu gün də ən dəhşətli xatirələr
oyadır.
İkinci Dünya müharibəsi ərzində
almanların və yaponların irqçilik zəminində
törətdikləri cinayətlər tarixin ən eybəcər
səhifələrindən biridir. Almanların və
yaponların müharibənin başlanğıcındakı
qələbələri onlara imkan vermişdi ki, Avropada və
Asiyada yeni qaydalar yaratsınlar. Hər iki
ölkə bu yeni qaydaları ictimai məqsəd
üçün müsbət imic kimi təqdim etsələr
də, təcrübədə hər iki dövlət tabe
edilmiş xalqlar üzərində olduqca rəhmsiz siyasət
aparırdı. Natsistlər bir millətin
digər millət üzərində rasional üstünlüyü
ideyasını irəli sürürdülər.
Hitler 1933-cü ildə hakimiyyətə gəldikdən
sonra özünün nifrətdən qidalanan siyasətinə
başladı, bütün müxalifəti əzdi. Narazı
olanların hamısı, xüsusən kommunistlər və
sosial-demokratlar Almaniyadakı Daxay həbs düşərgəsinə
göndərilirdi. Burada onlar birbaşa
öldürülməsələr də, hər cür
işgəncələrə və əzablara məruz
qalırdılar. O, digər əsl almanlara xidmət
göstərməyə çalışdığı kimi,
düşmən hesab etdiklərinə, məsələn, yəhudilərə
qarşı ardıcıl tədbirlərə başladı. Əvvəlcə onlara boykot elan edildi. Sonra isə
Holokostun elementlərinə start verildi. Hitler
öz irqçi siyasətini adamlara təlqin etməyi də
bacarırdı, axı almanlar onu Messiya hesab edirdilər, o isə
özünü Almaniyanın ağası kimi aparırdı.
Lakin ilk irqçi addımlar atılanda, Hitler
özünü kənarda qoymağa
çalışırdı, yəhudilərə qarşı
olan tədbirlər natsist partiyasının rəhbərliyinin
adı ilə elan edilirdi.
1938-ci ilin martında Avstriyanın anşlyusundan və
1938-ci ilin sentyabrındakı bədnam Münxen sazişi nəticəsində
Sudet vilayətinin Çexoslovakiyadan qoparılıb, Almaniyaya
birləşdirməsinə görə almanlar Hitleri “qan
axıtmayan general” adlandırırdılar. Axı bu ilkin
işğallara döyüş lazım olmamışdı.
Ancaq irqçilik siyasəti ardıcıl olaraq
aparılırdı və Hitler təkcə 6 milyon yəhudinin
qırılmasına görə deyil, II Dünya müharibəsində
on milyonlarla insanın məhv edilməsinə, əslində
Avropada qan dənizi yaratdığına görə məsuliyyət
daşıyırdı.
Almanların Avropadakı qələbəsindən sonra
isə natsist təbliğatçıları bütün millətlər
üçün “bərabər şanslara” əsaslanan yeni
Avropa qaydasının və birləşmiş iqtisadi
icmanın parlaq imicini yaratmışdılar. Bu, Yeni Avropa
Qaydası heç də birbaşa Hitler konsepsiyası deyildi.
O, özü Avropanın alman ağalığının
tabeliyində olmaq üçün sadə qaydada işğal
etdiyini görürdü. O, bir dəfə demişdi ki,
yalnız almanlar “real olaraq Avropanı təşkil edə bilərlər”.
Natsist imperiyası qərbdə La-Manş
boğazından, şərqdə Moskvanın ətraflarınadək
uzanırdı. Bu imperiya heç bir vəchlə
ardıcıl qaydada təşkil olunmamış və ya səmərəli
idarə olunmamışdı. Bəzi
ölkələr - İspaniya, Portuqaliya, İsveçrə,
İsveç və Türkiyə neytral və imperiyadan kənarda
olaraq qalırdılar. Almaniyanın
müttəfiqləri - İtaliya, Rumıniya, Bolqarıstan,
Macarıstan və Finlandiya öz müstəqilliklərini
saxlayırdılar, lakin müharibə
qızışdıqca özlərinin artan qaydada məhdudlaşdırıldıqlarını
görürdülər. Qalan Avropa isə əsasən
bir ya iki yolla təşkil olunmuşdu. Qərbi
Polşa kimi bəzi ərazilər birbaşa Natsist
Almaniyasına anneksiya edilmişdi və alman əyalətləri
sırasına daxil olmuşdu. Avropanın əksər
işğal olunmuş əraziləri isə alman hərbi və
ya mülki qulluqçuları tərəfindən inzibati
qaydada idarə olunurdu, bu, natsistlərlə əməkdaşlıq
edən rejimlərin birbaşa olmayan müxtəlif nəzarət
dərəcələri ilə birləşirdi. İşğal olunmuş Avropadakı müxtəlif
idarələrin hakimiyyətinin rəqabət aparan xətləri
alman işğalını qeyri-səmərəli edirdi.
İrqi baxışlar Natsist Yeni Qaydasında
işğal edilmiş xalqlara necə münasibət bəslənməsində
mühüm rol oynayırdı. Alman mülki
inzibatçılığı Norveçdə, Danimarkada və
Niderlandda qurulmuşdu, çünki natsistlər hesab edirdilər
ki, bu xalqlar aridirlər, irqi cəhətdən almanlara
qohumdurlar və ona görə də daha yumşaq münasibətə
layiqdirlər. İşğal edilmiş fransızlar kimi
aşağı latın xalqları isə
hərbi inzibatçılığa həvalə edilmişdi.
1943-cü ildən başlayaraq natsistlərin
itkiləri artdıqca, şimali və qərbi Avropanın
bütün işğal edilmiş əraziləri
Almaniyanın müharibə ehtiyacları üçün mal
və işçi qüvvəsi əldə edilməsindən
ötəri rəhmsizcəsinə istismar edilirdi.
Natsistlər həm də ari irqi üçün planlar
cızırdılar. Şərqdə işğal edilmiş
torpaqlar alman ekspansiyası üçün yaşayış
məkanı olduğuna və natsistlərin gözündə
aşağı sayılan slavyan xalqları tərəfindən
məskunlaşdığına görə, Natsist
inzibatçılığı bu ərazilərdə xeyli dərəcədə
daha rəhmsiz idi. Burada gedən müharibə
də almanların Qərbdə apardıqları müharibədən
çox fərqlənirdi. Hitler 1941-ci ilin
noyabrında hərbçilərin müşavirəsində
demişdi ki, Şərqdə ərazilərin
işğalı onların sakinlərinin məhv edilməsi ilə
müşayiət olunmalıdır. Burada
qəddarlıq xüsusilə vacibdir. O, bu sərsəm
ideyasını əsaslandırmaq üçün qeyd edirdi
ki, biz onları məhv etməsək, kommunistlər otuz il sonra yenə
baş qaldıracaqlar.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2015.- 30 may.- S.26.