Başını yerində saxlayıb
ürəyini uşaq ürəyi kimi qurmaq
“AZƏRBAYCANFİLM”in “DƏRS” FİLMİ BARƏDƏ QEYDLƏR
Keçid dövrünün durğunluğundan
sonra yenidən dirçəlməyə başlayan
milli kinomuzun son layihələrindən biri
uşaqlara həsr edilib.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm”
Kinostudiyasının istehsal
etdiyi bu bədii ekran əsəri “Dərs” adlanır.
Dövlət sifarişi ilə çəkilən filmin ssenari müəllifləri
Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, redaktoru Ramiz Rövşəndir. Uşaq rollarında Bakı məktəbliləri Tamerlan
Ağayev, Aliyə Əliyeva, Rəşid Əliyev, Ayna Zərbəliyeva və digərləri, böyük
rollarında isə Nazim İbrahimov (Azərbaycan Yazıçılar
Birliyinin sədr müavini), Mənsurə Əhmədova, Rasim Cəfər və başqaları çəkiliblər.
Xatırladaq ki, “Dərs” yeni yüzildə uşaqlar üçün
çəkilən ilk bədii
filmdir. Məktəbli yeniyetmələrin həyatından bəhs edən filmin ideyası klassik kodekslərin inkarı üzərində deyil, yeni həyat, yeni dövr şərtlərinə uyğun
davamı üzərində
qurulub. Zamandan, dövrandan, coğrafiyadan
asılı olmayaraq, uşaq hər yerdə, hər zaman uşaqdır və ona aşılanan
insani-əxlaqi dəyərlər
də eynidir; dostluq, mərdlik, dürüstlük,çalışqanlıq,
böyüklərə sayğı,şücaət,yurda
sevgi... “Dərs”də
əsas planda uşağın cəmiyyətə
adaptəsində mühüm
rol oynayan dostluq və ünsiyyət xətti izlənir.
Filmin qəhrəmanı
ziyalı ailədə
tərbiyələnmiş nəcib,
nümunəvi və iddiasız bir vunderkinddir. Adı Xalid olsa da, gonbulluğu üzündən sinif yoldaşları onu “Begemot” deyə çağırırlar. Zəmanənin təsiri ilə bir qədər
də “ulduz” xəstəliyinə yoluxan
bizim oğlan, bu sifətləri özünün malik olduğu gözəl keyfiyyətlərdə deyil,
məktəbin ən yaxşı futbolçusu,
yaxud bütün qızların kumiri olmaqda görür və bu səbəbdən
Asiflə dostluğa
can atır. Lakin bütün çabalarına,
xeyirxahlıq və fədakarlığına rəğmən
uzatdığı əl
havada qalır, “dost” onu dolayır, istifadə edir, sonra da müəllimə
xəbərçilik etməkdə
suçlayaraq bütün
sinfin gözündən
salıb pisikdirir.
Təminatlı ailədən çıxmış
vunderkind bu vəziyyətdə müharibə
dövrünün uşaqlığından
bəhs edən “Şərikli çörək”
filmindəki yetim oğlana bənzəyir. Ailənin
itmiş çörək
kartoçkasını tapıb
dükandan çörək
“payoku” alan
tifilə inanmayan məhəllə uşaqları
onu oğru hesab edirlər. Lakin kino həyat qədər acımasız
olmadığından, həm
də tərbiyəvi
məqsədləri hədəflədiyindən,
hər iki filmin sonunda uşaqların günahsız
olduğu üzə çıxır və ədalət yerini alır.
lll
Uşaq təxəyyülünün harada
başlayıb harada qurtardığı mübahisəli
məsələdir. Mühüm olan
uşağın qavraya
biləcəyi formanı
tapmaqdır.Görkəmli uşaq
yazarı Korney Çukovskinin ifadəsiylə
desək, uşaqlar üçün uğurlu
və inandırıcı
bir şey yaratmaq istəyirsənsə,
uşağın çəkmələrini
geyinməlisən. Bu prinsip gözlənildiyi təqdirdə, uşaqla istənilən janrda və istənilən məzmunda anlaşmaq mümkündür.
Sovet dönəmində
çəkilmiş uşaq
filmlərimiz bu baxımdan rəngarəngdir. İstər
nağıl estetikasında
(“Sehrli xalat”, “Bir qalanın sirri”, “Qərib cinlər diyarında”), istər realist üslubda çəkilmiş (“Şərikli
çörək”, “Qaraca
qız”, “Ögey ana”, “Mən mahnı qoşuram”, “Asif, Vasif, Ağasif”)
maraqlı uşaq filmlərimiz var. “Dərs”in
yaradıcıları da
realizm mövqeyini tərcih etmişlər. Açıq, sınırsız
, praqmatik dünyada yaşayan, valideynlərindən
çox zəmanələrinə
bənzəyən və
“ana bətnində dil öyrənən” müasir uşaqları nağıl və əsatirlə, fantastik hekayətlərlə həyata
hazırlamaq çətinləşdiyindən,
filmdəki örnəklər
bilavasitə, həyatın
öz içindən
alınıb.Obyektivə gətirilən
olaylar o qədər həyati və tipikdir ki, məktəb
həyatımızda bu
və digər şəkildə hər birimiz iştirakçısı
olmuşuq. Məsələn, dərsi pozaraq
müəllimi məqsəddən
yayındırmaq, hazırlıqsız
şagirdə him-cimlə,
gizlicə kitab tutmaqla “yardım” etmək, sözü bir yerə qoyub
qaçmaq və ya sinfin liderlərinin
diqtəsi ilə birisini boykot edib pisikdirmək kimi ağılsız şeylər. Belə kütləvi
aksiyalar bəzən hətta hədəfə alınan uşağın
məktəbdən getməsinə,
xəstələnib yatağa
düşməsinə qədər
yoğunlayır. “Dərs”in qəhrəmanı
yatağa düşsə
də, müvazinətini
itirmir və bu işdə babası ona mənəvi dayaq olur.
lll
Baba filmdə keçmişi
təmsil edən, amma mühafizəkarlıqdan
uzaq olan praqmatik bir düşüncə
sahibidir. Özü alim olsa da,
nəvəsinə dərsini
yaxşı oxu, gələcəkdə böyük
adam ol
və bu kimi ənənəvi öyüdlər verdiyini eşitmirik ondan. Çalış, doğru bildiyin
şəkildə yaşa,
doğru bildiyini et- babanın nəvəyə
təlqin etmək istədiyi amal budur. Xalidin məktəbin ulduzuyla dost
olmaq çabaları da baba tərəfindən
təqdir olunmur: “Sən niyə məhz Asiflə dost olmaq istəyirsən ki? Məgər başqaları dostluğa
layiq deyil? Çalış, özünə,
ürəyinə xilaf
çıxma və elə et ki, qoy səninlə dostluğa can atsınlar”.
Misallardan da göründüyü
kimi, baba canfəşanlıqla repetitorluq
etmək iddiasında deyil, sadəcə, gərəkəndə təcrübəli,
bilgəbir məsləhətçi
kimi nəvəsinin yanında olur. Doğrudur, Sovet dövrünün uşaqlığı barədə
söhbət edərkən,
o, bir qədər nəsihətçi təsir
bağışlayır, amma
diqqət edərkən
babanın bunu ancaq bilgiləndirmək məqsədi ilə etdiyini görürük.
13-14 yaş uşağın
yeniyetməlik dövrünə
təzəcə qədəm
basdığı, həyatının
qərarını özü
vermək və sərbəst olmaq havası ilə yaşadığı çox
həssas bir dönəm olduğundan, filmin yaradıcıları
babanı mümkün
qədər liberal, müşahidəçi
mövqedən təqdim
etməklə, pafosdan,
ritorik intonasiyalardan qaçmışlar.
lll
“Dərs”i nə Əlisəttar Atakişiyev,
Şamil Mahmudbəyov,
Tofiq İsmayılov, Həbib İsmayılov kimi tanınmış rejissorlar çəkib, nə də rollarda İsmayıl Osmanlı, Nəcibə Məlikova, Həsən Turabov, Amalya Pənahova kimi aktyorlar oynayır. İstər ssenari və rejissura, istərsə də oyunçu qrupu baxımından “Dərs” demək olar ki, bir debut filmidir
və onun amacı uşaqların fonunda kristal
Sovet müəllimi (“Bizim Cəbiş müəllim”), yaxud, nəcib bir ana obrazı (“Ögey ana”) yaratmaq olmayıb, sırf uşaqlara və onların dünyasını açmağa
xidmət edir. Bu səbəbdən, filmdə nisbətən çox görünən
baba və Nəsibə müəllimə
də daxil, böyüklərə ayrılan
bütün rollar epizodik səciyyəlidir.
“Dərs”in uğurları
kimi, kəsirləri barədə, məsələn,
bədii filmdə publisistik intonasiyanın güclü olması, rolların səsləndirilməsinə
diqqətsizlik və sair məqamlar üzərində də xeyli dayanmaq olar. Amma indiki şəraitdə
kəskin tənqidə
ehtiyac görmürük.
Çünki bu, yuxarıda
qeyd etdiyimiz kimi, həm bir debüt filmi, həm də parlaq kino ənənələrimizin
qırıldığı, uzun boşluqdan sonrakı özünəqayıdış
təşəbbüslərindən biri olduğu üçün metodologiya
və platforfa təqdimatına da, bədii-estetik plankaya da bu şərtlər
daxilində baxılmalıdır.
lll
Türkiyə Cümhuriyyətinin qurucusu
Mustafa Kamal Atatürk dövlət başçısına
gəlincə ilk dekreti
uşaqlar barədə
verib, parlamentdə ilk
qanunda onlar haqqında çıxarılıb. Keçmiş SSRİ-də Lenin mükafatı təsis olunanda ilk mükafatları Korney Çukovski, Marşak,
Sergey Mixalkov kimi uşaq yazarlarına veriblər. Bütün dünyada uşaq
təfəkkürünə ötürülən hər
sözün, hər informasiyanın üzərində
pedaqoqlar, psixoloqlar, sosioloq və filosoflar işləyir.
Çünki o informasiyalar
uşaqların beynində
kodlaşmaqla onların
gələcək həyat
tərzinə,yol, mövqe
seçiminə, nəhayət,
bəşəriyyətin taleyinə
təsir göstərir.Uşaqların
tərbiyəsində sənətin
də çox böyük rolu olduğundan, balaca varlıqlar üçün
yazılan, çəkilən
hər şey böyük fəlsəfi
əsaslara, tərbiyəvi
məqsədlərə söykənməlidir.
Amma elə etməliyik ki, uşaq onu
anlayıb, idrak edə bilsin. Qısaca, başını
yerində saxlayıb,ürəyini uşaq
ürəyi kimi qurmaq və görülən işləri
sol əllə deyil, sağ əllə görmək lazımdır.
Bəsti Əlibəyli
525-ci qəzet.-
2015.- 30 may.- S.25.