Xalq Əmanətinin
Vəcihə Səmədova səhifəsi
2010-cu ildə Xalq Bankın təsis etdiyi və elə o vaxtdan etibarən də ardıcıllıqla, parlaq
bir şəkildə həyata keçirilən
Xalq Əmanəti mədəni-sosial layihəsi
öz mahiyyəti, uğurla gerçəkləşdirməkdə
olduğu nəcib məramları, maarifçilik
missiyası baxımından
həqiqətən xəlqi
səciyyə daşıyır.
Ötən 5 il ərzində bu layihə üzrə poeziya və təsviri sənətlə bağlı
toplular, albomlar buraxılıb, ədəbiyyat,
rəssamlıq və
tarix elmi sahəsindəki korifey xadimlərimizin yaradıcılıq
yolunu əks etdirən bir sıra ekspozisiyalar nümayiş olunub. Layihəni həyata keçirən Xalq Bankın Bakı və Gəncədəki qalereyalarında
Azərbaycanın fırça
ustalarının sərgiləri
açılıb. 3 dildə
- azərbaycanca, rusca və ingiliscə - buraxılan nəşrlər
ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evlərinə, kitabxanalara, fondlara, muzeylərə, dövlət
idarələrinə, ölkəmizdəki
əcnəbi nümayəndəliklərə,
Azərbaycanın xaricdəki
səfirlik və konsulluqlarına, həmçinin
mədəniyyətimizi layiqincə
dəyərləndirən insanlara
hədiyyə edilib.
Mayın
22-də Xalq Bankın
rəsm qalereyasında
növbəti təsviri
sənət sərgisinin
açılışı və Xalq Əmanəti
üzrə 12-ci nəşrin
- unudulmaz sənətkarımız,
görkəmli Azərbaycan
rəssamı, Əməkdar
incəsənət xadimi
Vəcihə Səmədovanın
yaradıcılığını dolğun şəkildə
əks etdirən Rəngkarlıq və qrafika albomunun təqdimatı gerçəkləşdirildi.
Sənətsevərlərə bəllidir ki,
qısa ömür yoluna baxmayaraq, zəngin və çoxşaxəli yaradıcılıq
fəaliyyəti göstərmiş
Vəcihə Səmədovanın
malik olduğu böyük istedad və aldığı yüksək təhsil onun rəssamlıq sahəsində möhtəşəm
uğurlara imza atmasına yol açıb.
1924-cü
ildə Bakı şəhərində doğulmuş
V.Səmədova 1939-1944-cü illərdə Ə.Əzimzadə
adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində,
daha sonra V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun
Rəngkarlıq fakültəsində
- tanınmış rus
rəssamı P.Korinin
emalatxanasında təhsil
alıb. Aspiranturanı bitirdikdən sonra
vətənə qayıdan
Vəcihə Səmədova
burada müstəqil yaradıcılığa başlayıb.
V.Səmədova həmkarı və həyat yoldaşı Lətif Feyzullayevlə birgə yaradıcılıq
ezamiyyətlərində Azərbaycanı
qarış-qarış gəzib,
vətənin əsrarəngiz
gözəlliklərini, həmvətənlərinin
həyat və məişətini əsərlərində
ustalıqla təsvir edib.
Özünün bir vaxtlar təhsil aldığı
Rəssamlıq Texnikumunda
pedaqoji fəaliyyət
göstərən V.Səmədova
istedadlı gənclərə
sənətin sirlərini
öyrədib, onların
yaradıcılıq qabiliyyətinin
üzə çıxmasında,
sonrakı nəsildən
olan bir çox rəssamın sənətkar zövqü
və dəst-xəttinin
formalaşmasında mühüm
rol oynayıb.
Ötən əsrin 50-ci illərindən
etibarən rəssamın
Bakıda, Moskvada, Vyanada, Qahirədə, Beyrutda, Pekində, Varşavada, Budapeştdə,
Sofiyada və digər böyük şəhərlərdə dəfələrlə
nümayiş olunan əsərləri hər zaman sonsuz maraqla
qarşılanaraq müəllifinə
parlaq şöhrət
qazandırıb. Vəcihə Səmədovanın tablolarındakı
canlılıq, göz
oxşayan rəng çalarları, milli kolorit, böyük ustalıq, novatorluq, dünyaya özünəməxsus
baxış və digər üstün keyfiyyətlər bu əsərlərin dünya
muzeylərində layiqli
yer tutmasına səbəb olub.
Təqdimat mərasimini tanınmış
aparıcı Fuad Axundov açaraq Xalq Əmanətinin əhəmiyyətini
vurğuladı, onu misilsiz layihə kimi dəyərləndirdi.
F.Axundov qeyd etdi ki, Vəcihə
Səmədova Şərqin
ilk professional qadın rəngkarı
kimi şöhrətlənib:
Azərbaycan Rəssamlar
İttifaqının ilk sərgi
salonunun yarım əsrdən bəri məhz bu əfsanəvi
xanım sənətkarın
adını daşıması
olduqca xoş, təqdirəlayiq cəhətdir.
Bu məqam, eyni
zamanda, unudulmaz fırça ustasının
xatirəsinə layiqli
ehtiramın təzahürüdür.
Görkəmli rəssamın müasiri olmuş sənət xadimləri tədbirdə
çıxış edərək
onunla bağlı xatirələrini, həmçinin
yaradıcılığı haqda düşüncələrini
bölüşdülər.
Xalq rəssamı, Azərbaycan
Rəssamlıq Akademiyasının
rektoru Ömər Eldarov bir vaxtlar
V.Səmədova və
ailəsi ilə eyni binada yaşadığını
önə çəkdi:
Onun heyrətamiz dərəcədə nəcib,
zərif siması ilə dərin rəssamlıq istedadı
bir-birini tamamlayırdı.
Vəcihə xanım
əsla özü üçün hansısa
üslublar icad etməyə, sənət
aləmində nəsə
xüsusi bir yer tutmağa can atmazdı. Üslubunda zahiri elementlərə
deyil, daxili-mənəvi
keyfiyyətlərə böyük
üstünlük verdiyi
üçün əsərləri
müstəsna dəyər
qazanırdı. Onun ilk işləri
də, sonrakı əsərləri də eyni bir insani
və bədii mövqeyə əsaslanır.
Vəcihə xanım və
onun həyat yoldaşı Lətif Feyzullayev qonaqsevər insanlar idi. Sənət adamları tez-tez onların evində bir araya gələrdilər,
orada yaradıcılıq
haqda qaynar müzakirələr olardı.
Xalq rəssamı, professor Tofiq Ağababayev dedi ki, Vəcihə
xanım ilk növbədə
hədsiz təvazökarlığı
və məlahəti,
böyük sənətkarlara
xas sadəliyi, əsl Azərbaycan qadınına məxsus mehribanlığı, təmkin
və ləyaqəti ilə seçilirdi: Onun yüksək peşəkarlığı və
qüsursuz şəxsiyyəti
pedaqoji fəaliyyətində
də bütün parlaqlığı ilə
əks olunur, tam ahəngdarlıq təşkil
edirdi. Vəcihə xanımın yaratdığı
əsərlərin çoxu
rəngkarlığın klassik
nümunələri sırasında
xüsusi yer tutur.
V.Səmədovadan dərs almış
sənətkarlar pleyadasından
olan Xalq rəssamı Mais Ağabəyov ustadı haqqında fikirlərini bu cür ümumiləşdirdi:
Vəcihə xanımdan
sənət təlimi,
yaradıcılıq dərsi
almaq bir sənətkar kimi mənim xoşbəxtliyimdir.
Məni rəngkarlığa məhz
Vəcihə xanım
istiqamətləndirib. Onun yetirməsi olmağımla
fəxr edirəm.
Mərasimdə çıxış edənlər
V.Səmədovanın ailəsindəki
gözəl mühit barədə, onun yeganə oğlu - tanınmış kino xadimi, mərhum rejissorumuz Nicat Feyzullayev haqqında da söz açdılar. Qeyd olundu ki, Vəcihə
xanıma həsr edilmiş bu albomu görmək, vəfatından bir neçə gün öncə, N.Feyzullayevə
nəsib olsa da, təqdimatda və ekspozisiyanın açılışında iştirakına,
çox təəssüf,
ömrü yetməyib.
İctimai Televiziyanın rəhbəri,
Kinematoqrafçılar İttifaqının
icraçı katibi Cəmil Quliyevin fikrincə, N.Feyzullayev mənsub olduğu ailənin dəyərli ənənələrini, L.Feyzullayevlə
V.Səmədovanın zəngin
yaradıcılıq irsini
həm bir övlad, həm də bir sənətkar
kimi layiqincə yaşadıb: Onun yaratdığı ekran əsərləri, eləcə
də valideynləri haqqında çəkdiyi
dəyərli film böyük
maraq doğurub, dəfələrlə ölkə
telekanallarında nümayiş
olunub.
Yeni nəşr və sərgi barədə xoş təəssüratlarını
paylaşan Azərbaycan
Rəssamlar İttifaqının
katibi, Xalq rəssamı Səlhab Məmmədov böyük
mədəniyyət xadimlərimizin
irsinin yüksək səviyyədə təbliği
baxımından Xalq Əmanətini son dərəcə
əhəmiyyətli mədəni-sosial
layihə kimi səciyyələndirdi.
Mərasimdə iştirak edən
qonaqlardan Ombudsman Elmira Süleymanova,
Bakı Slavyan Universitetinin dosenti Nailə Xəndan və digər ziyalılar, sənət adamları da V.Səmədovanın yaradıcılıq
irsi, Xalq Əmanəti üzrə
hazırlanan növbəti
nəşr və sərgi haqqında yüksək fikirlər söylədilər.
Mərasimin aparıcısı Fuad
Axundov qeyd etdi ki, Surikov
adına institutu, aspiranturanı bitirdikdən
sonra aldığı
cəlbedici təkliflərə
rəğmən, Azərbaycana
qayıtması, burada
yaşayıb-yaratmağı üstün tutması Vəcihə xanımın
qəlbən, bütün
varlığı ilə
öz xalqına, vətəninə, doğma
Bakıya bağlılığının
parlaq sübutudur. Vəcihə xanım
üçün Bakı
tükənməz ilham
mənbəyi, zəngin
yaradıcılıq qaynağı
idi - deyən F.Axundov Xalq Əmanəti üzərində
çox peşəkar,
ölkəsini, paytaxtını
qəlbən sevən
bir kollektivin çalışdığını vurğuladı. Bu sözlərinin
ardınca isə, Bakının ötən əsrin əvvəllərində
səmadan çəkilmiş
ilk fotomənzərələrindən birini, Xalq Əmanətinin təsisçilərinə,
yaradıcı kollektivinə
minnətdarlığın təcəssümü kimi,
layihənin rəhbəri
Rafiq Həşimova təqdim etdi.
Xalq Bankın Mətbuat xidmətinin rəhbəri Elşən
Eynullayev bizimlə söhbətində bildirdi
ki, bir çox
əsəri məşhur
muzeylərdə, eləcə
də şəxsi kolleksiyalarda saxlanılan V.Səmədovanın bu topluda iki yüzə
qədər yaradıcılıq
işinə yer verilib: Vəcihə xanımın fiziki ömrü qısa da olsa, o, özündən
sonraya nəhəng bir yaradıcılıq irsi qoyub gedib.
Bu isə uzun
ömür yaşamış
sənətkarların heç
də hamısına nəsib olmayan nailiyyətdir. E.Eynullayevin sözlərinə
görə, Xalq Əmanəti ilə bağlı işlər davam etdirilir, yeni nəşrlərin və sərgilərin hazırlanması üçün
zəruri elmi-yaradıcılıq
araşdırmaları aparılır.
Vəcihə Səmədovanın əsərlərinin Xalq Bankın Baş Ofisindəki (Bakı, İnşaatçılar prospekti,
22L) və Gəncə
filialındakı (Gəncə,
Zərrabi küçəsi
4) ekspozisiyaları avqustun
23-dək nümayiş olunacaq.
Sərgiyə giriş sərbəstdir.
Ekspozisiyaları iş
günləri saat
18:00-dan 21:00-dək, şənbə və bazar günləri
isə saat 10:00-dan
16:00-dək seyr etmək
mümkündür.
Afət İSLAM
525-ci qəzet.- 2015.- 30 may.- S.24.