Çanaqqala - canlı eşq dastanı

 

 

“Röyalarım gətirdi məni...”

 

İstanbulun Atatürk hava limanına eniş zamanı təyyarədə səsləndirilən, Can Atillanın daha öncələr də dinləyib bəyəndiyim “Aşk-ı Hürrem” (“Xürrəmin eşqi”) şərqisini eşidər-eşitməz qəlbimi naməlum və hüznlü bir həyəcan sardı. Mahnının orijinalda rusca olan mətni beynimdə sinxron olaraq dilimizə çevrildi...

 

“Röyalarım gətirdi

məni xəyalımdakı evimə...

Qəlbim artıq sonsuza qədər boş...

Raqatinada yağmurda

rəqs edən kiçik bir qızın

Yuxularının gerçəkləşməsinə

and içirəm...

...Qəlbim artıq barışmış

göz yaşlarıyla...”

 

Xatırlayıram, bu mahnını əsl eşqin özündə ehtiva etdiyi şəfqət, həyəcan və hüznlə müşayiət olunan ehtiras dolu melodiyasına tam uyan mətninə görə sevmişdim. Türk Hava Yollarının təyyarələrində bu mahnının səsləndirilməsi təsadüfi deyil, zənnimcə... Məhz belə bir sevgi türküsünün sədaları altında yüzillərin eşq şəhəri İstanbula ayaq basmalısan... Daşı, torpağı, havası eşq qoxuyan İstanbul... Hər adı çəkiləndə dillərdən istər-istəməz qopan sinədolusu bir “Ahh”la müşayiət olunan, uğrunda canlar fəda edilən, vazkeçilməz sevgili şəhər... Və onu təkcə minarələrinə, məscidlərinə, əhatə edən dənizlərə, təbii gözəlliklərinə, qaynarlığına, vazkeçilməzliyinə, əlçatmazlığına görə yox, həm də eşq dolu bir ruha malik olduğuna görə sevdilər zaman-zaman... Neçə nəğmələr qoşuldu adına, neçə qurbanlar verildi vəslinə...

 

Bu şəhri Stanbul ki, bi-mislü bəhadır,

Bir sənginə yekparə Əcəm mülkü fədadır...

 

17-18 əsr Osmanlı divan ədəbiyyatının görkəmli nümayəndəsi Nədimin qiymət biçilməyəcək qədər bahalı adlandırdığı, bircə daşına bütün Əcəm mülkünün fəda edilməsinə hazır İstanbulu tam yaxından tanımaq fürsətimiz olmasa da gördüklərimiz, hiss etdiklərimiz də bizə yetdi... Seviləni qəlbində, ruhunda, hüceyrələrində duymaq, anlamaq, hiss etmək üçün bəzən heç tam yaxından tanımaq gərək deyil.

 

“Gözlərim qapalı dinlədiyim İstanbul”da olduğum bir neçə saat ərzində ruhumu ağuşuna alıb aparan əsrarəngiz duyğu selinin yaratdığı sərməstlik hissi məni tərk etmədi. Amma bütün vazkeçilməzlər də tərk edilir nə vaxtsa- bəzən məcburi, bəzən də könüllü... Yolçuluğumuzun istiqaməti Fazil Hüsnü Dağlarcanın təbirincə desək - “Yeni Türkiyənin önsözü”nün yazıldığı, torpağı qanla mayalanmış şanlı Gelibolu yarımadasına - Çanaqqalaya idi...

 

Türkiyənin ölkəmizdəki səfirliyinin təşəbbüsü və Yazıçılar Birliyinin təşkilatçılığı ilə, şanlı Çanaqqala savaşının 100 illiyi münasibətilə elan olunan ədəbi müsabiqə qalibləri üçün 18-22 may tarixlərində təşkil edilən səfər turu yaddaşıma maraqlı məqamlarla, zəngin təəssüratlarla həkk olundu. Bu yazı həm də bütün bu müsbət yaşantıların səbəbkarları-başda səfir İsmayıl Alpər Coşquna, eləcə də səfirliyin mədəniyyət müşaviri Seyid Əhməd Arslana yönəlik minnətdarlıq duyğusu ilə qələmə alınıb.

 

lll

 

Türkiyənin yüksək keyfiyyətli yolları ilə İstanbulun qələbəliyindən uzaqlaşdıqca gözəl təbiət mənzərələrinin biri digərini əvəz edirdi. İstanbulətrafı - təbiətin yaşıllıqlarla, ağaclarla, çiçəklərlə nəfəs aldığı bir yerdir.

 

Yollar və zəmilərboyu səpələnmiş lalə dənizi adamı heyrətə gətirir. Buranın lalələrinin bağrında qara ləkə yoxdur nədənsə...Türkiyəni dörd bir tərəfdən əhatəyə almış dənizlərin ləpələri bəzən az qala yolun kənarınacan özünü çatdırır. Bir neçə saatlıq yoldan sonra mənzilbaşına yetişirik. Çanaqqala yığcam, səliqəli və təmiz şəhərdir. Boğazın bərəsindən enən avtomobillərin solunda böyük bir ərazini əhatə edən və məğrur, “hiyləgər” Troya atının qoyulduğu Çanaqqala kordonu (sahilboyu) uzanır. Ertəsi gün -19 May Atatürkü Anma, İdman və Gənclik Bayramının axşamı kordonun hər tərəfində canlı konsertlərə şahid və tamaşaçı olduq. Gitaralı gənclər ürəyatımlı mahnılarla auditoriya önündə həm böyük liderini anır, həm də gəncliyinin dadını çıxarır. Hava qaralıb, uzaqda yarımadının köksündə böyük hərflərlə yazılmış “Dur, yolçu” nidası işıqlandırılıb...

 

Səfərimiz həm də Türkiyənin parlament seçkilərinə hazırlaşdığı dönəmə təsadüf edib. Seçkiöncəsi təbliğat-təşviqat kampaniyası çərçivəsində Çanaqqalada da namizədlərin yetkililəri sözün əsl mənasında özlərinə əl qatıblar. Üzərində Çanaqqala elinin millət vəkili namizədlərinin şəkilləri vurulmuş, səsgücləndiricilər qoşulmuş avtomobillər yüksək səslə təbliğati mahnılar səsləndirə -səsləndirə yollarda şütüyürdülər. Əksər əyalət şəhərlərinə məxsus ümumi boğuq uğultunun nisbi sükutunu pozan bu “mahnıları” nəzərə almasaq, Çanaqqala sakit, aram həyatını yaşayan bir şəhərdir. Küçələrdə daha çox idman üslubunda geyinmiş insanlar, tələbələr, turistlər nəzərə çarpır. Çanaqqalada sənaye obyektləri yoxdur. Burada əhalinin yalnız dövlət maaşı və təqaüdlə, eləcə də gəlirini daha çox turistlərin alış-verişinə hesablayan, xırda ticarətlə dolanan qismi məskunlaşıb.

 

Maraqlı bir nüans diqqətimi çəkir, burada bizim əyalət şəhərləri ilə müqayisədə xeyli kitab mağazası var.

 

Nüfuzlu və səviyyəli müəlliflərin kitabları burada da baha satılır. Çanaqqala kordonunun yaxınlığında - saat qülləsinin yanındakı mağazadan aldığım Nobel mükafatçısının yeni romanının ilk səhifələrini qaldığımız “Parion” oteldə çevirirəm... Otelin pəncərəsindən 4 məscid adi gözlə görünür. Qaranlıqda işıqlar içərisində parıldayan Çanaqqala daha cazibəli gəlir... Burda da günəşin doğuşu və batışı çox gözəl olur. Eynən Bakıdakı kimi, sadəcə iki saat zaman fərqi ilə. Uzaq yolun və eyni zamanda da indiyədək gəlməyi arzuladığım məkanın vüsalından sonrakı xoş bir yorğunluq var canımda. Qədim bir inancımızı xatırlayıram - “ilk dəfə gecələdiyin yerdə gördüyün gecənin röyası çin olurmuş”... Amma nədənsə, buralar mənə nabələd gəlmirdi, sanki buralarda olmuşdum nə zamansa, İstanbulda da, Çanaqqalada da dəfələrlə dejavü hissi keçirmişdim. “Bəlkə elə məni də indi çin olmuş röyalarım gətirib çıxarıb buralara...”-yuxu ilə oyaqlığın sərhədində sərməst kimi düşünürəm... Səhər ədəbi müsabiqənin qaliblərdən ibarət qrupunu şanlı Çanaqqalanın tarixinə möhtəşəm bir səfər gözləyir...

 

“Şühəda fışqıracaq torpağı sıxsan...”

 

Səhər Çanaqqala anıtlarına səfərimizdə yolboyu turist bələdçisi İrəm Ceyhan bu yerlə bağlı kədərli, qəhrəmanlıq tarixini yaddaşımızda bircə-bircə vərəqləyir. Ayrı-ayrılıqda şəhidlərə qoyulan abidələri ziyarət edirik. Çanaqqalada az qala hər addımda kütləvi məzarlıqlar var. Qanlı savaşların izləri indi buranın ad göstəricilərinə çevrilib. Bələdçi bildirir ki, burada hər addımda, ayağımızı basdığımız hər yerdə şəhid qəbri ola bilər. Bəzən bir kəndi qorumaq uğrunda minlərlə şəhid verilib. Türkiyənin hər yerindən gələn vətən övladları işğalçı ingilis ordularına və onlarla birlikdə gələn birləşmiş qoşunlara qarşı sözün həqiqi mənasında son damla qanlarına qədər vuruşublar. Güllələri bitəndə süngülərini silaha çeviriblər. Çünki onlara sadəcə döyüşmək yox, həm də ölmək əmr edilmişdi... Məşhur Çanaqqala türküsündə keçən “Ölmədən məzara qoydular məni” fikri də sözgəlişi deyil. Düşmənin böyük mərmilərinin düşdüyü yerlərdə elə böyük çalalar yaranırmış ki, bəzən onlarla türk əsgəri diri-diri həmin çalalara gömülürmüş, göyə sovrulan torpaq üstlərinə tökülürmüş, uğrunda ölməyə atıldıqları Vətən torpağı diri-diri basdırıldıqları məzarlarına çevrilirmiş. Həm həqiqi anıtları, həm də simvolik məzarlıqları dolaşarkən gözüm başdaşılar üzərindəki tarixləri hesablayır istər-istəməz. Bəzilərinin doğum tarixi qeyd olunmayıb. Boşluq və 1915.

 

Burada uyuyan şəhidlərin birgə ortaq taleyi var, onlar hamısı eyni ildə torpağa qarışıblar. Doğum tarixi bəlli olanların əksəriyyətinin yaşı 21-25 arasıdır. 14-15 yaşında könüllülər də iştirak edibmiş döyüşlərdə.

 

Bir neçə ay sürən döyüşlərə qatılmış 257 min insanın 90 minə qədəri həlak olub. Təbiətin bütün lütfüylə yanaşdığı bu torpaqlar barəsində Məhmət Akif Ərsoy boşuna demədi: “Şühəda fışqıracaq torpağı sıxsan, şühəda...” Türkiyənin qəhrəmanlıq simvoluna çevrilən, 276 kiloqramlıq mərmini təkbaşına qaldırıb topa qoyan və düşmən gəmisini zərərsizləşdirən Seyid Onbaşının, Yəhya Çavuşun, Məhmətçikə Sayğı anıtlarını dolaşırıq, türk şəhidləri ilə bərabər fransız, ingilis əsgərlərinin dəfn olunduğu kütləvi məzarlıqlara da rast gəlirik. Çanaqqala Dastanı Tanıtım Mərkəzində maketlər vasitəsilə ustalıqla qurulmuş, az qala canlı olduğu təsiri bağışlayan lövhələri, döyüş səhnələrini, silah-sursat sərgisini izləyirik. İngilis, fransız, Anzak qoşunlarının öz dövrünə uyğun modern silahlarının, yüksək səviyyəli təchizatının qarşılığında türk əsgərinin yoxsul geyiminə, kustar silahlarına baxanda türklərin özünün də vurğuladığı kimi yalnız Allahın yardımı və qəlblərindəki böyük Eşqin -Vətən sevgisinin gücü ilə bu son dərəcə çətin savaşdan qələbə ilə çıxdıqlarına inanırsan.

 

Çimənlik qalasında olduğumuz müddətdə əsgərlərin anlatdıqları və qalanın içərisində gördüklərimiz savaşın dəhşətlərini bir daha detallarına qədər dərk etməyə yardımçı olur... Çanaqqalada torpağın hər kvadratmetrinə az qala bir qarış hündürlüyündə güllə düşürmüş. Çimənlik qalasında bunun real mənzərəsi yaradılıb. Sayı-hesabı bilinməyən o metal parçaları neçə-neçə ananın, bacının, sevgilinin gözyaşlı qaldığını, neçə-neçə eşqin daha böyük, daha ülvi bir eşq uğrunda-Vətən məhəbbəti qarşısında geri çəkildiyini sübut edirdi. Bu giliz sərgisinin üzərində bir-birini “qucaqlamış” iki güllə də asılıb. Milyonda bir ehtimalla rast gəlinən - qarşı tərəflərdən atılan iki güllə havadaca toqquşub, bir-birinə sarılaraq iki nəfəri həmin vaxt ölümdən qurtarıb... Çimənlik qalasından enirik, beşmetrlik divarı deşib içəridə ilişən böyük bir mərmiyə də göz atıb ətrafımızda dolaşdığına əmin olduğumuz minlərlə şəhid ruhunun enerjisini canımızda hiss edərək Çanaqqala boğazına doğru səmt alırıq.

 

Dənizə basdırdığı minalarla bir neçə nəhəng düşmən gəmisini məhv etmiş əfsanəvi “Nüsrət” minadöşəyən gəmisini dolaşırıq. Bu, həmin gəminin əsli olmasa da, yüzdə yüz dəqiqliklə yenidən düzəldilmiş maketidir.

 

Gəminin içərisində türklərin 18 mart 1915-ci ildə dənizdə qazandıqları şanlı zəfərlə bağlı xronikanı izləyirik.

Həmin gün axşam çayını saat beşdə İstanbulda içməyi planlayıbmış ingilis donanmasının admiralı. Yəni o qədər irəli gedəcəklərmiş ki, İstanbulu belə ələ keçirəcəklərmiş. Ancaq həmin gün saat heç beş olmamış türklər tərəfindən batırılan nəhəng gəmilərinin yaratdığı dalğalar üzərindən geri çəkilməyə məcbur ediliblər... Çanaqqalanın keçilməz olduğunu türklər yaxşıca başa salıblar işğalçı ordu birləşmələrinə... Və İstanbulun dörd bir tərəfindən həmin vaxt azan səsləri ucalırmış yəqin ki... Ordu demişkən, həmin birləşmələrin tərkibində ingilislərin müstəmləkələrindən yığıb gətirdikləri muzdlu əsgərlər də varmış.

 

Onların əksəriyyəti də etiqadca müsəlman imişlər. Lakin onlara almanlarla döyüşməyə gəldikləri deyilibmiş. Hindistandan gətirilən müsəlman əsgərlər bir gün uzaqdan əzan səsləri eşidəndə aldadıldıqlarını başa düşürlər və silahlarını yerə atıb müsəlmanlarla döyüşməyəcəklərini bəyan edirlər. İngilis komandanlığı 150 hindli müsəlman əsgəri bütün qoşuna görk olsun deyə, hamının gözü önündə güllədən keçirir...Yəqin ki, həmin vaxt Çanaqqalada əzan verilirmiş...

 

Assos - daşlarda qorunan tarix

 

Böyük bir uçurumun üstündə yerləşən, ayaqları altına Egey dənizinin sərildiyi antik Assos şəhəri - indiki Bəhramqalaya gəzinti zamanı bir daha şahid olduq ki, Tanrı bu yerdən heç nəyi əsirgəməyib. Uzaqlarda- hardasa naməlum nöqtədə mavi üfüqlə qovuşan gömgöy dənizi çox yüksəklikdən seyr etmək xüsusi zövq bəxş edir. Məşhur Afina məbədinin qalıqlarının olduğu, antik teatrın qalıqlarının qorunduğu Assos, daşlarında ulu bir tarixi yaşatmaqdadır. Tarix kitablarından gördüyümüz antik sütunları, Afina məbədinin qalıqlarını yaxından izləmək, onlara əlinlə təmas etmək ruhu gücləndirən təmrin təsiri bağışlayır... Son esselərimdən birində təsvir elədiyim uçurum-dəniz tandemini eynən fikrimdəki kimi gördüyüm bu yerdə, bu hündürlükdə anladım ki, hündürlük qorxum keçib gedir... Ayağım altındakı uçurumdan dənizə doğru uzanan canlı tarixi gözümlə görüb, bütün ruhumla duyanda bir daha başa düşdüm ki, niyə bu torpaq uğrunda düşünmədən ölümə gediblər. Çünki elə insanlar, elə məkanlar var ki, onlar üçün bütün zamanlarda - min il, yüz il öncə ölməyə dəyərdi...

 

Yer üzündəki ən gözəl qadının eşqinin qurbanı - Troya

 

Türklərin Truva adlandırdığı Troyanın təbiətinin, havasının, suyunun, torpağının qəribə sirri, sehri olduğunu sanıram. Elə bu havadan, sudandır ki, burada doğulan, bu havanı udub bu suyu içən, bu torpaqdan boy verən insanları da özü kimi təkrarolunmaz, misilsiz, vazkeçilməz və əvəzolunmazdır. Bu təbiətin yetirmələri dəlicəsinə sevmək kimi bir istedadla doğulublar. Sevmək və sahib çıxmaq da istedaddır. Və hamının özünü bu cəhətdən istedadlı bildiyi bu zamanda da , elə o zamanda da həqiqətən sevməyi bacaranlar olub. Hər halda yunan mifologiyası bizi buna inandırır.

 

Əvvəldə də qeyd elədiyim kimi Troyanın hansısa məchul bir sehri olmasaydı, orada böyüyüb başa çatan, yaraşıqlı şahzadə Paris dəli bir sevdaya tutulub evləndiyi dağ pərisi - Oinoneni gözüyaşlı buraxıb əsl eşqinin ardınca gedərdimi? Troyanın əfsunlayıcı qüdrəti olmasaydı, yer üzünün ən gözəl qadını sayılan qızılısaçlı Yelena vaxtilə bəyənib getdiyi, övladının atası olan Menalayı, ümumiyyətlə, hər şeyini atıb sevdalı Parisin havasına uçardımı? Bu necə bir eşq idi, billə- bilə ki, gözəl şəhərləri tarimar edə, insanların ölümünə səbəb ola bilər, amma vaz keçilməmişdi? Mifologiya bütün “günah”ı ilahələrin üstünə atıb.

 

Afrodita nə əməl eləyirsə, Paris Yelenanın eşqi uğruna bütün dünyanı ayaqları altına almağa hazır olur və alır da. Məsələ bəllidir, insani eşq heç vaxt belə fədakarlıqlara, belə çılğınlıqlara qadir ola bilməzdi, burda mütləq ilahi nəsə olmalıydı.

 

Mif çoxuna bəllidir: Nifaq ilahəsi çağırılmadığı toyun qisasını üzərinə “ən gözələ çatacaq” yazılmış qızıl alma ilə almağı yaxşıca bacarır. Ən gözəli seçməksə Troya şahzadəsi Parisə həvalə olunur. Paris əsl kişi kimi hərəkət edir, ona hakimiyyəti və güclü olmağı təklif edən digər ilahələrin vədlərini qulaqardına vurur, Afroditanın vəd etdiyi ən gözəl qadının sevgisi “rüşvətini” qəbul edir. Bu rüşvətin müqabilində Paris Afroditanın hamıdan gözəl olduğunu deyir və bütün bir şəhəri qana çalxayır. Afrodita da sözünün üstündə durur. Sparta çariçası, dünya gözəli Yelenanı Parisə aşiq edir. Paris sevdiyi Yelenanı qaçırır. Yelena kimi qadınla qarşılıqlı eşq yaşayan kişi özünü qüvvətli də hiss edərdi, hakimi-mütləq də.

 

İlahələr də bilirdi insanoğlunun zəif yerini. Sevirsənsə, aşiqsənsə, işin bitib...Özünü hamıdan haqlı bilirsən.

 

Bu zaman hər şey haqlı kimi görünür görünməyinə- amma sadəcə iki aşiqin baxış bucağından. Biri əlləri şəfalı qadınını buraxıb, biri də ərini və qızını atıb-cəmiyyətin gözündə bu ən ağır suç deyildimi? Bunlara nə ilə bəraət qazandırmaq olardı ki? Paris eşqinin səfası qədər də cəfasını və cəzasını çəkir sonucda. Amma bu cəfaya və cəzaya təkcə özünü yox, bütün Troyanı da sürükləyir. 10 il davam edən müharibə sonrası tarixə Troya atı kimi düşmüş “bədbəxtlik gətirən bəxşiş”lə- şəhər çökdürülür. Qarşı tərəfin hazırlayıb içərisinə əsgər yığdığı Troya atını Tanrıların ərməğanı kimi qəbul edən troyalılar da beləcə başlarına bəlalarını alırlar.

 

Gecəylə taxta atın içərisindən çıxan əsgərlər Troyanın darvazalarını açırlar, geri qayıdan qoşun şəhəri darmadağın edir, Menelay sevgili Yelenasını əfv edib özüylə aparır...

 

Troyanı rüşvət dağıdıb. Əvvəlcə ilahələr tərəfindən Parisə ən gözəl qadının eşqi kimi təklif olunan rüşvət, sonra da Troya atı formasında verilən rüşvət... Troyanın qalıqlarının olduğu ərazini qarış-qarış gəzərkən bu mif beləcə bir film kimi beynimdə canlanırdı, dəfələrlə dağıldığından, süquta uğradığından üst-üstə tikilmiş və buna görə də artıq xarabalıqları da xeyli hündürdə olan antik şəhərin özündə necə mübhəm sirləri gizlətdiyini düşünürəm. Üstü qədim yunan əlifbası ilə yazılı daşların yanında dayanıb əllərimi qeyri-ixtiyari ən azı 5 min illik tarixə uzadıram. Bəlkə elə bu yerdən Paris, yaxud Yelena keçib?

 

Bəlkə elə bədbəxtlik gətirən bəxşiş üstündə dayandığım bu yerdə qoyulubmuş? ... Bəlkə elə bütün bunlar bir uydurmadır, nə dünyadakı ilk müharibə qadın üstündə olmayıb, nə dünyada sevgi uğruna ilk üzülüb keçilən boğaz da Çanaqqala boğazı olmayıb? Bütün bunlar hamısı əslində ən qədim tarixi özündə yaşadan- ayağımız altındakı torpağa, qarşımıza çıxan daşlara bir əsrarəngizlik, bir anlam vermək üçün insanlar tərəfindən uydurulub? Amma bəzi uydurmaların bir həqiqət payı olduğu da həqiqətdir... Troyada indiyədək salamat qalan qədim konsert salonunda, türklərin “müzik teatrı” adlandırdığı daş skamyaların üstündə oturanda düşünürəm ki, minillər əvvəl burda hansı sevgi mahnıları oxunub görəsən? Bəli, məhz sevgi mahnıları, çünki təyyarədən enib Türkiyəyə ayaq basdığım ilk dəqiqədən burada hər şeyin bir eşqə söykəli olduğu açıq-aydın sezilir. Bu torpağın aurası, enerji sahəsi eşqlə doludur.

 

Min illər öncə də bu torpaq savaş meydanı olub, 100 il əvvəl də. Həm o, həm də bu müharibələrdə əlində olanı qoruyub saxlamaq üçün saysız-hesabsız insan məhv olub. Troyanı hiylə çökdürdü - sözün bütün mənalarında, amma indi hətta xarabalıqları belə möhtəşəm bir tarixi sərgiləməkdədir. Yüz il əvvəlsə türklərin tarixən məskunlaşdıqları torpaqları ələ keçirmək üçün ta uzaqlardan gəmilərlə üzüb gələn işğalçılara qarşı ölüm-dirim savaşı oldu. Haqlı olan, eşqi güclü olan qalib gələcəkdi, gəldi də. Qədim Troyada Çanaqqalanın müqəddəs şəhid qanı ilə doymuş torpağında ruhlar bir-birinə qarışıb. Min illər boyunca başgicəlləndirən sehrindən doyulmayan bu əfsanəvi torpağın uğrunda ölənlərin ruhları qohumlaşıblar, doğmalaşıblar, bir-birinə qaynayıb-qarışıb buranın havasını təşkil edirlər artıq.

 

Çanaqqala möhtəşəm tarixlə misilsiz təbiətin iç-içə keçdiyi, qaynayıb qovuşduğu və ən əsası da ruhla nəfəs al(ın)an bir məkandır. Buranın havasını yəqin ki ancaq ruh(lar) təşkil edir. Bu Ruh Çanaqqalaya axınla gəlib-gedən hər kəsə hələ minilliklər əvvəldən başlanan zümzüməsində həm insan, həm torpaq, həm vətən sevgisi notlarının eşidildiyi və artıq yüz ildir dayanmadan səslənən bir eşq türküsü oxumaqdadır...

 

Sevinc MÜRVƏTQIZI

525-ci qəzet.- 2015.- 30 may.- S..22-23