Qardaş qələmlər

 

 

 

Aprel ayındaQardaş qələmlərdərgisinin 100-cü sayı işıq üzü gördü. Bu dərgi Avrasiya Yazarlar Birliyinin ədəbi orqanıdı, ayda bir dəfə çıxır, bütün türk dünyasında yayımlanır. Yüzüncü dəfə oxucularıyla görüşə gələn dərgidə indiyə kimi çap olunmuş yazıların statistikasına nəzər salanda heyrətlənməyə bilmirsən.

 

Türkdilli xalqların ortaq ədəbi dərgisidiQardaş qələmlər”, bu günə qədər türk dünyası coğrafiyasının hər yerindən müxtəlif müəlliflərin yazıları burada işıq üzü görüb. Avrasiya Yazarlar Birliyinin görüşdürmək, birləşdirmək, dünyaya səpələnmiş türk yazıçılarını bir-birinə tanıtmaq, yaxınlaşdırmaq ideyasını məhz bu dərgi həyata keçirir. Baş redaktor, şair Əli Ağbaşın yüzüncü sayın girişində oxucularıyla bölüşdüyü fikirlər bu işin çətinliyi, həm məsuliyyəti haqda təsəvvür yaradır: “Çox dar imkanlarla çıxmışdıq yola, çox çətin günlər keçirdik. Yerimiz-yurdumuz da yox idi. Yeddi-səkkiz məkan dəyişmişik. Amma zamanla bizə qatılan, maddi mənəvi dəstəyini əsirgəməyən, hamısının adını sadalamadığım insanlar, qurumlar da az olmadı. Beləcə 8 ili, 100 sayı arxada qoyduq. Hamıya minnətdarıq.

 

... Dərgiçilik bir sevda, həm qara sevda işidir. Bu çətin işə ancaq söyləməyə sözü olan, böyük ideallarla yaşayan adamlar baş qoşa bilərlər”.

 

Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu Əli Ağbaşı türk dünyasının şairi adlandırır. Yəqin elə Əli Ağbaşın yuxarıda gətirdiyim parçada söylədiyi böyük ideal da budur, bütöv türk dünyasının olmaq... Anadan olduğun tək bir kəndə, şəhərə, ölkəyə yox, türk dünyasına xidmət etmək. Görünür bütün böyük işlərə bu cür başlanır; dar imkanlarla, heçdən, quru yerdə... Sanki hansısa ilahi güc, qüvvə belə adamlara kömək olur.

 

Yaqub Öməroğlu elə bu, yüzüncü nömrədə Osman Çeviksoya müsahibəsində Avrasiya Yazarlar Birliyinin qurulması, “Qardaş qələmlər” dərgisinin təsis edilməsi haqda danışır. Tarix üçün 8-10 il o qədər də böyük zaman deyil, amma bu qısa vaxtda görülən işlər haqda oxuduqca, adama elə gəlir ki, səkkiz il, on il yox, iyirmi, otuz, qırx il keçibsadalamaqla bitməyən bu işlər hələ çox-çox illər davam edəcək. Yaqub bəy “Qardaş qələmlər” kimi bir dərginin yaradılması ideyasını müsahibəsində belə şərh edir: “Dərgi çıxarmağın və saxlamağın, yaşatmağın çətinliklərini bilirdik. Amma bir dərginin mədəniyyətimizə verə biləcəklərini də dərk edirdik. “Qardaş qələmlər”in üzərinə qoyduğumuz missiya, düşündüklərimizi həyata keçirə bildiyimiz halda duyacağımız bəxtiyarlıq çətinliklərdən qorxmamağımıza səbəb oldu.

 

Bir aydının, ziyalının və ya sənətkarın təməl vəzifəsi gözəllikləri yaymaq, pislikləri azaltmağa çalışmaqdı. Biz də istədik ki, “Qardaş qələmlər” vasitəsiylə Türkiyədə və türk dünyasında gözəlliklər yayılsın, bir bölgədəki gözəllikdən digər yerlərin də xəbəri olsun. İstədik ki, bu dərgi ədəbiyyatı yayan, dost elindən xəbər verən məktub kimi olsun... “

 

Avrasiya Yazarlar Birliyinin bu illər ərzində ümumtürk mədəniyyətinə bəxş etdikləri haqda çox danışmaq olar. Hər il türk dünyasının müxtəlif şəhərlərində, əsasən də TÜRKSOY-un mədəniyyət paytaxtı seçdiyi şəhərlərdə keçirilən Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresi bunlardan biridir. Ötən il bu konqresin yeddincisi baş tutdu. İldən-ilə burada iştirak edən jurnalların sayı artır. Bu dəfə təxminən 80 dərgi redaktoru konqresə qatıldılar. Türkdilli ölkələrin müxtəlif dərgi redaktorlarının bir-birini tanıması, ədəbi əlaqələr yaratması baxımından bu konqres çox işlər görüb və görməkdədir. Eyni zamanda konqresin hər il bir yazarı Türk dünyasında İlin Ədəbiyyat adamı seçməsi və “Qardaş qələmlər”in bir sayının həmin yazara həsr olunması son dərəcə önəmlidir. 2011-ci ildə Əli Ağbaş, 2012-ci ildə Anar, 2013-də qazax yazıçısı Tölen Abdik, 2014-də Kıprısdan İsmayıl Bozqurd, 2015-də Qırğızıstandan Omar Sultanov İlin Ədəbiyyat adamı ödülünə layiq görülüblər. Seçildikləri il ərzində konqresə üzv olan müxtəlif türkdilli dərgilər bu yazıçıların əsərlərini öz dillərinə çevirtdirib yayımlayırlar. Təkcə elə bu faktın özü çox şey deyir. Bir yazarın əsərlərinin az qala bütün türk dillərinə çevrilməsi, yayımlanması çağdaş zamanda sadə bir məsələ deyil.

 

2012-ci ildə Anar müəllim bu ada layiq görüldükdə onun “Yaxşı padşahın nağılı” hekayəsi bir çox dillərə tərcümə edilib dərgilərdə çap olunmuşdu. Eyni zamandaQardaş qələmlər” dərgisi də bir sayını onun yaradıcılığına həsr etmişdi. Anar müəllim dərginin yüzüncü sayı münasibətiylə təbrik məktubunda bunu qeyd edir: “Dərginin özəl sayları isə bir yazıçının yaradıcılığını əhatə etməsi, başqa ölkələrdə tanıdılması baxımından xeyli maraqlıdır. Qürur hissi ilə vurğulayıram ki, 2012-ci ildə “Türk dünyasında ilin ədəbiyyat adamı” ödülünü alanda dərginin bir buraxılışı mənim yaradıcılığıma həsr olunmuşdu, müxtəlif müəlliflərin haqqımda yazıları yayımlanmışdı. Buna görə də dərginin yaradıcı heyətinə başda Əli Akbaş olmaqla, ayrıca minnətdarlığımı bildirirəm”.

 

2012-ci ildə Astanada keçirilən “V Türk Dünyası Ədəbiyyat Dərgilər Konqresi”ndən sonra TÜRKSOY sədri Düsen Kaseinovdan müsahibə götürdüm. Xatırlayıram ki, elə həmin müsahibəsində - “məqsədimiz vahid mədəniyyətə malik xalqları yaxınlaşdırmaqdır” - söyləyən Düsen Kaseinov TÜRKSOYun bu yolda Avrasiya Yazarlar Birliyi ilə birgə layihələrindən də danışmışdı: “Avrasiya Yazarlar Birliyi türkdilli ölkələrin ədəbiyyatının inkişafı istiqamətində durmadan çalışan və xidmətləri olan bir təşkilatdır. Bu baxımdan TÜRKSOY-un onlarla əməkdaşlığı təsadüfi deyil. Sevindirici haldır ki, birgə layihələrimiz uğurla davam edir. Ən böyük işlərimizdən biri isə Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresidir”.

 

Avrasiya Yazarlar Birliyinin böyük layihələri sırasında tərcüməçiləri bir araya toplayan, görüşdürən Çeviri Simpoziumlarını da vurğulamaq yerinə düşər. Bundan əlavə iki ildən bir keçirilən  Kaşğarlı Mahmud hekayə yarışması da müxtəlif türkdilli ölkə ədəbi mühitlərində canlanma yaradır. Bu il isə böyük türk dramaturqu Haldun Tanerin yüz illiyinə həsr olunmuş Beynəlxalq dram əsərləri müsabiqəsi elan edilib. Heç şübhəsiz ki, bu müsabiqənin də türkdilli ölkə teatrlarına faydası olacaq. Çünki qalib əsərlərə müxtəlif teatr səhnələrində quruluş verilməsi nəzərdə tutulub.

 

Ötən il məhz Avrasiya Yazarlar Birliyinin təşəbbüsü, təklifi ilə Əskişəhərdə keçirilən növbəti Dərgilər Konqresində Türkdilli ölkələrin Yazarlar Birliyi yaradıldı və ilk sədr Xalq yazıçısı Anar seçildi. Bundan çox keçmədi ki, Əskişəhərdə  Avrasiya Yazarlar Birliyi  Türkdilli ölkələrin Yazarlar Birliyinin bərabər təşkil etdiyi kitab sərgisi baş tutdu. Bu sərgidə də demək olar ki, bütün türkdilli xalqların ədəbi nümunələri, kitablar təqdim olunurdu. Eyni zamanda bu sərgi dəvət edilmiş yazarların bir-birini tanıması, yeni ədəbi əlaqələrin qurulması baxımından da faydalı oldu.

 

Göründüyü kimi Avrasiya Yazarlar Birliyinin və artıq yüzüncü sayına qədəm qoymuşQardaş qələmlər” dərgisinin bu vaxt ərzində gördüyü işlər misilsizdirbir məqalədə bunların hamısı haqda danışmaq mümkün deyil. Amma bu məqamda Yaqub bəy və Əli Ağbaş başda olmaqla bu qurumun, dərginin bizim ədəbiyyatımız üçün gördüyü işlərdən də söz açmaq istəyirəm.

 

... Təxminən bir il öncə “Qardaş qələmlər”in növbəti sayı ilə bağlı informasiya hazırlayırdım. Yaqub bəy bunu biləndə emeylimə bir cədvəl göndərdi. İndiyə kimi türkcəyə çevrilən, “Bengü” yayınlarında kitab halında işıq üzü görən,  yaxudQardaş qələmlərdə” çap olunan Azərbaycan ədəbiyyatı nümunələrinin siyahısı idi. Qarşımdakı cədvələ və rəqəmlərə heyrətlənməmək olmazdı. Bu adamların ədəbiyyatımız üçün təmənnasız, heç bir qarşılıq gözləmədən gördüyü işlərin dərinliyinə gedəndə isə həyəcanlanmaya bilmirsən. Mirzə Cəlil Məmmədquluzadənin,  Rəsul Rzanın, Ənvər Məmmədxanlının, Anarın, Nigar Rəfibəylinin, Ramiz Rövşənin, Elçininbaşqa neçə-neçə yazarlarımızın əsərləri kitab halında çıxıb, onlarla müəllifin hekayələri, məqalələri, esseləri dərgidə yayımlanıb. Təkcə bir rəqəmi söyləmək kifayətdir: indiyə kimiQardaş qələmlər”də 617 mətnimiz (hekayə, şeir, məqalə, esse, müsahibə) işıq üzü görüb. Bütün başqa önəmli məqamları unutmadan deyə bilərik ki, təkcə elə bu rəqəmə görə dərginin yubiley sayının çıxması həm də Azərbaycan ədəbiyyatı üçün əlamətdar hadisədir.

 

Rəşad Məcid təbrik yazısında dərgini bir yazar ocağına bənzədir, “Qardaş qələmlər”in uğurunun əsas sirri peşəkar, ədəbiyyatın, sözün dəyərini bilən insanların burada bərabər çalışmasıdır” - deyir. Mən də son olaraq arzu edirəm ki, bu ocaq heç zaman sönməsin və türk dünyasının hər yerindən hələ çox-çox istedadlı, peşəkar, sözün dəyərini bilən yazıçılar, şairlər, ədəbiyyatçılar bu ocağın işığı, istisi ətrafında birləşsinlər.

 

 

PƏRVİN

525-ci qəzet.- 2015.- 30 may.- S.21.